Month: October 2024

  • Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər

    Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri İtaliyanın Venesiya şəhərində dünya çempionatında iştirak edəcək.

    Yığmamız mundialda 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

    Bundan başqa Cahangir Babayev və Vüqar Kərimov hakim qismində Azərbaycanı təmsil edəcək.
    Yığmamız yarışa Azərbaycan Karate Fedarasiasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
    Qeyd edək ki, yarış oktyabrın 9-dan 13-dək davam edəcək.

  • Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

    “Rusiya ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir”.

    “Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının seçki proqramını təqdim edərkən deyib.

    “Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biridir”, – Kobaxidze deyib.

    Hakimiyyətin növbəti dörd il üçün xarici siyasət planlarından danışan Kobaxidze ABŞ və Avropa İttifaqı ilə münasibətlərin bərpasını ən mühüm milli vəzifə adlandırıb.

    Baş nazir həmçinin NATO ilə əlaqələrin dərinləşdirilməsini və Çin ilə strateji tərəfdaşlığı prioritetlər kimi göstərib. O, həmçinin qonşu Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.

  • Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

    Median.Az Trend-a istinadən xəbər verir ki, N.İslamzadənin dosyesini təqdim edir:

    O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub. N.İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edir. 2019-2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini – Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini – Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.
    O, 2005-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2008-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub, 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

    Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə “”Füzulinin azad olunmasına görə”” medalı ilə təltif edilib.

    Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

    Polkovnik N.İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “general-mayor” ali hərbi rütbəsi verilib.
    Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

  • Sabah Bakının bu ərazilərində qaz olmayacaq

    Qaradağ və Nizami rayonları ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 08.10.2024-cü il saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

    Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonu üzrə Ümid, Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin, həmçinin Nizami rayonu üzrə M.Şərifli, Ə. Kürçaylı, İ. Məmmədov, B.Nuriyev, C.Naxçıvanski, R. Rüstəmov küçələrinin, Qara Qarayev və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər etdi

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin I yarısını 16,875 milyon manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti ötən ilin I yarısından 18,715 milyon manat xalis mənfəətlə çıxmışdı

    “Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

    Yanvar-iyun aylarında ASCO-nun əsas əməliyyat (satışdan) gəlirləri 202,051 milyon manat (1 il əvvələ nisbətən 27,2 % az), satışının maya dəyəri 167,657 milyon manat (9,8 % az), ümumi-inzibati xərcləri 28,058 milyon manat (11,5 % az), sosial xərcləri 1,944 milyon manat (2,5 dəfə çox), digər əməliyyat gəlirləri 23,505 milyon manat (2,1 dəfə çox), digər əməliyyat xərcləri 45,964 milyon manat (31,9 % çox), əsas vəsaitinin silinməsi xərcləri 43 min manat (65,4 dəfə az), məzənnə fərqindən zərəri 564 min manat (25,6 % az), maliyyə xərcləri 6,748 milyon manat (95,6 % çox), birgə müəssisələrin maliyyə nəticələrindəki pay hesabına gəlirləri isə 8,547 milyonm manat (1 il əvvəl olmayıb) təşkil edib.

    Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 milyard 814,987 milyon manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,5 % artaraq 395,43 milyon manata, balans kapitalı isə 18,8 % artaraq 1 milyard 419,557 milyon manata çatıb.

    Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

  • Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər

    Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.

    “Report”un əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsində təklif olunan dəyişiklikdə əksini tapıb.

    Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

    Dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

    Təklif olunan dəyişiklik “ekosid” cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

  • Ukrayna Radasında “Telegram”dan istifadə məhdudlaşdırılacaq – FOTO

    Ali Radanın aparatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi ilə “Telegram”dan istifadəni məhdudlaşdıracaq.

    Bu barədə Ukraynanın xalq deputatı, Ali Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişin məlumat verib.

    Onun sözlərinə görə, o, Ali Radadan Radanın yerli şəbəkəsində “Telegram”ın işi ilə bağlı yeni müddəaların yer aldığı sərəncam alıb. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Kibertəhlükəsizlik üzrə Milli Əlaqələndirmə Mərkəzinin hansı təhlükəsizlik tədbirlərini təklif etdiyini sadalayıb:

