Month: November 2024

  • Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü

    Bakıda tikintidə bədbəxt hadisə olub.

    Hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində baş verib.

    Buradakı tikililərdən birində usta işləyən 69 yaşlı Əlisəfa Qiyas oğlu İbrahimov hünürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.

    Araşdırma aparılır.

  • Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? – Hamının gözlədiyi cavab (VİDEO)

    Milli Məclis plenar iclasında ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşdan keçərək qəbul edilib.

    Bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

    Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

    Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.

    Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.

    Mövzu ilə bağlı itv-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan millət vəkili Müşfiq Məmmədli bildirib ki, hazırda büdcə müzakirələri gedir və səhiyyə büdcəsi 3 milyard 650 milyonla çatıb:

    “Əvəllər xəstəxanada yatıb sonra evə buraxılan xəstələr bərpa müddətindəki dərmanları öz vəsaitləri hesabına alırdılar. Eyni zamanda xəstəxanaya getmədən vətəndaşlar həkimlərin yazdığı reseptləri də öz vəsaitləri ilə əldə edirdilər. Bundan həmin vətəndaşlar yazılmış reseptləri və bərpa dövründəki dərman preparatlarını icbari tibbi sığorta fondunun vəsaiti hesabına alacaqlar. Bura kordioloji, yuxarı tənəffüz yollarının müalicəsi və həzm sistemi ilə bağlı preparatlar daxildir”.
    //Baku.ws

  • Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

    “Minimum istehlak səbətinin tərkibinə baxılması üçün müvafiq işçi qrup fəaliyyət göstərir, bu, İqtisadiyyat Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələdir”.

    APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

    O bildirib ki, İşçi Qrupun son görüşü 2021-ci ildə olub:

    “2025-ci ildə biz İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. 2025-ci ildə istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.

  • Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik

    Meşələrin qırılması və ekosistemlərin deqradasiyasına qarşı siyasəti gücləndirməliyik.

    Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi” adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı məlumat verib.

    O qeyd edib ki, buna nail olmaq üçün meşələrin mühafizəsi və bərpası üçün kritik resursları səfərbər etmək üçün innovativ maliyyələşdirmə mexanizmlərini səfərbər etmək və şəffaflığı artırmaq və əməkdaşlığı gücləndirmək üçün hərtərəfli qlobal məlumat və bilik mərkəzi yaratmaq vacibdir.

    Nazir müavini hamını təkcə meşələri qoruyub bərpa etməyə, həm də meşələrin bəşəriyyət üçün davamlı resurs kimi əsas rolunu saxlamaq yolunda konkret fəaliyyətə çağırıb:
    “Kollektiv fəaliyyət və gücləndirilmiş tərəfdaşlıq vasitəsilə biz meşələrin iqlim, təbiət və insanlar üçün tam potensialını aça bilərik”.
    //report

  • Zaxarova: “Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir”

    Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkil olunduğunu bildirib.

    Bu barədə o, Moskvadakı brifinqdə bəyan edib.

    Onun sözlərinə görə, Rusiyanın tədbirdə geniş təmsil olunması bir daha təsdiq edir ki, Moskva iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarıdır.

    Zaxarova Azərbaycan tərəfinin Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi qəbulunu vurğulayıb:

    “Əminik ki, bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusilə də belə nəticələr, uğurlar və yüksək səviyyə nümayiş olunması Bakının dünya arenasındakı nüfuzunu daha da artıracaq”.

    O bildirib ki, Rusiya Azərbaycan və maraqlı olan bütün dövlətlərlə iqlim istiqamətində əməkdaşlığı artırmağa üstünlük verir.
    //oxu.az

  • Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər


    Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

    O qeyd edib ki, əlillik statusu əlillərə verilməlidir: “Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq”.

    Nazir, həmçinin Azərbaycanda bütün xəstəxanaların adekvat işləmədiyinə inanmadığını bildirib.

  • Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?

    Toy xidmətlərinin xərcləri çoxsaylı amillərdən asılı olaraq dəyişir və hər bir toy üçün fərqli ola bilər. Bu xərclər toyun məkanı, təşkilatçılığı, qonaq sayı, xidmətlərin növü və digər faktorlara görə müəyyən edilir. Toy hazırlıqları cütlüyün tələblərinə və büdcəsinə uyğun olaraq sadə və ya lüks ola bilər. Hər bir toy təşkilatının özünəməxsus elementləri olduğu üçün xərclər bəzən gözləniləndən daha yüksək və ya aşağı ola bilər.

    Atalar “Toy xərci ilə ev almaq olmaz” deyiblər. Amma indiki toylara çəkilən xərclə həm ev, həm də maşın almaq olar.

    Bəs toy xidmətlərinin xərcləri nə qədərdir?

    Toyda bəylə gəlin toylarında unudulmaz xatirələr yaşamaq üçün hər şeyin ən yaxşısın istəyirlər. Belə ki, əksər cütlüklər toy etmək üçün iri şadlıq saraylarına üz tuturlar. Toy çəkilişləri minimum 400 manatdan başlayıb, video çəkilişlər isə 600-1500 manat arası dəyişir.

