Month: August 2024

  • Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Mehriban Arif qızı.

    Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

    Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.

    Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

    Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

  • Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

    Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edək ki, C.Bayramov Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdədir.

  • Rusiya Ukraynanın Kurska hücumuna görə ABŞ-ni günahlandırdı

    Rusiya Ukrayna Kursk bölgəsində irəliləməyə davam etdiklərinə görə ABŞ-ni ittiham edib.

    Ukrayna Baş Qərargahının rəisi, general Aleksandr Sırski bəyan edib ki, Ukrayna silahlı qüvvələri Rusiyanın Kursk vilayətində irəliləməyə davam edir.

    Sırski televiziyadada yayımlanan açıqlamasında Kursk bölgəsində 594 rus əsgərini əsir aldıqlarını və 100 yaşayış məntəqəsini ələ keçirdiklərini söyləyib.

    O, həmçinin Rusiyanın Ukraynanın Pokrovsk cəbhəsinə təchizat yollarına hücum etdiyini deyib və bu cəbhədə vəziyyətin ümumiyyətlə çətin olduğunu bildirib.

    Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə açıqlamasında bildirib ki, ABŞ Ukraynanın Kurska hücumunda əsas iştirakçıdır.

    Ryabkov bu iddianı təsdiqləyən dəlil təqdim etməyib, lakin Rusiyanın cavabının çox daha sərt olacağını bildirib.

    Ağ Ev Ukraynanın həyata keçirdiyi Kursk əməliyyatından əvvəlcədən xəbərdar olmadığını açıqlayıb.
    //azxeber

  • Azərbaycanda yeni dövlət agentliyi yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır.

    Müəyyən edilir ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilənədək Agentilk Xidmətin mövcud əsasnaməsi, strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi tətbiq edilməklə fəaliyyət göstərir.

    Xidmətin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək mövcud əsasnamələri (nizamnamələri) əsasında Agentliyin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar kimi fəaliyyətlərini davam etdirirlər.

  • Azərbaycanda həkim cərrahi əməliyyat zamanı canlı yayım açdı – VİDEO

    Bakıda özəl tibb müəssisələrinin birində əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açılması ilə bağlı görüntülər yayılıb.

    Görüntülərdən məlum olur ki, əməliyyat edən həkimlərdən biri yazılan şərhləri oxuyur və cavablandırır. Otağa isə təmizliklə bağlı tez-tez girib-çıxan əməkdaşlar var. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

    Bəs görəsən, əməliyyat zamanı canlı yayıma niyə icazə verilir? Özəl müəssisələrə nəzarət edən hansısa qurum varmı?

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu belə cavablandırıb:

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

    TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Özəl tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və nəzarətin həyata keçirilməsi TƏBİB-in səlahiyyətləri daxilində deyil”.

    Məsələ ilə bağlı əməliyyatda iştirak edən və canlı yayımda üzü görülən Rauf Rəhimli ilə əlaqə saxladıq.

    O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

    “Bildirmək istəyirəm ki, canlı yayım əməliyyat bitdikdən sonra açılıb. Yayımda əməliyyat icra olunmur. Sadəcə, yara silinir və sarğı edilir. O proses yanımızdakı tibb bacısı tərəfindən icra olunur və mən sadəcə, ona nəzarət edirəm. Yayımda mənim tərəfimdən heç bir əməliyyat icra edilmir. Mən cərrahi assistent olaraq prosesə köməklik edirdim. Yayımın məqsədi insanlara cərrahi əməliyyatların qorxulu olmadığını bildirməkdir”.

  • Şimali Koreya idmançıları gülümsədikləri üçün cəzalandırıla bilərlər

    KXDR idmançıları 2024-cü il Olimpiya Oyunları zamanı fotoda gülümsədikləri üçün cəzalandırıla bilər.

    Şimali Koreya hakimiyyəti idmançılarını Cənubi koreyalılarla olimpiya selfisində gülümsədiklərinə görə qınayıb.

    KXDR-dən olan stolüstü tennisçilər 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı çəkilmiş fotoya görə hakimiyyət tərəfindən cəza təhlükəsi ilə üzləşiblər.

    Mediada yayılan xəbərlərə görə, partiya rəsmiləri Cənubi Koreya idmançıları ilə şəkil çəkdirərkən gülümsəyən Li Conq-Sik və Kim Geum Young-u qınayıblar.

    Avqustun 15-də idmançılar vətənə qayıdandan sonra onlara qarşı üç mərhələdə ideoloji sınaq keçirilir və bir ay davam edəcək.

  • Azərbaycanlı MMA döyüşçüsü Qazaxıstanda keçirilən “Octagon” liqasında qalib gəlib

    Azərbaycanlı idmançı Fərid Əlibabazadə (57 kq) Qazaxıstanda keçirilən MMA (Qarışıq Döyüş sənəti) “Octagon” liqasında qalib olub.

    Almatı şəhərində baş tutan qarşılaşmada o, Askar Jaksilikova qarşı döyüşüb və 5-ci raundda boğma fəndi ilə qalib gələrək çempion titulunu qazanıb.

    Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.

  • Nazirlik ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib

    Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 2024–2025-ci tədris ili üçün 55 656 nəfər universitetlərə qəbul olunub. Onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

    Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan aşağıdakı şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

    • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
    • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
    • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
    • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
    • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
    • dövlət ali təhsil müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusuna malik Azərbaycan Respublikasının vətəndaşları.

    Eyni zamanda bildiririk ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər verilir. Təhsil kreditinin əldə olunması üçün www.e-ttkf.edu.az elektron portalına müraciət edə bilərsiniz.

    Qeyd edək ki, 28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

  • Sabah metronun bu 3 stansiyasında dəyişiklik olacaq

    Bakı metropoliteni “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq.

    Median.Az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək.

    “Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

    “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

    Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

    Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

  • Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib

    Azərbaycan Mərkəzi Bankı (AMB) “Delta Capital” MMC valyuta mübadilə məntəqəsinin bir vəzifəli şəxsinə 2 886 manat məbləğində cərimə tətbiq edib.

    Bu barədə AMB məlumat yayıb.

    “Delta Capital”ın vəzifəli şəxsi “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib”, – AMB bildirir.

    Mərkəzi Bankın digər qərarı ilə, “Zuhur” MMC-nin bir vəzifəli şəxsinə isə 32 767 manat məbləğində cərimə tətbiq edilib.

    “Zuhur” MMC-nin vəzifəli şəxsi isə AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 3.6, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib.