Month: August 2024

  • Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİLƏR

    Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs ediliblər.
    Bu barədə oxu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
    Qeyd olunub ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
    İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.
    Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Laçında böyük konsert olacaq: “İki-üç mahnı oxuyacam”

    “Bu gün Laçının şəhər günüdür. Bu münasibətlə Laçında böyük bir konsert düzənlənəcək”.

    Bunu Qaynarinfo-ya Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.

    Müğənni bildirib ki, konsertin təşkilatçısı Mədəniyyət Nazirliyidir:

    “Burada Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, rəqs kollektivləri, Xalça muzeyinin əməkdaşları, Azərbaycan televiziyasının solistləri iştirak edir. Mənim bir mahnım var – “Laçınımın dağları”. Bu mahnının klipi çəkilməlidir. Tədbirin görüntülərdən istifadə edərək həmin klipin tez ərsəyə gəlməsinə çalışacam. Gecədə 2-3 mahnı ifa edəcəm”.

    Elza Seyidcahan Laçın şəhərinin gözəlliyindən də söz açıb:

    “Laçın çox gözəldir. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə Allahdan rəhmət diləyirəm, şəhid analarının əlindən öpürəm və Prezidentin qarşısına baş əyirəm. Bu gün həm də birinci vitse-prezidentimiz Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva bizim dünənimiz, bu günümüz və sabahımızdır. Bura doğrudan da möcüzədir. Laçında elə gözəliklər yaradılıb ki, sanki bu insanın deyil, mələklərin işidir”.

  • Aparıcının qarət olunan bağı – VİDEO

    Xəbər verdiyimiz kimi, aparıcı Yelena Sidorenkonun bağ evi qarət olunub.

    Axşam.az-ın məlumatına görə, aparıcı oğurluq edilən evinin görüntülərini yayımlayıb. O bildirib ki, evi qarət edənlər işıq sayğacını sındırıb, kameraları söndürsələr də, ətrafdakı kameralda görüntülər var.

    “Cinayət törədilən an ətrafda olan kameralara düşüb. Onların axtarışı davam edir. Əminəm ki, onlar tezliklə saxlanılacaq, mülkümüz isə bizə qaytarılacaq” deyə, yelena paylaşımında yazıb.

    Qeyd edək ki, aparıcı bağ evlərindən əşyalarının oğurlandığını deyərək “Şəhərdə olmadığımız iki gün ərzində hiss etdik ki, bağımızda kameralar işləmir. Evimiz Ləhiş bağlarındadır. Yoldaşım bağa baş çəkdi. Görüb ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kameralar işləməyib. Evə giriblər soyuducunu, kombini və samovarı götürüblər. Stolumuzu hasarın yanına qoyub və ordan daşıyıblar” sözlərini əlavə edib.

  • 8 gün əvəzinə 8 ay: Kosmonavtlar Yerə qayıda bilmir

    İlon Maskın “SpaceX” şirkətinin “Dragon” kosmik gəmisinin 2025-ci ilin fevralında Amerika astronavtlarını Yerə çatdıracağı gözlənilir.

    Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə NASA-da bildiriblər.

    61 yaşlı Sunita Uilyams və 58 yaşlı Barri (Butç) Uilmor “SpaceX”in rəqibi “Boeing”in Starliner kosmik gəmisinin sıradan çıxması səbəbindən planlaşdırılan 8 gün əvəzinə iki aydır Beynəlxalq Kosmik Stansiyasındadırlar (BKC). Bu, “Boeing”in ekipajlı uçuşu həyata keçirmək üçün ilk cəhdi idi. Şirkət kosmik gəmini NASA-nın sifarişi ilə hazırlayıb və bunun üçün 1,6 milyard dollar xərcləyib.

    Starliner yalnız üçüncü cəhddən kosmosa buraxılıb. BKS-yə qoşulma zamanı kosmos kapsulunun hərəkət sistemində problemlər yaranıb, manevr üçün istifadə olunan cihazda nasazlıq aşkarlanıb.

    Ümumilikdə Uilyams və Uilmor orbitdə 8 ay qalmalı olacaqlar. Xoşbəxtlikdən, BKS-də kifayət qədər qida və su ehtiyatı var. NASA bildirib ki, astronavtlar elmi işlə məşğul olmağı planlaşdırırlar və geri qayıdış planları ilə razılaşıblar. Onlar qeyd ediblər ki, astronavtlar sınaq uçuşunun risklərini dərk ediblər və bundan əvvəl də kosmosda olublar.

  • Qazaxıstanlı turistlər Bakı aeroportunda dava saldı – İki nəfər həbs edildi

    Beş qazaxısanlı turist Heydər Əliyev adına Beynəlxalq Hava Limanına saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, onların saxlanılmasına səbəb Bakıdan İsrailə uçan, yəhudi olduğu bilinən sərnişinlə mübahisə etmələri olub.

    Belə ki, 5 dost Qazaxıstandan turist kimi Bakıya gəzməyə gəliblər. Onların istirahəti bitdikdən sonra birlikdə Bakı-Almata aviareysi ilə uçmaq üçün saat 01:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediblər.

    Dostlar qeydiyyatdan keçdikdən sonra limanın 3-cü mərtəbəsinə qalxıblar. Orada da yoxlamadan keçən zaman qarşılarında olan, geyimi və s. əlamətlərindən yəhudi olması bilinən sərnişindən haraya uçacağını soruşublar.

    Həmin şəxs onlara kobud cavab verərək, ondan uzaqlaşmaqlarını tələb edib. Bu səbəbdən İsrail vətəndaşı ilə mübahisə baş verib. Aviareysin supervayzeri olan qadın dostları mübahisəni dayandırmağı tələb edib və əks halda reysdən çıxaracağını deyib. Dostlardan ikisi əsəbləşərək supervayzerə etirazını bildirib və onu təhqir ediblər. Sonra təhlükəsizlik xidmətinin əməkdaşları onları hava limanının binasında çölə çıxarıb.

