Month: November 2024

  • “Baku Steel Company” şirkətində Rasim Məmmədovdan sonra da üç milyonluq yeyinti olub

    “Baku Steel Company”yə satılan metal tullantılarından qazanılan milyonlarla vəsaitin ƏDV məbləğini dələduzluq yolu ilə ələ keçirən iş adamlarının cinayətlərinin üstü açılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu cinayətin təməli şirkətin keçmiş sahibi Rasim Məmmədovun həbsindən 5 ay sonra qoyulub.

    R.Məmmədovdan sonra şirkəti idarə edənlər fiziki şəxslərdən metal qırıntıları alınmasının dayandırılması ilə bağlı yeni qərar qəbul ediblər. Alış-verişin yalnız hüquqi şəxslərlə aparılmasına icazə verilib.

    Bu qərar isə 20 ildir şirkətdə işləyən-cinayət baş verən dövrdə şirkətin metal qəbulu şöbəsinin rəis müavini olan İmani Bayramov, həmçinin oraya metal satan digər iş adamlarına sərf etməyib.

    Bundan sonra onlar müxtəlif müəssisələrdə mühasib işləyən Xəqani Seyfullayevi işə qoşublar. Seyfullayev qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” və digər şirkətlər vasitəsilə fiziki şəxslərdən metallar alıb, həmin metalların “Baku Steel Company”yə satışını həyata keçirib.

    Amma şirkət üzərindən aparılan alqı-satqı qanun pozuntuları ilə aparılıb.

    Sonradan Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq, vergiləri ödəməkdən yayınma, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması kimi cinayətlərin üstü açılıb.

    Müəyyən olunub ki, mühasib Xəqani Seyfullayevin tapdığı şirkətlər vasitəsilə aparılan metal satışı nəticəsində 3 milyon manata yaxın pul cinayət yolu ilə ələ keçirilib.

    Prokurorluq tərəfindən Xəqani Seyfullayevlə yanaşı, onun mühasibatlığını apardığı 14 MMC vasitəsilə “Baku Steel Company”yə metal satan İmani Mahmud oğlu Bayramov, Mirzaur Mirhəmid oğlu Mahmudov, Teymuraz Ərəbxan oğlu Məmmədov, Samir Polad oğlu Məmmədov və Rəsul Hidayət oğlu Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

    İttihama görə, onlar birgə qanunsuz əməlləri ilə 2 milyon 273 min manat ƏDV məbləğini büdcəyə köçürmədən dələduzluq yolu ilə talayıb, həmçinin 518 min manat vergi borcunu ödəməkdən yayınıblar.

    Altı təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat təşkil edib. Ağır cinayətə görə təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.

    İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərilərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər.

    Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

    Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

    Hazırda nəzarət şərti ilə azadlıqda olan Xəqani Seyfullayev isə dəymiş ziyanı ödəmir. İstintaqın sonunda ona qarşı xüsusilə külli miqdarda dələduzluq, vergidən yayınma və başqa ağır maddələrlə yekun ittiham elan edilib.

    Qeyd edək ki, hazırda “Baku Steel company”nin baş direktoru Kamal İbrahimovdur.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3.6.

    Как сообщили в Бюро исследований землетрясений Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, подземные толчки были зарегистрированы в 16:31 по местному времени.

    Очаг землетрясения залегал на глубине 21 км.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 16:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6 olub.

    Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.

  • Yasamal rayonunun 4 küçəsində qaz olmayacaq

    Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    “Azəriqaz”dan verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

  • Bakıda kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı – VİDEO

    Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verdiyi qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. O, bu yolla 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törədən 1991-ci il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    E.Məmmədovun dələduzluq əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

  • FHN-nin idarə rəisi cərimələndi – İş məhkəməlik oldu

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsinin rəisi Elnar İmanov cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Elnar İmanova İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə cərimə yazıb.

    192.5-ci maddə işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi ilə bağldır.

