Month: Sentyabr 2024

  • Prezident İlham Əliyev Çin sədrini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli cənab sədr, Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı yetirməkdən böyük məmnunluq duyuram.

    Ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer alıb. Bütün bu nailiyyətlərdə şəxsən Sizin də misilsiz rolunuz və xidmətləriniz var.

    Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.

    İyulda Astanada Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür.

    Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoq, iqtisadiyyat, ticarət nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. “Kəmər və yol” və “Orta dəhliz” layihələri çərçivəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim.

    Eyni zamanda, biz Çinlə iqlim dəyişmələri ilə mübarizədə, o cümlədən “yaşıl” enerji, yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək, ölkənizin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək əzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və gələcək nəsillərə daha təmiz və dayanıqlı dünyanı miras qoymaq məqsədinə çatmağımıza töhfə verəcək.

    Hörmətli cənab sədr, əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcək.

    Belə bir əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm”.

  • Bakıda 47 yaşlı kişi özünü onuncu mərtəbədən atdı

    Bakıda kişi özünü binadan ataraq intihar edib.

    Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində, “Qobu Park-2” yaşayış kompleksi bina 23, mənzil 49 (10-cu mərtəbə) ünvanında baş verib.

    Cəbrayıl rayon sakini 47 yaşlı Sənan Quliyev saat 00:10-da yaşadığı mənzilin mətbəxinin pəncərəsindən özünü atıb.

    Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    İlkin məlumata görə, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub.

  • Toylarda arağa qadağa qoyula bilər? – AÇIQLAMA

    Spirtli içkilər toy məclislərinin və şənliklərin olmazsa-olmazıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də toy süfrələrinin əsas bəzəyi elə məhz belə içkilərdir.

    Bəzi adamlar iddia edir ki, toyda şənlənməyin yolu elə içməkdən keçir. Ancaq içki məclisdə iştirak edən qonaqları həmişə şənləndirmir. Bu nüans bəzən toyda şiddətli davaların yaranmasına rəvac verir. Bu səbəbdən zaman-zaman belə bir təklif gündəmə gəlir ki, spirtli içkilər toylarda qadağan olunmalıdır. Ancaq sözügedən təkliflə razılaşmayanlar da az deyil. Fikrə müxalif olanlar iddia edir ki, əgər toyda içki olmasa, iştirakçıların da sayı gözlə görünən qədər azalacaq.

    BAKU.WS xəbər verir ki, əməkdar artist Ağalar Bayramov “Yeni Sabah”a açıqlamasında sözügedən mövzuya belə münasibət bildirib:

    “Toy məclislərinin bəzəyi yeyib-içmək, şənlənməkdir. Dini toylarda iştirak etmişəm. Həmin məclislər çox soyuq keçir, şən olmur. Qonaqlar foyedə oturur, bir az iştirak edib sonra məclisi tərk edirlər. Süfrədə içki olmayan toylarda qonaqlar masanın altında içki gizlədir və xəlvətcə ondan içirlər. Bunu ev yiyəsi də bilir. Ad da o olur ki, həcidir, kərbəlayidir deyə içki vermir. Hamı yaxşı bilir ki, stolun altına qoyub içirlər. Bunu milyon dəfə görmüşəm, dəfələrlə olub”.

    Tanınmış qiraətçi təkliflə razılaşmadığını qeyd edib:

    “Araqsız toy olar? Mən bu təklifi ilk dəfədir ki, eşidirəm. Ağlı başında olmayan adamın içkili yaxud ayıq olmağının həmin məsələyə aidiyyatı yoxdur. Çünki ağlı başında olmayan adam hər iki vəziyyətdə içindəki niyyətini ortaya çıxaracaq. Elə adam var ki, içəndə daha kövrək olur. Ancaq eləsi də var ki, içindəki xəbislik aşkara çıxır. Nəşə çəkənlər kimi, keçmişi yada salır. İçkinin hər adama təsiri fərqlidir. O qədər tanışlar var, içənə qədər sakit görünür, sonra əjdahaya dönür. Bütün bunların hamısı insanın xarakterindən irəli gəlir. Mən, Ağalar Bayramov, gözümü açandan içkidən istifadə etmişəm. Ancaq bir adam deyə bilməz ki, içib kiminsə qəlbini qırmışam, çaşıb səhv danışmışam və s. Bunu heç kim deyə bilməz. Bir nəfər belə… Deməli bu, mənim daxilimdən asılıdır.

    İçki olmasın və s. deyilənlərin hamısı boş söhbətdir. Sadəcə hər şey qədərində olanda gözəl olur. Nizavi Gəncəvi demişkən, suyun belə çoxu ziyandır. Yeməyi də həddən artıq qəbul edəndə mədəyə ağırlıq verir, fəsadlar ortaya çıxır. Hər şeyin norması var. Mənim məsələyə münasibətim belədir”.

  • Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var

    Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır.

    Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən köhnə tikililərdən və fərdi evlərdən gedir.

    Ərazidə 1 otaqlı evlərin qiyməti 65 – 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir.

    Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərdə ucuzlaşma var. Elan saytlarında Bayıl və “20-ci sahə” adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, elanların birində sahəsi 140 kvadratmetr olan dördotaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri 70 min manat təşkil edir.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur. Bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur.

    Ekspert qeyd edib ki, ucuzlaşmanın digər səbəbi adıçəkilən ərazidə infrastrukturun tam olmamasıdır.

    O, Bayıl və “20-ci sahə” massivinin Bakının baş planına əsasən, söküntüyə cəlb olunacağını da bildirib.

    Ətraflı süjetdə:

  • Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var

    Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

    “Report” xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

    Belə ki, “Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford”da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb.

    Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Daxili İşlər Nazirliyindən ƏMƏLİYYAT – 22 kiloqram narkotik aşkarlandı

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatlar keçirib, 22 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Abşeron rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı 2000-ci il təvəllüdlü Əlqədir Cahangirov saxlanılıb. Onun idarə etdiyi “Toyota” markalı avtomobilinə baxış zamanı ümumilikdə 22 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

    Saxlanılan şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ə.Cahangirovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • Tozlu hava şəraiti nə qədər davam edəcək?

    Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

    Qeyd olunub ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.4 – 1.6 dəfə artıqdır:

    “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub”.

    G.Abbasova qeyd edib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

  • SAXAL “Hizbullah” lideri Həsən Nəsrullahın öldüyünü rəsmən elan etdi

    İsrail Müdafiə Ordusu (SAXAL) Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürüldüyünü rəsmi olaraq təsdiqləyib.

    Bu barədə SAXAL-ın “Telegram” kanalında bəyan edilib.

    “Həsən Nəsrullah dünən (27 sentyabr) İsrail HHQ-nin Beyruta zərbəsi nəticəsində məhv edilib”, – deyə məlumatda qeyd olunub.

    Bundan əvvəl bildirilmişdi ki, İsrailin Beyrutun cənubuna hava zərbəsi nəticəsində “Hizbullah” liderinin həyat yoldaşı və qızı da həlak olublar.

  • Milli Parkın ərazisində brakonyerlik edən şəxs saxlanıb

    Milli Parkın ərazisində brakonyerliklə məşğul olan şəxs saxlanılıb.

    Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan F.Şükürov saxlanılıb.

    Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Ağcabədi Elektrik Şəbəkəsinin dispetçerini elektrik cərəyanı vuraraq öldürüb.

    “Report” xəbər verir ki, Ağcabədi Elektrik Şəbəkəsinin dispetçeri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.