Month: September 2024

  • Lənkəranda 29 yaşlı gənci maşın vurdu

    Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin dənizkənarı hissəsində baş verib.

    Belə ki, “Daewoo” markalı minik avtomobili Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub.

    Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər gəncin vəziyyətini ağır qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır.

  • Təkərdə ilişən xırda daşlar: Ekspert təhlükələrdən danışdı

    “Bir çox avtomobil sahibləri təkərlərin vəziyyətinə çox əhəmiyyət vermir və düşünürlər ki, əsas məsələ şinləri mövsümə uyğun vaxtında dəyişdirməkdir. Lakin təcrübə göstərir ki, təkərin protektorunda ilişib qalan hətta kiçik bir daş belə ciddi qəzaya səbəb ola bilər”.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksey Stasyuk xəbərdarlıq edib.

    Ekspertin sözlərinə görə, avtomobil tez-tez müxtəlif örtüklü yollarda istismar olunur və hər bir örtük şinlərə özünəməxsus şəkildə təsir edir.

    “Çınqıllı örtüklü yollarda və ya hətta az miqdarda daş olan yollarda rezinin mexaniki zədələnmə riski var” , – deyə Stasyuk qeyd edib.

    Mütəxssis bildirib ki, protektorda ilişib qalan kiçik daş görünüşcə zərərsiz olsa da, əslində çox pis nəticələrə gətirib çıxara bilər.

    “Təkər protektorunun kanallarında uzun müddət qalan daşlar, protektorun kanal altı qatını korda qədər zədələyə bilər. Zədələnmiş yerə nəm və tozun düşməsi isə kord və rezin arasındakı yapışmanı pozan geridönməz prosesləri başladır” , – deyə o əlavə edib.

    Stasyuk zədələnmiş şinin uzun müddət istismarının onun təbəqələrə ayrılması və vaxtından əvvəl sıradan çıxması ilə nəticələnə biləcəyini deyib.

    “Hətta hərəkət zamanı təkərin partlaması baş verə bilər ki, bu da demək olar ki, mütləq ağır nəticəli yol-nəqliyyat hadisəsinə səbəb olar” , – deyə o vurğulayıb.

    Ekspert qeyd edib ki, xüsusilə protektor dərinliyi az qalan şinlər deşilmə riski altındadır.

    Buna görə də o, təkərləri müntəzəm olaraq zədələnmələrə qarşı yoxlamağı, aşınma dərəcəsinə nəzarət etməyi və köhnəlmişləri vaxtında dəyişdirməyi məsləhət görüb.

  • Elşad Xose xanımı ilə FOTO paylaşdı

    Reper Elşad Xose ad gününü qeyd edir.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 45 yaşı tamam olub.

    Xose özəl günündə həyat yoldaşı Lətifə ilə fotosunu paylaşıb.

  • Состоялось неофициальное заседание Совета министров иностранных дел ОТГ – ФОТО

    В Нью-Йорке (США) состоялось неофициальное заседание Совета министров иностранных дел Организации тюркских государств (ОТГ).

    Информация об этом размещена на официальной странице Министерства иностранных дел Турции в социальной сети Х.

    Отметим, что в мероприятии также принял участие министр иностранных дел Азербайджана Джейхун Байрамов.

  • TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirildi – FOTO

    Nyu-Yorkda (ABŞ) Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

    Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

  • Sabah Bakının 3 qəsəbəsində su kəsiləcək

    Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

    Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.

    İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

    Qurum narahatlığa görə abonentlərdən üzr istəyir.

  • Naxçıvanda daha beş vəzifəli şəxs işdən çıxarıldı

    Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bir sıra əməkdaşları işdən azad olunublar.

    APA xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

    Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri Məmməd Kərəm oğlu Məmmədov, Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Təbriz Eyvaz oğlu Zeynalov, Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Üzeyir Səyyad oğlu Məmmədov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəhla Hüseyn qızı Əhmədova, Dövlət Sosial Müdafiə Fondunun Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Rafiq Novruz oğlu Novruzov vəzifələrindən çıxarılıblar.

    Buna səbəb həmin şəxslərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkidə deputat seçilmələridir.

    Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinə keçirilən seçkidə deputat seçilən altı məktəbin direktorları və Muxtar Respublikanın Nazirlər Kabinetinin sektor müdiri Mübariz Bayramov vəzifəsindən azad edilib.

  • Azərbaycanın istehsal etdiyi “Turan 1” silahı ilk dəfə təqdim olundu – FOTO

    Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Ush Security” şirkətinin nümayəndələri bildiriblər.

    Bildirilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.




  • Sosial pedaqoqlar bullinqin qarşısını ala bilərmi? – AÇIQLAMA

    Son zamanlar dünyanın bütün ölkələrindəki təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri də son vaxtlar leksikonda yer almış bullinqdir. Təəssüf ki, bizim ölkədə də bu problem mövcuddur. Dövlət tərəfindən müəyyən işlər görülsə də, məsələ aktuallığını itirmir. Yerli təhsil müəssisələrində məktəb psixoloqu və uşaq birliyi fəaliyyət göstərir, lakin xarici ölkələrdə bununla yanaşı sosial pedaqoq da var. 
     
    Bizim təhsil müəssisələrində də sosial pedaqoq ştatı yaradılmalıdırmı? Bu, bullinq probleminin aradan qaldırılmasına kömək edə bilərmi? 
     
    Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva bildirib ki, son zamanlar məktəblərdə bullinqin ciddi şəkildə artmasının bir çox səbəbi var. Ekspertin sözlərinə görə, sosial medianın və müasir sosial nümunələrin təsirindən aqressivlik artır.
     
    O qeyd edib ki, ilk olaraq maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilməlidir:
     
    “Bullinqin sosial və psixoloji təsirləri haqqında həm şagird, həm valideyn, həm də müəllim məlumatlandırılmalıdır ki, bu hallar ya baş verməsin, ya da baş verdikdən sonra onlar necə davaranacaqlarını bilsinlər. Həmçinin yüksək nizam-intizam, bu kimi hallarda cəza tətbiqi, ədalətli və tolerant davranış sərgilənməsi bullinqin azalmasına səbəb olacaq. Məktəb anonimliyin qorunması şərti ilə öz imkanlarına baxaraq təbii texnoloji həllər də təklif edə bilər”.
     
    S.Əliyeva vurğulayıb ki, sosial pedaqoqun təhsil müəssisələrində fəaliyyəti bullinqlə mübarizə aparmaq üçün effektiv yollardan biridir:
     
    “Çünki onlar psixoloji problemlərin aradan qaldırılması ilə yanaşı, sosial uyğunlaşmanın təmin edilməsində də təhsilalanlara kömək edə bilər. Onlar uşaqların sosial davranışlarını izləyir, problemləri aşkar edir, problemin səbəbini araşdıraraq həll olması üçün müvafiq fəaliyyətlər həyata keçirir.
    Sosial pedaqoqun olması məktəb psixoloqu ilə birlikdə daha geniş və əhatəli dəstək ifadə edə bilər. Sosial pedaqoq ştatının yaradılması məktəbdə bu tip problemlərin nəinki həll olmasına, həm də erkən zamanda aşkarlanmasına effektiv kömək edə bilər”.
     
    Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, sosial medianın inkişafı da bullinqlərin genişlənməsinə səbəb olur:
     
