Month: September 2024

  • İtkin düşən 9 nəfər tapıldı

    Sentyabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • Bu da Azərbaycanın ilk lazer silahı – VİDEO

    Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Azərsilah Holdinqdə ölkənin ilk yerli lazer silahı istehsal edilib.⁠

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Fireforce” adlanan silah bütün yerli hissələri ilə birlikdə azərbaycanlı mühəndislər tərəfindən Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib.⁠

    Bir kilometrə qədər olan hədəfləri vura bilən 900 kiloqram çəkili silah yüngül zirehli maşına quraşdırılıb. 30 kilovat gücə malik silah quru, hava və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.⁠

    Azərbaycanın ilk lazer silahı olan “Fireforce”un konstruktoru Valeh Arifzadə bildirib ki, silahı 2 ay kimi qısa müddətdə hazırlayıblar.⁠

    Onun sözlərinə görə, “Fireforce” rəqibləri ilə müqayisədə daha yığcamdır:

    “Lazer silahları normalda nəm, toz və buxardan təsirlənir və gücünü itirir. Silahımızın elə problemi yoxdur. Hələlik 1 kilometr vuruş məsafəsi var, amma 10 kilometrə çatdırmağı planlaşdırırıq, zaman keçdikcə silahımızı təkmilləşdirəcəyik. Bütün hissələri özümüz hazırlamışıq və patent dövlətimizə məxsusdur”.

  • Manaf Ağayevin oğlu vəzifəsini itirdi

    Tanınmş müğənni Manaf Ağayevin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifə tutan oğlu Elçin Ağayev işindən kənarlaşdırılıb.

    Gununsesi.info xəbər verir ki, Elçin Ağayev TƏBİB-in Monitorinq və Daxili Təhqiqat Departamentinin rəhbəri postunda çalışıb.

    Onun vəzifəsini itirməsinə səbəb isə ölkənin Qərb bölgəsindəki tibb ocaqlarının birində baş verən qalmaqal olub.

  • Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək

    Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək.

    “Report” xəbər verir ki, bunu “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

    O bildirib ki, tikinti işlərinə görə 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ətraf ərazilərinə köçürüləcək:

    “Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda tikilən ağaclar Bakı iqliminə uyğun növlərdir”.

  • Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb – FOTO

    Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

    Median.Az cədvəli təqdim edir:

  • Polkovnik Seymur Qurbanov saxlanıldı

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.

    Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.

    Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.

  • “Neftçi” və “Qarabağ”da çıxış etmiş futbolçu qəzaya düşüb

    Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Qarabağ” kimi klubların şərəfini qorumuş Aslan Kərimov qəzaya düşüb.

    Veteran futbolçunun idarə etdiyi “Mitsubishi Pajero” avtomobili 9-cu mikrorayon ərazisində işıqforda “Nissan” markalı maşınla toqquşub.

    Hadisə zamanı xəsarət alan olmasa da, “Nissan” markalı avtomobilə ciddi ziyan dəyib.

    Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində “Neftçi”, “Dinamo Bakı”, “Azəri”, “Qarabağ”, “Kəpəz”, “ANS Pivani”, “Şəmkir” və “Sumqayıt”, həmçinin Rusiyanın “Baltika Kalininqrad” klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və bir qol vurub.

  • Bəzi deputatlara xidməti avtomobillər veriləcək

    Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin (MM) ilk iclasında parlamentin sədri, sədrin birinci müavini və üç müavin seçilib. Eyni zamanda, MM-in komitələrinin sədrləri və müavinləri müəyyənləşib.

    “Unikal”ın məlumatına görə, parlament tərəfindən MM sədri, sədrin birinci müavini, müavinləri və komitə sədrləri xidməti avtomobillə təmin edilirlər.

    Məlum olduğu kimi, parlamentin 15 komitəsinin altısının sədri dəyişib. Yeni komitə sədri seçilən deputatlar Arzu Nağıyev, Azər Əmiraslanov, Anar İsgəndərov, Polad Bülbüloğlu, Şahin İsmayılov və Fazil Mustafadır.

    Doqquz komitənin sədri isə VI çağırışda da eyni komitələrə rəhbərlik ediblər. Onlar əvvəl də xidməti maşınlardan istifadə ediblər.

    Milli Məclis sədrinin birinci müavini isə Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı seçiliblər. Müavinlərdən Ziyafət Əsgərov əvvəlki çağırışda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri olub.

    Qeyd edək ki, ötən ildən etibarən Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti nəqliyyat vasitələri verilib. Onlar “Mercedes-Benz E 300” avtomobillərindən istifadə edirlər.

  • DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

    Dövlət İmtahan Mərkəzi 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.
    BAKU.WS report-a istinadən xəbər verir ki, proqramlarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar:
    1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

    2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

    3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

    4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

    DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb
    Əvvəlcədən məlumat verildiyi kimi, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Yeni modelə dair tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8-9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.
    Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili və riyaziyyat fənlərindən ötənilki imtahan modeli tətbiq ediləcək.
    Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.
    Yaxın vaxtlarda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının modellərinə uyğun otk.az portalı üzərindən sınaq imtahanları keçiriləcək (ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə xarici dil fənlərindən yeni model tətbiq edilməklə) və sınaq variantları kitab şəklində çap olunacaq.
    Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilib.
    Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

  • MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

    Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırır.

    Median.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq MİDA-dan bildirilib.

    Məlumata görə, güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq. Bununla yanaşı, istifadəçilərin “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və SMS vasitəsilə məlumat göndəriləcək.

    Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı, 279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı kimidir:

    – Studio tipli mənzillər: 50.03 kv.m

    – İkiotaqlı mənzillər: 59.17 – 61.00 kv.m

    – Üçotaqlı mənzillər: 78.10 – 82.13 kv.m

    – Dördotaqlı mənzillər: 105.6 – 109.4 kv.m

    Kompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə tutulur.

    Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi isə belədir:

    – Studio tipli mənzillər: 40.1 kv.m

    – İkiotaqlı mənzillər: 57.68 – 57.70 kv.m

    – Üçotaqlı mənzillər: 72.82 – 76.74 kv.m

    – Dördotaqlı mənzillər: 98.7 – 114.61 kv.m