    Qazaxıstanlı turistlərin uçuşuna icazə verilməyib. Onlar növbəti reysə bilet alaraq hava limanı ərazisində olan oteldə gecələməli olublar.

    Həmin vaxt polis əməkdaşları gələrək araşdırma aparılması üçün onları idarəyə dəvət edib. Bu zaman dostlardan ikisi məsələnin həll edildiyini bildirib və niyə polis şöbəsinə apardıqlarını soruşaraq, polislərə etiraz edib və onların qanuni tələblərinə tabe olmayıblar.

    Sonradan etdikləri əməldən peşman olsalar da, saxlanılan 5 turistdən ikisi (20 avqust 1988-ci il tarixdə doğulmuş A.Xodırev və 13 iyul 1988-ci il təvəllüdlü B. Aliaskaroviç) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq 30 gün müddətinə inzibati həbs ediliblər. Həbsetmənin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanıb.

  • Gəncədə 5 yaşlı uşağın müalicəsi səhv aparılıb? (VİDEO)

    Nənə nəvəsinin müalicəsinin səhv aparıldığını və bu səbəbdən uşağın səhhətində problem yarandığını iddia edir.

    Gəncə sakini Amaliya Qoşqarova deyir ki, 5 yaşlı nəvəsinin başında qaşınma, saçının seyrəlməsi şikayəti ilə həkimə müraciət ediblər. Ancaq aparılan müalicələr əks effekt verib.

    Amaliya Qaşqarovanın iddiasına görə, uşağın vəziyyəti getdikcə daha da ağırlaşıb və bu səbəbdən müalicə üçün onu Türkiyəyə aparıblar. Qardaş ölkədə aparılan müalicə isə müsbət nəticə verib. İndi ailə dəymiş ziyana görə həkimdən kompensasiya tələb edir.

    Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. İttiham edilən şəxs – həkim Məlahət Qəhrəmanova bildirdi ki, həmin xəstə saç yox, qurdla bağlı müraciət edib və müalicəsi normal aparılıb, ancaq ailə müalicəni sonadək davam etdirməyib.

    Pul tələbi ilə bağlı iddiaya gəlincə, həkim deyir ki, ailəyə bir dəfə pul qaytarılıb, sonrakı tələbləri isə araşdırılmalıdır.

  • Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

    Avqustun 26-dan sentyabrın 2-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Göygöl milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

    Şahdağ Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti olacaq.

    Altıağac Milli Parkına gəlincə, səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti , gündüz 22-27° isti olacaq.

    Samur –Yalama Milli Parkında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-33°isti olacaq.

    Şirvan Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

    Ağgöl Milli Parkında isə havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

    Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

    Hirkan milli parkında isə əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddıtli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

  • Yeni dərs ili qabağı kirayə evlər tapılmır – Qiymətlər necədir?

    Kirayə bazarında qıtlıq olduğundan bir çox tələbə ev tapa bilmir.

    Xezerxeber.az-ın xəbərinə görə, son iki ildir ki, Bakının kirayə mənzil bazarında tələb təklifi üstələyir. Yeni dərs ilinin başlaması ilə bu problem özünü daha qabarıq göstərir.

    Ekspertlər deyir ki, qiymətlər ötən ilə nisbətən artıb.

    Onların sözlərinə görə, əvvəllər tələbələr univeristetə yaxın yerlərdə mənzil kirayələyirdilər. İndi isə univeristet yaxınlığına ev tapmaq demək olar ki, mümkün deyil. Buna görə də tələbələr şəhərin ucuz yerlərinə üz tuturlar.

    Ekspertlərin fikrincə, kirayə bazarına tələbin çox olmasının səbəblərindən biri bir çox universitetlərin yataqxanasının olmamasıdır. Yataqxanası olan universitetlərin çarpayı sayı isə tələbələrin sayından xeyli aşağıdır.

    Bununla yanaşı, Bakıda aparılan söküntü işləri də kirayə bazarına ciddi təsir edib.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Fransanın sağyönümlü partiyası Makronu hədələyib

    Sağyönümlü “Milli Birlik” partiyası solçu “Yeni Xalq Cəbhəsi” partiyasından baş nazir postuna istənilən namizədi bloklayacaq.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu sağçı partiyanın liderləri bildiriblər.

    Agentliyin məlumatına görə, bu, Fransa Prezidenti Emmanuel Makronun mövcud siyasi böhranı həll etmək imkanlarını xeyli daraldır.

    Bazar ertəsi “Milli Birlik” liderləri Marin Le Pen və Jordan Bardella iyul ayında qanunvericilik orqanına təyin etdiyi nəticəsiz növbədənkənar seçkilərin yaratdığı siyasi dalandan çıxmağa çalışan E.Makronla görüşüb.

    Bir saat davam edən görüşdən sonra J.Bardella bildirib ki, Fransanın solyönümlü partiyaları ölkə üçün təhlükə yaradır və onun düşərgəsi dərhal hər hansı solçu baş nazirə etimadsızlıq votumu elan edəcək.

    “Yeni Xalq Cəbhəsi”nin proqramı ictimai asayiş və təbii ki, ölkənin iqtisadi həyatı üçün təhlükə yaradır. Biz onu Fransa cəmiyyətini parçalayacaq hökumətdən qorumaq niyyətindəyik”, – o, jurnalistlərə söyləyib.

  • Ötən həftə azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə avqustun 19-25-də 32 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 839 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 1308.3 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.