    – məcburi iki faktorlu autentifikasiya və kontakt sinxronizasiyasının ləğvi. İcazəsiz şəxslərin hesabınıza daxil ola bilməməsi üçün onu nəzarətsiz qoysanız, kompüterinizə girişi bloklamaq lazımdır;
    – işdə və rəsmi ünsiyyətdə istifadə olunan məlumatların “Telegram”da ötürülməsinə qadağa;
    – “Telegram” müştərisinin biznes kompüterlərində və ya rəsmi fəaliyyət üçün istifadə olunan fərdi kompüterlərdə quraşdırılmasına və istifadəsinə qadağa;
    – messencer aparat və proqram təminatından istifadə etməklə bloklanır, xidmətə qoşulmaq üçün icazəsiz cəhdlərə dair sorğular qeydə alınır;
    Deputatın sözlərinə görə, belə təhlükəsizlik tədbirləri kifayət qədər məntiqlidir.
    “Təəssüf ki, artıq icazəsiz şəxslərin dövlət işçilərinin məlumatlarını iş cihazlarında istifadə edilən “Telegram” vasitəsilə əldə etməsi nümunələri var. Bu sifarişlə biz riskləri minimuma endiririk. Qeyd etmək istərdim ki, bu, konkret olaraq Rada aparatının əməkdaşlarına aiddir və messencerdən şəxsi məqsədlər üçün istifadəni məhdudlaşdırmır”, – deyə o əlavə edib.

    Bu yaxınlarda dövlət qurumlarında, hərbi birləşmələrdə və mühüm infrastruktur obyektlərində “Telegram”dan istifadənin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Sentyabrın 19-da kibertəhlükəsizlik sahəsində koordinasiya və nəzarət üzrə əsas orqan olan Milli Kibertəhlükəsizliyin Koordinasiya Mərkəzinin iclası keçirilib və orada müvafiq qərar qəbul edilib.
    //qaynarinfo

  • İrəvan Teatrında qarşıdurma böyüdü: Əməkdar artisti mükafatdan kim məhrum edib?

    Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev İrəvan Dövlət Dram Teatrından işdən çıxmasının səbəblərini açıqlayıb.

    Baş rejissor Qaynarinfo-ya açıqlamasında bildirib ki, teatrın direktoru İftixar Piriyev onun adını Prezident mükafatçıları siyahısından çıxartdırıb:

    “Məni Prezident mükafatından İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev məhrum edib. O buna təkidlə, həm də dava etməklə nail olub. Deyir niyə Sərvər Əliyev Prezident mükafatı almalıdır? Bütün baş rejissorların hər biri bu mükafatı alır. Çalışdı ki, bu mükafatı özü üçün alsın, amma vermədilər. Mən İrəvan Teatrından aprelin 20-dən getmişəm. Sadəcə icazə istədim ki, mənə vaxt verin, gedib Dərbəndəki teatrda tamaşalarımı bərpa edim. Onlar mənə icazə vermədi. Məcbur olub öz hesabıma ərizə yazdım, ona da icazə verilmədi. Bundan sonra İftixar Piriyev mənə qarşı düşmənçilik mövqeyi sərgilədi. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli işçiləri də onun tələbini yerinə yetirdilər. Xüsusi ilə də Bela xanım. Dedi ki, direktor nə deyirsə, o da olmalıdır. Bu, Mədəniyyət Nazirliyinin ən böyük səhvi idi”.

    Sərvər Əliyev mükafatı teatrda iki nəfərin aldığını bildirib:

    “Onlardan biri Səmayə xanımdır. Heç bir işi və əməli olmayan bir adam teatrdan mükafat alır. Səmayə xanımın İrəvan teatrının inkişafında heç bir əməyi yoxdur. Mən “Rəis və 5 dul qadın” tamaşasında ona rol verdim, amma oynaya bilmədi. İftixar Piriyev dedi ki, onu roldan çıxart. Mən də onu roldan çıxartdım. İftixar Piriyev isə rolu oynaya bilməyən aktrisaya Prezident mükafatı verdirdi. Nazirlikə dava elədi ki, Sərvəri bu mükafatdan çıxaracaqsınız və buna da nail oldu”.

    Sərvər Əliyev qeyd edib ki, aprel ayında işdən çıxmaqla bağlı Mədəniyyət Nazirliyinə ərizə yazıb:

    “Gözlədilər, nazirlikə müqavilənin vaxtı başa çatandan sonra növbəti müqaviləni uzatmadılar. Onsuz da müqavilə bağlanmasını istəmirdim. Bunu eşidib nazirə ərizə yazdım ki, məni işimdən azad edin, sizinlə işləmək istəmirəm. Bu günə kimi yerimə heç kimi təyin etməyiblər. Rejisorlar Azərbaycandan gedir. Onlarla sona kimi mübarizə apara bilərdim, amma sağlamlığımı, səhhətimi düşündüm. Mənim üçün önənli olan budur. Mənim üçün Dərbənd teatrında işləmək daha rahatdır”.

    Sərvər Əliyev baş verən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə İftixar Piriyevin hərəkətləri ilə bağlı 11 şikayət ərizəsini göndərdiyini vurğulayıb.

