Month: August 2024

  • Azərbaycanda devalvasiya olacaq – TARİX AÇIQLANDI

    Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Valyuta tələbatının kəskin surətdə artması insanlar arasında artıq uzun müddətdir ki, müzakirə olunan devalsivasiya mövzusunu yenidən gündəmə gətirib.

    Mövzu ilə bağlı buta.tv-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda neft və qaz gəlirlərində ciddi azalmanın olması, ölkəyə daxil olan valyuta həcminə də təsir göstərir:

    “Artıq 9-cu ildir ki, manatın dollar qarşısındakı kursu stabil olaraq qalır. Bundan öncə, 2015-ci ilədək müvafiq olaraq, köhnə məzənnəni saxlamaq mümkün olmadı deyə, 3 pilləli devalivasiya baş verdi. İlk öncə 1 manat 5 qəpik, sonra 1 manat 55 qəpik, sonda isə 1 manat 70 qəpikdə sabitləşdi. 9 ildir ki, həmin sabit məzənnə rejimi davam edir. Bunu uzun müddət eyni səviyyədə saxlamaq olduqca çətindir. Nəzərə alaq ki, Azərbaycanın neft gəlirlərində ciddi azalma var, çünki hasilat kəskin azalıb. Məsələn, may-iyun aylarında hasilat heç 500 min barelə çatmadı, halbuki 2011-2012-ci ildə biz 900-950 min barel neft hasil edirdik. Yəni neft hasilatının düşməsi, valyuta gəlirlərinin azalması, qaz qiymətlərinin əvvəlki illərə nisbətən ucuzlaşması gəlirlərə mənfi təsir göstərib. Bütün bunlar Azərbaycana manatına basqı yaradan amillərdir”.

    Ekspertin fikrincə, növbəti il üçün devalivasiyanın baş verməsi qaçılmazdır:

    “Düzdü, iyul-avqust aylarında dollara tələbatın artmasının başqa səbəbləri də var. Valyutaya tələbat bu ay da yüksək olacaq, çünki təhsil mövsümünə hazırlıqla əlaqəli 100 milyonlarla dollara ehtiyac var ki, təhsil sahəsində istifadə olunan tədris məhsullarından tutmuş geyimə qədər alınsın. Bizdə bütün bunlar hamısı xaricdən gətirilir və xaricdən gətirildiyinə görə valyutaya tələbat da artır. Hətta mən əminəm ki, avqust ayında da biz bu artım tempini görəcəyik. Valyutaya tələbat artdıqca və buna paralel ölkədə daxil olan valyutanın həcmi azaldıqca devalivasiya təhlükəsi də yüksələcək. Düşünürəm ki, bu il olmasa da, növbəti il ərzində Mərkəzi Bankın belə bir addım atması mümkündür. Çünki valyuta gəlirlərinin azalması valyuta ehtiyatlarına qənaəti gündəmə gətirəcək. Bunun ən rahat forması isə məzənnə dəyişikliyidir”.

  • Üç nəfərin ölümünə səbəb olan sürücüyə yüngül cəza verildi

    Bu ilin 19 mart tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş vermiş ağır qəza ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən hadisəyə görə “Hyundai Santa FE” markalı avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü Qüdrət Mahmudov təqsirləndirilib.

    Naxçıvan Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması – 2 və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

    Məhkəmədə bildirilib ki, qohumları ilə birgə Naxçıvan şəhərindən Şahbuza qəbir ziyarətinə gedən Qüdrət avtomobili təyin edilmiş həddən sürətli şəkildə idarə edib. Yağışlı hava şəraitində saatda 110 kilometr sürətlə hərəkət edən maşın qarşıdan gələn “Vaz 2121” (Niva) markalı avtomobillə toqquşub. Nəticədə həmin avtomobildə olan Zərifə Əliyeva və həyat yoldaşı Mütəllim Əliyev, eləcə də sürücü Məhəmməd Əhmədov aldıqları xəsarətdən həlak olublar. M.Əhmədovun oğlu və “Hyundai Santa FE”də olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

    Məhkəmə prosesində vəfat edən şəxslərin ailə üzvləri qəzaya səbəb olan sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

    Məhkəmənin 5 avqust tarixli hökmü ilə Q.Mahmudova 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilən şəxs barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib. Bu cəzanın bitməsindən sonra onun sürücülük hüququnun 3 il məhdudlaşdırılması da hökmdə qeyd edilib.

