Month: September 2024

  • “Salyan broyler” və “Xəzər Avtonəqliyyat” hərraca çıxarılır

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 və 8 oktyabr tarixlərində keçiriləcək hərraca ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq.

    “APA-Economics” xəbər verir ki, 3 oktyabr tarixində keçiriləcək hərraca 23 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2007-2019-cu illəri əhatə edir.

    Məlumata görə, 8 oktyabr tarixində keçiriləcək hərraca 6 səhmdar cəmiyyətinin səhm paketi çıxarılacaq. Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”, “Xəzər Avtonəqliyyat” və “Zaqatala Fındıq” açıq səhmdar cəmiyyətləridir.

    Hərraca çıxarılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 175.157 manatla 1.223.095 manat arasında dəyişir.

    Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

    İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

  • Dünyada ən populyar avtomobil

    Dünya avtomobil istehsalçılarının istehsal etdiyi ən populyar avtomobil markası “Toyota Corolla”dır.

    525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, dünya üzrə indiyə kimi bu markadan olan 51 milyon avtomobil satılıb.

    İkinci yerdə “Ford F-Series” dayanır – 43 milyon. İlk “üçlüyü” 36 milyon satışla “Volkswagen Golf” qapadır.

    Maraqlıdır ki, ilk “onluğa” düşən avtomobillər arasında SSRİ və Rusiya istehsalı olan “VAZ 2107” də var. İndiyə kimi 18 milyon satışı olan “07” 7-ci pillədə qərarlaşıb.

    Yeri gəlmişkən, Azərbaycanda da çox istifadə edilən “07” cari ilin ilk 7 ayında Rusiyada ən çox satılan avtomobil markası olub. Rusiyalılar təkcə avqust ayında 12,8 min “07” alıblar. Sonrakı yerlərdə “Kia Rio” (12 min) və “Hyundai Solaris” (11,3 min) dayanır.

    Dünyanın ən populyar 10 avtomobilinə gəlincə, digər 6 marka bunlardır: “Honda Civic”, “Opel Corsa”, “Nissan Sunny”, “Chevrolet Impala”, BMW 3-cü seriya və “Renault Clio”.

  • Ruslar da elektrik avtomobillərinin istehsalına başladı

    İjevsk Avtomobil Zavodu “Lada e-Largus” elektromobilinin seriyalı istehsalına başlayıb.

    Elektrikli avtomobilin qiyməti 3 milyon rubldan başlayacaq. Avtomobil iki konfiqurasiyada olacaq – sərnişin və yük. Hələlik istehsal olunan avtomobillərin yeganə zavod rəngi ağdır.

    AvtoVAZ-ın prezidenti Maksim Sokolov istehsalın təqdimat mərasimində deyib ki, “Əgər biz avtomobil platformasında istifadə olunan komponentlərin sayından danışırıqsa, onda nisbi dəyərlərdə rəqəm 80-dən çox olacaq. Əgər bu komponentlərin qiymətindən danışırıqsa, onda bu rəqəm 50 faiz səviyyəsindən yuxarı olacaq. Çoxlu elektrikdoldurma məntəqələrinin quraşdırılması olduqca vacibdir”.

    Xatırladaq ki, e-Largus-un eksperimental seriyası 2023-cü ilin dekabrında İjevskdəki avtomobil zavodunda yığılıb. Sonra altı elektrik avtomobili konveyerdən çıxıb. 30 modelin yığılması planlaşdırılıb. Elektrikli avtomobilin kütləvi istehsalına 2024-cü ilin ikinci rübündə başlanacağı gözlənilirdi. May ayında avtomobil zavodu benzin mühərriki ilə Largus seriyalı istehsalına başlayıb. Bunun üçün Tolyattidən İjevskə 1,2 mindən çox avadanlıq daşınıb və Lada Vesta-nın təxminən iki il əvvəl yığıldığı bir xətt hazırlanıb. (konkret.az)

  • DYP sürücülərə müraciət etdi: yola çıxarkən bunları edin

    Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq sentyabrın 27-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

    Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.

  • Müğənninin avtomobilindən oğurluq edilib

    Müğənni Emil Bədəlovun avtomobilindən oğurluq edilib.

    Bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb. O, bir ay əvvəl baş verən hadisə zamanı bahalı telefon və nömrəsinin oğurlandığını bildirib:

    “Bağda olanda dənizə getmişdim. Çimərlikdə telefonu maşına qoydum. Dedim ki, 5 dəqiqəlik suya girim sonra gedərəm. Öz səhlənkarlığımdan oldu. Qayıdanda gördüm ki, nə saat var nə də telefon. Nömrəsiz qalmışam. Mahnılarım da içində olub. Bununla bağlı polisə də müraciət etmişəm”.