    İrəvan Teatrının direktoru İftixar Piriyev Qaynarinfo-ya açıqlamasında Sərvər Əliyevin ittihamlarını qəbul etmədiyini açıqlayıb:

    “Mükafat ondan alınıb. Hər il ona mükafat verilirdi, amma bu il başqasına verilib. İftixar Piriyev o səlahiyyət sahibi deyil ki, kiminsə əlindən nəsə alsın. O, ölkədən gedərkən məndən icazə istəməyib. Bir tutarlı sənəd göstərsin ki, müraciət edib, amma mən yox demişəm. Sərvər Əliyevi kollektiv istəməyib, nazirliyə müraciət edib. Onun işdən çıxarılmasının səbəbini də nazirlik bilir. Qaldı ki, Səmayə xanıma, o bütün həyatını İrəvan Teatrına həsr edib. Səmayə xanlm illərdir bu teatrda işləyir”.

  • Bəşər tarixinin ən ölümcül günü: Xirosima və Naqasakidən daha çox insan ölüb

    23 yanvar 1556-cı il Çində əsl dəhşət yaşanır. Alimlərin əksər versiyalarına görə, bu taleyüklü tarixdə tarixin hər hansı digər gününə nisbətən daha çox insan ölüb və bu ölümlərin böyük əksəriyyəti Çinin şimal-qərbindəki Şensi əyalətində baş verib.

    Qaynarinfo bu barədə “IFL Science” jurnalına istinadən xəbər verir.

    Qeyd olunur ki, günahkar həm Veynan, həm də Huaxian qırılmalarının sürüşməsi nəticəsində yaranan genişmiqyaslı zəlzələ olub. Episentri Huaxian şəhəri yaxınlığında olan afterşoklarda təqribən 830 min insan həlak olub. Eyni zamanda, fəlakət günü ölənlərin dəqiq sayını heç kim bilmir:

    “Qurbanların təxminən 1/3-i zəlzələdən dərhal sonra yıxılan binalar, çökmüş mağara evləri və torpaq sürüşmələri nəticəsində, qalanları isə sonrakı həftələrdə xəstəlik və aclıqdan öldü”, deyə nəşr yazıb.

    Eyni zamanda, nəşr qeyd edir ki, 8-8,3 bal gücündə Şensidəki bədnam zəlzələ bəşəriyyətin yaşadığı ən güclü zəlzələdən çox zəif olub, lakin bəşər tarixində bu qəbildən olan ən ölümcül fəlakətlər siyahısında birinci yerdədir. İkinci ən ölümcül zəlzələ 1976-cı ildə Çində baş verib və təxminən 655.000 adamın ölümünə səbəb olub.

    “1556-cı ildə dünya əhalisinin hələ də yarım milyarddan az olduğunu nəzərə alsaq, Şensidə ölənlərin sayı demək olar ki, bir gündə insan həyatının ən böyük nisbi itkisidir. Ola bilsin ki, bu fəlakət həm də ən mütləq ölüm rekorduna sahibdir”, deyə jurnal yazır.

    Müəlliflər bəşər tarixində ən ölümcül günün 1945-ci il martın 9-dan 10-na keçən gecə ABŞ-ın “Operation Meetinghouse” adlı bombardmanının Tokioda 100.000 insanın ölümünə səbəb olduğuna diqqət çəkir. Müqayisə üçün qeyd edək ki, həmin ilin avqustunda Xirosima və Naqasakiyə atılan atom bombaları müvafiq olaraq təxminən 66.000 və 39.000 nəfərin həyatına son qoyub.

    “Şensi zəlzələsindən təxminən yarım min il keçib, lakin dünya hələ yanvarın o dəhşətli cümə axşamı kimi ölümcül bir gün görməyib”, deyə nəşr yekunlaşdırıb.

    Bu arada, 1931-ci ildə Yangtze-Huai çayı daşqınları tez-tez tarixin ən böyük təbii fəlakəti kimi qeyd olunur. Bu xarakterli bir çox hadisələrdə olduğu kimi, ölənlərin ümumi sayı da çox mübahisəlidir, baxmayaraq ki, bəzi hesablamalar dörd ay ərzində mərkəzi və şərqi Çində 2 milyondan çox insanın öldüyünü göstərir.

  • Keçmiş işçisi nazirliyi məhkəməyə verdi

    Ədliyyə Nazirliyinin işçisi Nəsimi Abuşov işdən çıxarılıb.

    Qaynarinfo xəbər verir ki, o, bundan sonra məhkəməyə müraciət eib.

    Nəsimi Abuşovun iddia tələbi işə bərpa olunması ilə bağlıdır. Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Səlimə Salahova iş üzrə hakim təyin edilib.

    Nəsimi Abuşov 2010-cu ildən ədliyyə orqanlarında çalışıb. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.