    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Elnar İmanov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Abşeron Rayon Məhkəməsində baxılacaq. Şəfəq Məmmədova iş üzrə hakim təyin edilib.

    FHN-nin Maddi Texniki-Təchizat İdarəsi nazirliyinin ən iri qurumlarından biridir. Elnar İmanov idarə rəisi vəzifəsinə ötən ilin sentyabrında təyin edilib.

  • Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

    Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi müzakirə olunur. Dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarların vergi yükünün azaldılması, nəzarət mexanizmi və inzibatçılığın təkmilləşdirilməsi, eləcə də beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bəs sadalanan dəyişikliklərin mahiyyəti nədir və nəyə xidmət edəcək? Bu istiqamətdə vergi ödəyiciləri, sahibkarlar və bütünlükdə vətəndaşları maraqlandıran sualları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “İqtisadi zona” proqramına müsahibəsində cavablandırıb:

    – Nicat müəllim, builki dəyişikliklərə ümumi nəzər salsaq, belə məlum olur ki, sənaye, tibbi turizm, səhiyyə, mədəniyyət sahələrinin inkişafı ilə bağlı dəstəkləyici tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, təkliflərdə bu günə qədər mövcud olan bəzi güzəştlərin müddətinin uzadılması da yer alıb. Bunlar nədən ibarətdir?

    – Vergi Məcəlləsinə dəyişikliklərin istiqamətləri artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb. Öncə bu dəyişikliklərin nə üçün həyata keçirilməsi məsələsinə toxunmaq istərdim. Bildiyiniz kimi, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Həmin Strategiyada vergi sistemi qarşısında iki strateji hədəf müəyyən edilib. Bu strateji hədəflərdən birincisi iqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlb edilməsi idi. İkinci istiqamət isə “kölgə iqtisadiyyatı”nın daraldılması və bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi idi. Əlbəttə ki, investisiyaların cəlbediciliyinin artırılması, sahibkarlar üçün vergi yükünün aşağı salınması bu kontekstdə önəmli idi və cari il üçün həyata keçirilən vergi qanunvericiliyindəki dəyişikliklər məhz dövlət – özəl tərəfdaşlığını, yerli avtomobil sənayesinin inkişafını, gəmi təmiri ilə bağlı məsələləri, eləcə də dəmir yollarının inkişafı ilə bağlı vergi dəstəklərini əhatə edir. Yəni bunlar məhz investisiyaların cəlbediciliyinin artırılması baxımındandır.

    Dövlət – özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə

    30 il müddətinə vergi güzəştləri veriləcək

    Bir qədər detallara varsaq, ilk növbədə dövlət – özəl tərəfdaşlığına böyük həcmli vergi təşviqlərinin verilməsini qeyd etmək istərdim. Dövlət – özəl tərəfdaşlığı layihələri dedikdə, dəyəri minimum 30 milyon manat olan layihələr nəzərdə tutulur. Yəni 30 milyon manat üzərində olan layihələr böyük investisiya tələb edir. Təbii ki, böyük investisiya paralel olaraq məşğulluq yaradır. Bu proseslərin icrasını həyata keçirən podratçı, subpodratçı şirkətlərin aktivliyini artırır. Bu baxımdan dövlət – özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri veriləcək.

    – Bu güzəştlər nədən ibarətdir?

    – Bu güzəştlər ödəyicini məhz birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak və torpaq vergisindən tam həcmdə azad edir. Eyni zamanda, bu investisiyaların qoyuluşu ilə bağlı əsas vəsaitlər, fondların idxalı da ƏDV-dən və rüsumlardan tamamilə azad edilir. Bununla yanaşı, bu güzəştlərin tətbiqi alternativ enerji istehsalı layihələrinə münasibətdə də tətbiq edilir.

    Bildiyiniz kimi, investisiyaların cəlbediciliyini artırmaq üçün yerli avtomobil sənayesində minik avtomobillərinin istehsalı ƏDV-dən azad edilib. Bu dəyişikliklərdə paralel olaraq avtobusların istehsalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Yəni istehsalçı tərəfindən istehsal etdiyi avtobusların satışı ƏDV-dən azad edilir. Eyni zamanda, bu istehsal prosesi ilə bağlı idxal olunan xammal materialları, yəni avtobusun ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir.

    Dəyişikliklərdə investisiya mühiti ilə yanaşı, əlverişli vergi mühitinin də təşviq edilməsi məsələsi mühüm istiqamətlərdən biridir ki, bu da daha çox tibbi turizm və mədəniyyət sektoru ilə bağlıdır. Tibbi turizmdə yerli klinikalar tərəfindən əcnəbilərə göstərilən xidmətlərdə ƏDV tətbiq olunur. Xarici turizmin, yəni xarici qonaqların daha çox ölkəyə məhz tibb sahəsində marağını təşviq etmək baxımından onların ödədiyi ƏDV-ni ölkəni tərk edərkən “Tax Free” rejimində geri almaq imkanları olacaq. Bu, tibbi turizmlə bağlı bizim səhiyyə sektoru ilə həyata keçirdiyimiz müzakirələr zamanı formalaşan təkliflərdən irəli gəlib, təhlil və qiymətləndirmələr nəticəsində müvafiq təşviqlərin verilməsi qərara alınıb. Mədəniyyət sektoruna da toxunmaq istərdim. Çünki mədəniyyət sektorunda bu günə qədər kino istehsalı və dublyaj sənayesinə münasibətdə 75 faiz vergi güzəşti nəzərdə tutulub. Hazırda bu güzəştin əhatə dairəsi 90 faizə qaldırılır. Bu güzəşt beş il müddətinə tətbiq ediləcək. Eyni zamanda, mədəniyyət sektorunda subyektlərin dairəsi də genişləndirir. Yəni artıq burada muzey, teatr, simfonik orkestr fəaliyyəti və filmə münasibətdə isə film prodüserlərinə də mənfəət və gəlir vergisi üzrə güzəştlər beş il müddətinə şamil olunacaq.

    İnvestisiya mühiti ilə yanaşı, əlverişli vergi mühitinin də

    təşviq edilməsi məsələsi mühüm istiqamətlərdən biridir

    Bu sahə əqli mülkiyyətdən istifadəyə görə ödəniləcək royalti ödənişlərindən ödəmə mənbəyində tutulan vergilərdən beş il müddətinə azad ediləcək. Təbii ki, biz burada istehlakçıları unutmamışıq. İstehlakçılar tərəfindən də muzeylərə, simfonik orkestrin konsertinə, filmlərə baxışlara görə bilet əldə edərkən ödənilən məbləğlərdə ƏDV-nin 50 faizinin “ƏDV geri al” qaydasında geri qaytarılması nəzərdə tutulur.

    – 75 faiz güzəştdən söz düşmüşkən, bəzi xidmət sahələri üzrə, xüsusilə də mikro sahibkarların gəlirlərinə 75 faizlik güzəştin heç bir şərtləndirilmə nəzərə alınmadan tətbiq olunması gözlənilir. Bu istiqamətdə təkliflər xüsusi maraqla qarşılanır. Ona görə də istərdik ki, bu barədə daha ətraflı məlumat verəsiniz.

    – Bir sıra fəaliyyət həyata keçirən mikro sahibkarlara, fiziki şəxslər işçi cəlb etmədən, yəni işçi sayından asılı olmayaraq onların əldə etdiyi gəlirlərə illik 45.000 manat həcmində gəlirlər üzrə 75 faiz vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulur. Xidmətlərin dairəsinə baxsaq, buraya mühasibatlıq, hüquq, jurnalistika fəaliyyəti üzrə xidmətlər, turizm bələdçiləri və bir sıra digər xidmətlər, o cümlədən xidmətlərin ixracı, İT xidmətləri də aiddir. Məhz bu xidmətlərdə 75 faiz vergi güzəşti təqdim olunacaq.