    “İnkişaf etmiş ölkələrdə belə bu problemə rast gəlinir. Azərbaycanda digər ölkələrlə müqayisədə bullinq çox geniş yayılmasa da, yenə də var. Düşünürəm ki, bunun ilk səbəbkarı sosial mediadır. Şagirdlər sinif yoldaşlarına qarşı hər hansısa istismarı qeydə alıb sosial mediada paylaşırlar. Onların paylaşımına gələn bəyənmələr, şərhlər onların sosial mediada müəyyən şəkildə tanınmasına gətirib çıxarır. Belə neqativ halları mətbuat orqanları yayımladığı təqdirdə bütün ictimaiyyət bu uşaqlardan danışır və bir növ “qəhrəmana” çevrilirlər. Belə neqativ hallar yayımlanmamalı, yayımlandığı təqdirdə bu, tənqidi formada olmalı, hətta valideynləri belə mətbuata çağırılıb öz övladına görə töhmət altında buraxılmalıdır. Hər bir uşağın ilkin tərbiyəsi onun ailəsindən başlayır. Hər hansısa uşaqda problem varsa, birinci məsuliyyət ailənin üzərinə düşür”. 

    Ekspert qeyd edib ki, məktəblərdə psixoloqların fəaliyyəti daha ciddi şəkildə izlənilməli, monitorinqlər aparılmalıdır. R.Nurəliyevin sözlərinə görə, ölkəmizdə sosial pedaqoq ştatına uyğun ixtisaslar mövcuddur:
     
    “Xarici ölkələrdə sosial pedaqoqlar var, onlar həm özləri müstəqil olaraq, həm də təhsil müəsissələrində fəaliyyət göstərirlər. Valideyn istədiyi zaman övladını sosial pedaqoqa və psixoloqa apara bilir. Bizdə sosial iş və təhsildə sosial psixoloji xidmət ixtisası var. Bu ixtisasları bitirib iş tapa bilməyən minlərlə məzun var. Onlar düzgün inkişaf etdirilərsə, onlara məktəblərdə sosial psixoloji xidmət üzrə vakant yerlər tərtib olunarsa, bu problemlər müəyyən qədər həll oluna bilər”.
     
    Təhsil eksperti Elçin Əfəndiyev təklif edib ki, şagirdlərə həftədə bir dəfə də olsa, psixolgiya dərsi tədris olunmalıdır:
     
    “Yaponiya, ABŞ kimi dünyanın inkişaf etmiş ölkələrində də belə hallar yaşanır. Əsas səbəbi mobil telefonlar və sosial şəbəkələrlə əlaqələndirirəm. Yaxşı olardı ki, məktəblərdə yaş və uşaq psixologiyası şagirdlərə çatdırılsın. Təhsil sağlamlaşdırılmalıdır”.
     

    Məsələ ilə bağlı Məktəbəqədər Ümumi Təhsil Dövlət Agentliyindən isə bildirildi ki, ümumi təhsil müəssisələrində bullinqə qarşı müvafiq qurumlar və təfərdaşlarla birgə maarifləndirici işlər aparılır, profilaktiki tədbirlər icra edilir:
     
    “Bullinqə məruz qalan şagirdlərlə bağlı məktəbin rəhbərliyi və psixoloqu tərəfindən daim nəzarət və dəstək tədbirləri həyata keçirilir. Şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində işlər aparılmaqdadır. Bu layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı videomüşahidə sistemi ilə, həmçinin dəhlizlərdə seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Ölkə üzrə “Şagird davranış qaydaları”nın tətbiq edildiyi 300-dən çox məktəbdə həmin qaydaların tələblərinə əsasən bu məsələ həssaslıqla diqqət mərkəzində saxlanılır. Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olunması məqsədilə Elm və Təhsil Nazirliyi ilə UNİCEF-in birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. İki ildir, davam edən layihə çərçivəsində bir sıra şəhər və rayonlarda məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq edilir. Bundan başqa, ümumtəhsil müəssisələrinə təhlükəsizlik və nizam intizamla bağlı təlimatlar göndərilib. Pedaqoji şuralarda müzakirə olunub, nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar verilib. Bullinq halı qeydə alındığı təqdirdə məsələ ətraflı araşdırılır və müvafiq tədbirlər görülür”.

