Month: November 2024

  • Mədəsindən 65 yad cisim tapılan uşaq öldü

    Hindistanda həkimlər 14 yaşlı uşağın mədəsindən 65 yad cisim çıxarıblar.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, azyaşlı xəstəxanaya təngnəfəslik və qarın nahiyəsində diskomfort şikayətləri ilə daxil olub. Xəstəxanaya yerləşdirilməzdən əvvəl ailə iki həftə müxtəlif həkimlərə müraciət etsə də, xəstəliyin səbəbini müəyyən edə bilməyib.

    Müayinə zamanı oğlanın mədəsində çoxlu yad cisimlərin olduğu məlum olub. Cərrahiyyə əməliyyatı edilməsinə qərar verilib. Əməliyyat təxminən beş saat davam edib və uşağın mədəsindən 65 əşya – batareyalar, zəncir halqaları, ülgüc parçaları və vintlər çıxarılıb. Həkimlər əlindən gələni etsələr də, uşağın həyatını xilas edə bilməyiblər.

  • “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək

    Məşhur “Evdə tək” filminin ulduzu Makoley Kalkin bir neçə ildən sonra ilk dəfə ekrana çıxacaq.

    “Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, o, “Fallout”un ikinci mövsümündə rol alıb.

    İnsayderlərin dediyinə görə, 44 yaşlı aktyor bir az çılğın, lakin parlaq obrazı canlandıracaq.

    Qeyd edək ki, bundan əvvəl Kalkin 2021-ci ildə ekrana çıxıb – o, “American Horror Story” serialının onuncu mövsümündə rol alıb.

  • Gecə Bakının girişində “Hyundai” aşdı – Video

    Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində – “Şamaxinka” adlanan yerdə maşın aşıb.

    Belə ki, Kənar Dairəvi Yolun Moskva prospekti ilə birləşən hissəsində qəzaya düşən 10-VF-999 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil aşıb.

    Hadisədən sonra Bakı-Sumqayıt yolundan mərkəz istiqamətində tıxac yaranıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Stres, yoxsa narahatlıq?

    Stres və narahatlıq gündəlik həyatın bir hissəsinə çevrilmiş vacib zehni və fiziki reaksiyadır.

    “Qafqazinfo” xarici araşdırmalara istinadən xəbər verir ki, stres və narahatlıq oxşar simptomlarla özünü göstərə bilər və bəzən onları ayırd etmək çətin olur.

    Bununla belə, onların arasındakı fərqləri başa düşmək və düzgün mübarizə üsullarını öyrənmək psixi sağlamlığınızın qorunmasında mühüm rol oynayır.

    Stres zehni və ya fiziki təzyiqə cavab olaraq baş verir. Narahatlıq isə açıq-aydın səbəb olmadan belə hiss oluna bilən vəziyyətdir. Stres və narahatlıq fiziki və psixoloji simptomlara səbəb ola bilər.

    Stresin simptomlarına başgicəllənmə, əzələ gərginliyi, mədə problemləri, yuxusuzluq və əsəbilik, narahatlığa isə davamlı gərginlik və təşviş, tez-tez tərləmə, diqqət dağınıqlığı, ürək döyüntüsünün artması daxildir.

    Stres müəyyən bir səbəb və ya problemlə baş verir və bunlar keçdikcə azalmağa başlayır. Məsələn, hər hansı ev tapşırığının və ya layihənin son tarixi yaxınlaşdıqda yaşanan stres, təqdimatdan sonra keçir. Narahatlıq isə səbəb olmadan və daha uzun müddət çəkə bilər.

    Həyatınızdakı böyük dəyişikliklər (evlilik, ölkə dəyişmə, xəstəlik), iş təzyiqi və ya ailə münaqişələri kimi vəziyyətlər stresin ümumi səbəbləridir.

    Narahatlıq ortalıqda heç bir səbəb olmadan, hər an pis bir şey baş verəcəyi hissi ilə yaşamaqdır.

    Daimi stres və narahatlıq hissləri bəzi psixi sağlamlıq pozğunluqlarının əlamətləri də hesab olunur.

    Stres və narahatlıq bir-birinə çevrilə bilər. Stress uzandıqda, narahatlığa səbəb olur. Məsələn, daimi iş təzyiqi ilə qarşılaşan bir insan zamanla ümumi bir narahatlıqlarla həyatına davam edir.

    Stres və narahatlıq qaçılmaz olsa da, bu duyğular gündəlik həyata təsir edəcək səviyyəyə çatdıqda, onları ciddi qəbul etmək və lazım gəldikdə peşəkar kömək almaq lazımdır.

    Bəs, hər ikisindən necə xilas olaq?