    Regionlarda toy çəkilişi paytaxtdan 2 dəfə bahadır. O, bunun səbəbini yol xərcləri ilə bağlayır. Həmçinin videoqraf deyir ki, bölgələrdə toy daha tez başlayır, bu da çox iş deməkdir.

    Dekorlara gəldikdə isə qiymətlər 170 manatdan başlayaq artır. Əksər şadlıq saraylarında bu kimi xidmətlər ümumi toy sahibinə təklif edilir. Minimum düzəliş 500 manatdan başlayaraq 10 min manata kimi artır.

    Dekorasiyanın içində masaüstü güllər, bəy-gəlin stolu, arxa fonlar, foyedə foto zonalar, ağır tüstülər və fişənglər olur. Bəzən isə bu kimi paketlərə maşınlar da əlavə edilir.

    Bu xidmətlərin qiyməti seçilən şirkətin prestijinə, toyun keçirildiyi yerin mövqeyinə və digər faktorlarla bağlı olaraq dəyişə bilər. Beləliklə, hər bir cütlük toylarının büdcəsini nəzərə alaraq xidmətləri seçir və uyğun qiymət təklifi ilə müqavilə bağlayır.

  • AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? – Universitet aydınlıq gətirdi

    Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri bu ali təhsil ocağında 3 aydır təqaüdlərin verilmədiyini bildirib.

    Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

    Məsələ ilə bağlı ali təhsil ocağının mətbuat katibi Sevinc İsgəndərova problemin yalnız birinci kursları əhatə etdiyini deyib. O, artıq təqaüdlərin köçürüldüyünü bildirib.

    “Təqaüdlərin 3 aydır ödənilməməsi doğru deyil. Dərslər sentyabrın 15-də başlayıb. 15 gün o aydan və bir də oktyabr ayında birinci kursların təqaüdləri verilməmişdi. Səbəb isə onlar üçün “TələbəPlus” kartlarının hazırlanması ilə bağlı idi. Noyabr ayının təqaüdləri isə ayın sonu olmadığından hələ heç kimə verilməyib. Birinci kursların 1.5 aylıq təqaüdləri isə artıq 2-3 gün əvvəl – kartlar hazır olan kimi köçürülüb”, – deyə o əlavə edib.
     
    ///Olke.az

  • 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir

    Noyabrın 25-dən Bakıda daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir.

    Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, hərəkət sxemləri bərpa ediləcək marşrutlar bunlardır:

    1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1.

  • Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…

    Dərman vasitələrinin saxlanması onların effektivliyinə və təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək mühüm aspektdir.

    Median.Az Lenta.ru- ya istinadən xəbər verir ki, bunu rusiyalı tibbi ekspert Aleksey Panov bildirib.

    Kimyaçı, dərman alarkən saxlama şərtlərini göstərən istifadə üçün təlimatları diqqətlə öyrənməyi və onlara ciddi əməl etməyi tövsiyə edir.

    “Bir çox insan tez-tez dərmanları hamam otağında və ya mətbəxdə saxlayır, lakin bu, yaxşı seçim deyil. Çünki vanna otağında yüksək rütubət var, bu da dozaj formasının dəyişməsinə və sıradan çıxmasına səbəb ola bilər, mətbəxdə isə dərmanlar tez-tez yüksək temperatura məruz qala bilər, xüsusən də sobanın yanında və ya üstündəki çəkməcələrdə saxlanılırsa…”, – deyə həkim əlavə edib.

    Onun sözlərinə görə, ilk yardım dəstini temperatur və rütubətin sabit qaldığı yataq otağı və ya qonaq otağı kimi digər otaqlarda saxlamaq daha yaxşıdır.

    Aleksey Panov dərmanların saxlanması üçün optimal yer kimi soyuducunun adını çəkib. Təsadüfən yeməklə qarışdırmamaq üçün onları xüsusi bölməyə və ya ayrıca qaba qoymaq daha məqsədəuyğundur.

    Eyni zamanda, dərmanları qoxu və ya rütubət yayan məhsulların yanında saxlamaqdan çəkinmək lazımdır, çünki bu, dərmanların keyfiyyətinə təsir edir.

    “Qablaşdırmanın bütöv olmasını və butulkaların möhkəm bağlanmasını təmin etmək lazımdır. Dərmanların tərkibində olan aktiv maddələr işığa, nəmə və temperatura həssas ola bilər və havadakı oksigenlə qarşılıqlı təsir göstərə bilər. Bu da dərmanların effektivliyini azaldacaq. Bəzi vitaminlər və antibiotiklər ultrabənövşəyi şüalarla parçalana bilər və peyvəndlərdə otaq temperaturunda parçalanan zülallar kimi maddələr var. Ona görə də dərmanların müalicəvi effektini saxlamaq və təhlükəsizliyini təmin etmək üçün onların düzgün saxlanmasını təmin etmək lazımdır”, – deyə ekspert bildirib.

    Panov həmçinin dərmanların soyuducuda saxlansa belə, təlimatda göstərilən yararlılıq müddəti ərzində istifadə edilməsinə çağırıb.