Month: Sentyabr 2024

  • “Avtoşluq” edib videosunu yayan şəxs saxlanıldı

    Tərtərdə VAZ markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən 26 yaşlı Kənan Tağızadə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, o, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə yayıb.

    Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

    K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

  • Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

    Lerik rayonunda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraiti olan dağlıq-meşəlik ərazidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Tədbirlərlə 28 yaşlı Orxan Ələkbərov, 27 yaşlı Rafik Şəmmədov və 24 yaşlı Seymur Ağalı saxlanılıblar.

    Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 2 kiloqram tiryək və marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

  • Qaxda qəza: Motosiklet sürücüsü öldü

    Qax rayonunda motosiklet qəzaya uğrayıb, sürücü ölüb.

    “Report”un məlumatına görə, hadisə səhər saatlarında Zəyəm kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Qax rayonunun Qarabaldır kənd sakini, 31 yaşlı Sənan İdrisli idarə etdiyi motosikleti aşırıb. O, qəza nəticəsində başından ağır xəsarətlər alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Sənan İdrislinin həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pakistanda helikopter QƏZASI – 6 nəfər ÖLDÜ

    Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Pakistanın “Geo.TV” telekanalı məlumat yayıb.

  • Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq

    Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adı hallanan torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq.

    Qaynarinfo xəbər verir ki, Abel Məhərrəmovu ona məxsus torpaq sahəsini zəbt etməkdə ittiham edən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov işlə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

    Əldə etdiyimiz məlumata görə, Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib. Şikayətə baxılma müddəti hələ ki, müəyyənləşməyib.

    Məlumat üçün deyək ki, bu qalmaqal birinci instasiya kimi Xızı Rayon Məhkəməsində araşdırılıb. Prosesdə Nazim Əmirov iş üzrə iddiaçı, Abel Məhərrəmov və xanımı Rəhimə Mahmudova isə cavabdeh qismində iştirak edib. Məhkəmə polkovnik-leytenantın iddiasını təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qəarını qüvvədə saxlayıb.

    Nazim Əmirov iddiasında bildirib ki, Abel Məhərrəmov Altıağaca qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmn ərazidə özünə dəbdəbəli villa tikib.

  • Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb

    Qarabağ Universitetində ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayacaq yüksəkixtisaslı mütəxəssis hazırlığı həyata keçiriləcək. Bu baxımdan, bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda hazırlanmışdır. Universitetin məqsədi tələbələrin ixtisasları üzrə zəruri kompetensiyalara yiyələnməsini təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirməkdir.

    Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

    O bildirib ki, qarşıya qoyulan əsas vəzifələrdən biri ən müasir universitet idarəetmə modelinin tətbiq edilməsidir:

    “Qarabağ Universiteti tələbə-əsaslı universitet konsepti əsasında qurulur. Başqa sözlə, Qarabağ Universitetində tədris prosesi və akademik mühit müasir Azərbaycan gəncinin arzu, istək və maraqlarına uyğun şəkildə formalaşdırılır. Tələbələrin Ulu Öndərimizin ideyalarına sadiq, müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ və innovativ düşüncəli olması əsas məqsədlərdəndir. Bununla yanaşı, tələbələrin texnoloji, xarici dil, tədqiqat, startap, sahibkarlıq, kommunikasiya və digər yumşaq bacarıqlarının yüksək səviyyədə olması xüsusi diqqət mərkəzində saxlanılır.

    Qarabağ Universitetində tələbələrə onların hərtərəfli inkişafını dəstəkləyəcək maraqlı sosial həyat və məzmunlu tələbə mühiti təmin edilir. Əsas məram müasir Azərbaycan gəncini xoşbəxt etmək üçün bütün imkanların mövcud olduğu universitet yaratmaqdır”.

    Rektor qeyd edib ki, Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelində qurulur. Belə ki, universitetin müasir infrastrukturu, laboratoriya bazası və yüksək akademik potensialı Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafına real töhfələr verə biləcək elmi-tədqiqat nəticələrinin əldə olunmasına imkan yaradacaqdır. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə ev sahibliyi etməsinə, professor-müəllim və tələbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə təmsil olunmasına xüsusi önəm veriləcəkdir.

    “Qarabağ Universiteti təhsil, tədqiqat və sosial xidmətləri ilə Qarabağın bərpası, işğaldan azad olunmuş torpaqlarda həyatın canlanması, sosial-iqtisadi və mədəni landşaftın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks və sistemli fəaliyyətlərə töhfə verəcəkdir.
    Bununla yanaşı, ölkənin və regionun əmək bazarının tələbləri nəzərə alınaraq universitetdə kadr hazırlığı istiqamətləri genişləndiriləcəkdir. Qarabağın müxtəlif ərazilərində ali təhsil xidmətlərinin göstərilməsini təmin etməklə universitet şəhər və rayonlar arasında birləşdirici mövqeyini gücləndirəcək.

    Ölkə başçısının qeyd etdiyi kimi, “Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər”.

    Beləliklə, dövlətin yüksək diqqət və qayğısı sayəsində müasir tələblər səviyyəsində qurulan Qarabağ Universiteti ortamüddətli perspektivdə regional ekosistemin drayveri olmaq, “yaşıl transformasiya” hədəfli layihələrin reallaşdırılacağı məkana çevrilmək və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarı qismində çıxış etmək imkanlarına sahib olacaqdır.