    Fiziki fəaliyyət endorfinləri buraxaraq stres və narahatlıq səviyyələrini azalda bilər. Həmçinin meditasiya və nəfəs məşqləri ilə zehni sakitləşdirmək və diqqəti artırmaq streslə mübarizədə təsirlidir.

    Bundan başqa, kifayət qədər yuxu almaq stres və narahatlığı idarə etmək üçün vacibdir.

    Təmiz havada qısa bir gəzinti də sizi stres və narahatlıq kimi yorucu hisslərdən uzaqlaşdırır.

    Unutmayın ki, stres və narahatlıq xroniki xəstəlikləri artırır.

  • İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq

    İran hökuməti 2024-cü ilin martına, fars təqvim ilinin sonuna kimi iki milyona yaxın qaçqını deportasiya etməyi planlaşdırır.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, İranda 4 milyon, İran mənbələrinə görə isə 8 milyon əfqan qaçqın var.

    Əfqan qaçqınlarının əksəriyyəti regiondakı münaqişələr və ya iqtisadi səbəblərdən qonşu İrana sığınıb. Ortaq dillərinə görə əfqanlara İranda ucuz işçi qüvvəsi mənbəyi kimi xüsusilə tikinti və kənd təsərrüfatı kimi aşağı maaşlı sektorlarda üstünlük verilir. Lakin onların bir çoxunun İranda rəsmi yaşayış icazəsi yoxdur və qeyri-leqal işləyirlər.

    Məsələ ilə bağlı açıqlama verən İran hüquq-mühafizə orqanlarının komandiri Əhməd Rza Rada hökumətin əfqan qaçqınları deportasiya etmək qərarına gəldiyini və İran şirkətlərində iş icazəsi olmayan əcnəbilərin işə götürülməsinin qanunsuz olduğunu bildirib.

    Tehran əfqan qaçqınlarını deportasiya etmək qərarına gəlməklə ictimai reaksiyalara cavab verib. Çünki ölkədəki Əfqanıstan vətəndaşlarının sayının çox olması İranda son vaxtlar artan işsizlik səviyyəsinə görə qismən məsuliyyət daşıyır. Digər tərəfdən, Taliban Əfqanıstanda hakimiyyəti bərpa etdikdən sonra ölkəni tərk edərək qonşu İrana qaçanların sayı daha da artmağa başlayıb. Bu vəziyyət onsuz da çox olan qaçqınların sayını artırır, ölkədə əfqanlara münasibəti xeyli pisləşdirir.

    Bununla belə, İŞİD-in Əfqanıstanda genişlənməsi ilə İranda törədilən terror aktları da əfqanlara qarşı qəzəbi artırıb. Xüsusilə sosial mediada əfqan qaçqınlara qarşı nifrət dolu şərhlər artır. Bundan başqa, bir çox şəhərlərdə əfqanların deportasiyası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilərkən, bir çox əfqan mühacir də fiziki hücumlara məruz qalır.

    Digər tərəfdən, İran parlamenti şəhər və əyalətlərdə immiqrantların sayını məhdudlaşdıracaq yeni əcnəbilər qanununu müzakirə edir. Qanun layihəsinə görə, şəhər və əyalətlərdə immiqrantların sayı əhalinin 3 faizindən çox ola bilməz. Qanun qəbul olunarsa, deportasiyanın daha çox mühacirə təsir edəcəyi gözlənilir. BMT-nin məlumatına görə, ötən il İran təxminən 600 min əfqanı ölkəni tərk etməyə məcbur edib.

    İran silahlı qüvvələri də bir müddət əvvəl Əfqanıstanla sərhəddə 70 kilometr uzunluğunda divar tikiləcəyini açıqlamışdı. Demək olar ki, min kilometrə yaxın olan sərhədin 70 kilometrliyində tikiləcək divarın qeyri-qanuni sərhəd keçidlərinin sayını azaldıb-azalmayacağı müzakirə mövzusudur.

  • Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?

    Əksər uzaq məsafəli aviareyslər 6-15 saat davam edir, lakin “super uzaq məsafəli” kateqoriyaya daxil edilə biləcək bir reys var.

    Bu barədə “Express” nəşri yazıb.

    Söhbət Nyu-Yorkun Con Kennedi adına hava limanı ilə Sinqapurun Çangi hava limanı arasında həyata keçirilən təxminən 19 saatlıq birbaşa uçuşdan gedir. Səyahətçilər 15 min kilometrdən çox məsafəni qət edən “Singapore Airlines”in “Airbus A350” təyyarəsinə minərək bu uzun səyahətə yollanır.

    Uçuş 18 saat 50 dəqiqə davam edir, Sinqapurdan Nyu-Yorka qayıdış yolu isə cəmi 10 dəqiqə qısadır. Bu təyyarədə maksimum rahatlıq və rentabelliyi təmin etmək üçün adi reyslərə nisbətən daha az sayda sərnişin daşınır və burada iqtisadi sinif yoxdur.

    Məqalədə qeyd edilir ki, təyyarənin böyük hissəsi biznes-sinif oturacaqlarına ayrılıb, arxa hissədə isə standart iqtisadi sinifdən daha çox rahatlıq və imkanlar təklif edən premium-iqtisadi sinif bölməsi yerləşir.

    Bu daha yüksək qiymətli biletlər əlavə ayaq yeri, ayaqaltılar, tənzimlənən baş dayaqları, səsboğucu qulaqlıqlar və Wi-Fi kimi əlavə funksiyalar təklif edir.

    Bu reysin biznes sinifi məxfiliyə və rahatlığa yönəlib, burada oturacaqlar 1-2-1 formatında düzülüb və tamamilə düz yataqlara çevrilərək sərnişinlərə rahat səyahət imkanı yaradır.

    Biznes sinif sərnişinləri hətta əvvəlcədən özləri üçün xüsusi yeməklər – məsələn, qızardılmış mal əti, krevet və dəniz tarağı seçə bilərlər.

    Bu uzun məsafəli səyahət üçün bilet qiymətləri mövsümə və oturacaq sinfinə görə fərqlənir və bəzən beşrəqəmli məbləğlərə çatır. Lakin belə uzun reysin üstünlüyü ondan ibarətdir ki, tranzit dayanacaqlar olmur.
    //qaynarinfo

  • Yağıntılı hava şəraiti nə qədər davam edəcək?

    Hazırda Bakıda və Abşeron yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, yağıntılı hava şəraitinin noyabrın 10-dək fasilələrlə davam edəcəyi gözlənilir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 12°, Aran rayonlarında 14 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3° şaxtadan 2°-dək istidir.

  • İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi

    Hicaba etiraz etmək üçün soyunan iranlı tələbə Ahu Dəryai məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərilib.

    Qaynarinfo xəbər verir ki, İranın elm naziri Hüseyn Simai Sərrafın sözlərinə görə, Dəryai hazırda ailəsinin dəstəyi ilə müalicə olunur.

    Müstəqil mənbələrin məlumatına görə, tələbənin əvvəllər psixi problemi olmayıb. Buna baxmayaraq, onların məlumatına görə, Dəryai güclü təsir göstərən dərmanlarla müalicə olunur.

    Noyabrın 3-də Tehranın İslami Azad Universitetinin tələbəsinin hicaba etiraz etmək üçün paltarını soyunaraq kampusun ətrafında gəzdiyi bildirilir. Bu yaxınlarda “Bəsic” yarımhərbi dəstəsinin üzvləri hicabını düzgün geyinmədiyinə görə bir qıza sataşdılar. Sonra onun yaylığını və paltarını cırıblar.

    İranda hicabla bağlı münaqişələr və mübahisələr səbəbindən mütəmadi olaraq qalmaqallar yaranır. Ötən il hicab taxmaqdan imtina edən yerli aktrisalara filmlərdə çəkilmək rəsmən qadağan edilib.

  • Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? – VİDEO

    Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.

    Belə ki, guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, “1” düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.

    DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev “Xəzər Xəbər”ə bildirib ki, bununla bağlı indiyə qədər polisə bununla bağlı şikayət daxil olmayıb. Ehtimal olunur ki, bildiriş saxtadır.

    Kiber təhlükəsizlik üzrə ekspert Azər Əlili bildirib ki, təkcə “1” düyməsinə basmaqla telefon məlumatlarını ələ keçirtmək texniki cəhətdən mümkün deyil. Ekspert deyib ki, belə saxta “xəbərdarlıq”ların paylaşılması adətən reytinq xatirinə olur.

    Bildirilib ki, ümumiyyətlə, şübhəli nömrədən gələn istənilən zəngi avtomatik report etmək lazımdır. Təhlükəli zəng kimi bir neçə belə geri bildirimdən sonra sistem avtomatik olaraq həmin nömrəni fırıldaqçı kimi tanıyır və digər qurbanların qarşısı alınır.

  • Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)

    Azərbaycanın görkəmli xanəndəsi Xan Şuşinskinin ailəsində xoş gün olub.

    OLAY-ın əldə etdiyi məlumata görə, mərhum Xalq artistinin nəvəsi ailə qurub.

    Sənətkarın oğlu Aslan Cavanşirovun övladı olan Kamil Cavanşirov Kifayət adlı xanımla evlənib. Cütlüyün toy məclisi paytaxt restoranlarının birində baş tutub.

    Şuşinskinin ailəsinin xeyir işində Xalq artisti Röya Ayxan səhnə alıb.