Month: Sentyabr 2024

  • Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb

    Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb.

    Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin “Anadolu”nun efirində deyib.

    Onun sözlərinə görə, altı ay müddətində fransız məktəblərinə qeydiyyata şərait yaradılmayacaq: “Bu müddət ərzində isə beynəlxalq sazişin imzalanması məsələsi gündəmdə olacaq”.

  • Azərbaycan xaricdən 305 milyon dollarlıq əczaçılıq məhsulları aldı

    Bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 305.4 milyon dollar təşkil edib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15.6% azdır.

    Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.83%-ni təşkil edib.

    Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 362 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

  • Ermənistan hökumətinin Azərbaycanla imzaladığı sənədə baxılacağı tarix məlum oldu

    Ermənistanın Nazirlər Kabineti Azərbaycanla dövlət sərhədlərinin delimitasiya komissiyalarının birgə işi haqqında əsasnaməni (reqlamenti) sentyabrın 5-dəki iclasda nəzərdən keçirəcək.

    Median.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə elektron hökumətin saytında məlumat verilib.

    Qərar layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin təbii gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.

    Vurğulanır ki, daha sonra sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistanın Konstitusiya Məhkəməsinə göndəriləcək.

    Xatırladaq ki, avqustun 30-da Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı imzalayıblar.

  • Sabiq deputat Nazim Bəydəmirli məhkəmədə şahidlərlə üz-üzə qaldı

    Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər Mürsəl İbrahimov və Ədalət Bağırov iştirak ediblər.

    Nazim Bəydəmirli bildirib ki, o, zərərçəkmiş şəxsin şikayəti əsasında tutulmayıb:

    “Sən mənə zəng eləmisən ki, gəl görüşək. Görüşün də məqsədi “Avto-Qarant” ASC ilə bağlı məsələyə aydınlıq gətirmək olub”.

    Ədalət Bağırov isə belə görüşün baş tutduğunu, ancaq həmin görüşdə heç bir məsələnin həll olunmadığını diqqətə çatdırıb.

    Sonra şahid qismində Salman Xıdırov və Samir Hüseynov ifadə veriblər.

    Məhkəmə sentyabrın 16-na təxirə salınıb.

    Qeyd edək ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub. İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də

    N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

    N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Gəmilərə xəbərdarlıq edildi

    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.

    Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) məlumat yayıb.

    Bildirilib ki, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-qərb küləyi sabah səhər saatlarına kimi davam edəcək.

    Küləyin sürətinin 18-23 m/san, arabir isə 25-30 m/san-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m-ə çatacağı proqnozlaşdırılır.

  • Ölkədə yaşama hüququ verən sənədləri olmayan 94 əcnəbi saxlanılıb – VİDEO

    Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, DİN-in Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayında keçirilən tədbirlərlə daha 94 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdikləri üçün saxlanılıb. Araşdırmalarla saxlanılan şəxslərdən bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib. Həmin əcnəbilərə pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və onların mənsub olduqları ölkələrdə yaşayan naməlum şəxslər tərəfindən aldadıldığı aşkar edilib.

    Aşkarlanan hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokollar tərtib edilib və saxlanılan əcnəbilər aidiyyəti üzrə təhvil veriliblər.

  • Xırdalanda yaşayış binasının pilləkəni çökdü: Xəsarət alanlar var – VİDEO

    Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.

    Bununla bağlı “Report” məlumat yayıb.

    Şahidlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar var.

  • Bəzi yerlərdə külək güclənib – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Sentyabrın 2-si saat 14:30-a olan məlumatına əsasən, şərq küləyi bəzi rayonlarda arabir güclənib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.

    Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

  • Mehdiabad-Digah-Məmmədli yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

    Sabah (3 sentyabr, saat 06:00-dan başlayaraq) Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Azərbaycanda yüksək maaş alan işçilərin SAYI AÇIQLANDI

    Ötən ilin genişləndirilmiş məlumatına əsasən, Azərbaycanda işləyənlərin təxminən 80 faizi orta əməkhaqqından az, 20 faizi isə orta əməkhaqqından yüksək maaş alır.

    Sfera.az xəbər verir ki, 2023-cü ilin dekabrın 1-də ölkəmizdə orta əməkhaqqı 923 manat olub və həmin tarixdə 1 milyon 733 min işçi çalışıb. Bu işçilərin 22.4 faizi, yəni 388 min nəfəri 900 manatdan çox, işçilərin 77.6 faizi, yaxud 1 milyon 345 min nəfəri 900 manatdan az maaş alıb.

    Çalışanların 10.7 faizi, yəni 185 min nəfərinin maaşı minimum əməkhaqqından da azdır. Daha 257 min işçi isə təxminən minimum əməkhaqqı səviyyəsində maaş alır. Azərbaycanda 1500 manat və artıq maaş alanlar da çoxdur. Bu qədər maaş alanların sayı 158 min nəfərə yaxındır.