  • Rusiyanın əməkdar artisti vəfat etdi

    Rusiyanın Əməkdar artisti Roman Madyanov vəfat edib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 63 yaşında dünyasını dəyişib. Madyanovun ölümünə səbəb xərçəng xəstəliyi olub. Aktyor ağciyər xərçəngi ilə mübarizə aparsa da, bu ilin yazında xəstəlik irəliləməyə başlayıb.

    Qeyd edək ki, R.Madyanov tamaşaçılara “Əsgərlər” serialından, “Leviafan”, “Pike əmrində”, “Rahib və iblis”, “Şaliapin”, “Ölümsüzlər” və bir çox başqa filmlərdən tanışdır. Aktyorun dörd “Nika” və iki “Qızıl Qartal” mükafatı var.

  • Güləşçilərimiz Rusiyada 3 medal qazanıb

    Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

    Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib.

    Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandalarının iştirak etdiyi ənənəvi turnirdə 3 güləşçimiz fəxri kürsüyə qalxıb.

    Bu yarışda özünü 60 kq-da sınayan Eldəniz Əzizli və Ülvi Qənizadə (72 kq) finala yüksəlib. Ancaq zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medalla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.
    //idman.biz

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Bitlis vilayətinin Tatvan bölgəsində 4.5 maqnitudalı zəlzələ olub.

    Bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

  • “Qarabağ”dan 11-ci start – TƏHLİL

    Azərbaycan çempionu “Qarabağ” avrokubokların 2024/25 mövsümünün əsas mərhələsinə sabah start verəcək.

    İdman.biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayacaq.

    Ağdam klubu “Tottenhem”lə üz-üzə gələcək. Sabah Londonda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Tarixdə 11-ci, Avropa Liqasında 9-cu

    Bunadək 10 dəfə avrokubokların payız hissəsində mübarizəni davam etdirən “Qarabağ” hər üç turnirdə buna nail olub. Qurbanovun komandası 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 2021/22 mövsümündə isə təmsilçimiz eyni uğuru Konfrans Liqasında bacarıb. İlk belə nailiyyəti 2014/15 mövsümündə gerçəkləşən çempionumuz həmin vaxtdan indiyədək olan digər 8 cəhdində Avropa Liqasında qrupa düşüb. Qarşıdakı sınaq isə əsas raundlarda 11-ci, Avropa Liqasında isə 9-cu mübarizənin başlanğıcıdır.

    Bu dəfə fərqli formatda

    2024/25 mövsümündən avrokubokların hər üç turnirində yeni format tətbiq olunur. Hamının adət etdiyi qrup mərhələsini yeni – Liqa mərhələsi əvəz edir. “Qarabağ” da bu yeniliyin ilk ilində iştirakçılar sırasındadır. Ağdam klubu bu formatı sınayacaq ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir. Qurbanovun komandası əvvəlki 10 əsas mərhələ həyəcanını qrupda yaşayıb. Həmin vaxt “Qarabağ” hərəsində 4 komanda olmaqla 8 qrupa bölünən 32 iştirakçı arasında yer alıb. Ağdam klubu hər dəfə üç rəqiblə ev və səfərdə ümumilikdə 6 matç keçirib və “dördlük”də mümkün qədər yuxarı yer tutmağa çalışıb. Bu dəfə 8 müxtəlif rəqiblə 4 ev və 4 səfər sınağında 36 komandalıq turnir cədvəlində yüksək mövqe üçün mübarizə gedəcək.

    Seriya üçün möcüzə arzusu

    “Qarabağ”ın əvvəlki 10 cəhdinə baxsaq, çempionumuz tarixində yalnız bir dəfə əsas raunda qələbə ilə başlayıb. Bu da ötən il yaşanıb. Qurbanovun yetirmələri “Molde”ni Bakıdan əliboş yola salıb. Norveç təmsilçisini yenmək üçün bir qol kifayət edib. Londonda “Tottenhem” üzərində qələbə çətin, hətta kiçik möcüzə sayılsa da, “Qarabağ” ardıcıl ikinci dəfə əsas mərhələyə qələbə ilə başlamaq, kiçik seriyaya imza atmaq üçün meydana çıxacaq.

