Month: Sentyabr 2024

  • Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb

    Bu

    Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb.

    Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri Şərbablar küçəsində baş verib.

    Şəki şəhər Qaz İstismar İdarəsində usta kimi çalışan rayon sakini 1985-ci il təvəllüdlü Elşən Rüfət oğlu Paşayev ərazidən keçən 50 mm-lik dəmir qaz xəttində təmir işləri aparan zaman qaz xəttində qəfildən yanğın baş verib.

    Yanğın zamanı E. Paşayev hər iki əlindən termik yanıq xəsarəti alıb.

    E. Paşayev əraziyə çağrılmış Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ambulansı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Parisdə qızıl medal qazanan paralimpiyaçı: Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm

    Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm.

    Median.Az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan, Azərbaycanı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda təmsil edən Səid Nəcəfzadə deyib.
    O, ikinci dəfə Paralimpiya Oyunlarında iştirak etdiyini xatırladıb:

    “Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum və favoritlər arasında göstərilirdim. Buna görə də həyəcanlı idim. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm. Cənab Prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum “Neftçi” İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm”.
    Qeyd edək ki, T12 kateqoriyasında yer alan paraatletimiz uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

  • Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb – YENİLƏNİB

    Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb.

    Apa-nın yerli bürosunun məlumatına görə, qəzaya baxan bir neçə nəfəri hərəkətdə olan digər avtomobil vurub.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    ***

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
    Hərəkətdə olan iki “VAZ-2107” ilə “Toyota” və “VAZ-21011” markalı minik maşınları toqquşub.

    Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb

    Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

    “Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər əldəqayırma partlayıcını işə salıb, nəticədə 1-i qadın olmaqla, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər”, – o deyib.

    X.Zadran əlavə edib ki, polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaları davam etdirir.

  • Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qismi icra edilib

    Sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançesko ilə görüşüb.

    Bu barədə reporta Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Müdafiə naziri Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib.
    2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub.

    Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən L.Canfrançesko ölkələrimiz arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

    İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitzinin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

  • Azərbaycanın voleybol millisinin baş məşqçisi seçim xarakterli məşqlər keçirib

    Voleybol üzrə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən Qəbələ Olimpiya İdman Kompleksində seçim xarakterli məşqlər keçirilib.

    Median.Az xəbər verir ki, baş tutan məşqlərdə “Oğuz”, “Tovuz” və “Gəncə” Regional Voleybol Klublarının, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçuları iştirak ediblər.
    20 idmançının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

    Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

  • Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi müzakirə olunub

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə report-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.

    Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.

    MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb.
    Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.

    Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran
    digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

    Apa xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

    Bildirildi ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə “İstisu” yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35/10 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.
    Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.
    Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
    Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq. Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.

  • Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

    Median.Az xəbər verir ki, dövlətimizin başçısına qəsəbə barədə məlumat verildi.

    Bildirildi ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

    Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.

    İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.
    Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdən sir.

  • Hidrometeorologiya Xidməti: Ötən ay əksər günlərdə temperatur iqlim normasından yüksək olub

    Avqust ayında havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub, orta aylıq temperatur müsbət 28.2 dərəcə qeydə alınıb.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

    O qeyd edib ki, ötən ay ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 5 avqust tarixində 39 dərəcə, bölgələr üzrə isə 22-23 avqust tarixlərində Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcə isti müşahidə olunub:

    “Avqust ayında əksər bölgələrdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilmiş və ümumi olaraq bölgələr üzrə 21 gün yağıntılı keçib. Yağıntı əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olub. Ən çox yağıntı isə aylıq normanın 130 faizi olmaqla Balakən-Şəki bölgəsinə düşüb. Ölkə üzrə bir dəfə dolu düşməsi 4 avqust tarixində Qusar rayonunun Ləzə kəndində qeydə alınıb”.

    Xidmət rəsmisi bildirib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 22 gün küləkli olub. Küləyin maksimal sürəti Abşeron yarımadasında 25 m/s, bölgələrdə isə 23-28 m/s-dək güclənib.