    – “Kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılmasına xidmət edən təşviqlərə nəzər salsaq, bu çərçivədə xüsusilə bazarlara nəzarət və əməliyyatların nağdsız qaydada həyata keçirilməsinin təşviqi ilə bağlı xüsusi məqamlar yer alır. Bunlar nədən ibarətdir? Burada müəyyən cərimələrin, məhdudlaşdırıcı sanksiyaların tətbiqi də nəzərdə tutulur.

    – Ortamüddətli dövrdə strateji hədəflərimiz iki istiqamətdədir. İkinci istiqamət məhz “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına xidmət etməlidir. Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada “kölgə iqtisadiyyatı”nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir.

    Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara

    nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır

    Bu baxımdan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bildiyiniz kimi, bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq. Vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər bu hal təqvim ili ərzində təkrar baş verərsə, o zaman 4.000 manat və növbəti dəfə olarsa, 6.000 manat həcmində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd məhz bu cür kütləvi məkanlarda qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə şərait yaradılmaması üçün preventiv tədbirlərin görülməsi, eyni zamanda, istehlakçıların da hüquqlarının qorunmasıdır. Bu layihədə bazar mülkiyyətçiləri üzərində o tələb də var ki, bütün sahibkarlar fəaliyyət göstərdikləri obyektlərində öz rekvizitlərini – adı, təsərrüfat subyektinin kodunu və s. göstərməlidirlər. Çünki istehlakçılardan aldığımız şikayətlərdə ünvan, məkan göstərilsə də, onun hansı mağazaya, hansı obyektə məxsus olmasını müəyyən edə bilmirlər. Bu baxımdan tam hüquqi müəyyənlik, istehlakçıların hüquqlarının qorunması baxımından, eləcə də qanunsuz sahibkarlıq və uçotsuz sahibkarın qarşısının alınması baxımından bu dəyişiklik önəmlidir.

    Yeni dəyişikliklərlə belə bir şərait yaradılır ki, mənzilləri kirayə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilirlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqlar

    – Layihədə vergi ödəyicilərinin inzibati yükünün azaldılması ilə bağlı əhəmiyyətli dəyişikliklər də yer alır. Məsələn, artıq sabit qəbzlə ödəniş edən vergi ödəyiciləri xidmət mərkəzinə müraciət etmədən də müəyyən qəbzləri əldə edə biləcəklər.

    – Qanunvericilikdə inzibatçılığın sadələşdirilməsi xüsusi önəm daşıyır. Dünya Bankı Qrupunun “Business Ready” layihəsi çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və heabatlılıq” işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrup tərəfindən “Vergitutma” indikatoru üzrə qəbul edilmiş Yol Xəritəsi mövcuddur. Bu Yol Xəritəsində qoyulmuş üç konseptual məsələdən biri kimi qaydaların aydınlığı, onu təmin edən infrastruktur və keyfiyyətli xidmət qeyd olunub. Bu baxımdan elektron xidmətlərin artırılması məhz göstərilən xidmətləri qarşılaya bilən keyfiyyətli infrastrukturla özünü müşahidə etdirir. Sabit qəbzlərin əldə edilməsi üçün artıq fiziki olaraq məkana müraciət etməyə zərurət qalmayacaq. Elektron kabinet üzərindən sabit qəbzlərin əldə edilməsi imkanı yaradılmış olacaq.

    Digər bir məqamı da qeyd etmək istərdim. Düşünürəm ki, bu, xüsusi bir haldır. Bildiyiniz kimi, mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalı və gəlir vergisi bəyannaməsi verməlidir. Ancaq biz praktikada müşahidə edirik ki, bu hallar vətəndaşlara çətinlik yaratdığından bu həmin gəlirlərin də dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirir. Yeni dəyişikliklərlə belə bir şərait yaradılır ki, mənzilləri kirayə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilirlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqlar.