    Yalnız evdə

    “Qarabağ” start oyunlarında yalnız evdə xal qazanıb. İlk belə uğur qrupdakı debütündə gerçəkləşib. 10 il əvvəl “Böyük beşlik” təmsilçisi – Fransa “Sent Etyen”i ilə qolsuz sülh qeydə alınıb. İki il sonra “Slovan”a Bakıda iki qol vuran “Qarabağ” yenə doğma divarlar arasında bir xal əldə edib – 2:2. 2021-ci ildə Konfrans Liqasının “Bazel”lə start görüşü də bərabərliklə nəticələnib. Həmin vaxt azarkeşlər ev oyununda qol görməyiblər. Bir sözlə, 10 start matçında 1 qələbə və 3 heç-heçəsi olan “Qarabağ” bu 6 xalı evdə qazanıb.

    Sindromu qırmalı

    Əvvəlki 10 mövsümdə əsas mərhələlərdən beşi evdə, beşi səfərdə başlayıb. Öz meydanında yalnız “Sevilya”ya uduzan “Qarabağ” digər 4 start matçında hesabına xal yaza bilib. Səfərdəki ilk görüşlər isə məğlubiyyətlə bitib. Biri Çempionlar Liqasında olmaqla 5 dəfə rəqib meydanından xalsız dönən təmsilçimiz 9 il əvvəl ilk belə səfərinə Londona edib. Onda da əsas mərhələyə “Tottenhem”lə başlayan “Qarabağ” 1:3 hesabı ilə uduzub. Qurbanovun komandası startdakı səfər sindromunu qırmaq üçün meydana çıxacaq.

    “Qarabağ”ın əsas mərhələlərdəki start oyunları:
    18.09.2014. “Sent Etyen” (Fransa) – 0:0 (e)
    17.09.2015. “Tottenhem” (İngiltərə) – 1:3 (s)
    15.09.2016. “Slovan” (Çexiya) – 2:2 (e)
    12.09.2017. “Çelsi” (İngiltərə) – 0:6 (s)
    20.09.2018. “Sportinq” (Portuqaliya) – 0:2 (s)
    19.09.2019. “Sevilya” (İspaniya) – 0:3 (e)
    22.10.2020. “Makkabi” (Təl Əviv, İsrail) – 0:1 (s)
    16.09.2021. “Bazel” (İsveçrə) – 0:0 (e)
    08.09.2022. “Frayburq” (Almaniya) – 1:2 (s)
    21.09.2023. “Molde” (Norveç) – 1:0 (e)

    Startdakı yeganə səfər xalı

    “Qarabağ” 11-ci dəfə əsas mərhələdə oynayırsa, Azərbaycan klubları üçün ümumilikdə 14-cü start gerçəkləşəcək. İlk belə matç 2012-ci ildə baş tutub. Qrupa düşən ilk Azərbaycan klubu kimi tarixə düşən “Neftçi” Avropa Liqasının əsas raunduna səfərdəki xalla başlayıb. Bakı klubu Serbiyada “Partizan”la bərabərə qalıb – 0:0. Bu, Azərbaycan futbolu tarixində səfərdəki start matçında qazanılan ilk və son xal kimi qalıb. Üç il sonra “Qəbələ” də eyni turnirin qrupuna qolsuz sülhlə başlayıb. Amma təmsilçimiz xalı evdə qazanıb. Rəqib isə PAOK olub. Növbəti mövsümdə isə “qırmızı-qaralar” Belçikadan xalsız dönüb. “Anderlext” üç xalı üç qolla qazanıb – 3:1.

  • Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

    Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub.

    Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir?

    Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır:

    “Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

    T.Abdullazadə qeyd edib ki, bu halda şəxsi həyata müdaxilə ilə yanaşı kiberbullinq müşahidə olunur. Çünki rəqəmsal platformadan istifadə edərək məqsədli şəkildə psixoloji təzyiq göstərilir. Vəkilin sözlərinə görə, tələbələr geyim-keçiminə fikir verməli, universitetin müəyyən etdiyi dress-kod qaydalarına hörmətlə yanaşılmalıdır

    “Bəzən tələbələr o qədər açıq-saçıq geyinir ki, bilmirsən oxumağa gəlib, yoxsa hansısa məqsədə xidmət edir. Amma heç bir halda bu düşüncələr müəllimin hərəkətinə haqq qazandırmır ki, icazəsiz şəkildə tələbələrin şəklini paylaşsın. Müəllim özünü haqlı hesab edərək mental ənənələrimizi qoruduğunu düşünsə belə, qanunvericilik belə hərəkətlərə icazə vermir. Təhsil ocağında açıq saçıqlığın qarşısını bu cür qanunsuz şəkildə deyil, ictimai qınaq, profilaktik söhbətlər və maarifləndirmə yolu ilə almaq daha doğru olardı”.