  • Sabah Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

    Bildirilib ki, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

  • “Azərsu”: “Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib”

    Bakının Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudan qanunsuz istifadə halları qeydə alınıb.

    Bu barədə Median.Az “Azərsu” ASC-yə istinadən xəbər verir.

    Belə ki, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən “Zil” restoranına avqustun 1-də baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır.

    Avqustun 5-də restoranda aparılan təkrar yoxlama nəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttə rezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər.

    M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən “Su sexi”nə iyulun 24-də baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Avqustun 5-də təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.

    C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən “Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən “Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı “Yuyucu” müəssisələrində avqustun 1-də aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.

    “Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub”, – məlumatda deyilir.

  • Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən iş adamı Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

    Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı iş adamı Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 15-nə təyin olunub.

    Cinayət işinə hakim Mahirə Kərimovanın icraatında baxılacaq.

    Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

    Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir.

  • Bakıda həbs edilən ukraynalı milyoner Oleq Bakinskinin istəyi reallaşmadı

    Bakıda xuliqanlıqda ittiham olunaraq həbs edilən tanınmış ukraynalı milyonçu, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

    “Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

    Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Oleq Krapivinin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    Xatırladaq ki, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.

    İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.

    Məhkəmə onun barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

    Oleq Bakinskinin əməli sübuta yetirilərsə maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

  • Paris-2024: Əliabbas Rzazadə və Osman Nurmaqomedovun rəqibləri bəlli oldu

    Paris-2024 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarının püşkü atılıb.

    Sabah Azərbaycan idmançılarının da qarşılaşacağı güləşçilər müəyyənləşib.

    57 kq çəkidə çıxış edən Əliabbas Rzazadə Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə qarşılaşacaq. 86 kq çəkidə mübarizə aparacaq Osman Nurmaqomedov isə monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gələcək. Hər iki güləşçimiz mübarizəyə 1/8 finaldan qatılacaq.

    Qeyd edək ki, sərbəst güləş millimiz Olimpiadaya 6 idmançı ilə yollanıb.

  • Astarada qadının mövcud olmayan uşağa görə aliment aldığı ortaya çıxdı

    Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi (ASM) və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

    Məlumata görə, araşdırma zamanı həmin mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda ibtidai istintaq davam etdirilir.

  • Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

    Laçında itkin düşən hərbçilərə görə iki nəfər həbs edilib.

    Bu barədə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    O bildirib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Fərid Əjdər oğlu Məmmədov və Firdovsi Mais oğlu Abdullayevin 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Təbriz Rasim oğlu Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Taleh Möhübbət oğlu Həməşəyevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib:

    “Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbriz Rasim oğlu Babayev və Taleh Möhübbət oğlu Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər”.

  • Tikinti bazarında bu dəfə betonun qiyməti ARTDI

    Tikinti bazarındakı materiallarının qiyməti artmaqda davam edir.

    Hazırda ötən dövrlə müqayisədə, betonun qiymətində on manata qədər artım müşahidə olunur.

    Bu gün tikinti bazarında betonun satış qiyməti, markasına uyğun olaraq, 95 manatla 110 manat arasında dəyişir.

    Beton satışı ilə məşğul olan satıcıların oxu.az-a verdiyi məlumata görə, hazırda bazardakı qiymət sıralanması belədir:

    “M100 markalı betonun bir kubu – 95 manat, M150 markalı – 97 manat, M200 markalı – 99 manat, M250 markalı – 102 manat, M300 markalı – 105 manat, M350 markalı – 108 manat”.

    Satıcılar aşağı qiymətdə olan betonla yuxarı qiymətdə olan beton arasında keyfiyyət fərqinin olduğunu da diqqətə çatdırıblar.

    Betonun qiymətinin qalxmasına səbəb kimi isə yanacağın qiymətinin artmasının daşıma xərclərini bahalaşdırması və bunun məhsulun maya dəyərinə göstərdiyi təsir göstərilir.

    Xatırladaq ki, iyulun 22-də mişardaşının, avqustun 5-də isə sementin qiymətinin artması ilə bağlı məlumat vermişdik.