    Qısa bir zamanda, Qarabağ Universiteti ölkəmizin əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevriləcək”, – rektor əlavə edib.

  • Biləcəridə yanan obyekt parket müəssisəsidir

    Biləcəridə yanan obyekt parket müəssisəsidir.

    Baku.ws-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində iş görülür.

  • “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib

    Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, bundan sonra agentliyin sədri (indiki halda Zaur Mikayılov) dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər.

  • Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi təsdiqləndi

    Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları:

    – dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin və daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) rəqəmsallaşdırılmasını təmin etməli;

    – sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsinə, eləcə də monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar və onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görməli;

    – sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etməlidirlər.

    “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində və rəsmi internet səhifələrində yerləşdirilməsini və mütəmadi yenilənməsini təmin etməlidirlər.

    Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılır.

    “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) isə aşağıdakı dəyişikliklər edilir:

    aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilir:

    Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

    – dövlət informasiya ehtiyatlarını və sistemlərini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;

    – dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirsin;

    – dövlət informasiya ehtiyatları və sistemləri istismara verilməzdən əvvəl onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy versin;

    – sahibi və operatoru ilə birlikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

    – Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri, operatorları, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə zəruri tədbirlər görsün”.

    Həmin fərmanla təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” üzrə:

    1-ci hissə üzrə:

    – 1.2.1-ci yarımbəndə “publik hüquqi şəxslər” sözlərindən sonra “və digər büdcə təşkilatları” sözləri əlavə edilsin;

    – aşağıdakı məzmunda 1.2.2-1-ci və 1.2.14-1-ci yarımbəndlər əlavə edilsin:

    “1.2.2-1. dövlət informasiya sisteminin altsistemi – vahid interfeys əsasında dövlət informasiya sisteminin bir-biri ilə əlaqəli olan bir sıra funksionallıqlarının həyata keçirilməsini təmin edən, proqram təminatı və texnoloji avadanlıqların məcmusu olan struktur hissə;”;

    “1.2.14-1. elektron kabinet – dövlət informasiya ehtiyatının və sistemininin istifadəçisini Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, onun özü barəsində məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, habelə digər müraciətlərini elektron formada göndərməsini, elektron xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin dövlət informasiya ehtiyatının və sisteminin sahibi, operatoru, iştirakçıları və digər istifadəçiləri ilə qarşılıqlı əlaqəsini, eləcə də dövlət informasiya ehtiyatı və sistemi iştirakçısının Vahid Giriş Sistemi vasitəsilə identikləşdirilməklə dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə qarşılıqlı sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifə;”;

    1.5-ci bənddə “həmin sahəni” sözləri, habelə “kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri” sözləri ilə əvəz edilsin;

    2-ci hissə üzrə:

    – 2.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.9-2.1.12-ci yarımbəndlər əlavə edilsin:

    “2.1.9. istifadə rahatlığı – istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

    2.1.10. funksionallıq və davamlı inkişaf – dövlət informasiya ehtiyatının və sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə etməklə həmin informasiya ehtiyatının və sisteminin daim təkmilləşdirilməsi;

    2.1.11. operativlik – xidmət göstərilməsinin, informasiyanın əldə olunması və mübadiləsinin avtomatlaşdırılmış qaydada və sürətli şəkildə həyata keçirilməsi;

    2.1.12. şəffaflıq – dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətində və xidmət göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.”;

    2.5.1-ci yarımbəndə “adı” sözündən sonra “(müvafiq olaraq informasiya ehtiyatı və ya informasiya sistemi olması göstərilməklə)” sözləri əlavə edilsin;

    3.3-cü bəndə və 3.5.2-ci (hər iki halda) yarımbəndə “gücləndirilmiş” sözündən əvvəl “təkmil sertifikatlı” sözləri əlavə edilsin;

    5.10-cu bəndin ikinci cümləsinə “Reyestrə” sözündən sonra “fərdi məlumatların işlənildiyi və mühafizə edildiyi dövlət informasiya ehtiyatına münasibətdə isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə” sözləri əlavə edilsin;

    6-cı hissə üzrə:

    – 6.0.4-cü yarımbəndə “əməkdaşlarını” sözündən sonra “təkmil sertifikatlı” sözləri əlavə edilsin;

    – 6.0.5-ci yarımbəndə “məlumatları” sözündən sonra “(sənədləri)” sözü əlavə edilsin;

    – 6.0.6-cı və 6.0.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

    “6.0.6. dövlət informasiya ehtiyatına və sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsini, habelə daxil edilmiş məlumatların aktuallığını, etibarlılığını, təhrifolunmazlığını, əlçatanlığını, tamlığını və konfidensiallığını təmin etmək üçün tədbirlər görmək;”;

    “6.0.12. dövlət informasiya ehtiyatının və sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Əlaqələndirici quruma zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya ehtiyatına və sisteminə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;”;

    – aşağıdakı məzmunda 6.0.6-1-ci yarımbənd əlavə edilsin:

    “6.0.6-1. dövlət informasiya ehtiyatı və sistemi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyini aidiyyəti dövlət qurumları ilə birgə təmin etmək”.

    Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi ilə buradan tanış ola bilərsiniz.

  • Prezident Naftalan nefti ilə bağlı sərəncam verdi

    Prezident İlham Əliyev sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə Nazirlər Kabineti altı ay müddətində:

    – Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

    – Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Naftalan” Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Həmçinin, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunur.