Month: September 2024

  • Elektrik və hibrid avtomobillər – Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR

    Elektrikli və hibrid avtomobillər müasir dövrdə avtomobil sənayesində böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da bu avtomobillərin istifadəsi getdikcə artır. Elektrikli avtomobillər, əsasən, ətraf mühitin qorunmasına verdiyi töhfə ilə diqqət çəkir. Onlar benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən daha az karbon emissiyası yaradır və istixana qazlarının azaldılmasına kömək edir.

    Bu isə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm addımlardan biridir. Eyni zamanda, dövlət tərəfindən bu avtomobillərin idxalına tətbiq edilən vergi və gömrük güzəştləri, onların əlçatanlığını artırır və ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin yayılmasını sürətləndirir.

    Bu avtomobillərin bir çox üstünlükləri və ekoloji faydaları mövcuddur.

    Ekoloji təsir: Elektrikli avtomobillər (EV-lər) istixana qazı emissiyalarını azaldır. Məsələn, benzin və dizel avtomobillərinə nisbətən 17-30% daha az karbon emissiyası yaradırlar. İstehsal texnologiyaları və enerji mənbələri təmizləndikcə, bu göstərici 2050-ci ilə qədər daha da yaxşılaşa bilər.

    Enerji qənaəti: Elektrik enerjisi ilə işləyən avtomobillər daha az enerji sərf edir və yanacağa olan asılılığı azaldır. Dünyada EV-lərin kütləvi istifadəsi gündəlik neft istehlakını da azalda bilər.

    Dövlət güzəştləri: Azərbaycanda elektromobillərin istifadəsinin təşviqi üçün vergi güzəştləri tətbiq edilməyə başlanıb. Prezident İlham Əliyevin sərəncamı ilə bu sahənin inkişafına dair hüquqi çərçivə yaradılıb. Bu tədbirlər elektromobillərin ekoloji təsirlərini minimuma endirməyi hədəfləyir.

    Azərbaycanda elektrik və hibrid avtomobilləri üçün tətbiq edilən dövlət güzəştləri əsasən aşağıdakılardan ibarətdir:

    Vergi güzəştləri: Elektrikli avtomobillər və bəzi hibrid avtomobillər idxal edildikdə gömrük rüsumlarından azad edilir. Bu, ölkədə bu növ avtomobillərin istifadəsini artırmaq və ətraf mühitin qorunmasını təşviq etmək məqsədi daşıyır.

    ƏDV güzəştləri: Elektrik mühərrikli nəqliyyat vasitələri əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Bu, avtomobillərin maya dəyərini azaldır və alıcılar üçün daha cəlbedici edir.

    Gömrük rüsumlarından azadolma: Elektrikli avtomobillərin idxalı zamanı gömrük rüsumlarının tamamilə və ya qismən azaldılması nəzərdə tutulur ki, bu da avtomobillərin ölkəyə daha ucuz gətirilməsinə şərait yaradır.

    Bu tədbirlər elektromobillərin Azərbaycanda geniş yayılmasını sürətləndirməyi və ətraf mühitin qorunmasını təmin etməyi hədəfləyir.

    Hazırda Azərbaycanda avtomobil elan saytlarında təzə olmayan elektrik və hibrid avtomobillərin qiyməti ilinə, modelinə və digər xüsusiyyətlərinə görə dəyişir. Ortala qiymətlər isə 10 min AZN – 125 min AZN arasında dəyişir.
    //Baku.ws

  • “20 Yanvar” da taksilər üçün yer ayrılacaq?

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb.

    Median.Az cebheinfo.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur.

    Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

    Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

    Maraqlıdır, “20 Yanvar” ərazisində taksilərin hərəkətini təkmilləşdirmək məqsədilə taksi minik avtomobilləri üçün duracaq yerləri (drop off) təşkil edilə bilər?

    Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, paytaxtın bir sıra ərazilərində plansız tikinti işlərinə görə Bakı şəhərində dayanacaqların təşkil olunması və parklama yerlərini üçün yer tapmaq çətindir:

    “Xüsusilə də “20 Yanvar” metrostansiyası əzarizisində taksi duracaqları və parklanma yerləri təşkil etmək çox müşkül məsələdir. Amma bunun da bir çıxış yolu tapıla bilər.

    “Drop off” əraziləri yol qırağında ayırmaq mümkündür. Taksi sifariş verən müştəri müvəqqəti olaraq dayanıb gözləyər. Bunun üçün də xüsusi yerlər təşkil oluna bilər”.

    Ekspert qeyd edib ki, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib:

    “Taksilərin və minik avtomobilləri üçün duracaqlar, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təhlillər aparılıb. Yaxın zamanda duracaq yerləri müəyyən olunduqdan sonra ictimayətə məlumat veriləcək”.

  • Xırdalanda mağazadan 5 noutbuk oğurlandı

    Sentyabrın 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 37 yaşlı B.Xanlarov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Beş müxtəlif avtomobildən oğurluq edən şəxslər saxlanıldı

    Müxtəlif üsullarla 5 avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon ərazisində “Hyundai”, “Toyota”, “Mercedes”, “Kia” və “VAZ” markalı 5 avtomobildən müxtəlif üsul və vasitələrlə ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən 30 yaşlı A.Həsənov, 18 yaşlı İ.Rüstəmli, 31 yaşlı Ə.Məmmədov, 20 yaşlı B.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırma aparılır.

  • İçərişəhərə maşınlar buraxılmayacaq? – VİDEO

    Tıxac, siqnal səsləri, hərəsi bir tərəfdə dayanmış avtomobillər… Qoşa Qala qapısı önündə qoşa-qoşa düzülmüş nəqliyyat vasitələri…

    Söhbət paytaxtın Əziz Əliyev küçəsinin Qoşa Qala qapısı istiqamətindən keçən hissəsidir.

    UNESCO-nun ümumdünya irs siyasına daxil edilən bu tarixi abidə indi sözün əsl mənasında avtomobillərə əsir düşüb. Şəhərin turizm yerlərindən biri olan Qoşa Qala qapısını bu halda görmək isə nə turistlərə xoş olur, nə də onları ora gətirən sürücülərin özlərinə.

    Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, tarixi abidənin ətrafındakı yolun tənzimlənməsi haqqında qanun da var. Lakin burada məsələ yolda hər hansı iş görməklə bitməməlidir. Qalanın içərisinə girən avtomobillər barədə də tədbirlər görülməlidir.

    Ekspert bildirir ki, bir müddər əvvəl Xaqani bağının və ətrafındakı bir sıra küçələrin avtomobilsizləşdirilməsi, ərazinin piyadaların hərəkəti və istirahət üçün uyğunlaşdırılması layihəsi icra edildi. Nəticədə də müasir şəhər idarəetmə yanaşmasının uğurlu nümunəsi ortaya çıxdı. Görünür Qoşa Qala qapısının ətrafında da bu cür layihənin icrasına ehtiyac var.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Rusiya aviaşirkəti Kaluqadan Bakıya uçuşlara başlaya bilər

    Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir.

    Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa “Telegram” kanalında məlumat verib.

    “Azimut” hazırda Kaluqadan 5 istiqamətdə uçuşlar həyata keçirir. Biz Bakı və Mahaçqalaya iki əlavə marşrutun açılması planlarını müzakirə etdik”,- o bildirib.

  • Taksi sürücüsünə qarşı cinayət törədən şəxslə bağlı qərar verildi

    Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Orxan Salamzadənin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

    Median.Az pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Salamzadə 8 il 6 ay müddətinə azadlıdan məhrum edilib.

    Qeyd: Orxan Salamzadə 2019-cu il dekabrın 5-də, saat 20 radələrində sərnişin qismində İlyaz Şirəliyevin taksi fəaliyyəti göstərdiyi “Mercedes” markalı avtomobildə hərəkətdə olan zaman Xətai rayonu, S.Ə.Şirvani küçəsi 5 saylı binanın qarşısındakı yolda qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi bıçağı böyür nahiyəsinə dirəyib, onu bıçaqla vuracağını deyib. Orxan Salamzadə hədə-qorxu gəlməklə İlyaz Şirəliyevin 100 manat pulunu ələ keçirib. İstintaq orqanı tərəfindən Orxan Salamzadənin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

  • Elektromobili kimlər alır? – MARAQLI ARAŞDIRMA

    Brüssel Universitetinin əməkdaşları elektromobil sahiblərinin maddi vəziyyətini araşdırıblar.

    Ektromobil sahibi olan avropalıların 74 faizi ali təhsillidir. Halbuki, ənənəvi avtomobil sürənlərin cəmi 38 faizinin universitet diplomu var. Avtomobil sahiblərinin 50 faizi isə natamam orta təhsillidir.

    Məntiqi olaraq gəlir bölgüsündə də fərqlər yaranır. Elektromobil sahiblərinin 41 faizdən çoxunun aylıq gəliri 4000 – 6000 avro arasında dəyişir. 20 faizinin isə gəliri ayda 6 min avronu keçir. Ənənəvi maşın sahiblərinin isə cəmi 24 faizinin aylıq gəliri 4 min avrodan yuxarıdır.

    Universitetin əməkdaşları bildirirlər ki, elektromobilə əsasən maddi imkanı çox yüksək olan şəxslər maraq göstərirlər. Həyət evində yaşayan adam üçün elektromobili doldurmaq heç bir çətinlik yaratmır. Evdə doldurma ucuz başa gəlir. Bina evlərində yaşayan, şəxsi parklanma yeri olmayanlar üçünsə elektromobil komfort deyil, problem mənbəyidir.
    //avtosfer.az

  • Zabrat yoluna avtobus zolağı çəkildi

    AYNA tərəfindən Sabunçu rayon Zabrat qəsəbəsi Şəhər şosesində avtobus zolağı çəkilir.

    Median.Az quruma istinadən xəbər verir ki, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

    Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1600 dəfədən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə yaxın sərrnişin daşınır.

  • Toyda qabları yuyarkən ÖLDÜ

    Göyçayda toy mərasimində ölüm hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yalman kəndində keçirilən toy mərasimi zamanı Məmmədova Qızılgül Ağamusa qızı qəfil vəfat edib.

    Belə ki, Q.Məmmədova toy mərasimində istifadə edilmiş çirkli qabları yuyarkən ürəktutmadan dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.