    Xüsusi bir məqamı da qeyd edim ki, idxal əməliyyatı aparan subyektlərə münasibətdə onlar tərəfindən idxal edilən mallara görə arayışlar təqdim edilməli idi. Bu tələblər minimuma endirilir. Artıq müvafiq arayışı yalnız vergi orqanında uçotda obyekti olmayan şəxslər təqdim edəcəklər. Əgər vergi ödəyicisinin, sahibkarın vergi orqanında uçota alınmış obyektləri varsa, həmin şəxslər artıq idxal mallarına münasibətdə hər hansı bir arayış təqdim etməyəcəklər.

    Əgər vergi ödəyicisinin, sahibkarın vergi orqanında uçota alınmış obyektləri varsa,

    həmin şəxslər artıq idxal mallarına münasibətdə hər hansı bir arayış təqdim etməyəcəklər

    – Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı müəyyən tələblər var. Vergi Məcəlləsində bu tələblərin qarşılanması ilə bağlı dəyişikliklər də yer alıb. Bu barədə qısaca məlumat verməyinizi istərdik.

    – Beynəlxalq reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və transmilli şirkətlərə münasibətdə hesabatlılığın təmin edilməsi, transfer qiymətqoymalarda sənədlərin, məlumatların təqdim edilməsi üzərində tələblərin icra edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Yeni dəyişikliklərdə sanksiyaların adekvatlığının təmin edilməsi nəzərdə tutulur. Məlumat üçün deyim ki, hazırda nəzərdə tutulmuş 2.000 manat maliyyə sanksiyası məbləği bu kontekstdə minimum tələblərə cavab vermir. Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanla bağlı qısamüddətli tədbirlər planı təsdiq edilib. Həmin prosesdə məhz maliyyə sanksiyalarının adekvatlığı tələbi qoyulub. Bundan irəli gələrək sanksiyaların minimum tələbə çatdırılması həyata keçirilir.

  • Azərbaycanın dövlət borcu açıqlanıb

    Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Maliyyə Nazirliyini bu barədə məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur.

    Məlumata görə, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur.

    “Daxili dövlət borcunun kəskin artımı dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə bağlıdır”, – deyə nazirlik bəyan edib.

    Qurum sentyabrın sonuna xarici dövlət borcunun valyuta tərkibini də açıqlayıb:

    – XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,7 %,

    – ABŞ dolları 86,1 %,

    – avro 6,1 %,

    – yapon yeni 3,4 %,

    – digər valyutalar 0,7 %.

    Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,3 %-ni, sabit dərəcə ilə olanlar isə 51,7 %-ni təşkil edib. Xarici dövlət borcunun 48,5 %-i 5 ilə qədər olan müddətdə, 44,5 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7 %-i faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.

  • Ağadadaş Ağayev özünü təqsirli bilməyib – MƏHKƏMƏ

    Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri iştirak etməyiblər.

    Eləcə də tərəflər onların iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib.

    Prosesdə ittiham aktı elan edilib. Xalq artisti ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

    O, prosesdə çıxışa hazır olmadığını deyib.

    “Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəyə bilərəm. Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm”, – xalq artisti deyib.

    Məhkəmə prosesi dekabrın 3-ə kimi təxirə salınıb.

    Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

    Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

  • Президент Ильхам Алиев утвердил поправки в закон “О кредитных бюро”

    Президент Азербайджана Ильхам Алиев утвердил закон о внесении изменений в закон “О кредитных бюро”.

    Как сообщает Report, согласно обновленному документу, отныне граждане смогут бесплатно получать уведомления о негативной информации, поступившей о них в бюро, в порядке, установленном кредитным бюро.

    В уведомлении будет указан отправитель данной информации.