Month: November 2024

  • Tramp Ağ Evdə Baydenlə görüşüb

    ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə gələrək hazırki prezident Cozef Baydenlə görüşüb.

    Median.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

    İlkin məlumata görə, onlar hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəliblər.

  • Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

    Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Ordubad Rayon Elektrik Şəbəkəsi tərəfindən Biləv Su Elektrik Stansiyasından qidalanan 35 kilovoltluq Biləv hava elektrik verilişi xətti aparılacaq ağac budama işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar rayonun Biləv, Behrud, Parağa,Tivi, Bist, Ələhi, Xurs, Nurgüt və Nəsirvaz kəndlərində sabah saat 10:30-dan 12:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

  • Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətin bərpasında mühüm addım kimi qiymətləndirib

    İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü beynəlxalq hüquqi iddialarına, o cümlədən Ermənistanın mina təhdidi ilə əlaqədar faktlara baxmaq qərarına münasibət bildirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ombudsman Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental hüquq və azadlıqlarının tapdandığını, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, müharibə cinayətləri törədildiyini vurğulayıb. Qeyd edib ki, azərbaycanlıların onilliklər boyunca davamlı olaraq pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə atılan hüquqi addımlar ədalətin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

    İnsan hüquqları üzrə müvəkkil Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın bu ölkəyə qarşı hüquqi iddiasına, habelə Ermənistanın mina terroru ilə əlaqədar faktlara mahiyyəti üzrə baxmaq qərarını təqdirəlayiq hesab edib. O, Ermənistanın işğal müddətində və daha sonra ərazilərimizdə mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin haqlı iddialarının məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdlərinin məhkəmə tərəfindən rədd edilməsini ədalətin bərpa olunması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.

  • YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb

    Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.

    “Report” xəbər verir ki, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.

    Nümayəndə heyətini salamlayan və ölkəsində görməkdən məmnunluğunu ifadə edən Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyyat-logistika və digər sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıdığını bildirən L.Cyançao Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

    2024-cü ilin iyul ayında Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünə diqqəti cəlb edən L.Cyançao iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. O, Azərbaycan ilə Çin arasında qlobal arenada, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hər iki ölkənin maraqlarının qorunması üçün müstəsna əhəmiyyət daşıdığını bildirib. L.Cyançao Çinin Azərbaycanın müxtəlif platformalarda, o cümlədən BRICS çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməsinə dəstək verdiyini qeyd edib.

    Çinin Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini təqdir etdiyini söyləyən Lyu Cyançao ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə əhəmiyyətli rolunu və dəyərli töhfələrini xüsusi vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu ifadə edib.

    Qarşılıqlı səfərlərin səmərəli fikir və təcrübə mübadiləsi baxımından önəminə diqqəti cəlb edən L.Cyançao dövlətlər və partiyalar arasında hər bir təmasın əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayıb. O, Çin Kommunist Partiyasının geniş beynəlxalq əlaqələrə malik olduğunu və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Ötən il YAP nümayəndə heyətinin Çinə səfərini məmnunluqla xatırlayan Lyu Cyançao səfər çərçivəsində kifayət qədər əhəmiyyətli və məhsuldar görüşlərin keçirildiyini vurğulayaraq “Əminəm ki, YAP nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri də hərtərəfli əməkdaşlığa stimul verəcək. Xüsusilə də, partiyalarımız arasında əməkdaşlıq memorandumunun imzalanması yeni imkanlar və perspektivlər yaradır. Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına, prioritetlərin reallaşdırılmasına – ortaq hədəflərin gerçəkləşməsinə xidmət edəcək”, – deyə vurğulayıb.

    Lyu Cyançao YAP nümayəndə heyətinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunda iştirakının ortaq hədəflər naminə səmərəli müzakirələrin aparılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.

  • Zaxarova ATƏT-in Minsk Qrupu barədə: “Biz özümüz də narazıyıq”

    “Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun işindən narazıdır”.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

    “Biz özümüz də Mİnks Qrupunun işindən narazı qaldıq, onu daha çox tənqid etdik, xüsusən də qərblilər onun işini əngəlləməyə başlayandan və bu mövqelərini açıq ifadə etdikdən sonra”, – Zaxarova bildirib.

    Diplomat vurğulayıb ki, Qərb dövlətləri 2022-ci ilin fevralında ATƏT-in Minsk qrupunu şəxsən dəfn ediblər.

    Onun sözlərinə görə, Qərbi nizamlanma yox, başqa şeylər maraqlandırırdı.

  • Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb

    Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

    Paşinyan bunu “hökumət saatı” çərçivəsində danışarkən deyib.

    “BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu”, – deyə baş nazir bildirib.

    Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var.
     
    ///Report

  • Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb

    “Rusiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsini alqışlayır”.

