Month: September 2024

  • Pakistanda daha bir vətəndaşda təhlükəli virus aşkarlandı

    Pakistanda meymunçiçəyi virusuna yoluxma sayı 6-ya çatıb.

    Bu barədə Pakistan Səhiyyə Nazirliyi məlumat yayıb.

    Belə ki, Yaxın Şərq ölkələrinin birindən qayıdan daha bir Pakistan vətəndaşında meymunçiçəyi virusu aşkarlanıb.

    Pişəvər hava limanında bu şəxsin virusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb və o, karantinə alınıb.

    Pakistanda bu virusa yoluxanların hər biri ölkə xaricindən gələn vətəndaşlar olub.

  • Dəhşətli cinayətlə bağlı ETİRAF: “İki qardaşı arvadı ilə eşq yaşayırdı, Narin bunlardan birini…” – FOTO

    Türkiyə gündəmini silkəyən və müzakirələrə səbəb olan Narin Güran cinayəti ilə bağlı edilən yeni etiraf hərkəsi şoka salıb.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri Nevzat Bahtiyar ,son ifadəsində Narinin meytinin tapıldığı günə aid bütün detalları açıqlayıb.

    Bahtiyar Narinin əmisi Salimin qızcığazı öldürməsi ilə bağlı bunları deyib:

    “Salim Güran, Yüksel Güran (Narinin anası) və əmisinin həyat yoldaşı ilə eşq yaşayıb. Mənim fikrimcə, o Narini bu qadınlardan biri ilə münasibətdə olduğunu görüdüyü üçün öldürüb”.





    //Baku.ws

  • “Miss Türkiyə” birincisi səfirin qızı imiş

    Ötən gün Türkiyədə keçirilən gözəllik yarışmasının nəticələri ilə bağlı qalmaqallı fikirlər səsləndirilib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada geniş müzakirə olunan ilk pillənin sahibi İdil Bilgen ilə bağlı bəzi məlumatlar əldə olunub.

    “Miss Türkiyə” birincisi seçilən İdil Bilgenin Türkiyənin Kiyevdəki səfiri Levent Bilgenin qızı olduğu məlum olub.

    Qeyd edək ki, o, “Miss World” yarışmasında Türkiyəni təmsil edəcək.
    //azxeber.com

  • Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülhə təhdiddir

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

    Tərəflər Azərbaycan və Lüksemburq arasında mövcud münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində bu kimi təmasların əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb.

    Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.

    Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

    Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • “McLaren”in rəhbəri: “Bakıdakı yarış hər zaman maraqlı olur”

    “Bakıda keçiriləcək Qran-pri öncəsi çox nikbinik”.

    Bunu “McLaren” komandasının rəhbəri Andrea Stella deyib.

    O bildirib ki, sentyabrın 13-15-də keçiriləcək Azərbaycan Qran-prisi öncəsi komandasının əhval-ruhiyyəsi çox yüksəkdir:

    “Monzadan iki kubokla ayrılmışıq, Bakıda keçiriləcək Qran-prini səbirsizliklə gözləyirik. Bakıdakı yarış hər zaman maraqlı olur. Bizim müxtəlif traslarda rəqabət aparan avtomobilimiz, ardıcıl olaraq xallar qazanan iki əla pilotumuz var. Bu baxımdan, mövsümün son üçdəbirində nikbinliyə əsas var”.

    Qeyd edək ki, “McLaren” pilotu Lando Norris İtaliyanın Monza şəhərində fərdi yarışda və Konsern konstruktorları kubokunda da ikinci olub.

  • Ağcabədidə 26 yaşlı qız özünü güllələdi

    Sentyabrın 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

    Publika.az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.

    Xəstəxanaya yerləşdirilən Ü.Baxşəlizadə orada ölüb.

    Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

    Dövlət Agentliyindən verilən xəbərə görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:

    -təşkilati-sənədləşmə işlərinin,

    -uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;

    -davamiyyətin aşağı olması;

    -prosesə nəzarətin düzgün təşkil edilməməsi;

    -uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi.

    Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

    Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

  • Marşrut avtobusunun sürücüsü məhkəmə zalında həbs olundu

    Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan 187 saylı marşrutun sürücüsü Orxan Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı araşdırması başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm elan edilib.

    Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək Orxan Səfərovun 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə onun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Məhkəmə heyəti qısa müşavirədən sonra hökmü elan edərək Orxan Səfərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini qərara alıb. O, məhkəmə zalından həbs olunub.

    Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı sakini Elnur Novruzovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Orxan Səfərovun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində E.Novruzov və sərnişin Gülü Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü O.Səfərov isə xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən AZAD EDİLDİLƏR

    Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.

    Modern.az-ın məlumatına görə, onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.

    Direktorların yerinə hələlik təyinat yoxdur.

  • Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi

    Sudanda vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayı 242-yə yüksəlib.

    Bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

    Nazirlikdən verilən açıqlamada bildirilib ki, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatıb.

    Həmçinin açıqlamada, 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayının 250 min 111-ə yüksəldiyi də qeyd edilib.

    İyun ayından bu yana ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

    Müharibənin davam etdiyi, səhiyyə sisteminin qarışıq olduğu ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirib.

    Qeyd edək ki, iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox adam ölür, on minlərlə ev, iş yeri və əkinçilik sahəsinə ziyan dəyir.
    //azxeber