Month: August 2024

  • ÜST: Meymunçiçəyi ilə mübarizə 135 milyon dollar vəsait tələb edir

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 26-da dərc etdiyi meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.

    Report xəbər verir ki, bu barədə ÜST-nin baş qərargahı məlumat yayıb.

    Plan 2024-cü ilin sentyabrından 2025-ci ilin fevralına qədər olan altı aylıq dövrü əhatə edir.

    Planın həyata keçirilməsi üçün vəsaitin ayrılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət yaxın vaxtlarda təqdim olunacaq.

    Sənəd hərtərəfli nəzarət, profilaktika, hazırlıq və cavab strategiyalarının həyata keçirilməsinə, diaqnostik testlər və vaksinlər kimi əks tədbirlərə ədalətli çıxışın təmin edilməsinə yönəlib. Peyvənd riskli kateqoriyaya, o cümlədən yaxın təmasda olanlara və səhiyyə işçilərinə yönəldiləcək.

  • Sabah üç rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Sabah Bakının Sabunçu rayonu və Şamaxı, Kürdəmir rayonlarında qaz kəsiləcək.
    Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
    Bildirilib ki, 27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qidalanan qaz xətləri üzərində və “Sığırlı” ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
    Təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Messinin illik qazancı 1 milyard avroya çata bilər

    Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin illik qazancı 1 milyard avroya çata bilər.

    Median.Az report.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçuya yenidən təklif göndərib.

    37 yaşlı futbolçu təklifi qəbul edərsə, bonuslarla birlikdə illik qazancı 1 milyard avro ola bilər. “Əl-Hilal” klubu ötən yay argentinalı hücumçuya həftəlik 15-20 milyon avroluq təklif göndərmişdi.

    Qeyd edək ki, futbolçu 2023-cü ildə PSJ-dən “İnter Mayami”yə keçib.

  • Kventin Tarantino Alek Bolduini adam öldürməkdə günahlandırır

    Rejissor Kventin Tarantino aktyor Alek Bolduini “Rust” filminin çəkilişində kinematoqraf Qalina Hatçinsi öldürməkdə ittiham edib. O açıqlamasında Bolduinin qismən məsuliyyət daşıdığını bildirib.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, rejissor 90% məsuliyyəti silah ustası Hannah Gutierrez-Reidinə, qalan məsuliyyəti isə Alek Bolduinə yükləyib:
    “Bu vəziyyətdə, silah ustası və çəkilişlərdə silahları idarə edən adam, bu silahlarla bağlı baş verənlərin 90%-i üçün məsuliyyət daşıyır.

    Aktyorlar səhnələrdə silahdan istifadə etməzdən əvvəl problem olub-olmadığını şəxsən yoxlamalıdırlar”.
    Xatırladaq ki, 2021-ci ildə “Rust” filminin çəkilişləri zamanı Bolduin doldurulmuş silahdan atəş açıb.
    Hadisə nəticəsində operator Qalina Hatçins və rejissor Coel Souza yaralanıblar.

    Rejissoru bir neçə saatdan sonra xəstəxanadan buraxıblar, Hatçinsin isə həyatını xilas etmək mümkün olmayıb. 

  • Xərçəng niyə daha çox gənclər arasında yayılıb?

    Son illərdə həkimlər getdikcə daha çox həyəcanverici bir tendensiya – gənclər arasında xərçəngə yoluxma hallarının artmasını qeyd edirlər. Bu problem getdikcə aktuallaşır və elm adamları 50 yaşdan kiçik insanlar arasında xərçəngə yoluxma hallarının bu qədər sürətlə artmasının nədən qaynaqlandığını anlamağa çalışırlar.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma, ölkədə istehlak edilən qidaların demək olar ki, 75%-nin ultra işlənmiş qidalar (UPF) kateqoriyasına aid olduğunu qeyd edib. Bu məhsullar insan sağlamlığına ciddi təsir göstərən, xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına töhfə verən müxtəlif əlavələr və süni inqrediyentlərlə doludur. AMR-nin sağlamlığa təsirləri getdikcə daha çox müzakirə olunur və onların zərərli olduğuna dair sübutlar artır.
    Şimali Karolinadakı Duke Universitetində onkoloq olan doktor Nicholas De Vito xəstələrinin dəyişən demoqrafik xüsusiyyətlərini öz gözləri ilə görüb. O qeyd edib ki, xərçəng xəstələrinin daha çox yaşı 45-dən aşağı olan gənclərdir. Həkim De Vito hesab edir ki, bu fenomenin bir səbəbi AMR-nin yüksək səviyyədə olduğu qeyri-sağlam qidaların istehlakının kəskin artması ola bilər. Bu məhsullar təkcə müxtəlif xəstəlikləri təhrik etmir, həm də bağırsaq mikrobiomunu dəyişdirir, xroniki iltihab və digər patoloji proseslərə səbəb olur ki, bu da son nəticədə xərçəngin inkişaf riskini artırır.

    Son üç onillikdə vəziyyət daha da pisləşib: 1990-cı ildən 2019-cu ilə qədər dünyada gənclər arasında xərçəngə yoluxma hallarının sayı 79%, ondan ölüm halları isə 28% artıb. Birləşmiş Ştatlar dünyada erkən xərçəngə yoluxma hallarına görə altıncı yerdədir, 50 yaşdan kiçik hər 100 000 nəfərə 87 xəstəlik yoluxma halı var. Gələcəklə bağlı proqnozlar isə daha qorxuludur: 2030-cu ilə qədər erkən mərhələdə xərçəngə yeni yoluxma hallarının sayı 31%, ölüm halları isə 21% arta bilər.

    Bu məlumatlar əhalinin qida rasionunda və tənzimləmə siyasətində təcili dəyişikliklərə ehtiyac olduğunu göstərir. Dr.DeVito tütünə tətbiq edilənlərə bənzər qida sənayesinin daha sərt tənzimlənməsinin vacibliyini vurğulayır. O hesab edir ki, səhiyyə mütəxəssisləri, ictimai səhiyyə ekspertləri və hökumətlərin birgə səyləri AMR-nin ictimai sağlamlığa mənfi təsirini əhəmiyyətli dərəcədə azalda bilər və nəticədə gənclər arasında xərçəng xəstəliyinin azalmasına səbəb ola bilər.

    Bu tədbirlər vaxtında görülsə, mövcud tendensiyanı geri qaytarmaq və daha az gəncin xərçəng xəstəliyinə tutulduğu bir mühit yaratmaq olar.

  • Meymunçiçəyi həyəcanı: 450 ölü, uşaqlar sürətlə yoluxur

    Konqo Demokratik Respublikasında Meymunçiçəyi epidemiyası səbəbindən indiyədək 450-dən çox ölüm faktı qeydə alınıb.

    Xəstələrin 75 faizi 10 yaşdan kiçik uşaqlardır.

    Mütəxəssislər bildirib ki, immunitetlər zəif olduğu, məsafə saxlamadıqları və birlikdə yatdıqları üçün virus uşaqlar arasında sürətlə yayılır.
    //bakupost.az

  • “Üçuşaqlı ailə modelinə keçməliyik” – Sosioloq

    “Ölkədə üçuşaqlı ailə modelini qəbul etmək lazımdır. Ən ideal olanı budur. İnsanlara bunu təbliğ etmək lazımdır. Lakin bu məsələ təkcə valideynlərdən deyil, həm də ölkənin sosial siyasətindən asılıdır. Bu baxımdan çox təmkinli, savadlı planlar həyata keçirməyə böyük ehtiyac var. Çünki ölkədə çoxuşaqlı ailələrin sayı azalır”.

    Bunu Bakupost.az -a sosioloq Əhməd Qəşəmoğlu deyib.
    O bildirib ki, ailələrdə bir və ya iki uşaq olması səbəbindən əhalinin sayı get-gedə azalır:
    “Statistika göstərir ki, vəziyyət yaxşı deyil. Mən uzun illərdir deyirəm ki, üçuşaqlı ailə modelini qəbul etmək lazımdır. Ailədə uşaq tək olanda psixoloji cəhətdən arzuolunmayan səviyyədə formalaşır. Səbəb də odur ki, ailədə onun tay-tuşu yoxdur, ən yaxın adamları ata-ana, baba-nənədir. Ailədə iki uşaq olanda evdə münaqişələr yaranır. Üç uşaq olanda isə həm uşaqlar normal böyüyürlər, həm də ölkədə əhali artımı olur. Ölkədə əhali azalmasının, əlbəttə ki, fəsadları var. Çünki bir azdan işçi qüvvəsi də azalacaq. Ona görə çalışmaq lazımdır ki, ölkədə doğru ailə modeli təbliğ olunsun. Bunun üçün sosial məsələlər həll olunmalı, dövlət qayğısı artmalıdır. Uşaq təkcə ailənin, atanın, ananın deyil, həm də dövlətindir. O, həm ölkənin müdafiə qabiliyyətini artırır, həm mütəxəssis kimi yetişir”.

  • Səhər acqarına su içmək hər dərdin dərmanıdır…

    Acqarına su içməyin bir çox faydası var.

    Median.Az təqdim edir:

    Maddələr mübadiləsini sürətləndirir:

    Səhər acqarına su içmək maddələr mübadiləsini 24 faiz sürətləndirir. Bu, arıqlamaq istəyənlər üçün faydalıdır, çünki daha sürətli metabolizm daha çox kalori yandırır.

    Həzm sistemini dəstəkləyir:

    Acqarına su içmək bağırsaqları stimullaşdırır və həzmi sürətləndirir. Bu, qəbizlik kimi həzm problemlərinin qarşısını almağa kömək edə bilər.

    Bədəni zərərsizləşdirir:

    Gecələr bədəndə toksinlər toplanır. Səhər acqarına su içmək bu toksinləri bədəndən çıxarmağa kömək edir və böyrəklərin daha effektiv işləməsini təmin edir.

    İmmunitet sistemini gücləndirir:

    Su limfa sistemini dəstəkləyərək immunitet sistemini gücləndirməyə kömək edir. Bu, xəstəliklərdən qorunma təmin edir.

    Dərinin sağlamlığını yaxşılaşdırır:

    Yetərincə su qəbulu dərinin nəmli qalmasına və daha sağlam, parlaq görünüş qazanmasına kömək edir. Acqarına su içmək dəridən toksinlərin çıxarılmasını sürətləndirərək sızanaq və dəri problemlərini azaldır.

    Enerjini artırır:

    Səhər acqarına su içmək oksigenin hüceyrələrə daşınmasını, enerji səviyyəsini artırır və gün ərzində özünüzü daha fit hiss edirsiniz.

    Arıqlamağa kömək edir:

    Aç qarına su içmək toxluq hissi yaradaraq, həddindən artıq yemək istəyini azalda bilər. Bundan əlavə, maddələr mübadiləsinin sürətlənməsi kilo itkisini də dəstəkləyir.
    //bakupost.az

  • Putin müharibəni Rusiyanın inkişafının əsas şərti adlandırdı

    Ukraynaya qarşı müharibədə ordunun uğuru Rusiyanın gələcək inkişafı üçün əsas şərtdir.

    Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

    “Xüsusi hərbi əməliyyat”ın uğurla başa çatdırılması”, o cümlədən ordunun ehtiyacları üçün “iqtisadi bazanın gücləndirilməsi” hökumətin növbəti altı ildə iqtisadi siyasətinin diqqət mərkəzində olmalıdır”, – Putin bazar ertəsi rəsmilərlə görüşdə deyib.

    “Planlarımızı həyata keçirərkən biz ilk növbədə iqtisadiyyatdakı işlərin vəziyyətinə güvənirik, çünki dövlətin resurs və büdcə imkanlarını müəyyən edən sənaye, ticarət, logistika və maliyyə potensialıdır”, – deyə mətbuat Putinin sözlərindən sitat gətirir.

    Prezidentin sözlərinə görə, hazırda Rusiya iqtisadiyyatı “yaxşı templə böyüməyə davam edir”. Altı ay ərzində ÜDM 4,6%, sənaye istehsalı 4,4%, hərbi sənaye kompleksinin daxil olduğu emal sənayesi isə 8% artıb.

    Büdcə gəlirləri üçdə bir dəfədən çox artıb və “müəssisələr və işçi qüvvələr stabil və ritmik işləyir”, Putin deyib. O əlavə edib ki, “real sektorda müsbət meyilləri gücləndirmək” və ölkənin “infrastruktur çərçivəsini” gücləndirmək lazımdır.

    Ötən il rəsmi statistikaya görə, ÜDM 3,6% artıb, bu yay artım tempi 5%-ə çatıb. Britaniya İqtisadi Siyasət Tədqiqatları Mərkəzinin (CERP) ekspertlərinin hesablamalarına görə, hakimiyyət orqanlarının bildirdiyi iqtisadi bum tamamilə müharibə ilə bağlıdır: hərbi məhsulların istehsalı 2022-ci ildən bəri 60% artıb, mülki sənaye sahəsində isə durğunlaşma gedir.

    Rosstat-ın operativ məlumatları göstərir ki, yayın əvvəlindən iqtisadiyyat kəskin şəkildə yavaşlayır: əgər fevralda ÜDM-in artım tempi illik müqayisədə 7,6%-ə, birinci rübdə 5,4%-ə çatmışdısa, may ayında bu, artıq yalnız 3% olub.

    İyun ayında sənaye istehsalının artım tempi demək olar ki, 3 dəfə azalaraq son 15 ayda ən aşağı səviyyəyə – 1,9%-ə çatıb.

  • Uşaq köynəyini başlarına keçirib “MilliÖn”ü soydular – Könüllü təslim oldular

    Goranboyda başlarına uşaq koftasını taxıb “MilliÖn” ödəmə terminalından pul oğurlayan qohumlara hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə 18 mart 2024-cü il tarixdə, saat 01.00 radələrində Goranboy rayonunun Qaraçinar kəndində yerləşən “İbrahim” adlı marketdə baş verib.

    1996-cı ildə Goranboyun Qaraçinar kəndində anadan olmuş Elxan Bədəlov (soyad şərti) dayısı oğlu, 2005-ci ildə Goranboy şəhərində anadan olmuş Ziyad Məmmədovla (soyad şərti) əvvəlcədən planlaşdırdıqları oğurluq hadisəsini törədiblər.

    Belə ki, Elxan əyninə Dövlət Sərhəd Xidmətinin formasını, Ziyad isə qara paltar geyinib, başlarına isə uşaq köynəyini (tanınmamaq üçün) keçirərək, sözügedən mağazada “MilliÖn” ödəmə terminalını linglə sındıraraq, 8983 manat pul oğurlayıblar. Onlar mağazadan heç nə götürməyiblər.

    Qohumlar pulları Gəncə şəhərində dollara çeviriblər. Elxan Bakıya gəlib və işləmək üçün Türkiyəyə yollanmaq istəyib. Lakin Bakıdan geri qayıdaraq polisə təslim olub.

    Onlar oğurladıqları pulları polisə veriblər.

    Hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.