    Median.Az-ın NEWS.ru-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

    Onun sözlərinə görə, tədbirin Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir.

    “Biz konfransın sədri kimi Azərbaycanın səylərini yüksək qiymətləndiririk. Tarixdə ilk dəfə olaraq BMT-nin ən böyük iqlim tədbirinin MDB məkanında və birbaşa Cənubi Qafqazda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” ,- deyə Zaxarova bildirib.

    Diplomat əlavə edib ki, bu regionda iqlim proseslərinin özünəməxsus xüsusiyyətləri var.

    Bundan əlavə, Zaxarova vurğulayıb ki, Moskva ənənəvi olaraq MDB ölkələrində mühüm beynəlxalq tədbirlərin keçirilməsini dəstəkləyir və Azərbaycanın belə tədbirləri təşkil etmək qabiliyyətini yüksək qiymətləndirir.

    “Azərbaycanın sədrliyi ilə irəli sürülən təşəbbüslərin əksəriyyətinə Rusiya da qoşulub. Biz Bakının təkliflərini ağlabatan və vaxtında verilmiş təkliflər kimi qiymətləndiririk” ,- deyə o əlavə edib.

  • İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.

    Bu barədə AZƏRTAC məlumat verib.

  • ICGB: “Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır”

    “Gələn ilin yanvar ayından Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ehtimalı Şaquli Qaz Dəhlizinin əhəmiyyətini artırır”.

    “Report” xəbər verir ki, bu barədə ICGB boru kəməri şirkətinin (Yunanıstan-Bolqarıstan interkonnektorunun operatoru) baş direktoru Teodora Georgiyeva COP29-un kuluarlarında jurnalistlərə bildirib.

    O qeyd edib ki, hazırda şirkət IGB qaz kəmərinin ötürücülük qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması imkanının reallaşdırılması üzərində işləyir.

    “Biz hazırda IGB-nin genişləndirilməsi üzərində işləyirik, çünki təkcə Trans-Adriatik Boru Qaz Kəməri (TAP), Cənub Qaz Dəhlizi və Azərbaycanla əlaqəli deyilik, həm də Şaquli Qaz Dəhlizinin bir hissəsiyik, belə ki, Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalı artıq istifadəyə verilib. Bu baxımdan IGB-nin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük. Bundan əlavə, bu ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması təhlükəsi Cənub Qaz Dəhlizi ilə birlikdə Şaquli qaz dəhlizinin əhəmiyyətini artırır”, – o bildirib.

    T.Georgiyeva əlavə edib ki, IGB-nin gücünün artırılması yolunda əsas problem Aİ tərəfindən karbohidrogen layihələrinə maliyyə dəstəyinin olmamasıdır.

    “Bu, yolumuzda duran bəzi maneələrdir, lakin hesab edirəm ki, biz Şaquli Qaz Dəhlizinin digər iştirakçıları ilə birlikdə bunun öhdəsindən gələcəyik”, – o qeyd edib.

    T.Georgiyeva, həmçinin bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm rol oynayır. “O, çox etibarlı tərəfdaşdır. Əgər Azərbaycan 2020-ci ildən Bolqarıstanın qaza olan tələbatının 30 %-ə qədərini təmin edirdisə, ölkədə istehlakın azaldığını nəzərə alsaq, bu, indi daha çoxdur. Bolqarıstanın ildə 3 milyard kubmetrdən az olan daxili qaz istehlakından ildə 1 milyard kubmetri Azərbaycandan çox əlverişli qiymətə daxil olur və biz belə etibarlı tərəfdaşımızın olmasına çox şadıq”, – T.Georgiyeva vurğulayıb.

  • Nazir: “Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik”

    Azərbaycan bərpa olunan enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.

    Bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

    Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir:

    “Biz bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan mənbələrin payının 30,5 %-ə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik. Amma biz bununla kifayətlənməyəcəyik.

    Biz bu fəaliyyətləri davam etdirmək və bərpa olunan enerji mənbələrimizdən daha çox istifadə etmək istəyirik. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda kifayət qədər çox alternativ enerji potensialımız var. Bütün bu resurslardan istifadə etməklə qlobal enerji təhlükəsizliyinə töhfə vermək istəyirik”.

    P. Şahbazov Azərbaycanın enerji sektorunda region ölkələri ilə əməkdaşlığına da toxunub: “Biz Avropa İttifaqına qədər uzanan “Yaşıl enerji dəhlizi” layihəsində iştirak edirik. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizləri ilə bağlı mühüm layihələrdə də iştirak edirik. Bu layihə ilə biz Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirməyi hədəfləyirik. Bütün bu işlər enerji təhlükəsizliyi ilə yanaşı, enerji transformasiyasına da töhfə verəcək”.