  • Azərbaycan xanımları ölkəni niyə tərk edir? – Millət vəkili

    “Xaricə köçən Azərbaycan gənclərinin sayının artmasına təhsil almaq və iş axtarışı amilləri təsir göstərib”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Azərbaycandan xaricə daimi yaşamaq üçün gedən gəcnlərin sayında kəskin artımın olması səbəblərindən danışarkən deyib.

    Azər Allahverənov bildirib ki, xaricə köçən gənclərin sayında artımın olması bir neçə səbəbdən irəli gəlir:

    “Gənclər miqrasiya prosesində daha fəal iştirak edən təbəqədir. Təhsil almaq məqsədilə xaricə üz tutan gənclərin sayı ildən-ilə artır. Qlobal inteqrasiya və miqrasiya mübadiləsinin geniş səviyyədə həyata keçirildiyi bir şəraitdə gənclər digərlərilə müqayisədə bundan maksimum yararlanmağa çalışan təbəqədir. Xüsusən də ailə qurmayan gənclərimiz. Gedənlərin də əksəriyyəti məhz subaylardır”.

    Həmsöhbətimiz deyir ki, xaricə üz tutanlar arasında iş axtarışında olan gənclər də üstünlük təşkil edir:

    “Xaricdəki üstün amillər gəncləri cəlb edir. ABŞ-da həyata keçirilən Qrinkart loterayasından da hər il yüzlərlə azərbaycan gənci yararlanır”.

    Xanımların bu tendensiyada çoxluq təşkil etməsinə gəldikdə, ekspertə görə, bu, əsasən onların təhsil alıb, sonrakı mərhələdə xaricdə qalması və ya əncəbi ölkə vətəndaşından nikah təklifi alıb ora üz tutmaları ilə bağlıdır:

    “Uzun müddət xaricdə qalan xanımlarımız sonrakı mərhələdə orada nikaha da daxil olur”.

    Xaricə köçən soydaşlarımızın bu əsasda müsəlman deyil, xristian ölkələrinə üstünlük verməsinə gəldikdə, deputat düşünür ki, bu Azərbaycanın qeyri-müsəlman ölkələrlə miqrasiya mübadiləsinin kifayət qədər yüksək olması ilə əlaqədardır:

    “Rusiya ilə ölkəmizin ən böyük miqrasiya mübadiləsi var. Miqrasiya mübadiləsinin 85-86 faizi Rusiyanın payına düşür”.

    Qeyd edək ki, 2023-cü ildə daimi yaşamaq üçün başqa ölkələrə 15-29 yaşlarında olan 685 nəfər Azərbaycan vətəndaşı köçüb. Onların da 166 nəfəri kişi, 519 nəfəri isə qadın olub.

    2022-ci illə müqayisədə ötən il daimi yaşamaq üçün ölkəni tərk edən gənclərin sayı 2,3 dəfə artıb. Belə ki, 2022-ci ildə daimi yaşamaq üçün başqa ölkələrə üz tutan gənclərin sayı 295 nəfər olub və bunların 106-sı kişi, 189-u qadın olub.

    Qeyd edək ki, ölkədən köçən azərbaycanlılar əsasən aşağıdakı ölkələrə üz tutub:

    Rusiya – 229 nəfər (77 kişi, 152 qadın);
    Türkiyə – 203 nəfər (35 kişi, 168 qadın);
    Almaniya – 53 nəfər (8 kişi, 45 qadın);
    ABŞ – 44 nəfər (0 kişi, 44 qadın);
    Gürcüstan – 31 nəfər (12 kişi, 19 qadın);
    Kanada – 25 nəfər (2 kişi, 23 qadın);
    İsrail – 16 nəfər (2 kişi, 14 qadın);
    Özbəkistan – 12 nəfər (12 kişi, 0 qadın);
    Türkmənistan – 7 nəfər (7 kişi, 0 qadın);
    Qazaxıstan – 7 nəfər (7 kişi, 0 qadın);
    Qırğızıstan – 1 nəfər (1 kişi, 0 qadın);
    Moldova – 1 nəfər (1 kişi, 0 qadın).