Month: December 2024

  • Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qeyd edək ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

    1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

    Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

    Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

    2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

    Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

  • Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib.

    Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

  • Qəzaya uğrayan təyyarənin bələdçisi: “Yaralarım göründüyündən daha dərindir”

    AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli sosial şəbəkə istifadəçilərinə müraciət edib.

    A.Rəhimli müraciətində deyib:

    “Xahiş edirəm, deyin, mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir”.

    Qeyd edək ki, Aydan Rəhimli hazırda Yeni Klinikada müalicə olunur.

  • Daha 2 tiktoker həbs olundu

    Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker “Xan” ləqəbli Əsgər Əlizadə və “Magerramoff” ləqəbli Tiktoker Əmrah Məhərrəmov da həbs edilib.

    Median.Az “Unikal.az”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Xan ləqəbli Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
    Eləcə də də Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Mageramov ləqəbli Tiktoker barəsində də eyni maddə ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

    Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

  • Bayramov Hakan Fidanla qəzadan danışdı

    Xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

    Bu barədə Qaynarinfo-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

    Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.

    Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

  • “Forbes”in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

    Milyarder texnokrat, “Infosys” şirkətinin həmtəsisçisi, dünyada ən böyük biometrik sistem olan “Aadhaar”ın yaradıcısı və “Forbes”in məlumatına görə 3,6 milyard dollarlıq sərvət sahibi olan Nandan Nilekani uğura aparan sadə məsləhətini açıqlayıb. 

    Qaynarinfo xəbər verir ki, bu barədə CNBC məlumat verir.

    Nilekani hesab edir ki, texnologiya və süni intellektin (Al) sürətlə iş mühitini dəyişdirdiyi dünyada uğurun açarı Al-ın əvəz edə bilməyəcəyi bacarıqları inkişaf etdirməkdir.

    “Maraq göstərmək vacibdir. Hər səhər yeni bir şey öyrənmək arzusu ilə oyanıram və beynimi açıq saxlayıram”, deyə o vurğulayıb.

    Bu prinsip onun karyerasının başlanğıcından etibarən həyatının ayrılmaz hissəsi olub. Hindistanda böyüyən Nilekani atasının gözləntilərinin əksinə olaraq mühəndisliyi seçib, mini-kompüterlərə maraq göstərib və daha sonra “Infosys” şirkətini təsis edib. O, özünü “təsadüfi sahibkar” adlandırır və uğurunun sirrinin biznesə olan maraqdan deyil, bilik əldə etmək istəyindən qaynaqlandığını qeyd edir.

  • Rusiya nə qədər təzminat ödəməlidir?

    AZAL-a məxsus mülki təyyarənin Aktauda qəzaya uğrmasında kənar müdaxilənin olması artıq ilkin araşdırmanın nəticəsidir. Ciddi mənbələr isə buna Rusiya raketinin səbəb olduğunu bildirir.

    Bu durumda Azərbaycan tərəfi Rusiyadan hadisəni etiraf etməsini və rəsmi üzr istəməsini gözləyir. Bundan başqa, zərərçəkənlərə həm də təzminat ödənməlidir.
    Bəs, bu təzminatın məbləği nə qədərdir?

    “Qafqazinfo”nun məlumatına görə, belə durumlarda Monrel konvensiyasına uğun hesablama aparılır. Burada hesablama “Special Drawing Right” (Xüsusi borcalma hüququ) pul vahidi ilə aparılır. Söhbət 250 min SDR-dən, yəni, 554 184 manatdan gedir.  Amma bu məbləğ birdəfəlik ödənilən məbləğ deyil.
    Sığorta hesablananda bəzi məqamlar nəzərə alınır. Burada sərnişinin bundan sonrakı ömrü, yaşı, ailə tərkibi kimi detallar gözdən keçirilir. Yəni, təyyarə qəzasında 60 yaşında həlak olan biri ilə, 30 yaşında ölən sərnişinin sığorta məbləği eyni olmur. 
    Mənəvi təzminat isə həmin ölkənin şərtlərinə uyğun ödənilir. 

    Monreal Konvensiyası təyyarə qəzaları nəticəsində hava daşıyıcılarını məhkəməyə vermək hüququna da malikdir. Konvensiya insanlara təcili iqtisadi ehtiyaclarını ödəmək üçün gecikmədən avans ödəmələri öhdəliyi qoyur. Yerli qanun bu ödənişin məbləği ilə bağlı səlahiyyətlidir və bu məbləğin sonda veriləcək kompensasiyadan tutulması nəzərdə tutulur.

    Sərnişin həlak olarsa və ya yaralanırsa, aviadaşıyıcıdan kompensasiya almaq hüququ olan şəxsin müəyyən edilməsindən sonra 15 gün ərzində təcili iqtisadi ehtiyacların ödənilməsi üçün avans ödəməsi tələb olunur. Ölümlə nəticələnən hallarda bu avans ödənişi təxminən 20.000 avrodan az ola bilməz.

    Nəzərə alaq ki, AZAL-ın Müşahidə Şurasının qərarına əsasən, artıq qəzada xəsarət alanlara 20 min, həlak olanların ailəsinə isə 40 min manatın kompensasiya verilməsi nəzərdə tutulub. Bundan başqa, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
    Qeyd edək ki, SSRİ 1987-ci ildə Monreal protokolunu imzalayıb. 1991-ci ildə Rusiya, Ukrayna və Belarus bu qərara varis olduqlarını təsdiq ediblər.
    Onu da əlavə edək ki, bu kimi faciəvi hadisələrdə bəzən proseslər xeyli vaxt çəkə bilir. Buna səbəb isə qarşı tərəfin məsuliyyəti öz üzərinə götürməməsi olur. Məsələn, 1988-ci ildə ABŞ Fars körfəzi üzərində İrana məxsus sərnişin təyyarəsini vurmuş, bunu İran Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcısı kimi təsbit etmişdi. 290 nəfərin ölümünə səbəb olan hadisəyə görə ABŞ İranla 8 il sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində razılığa gələ bilmişdi. Bu razılığa əsasən, ABŞ hadisə qurbanlarının ailələrinə 61.8 milyon dollar təzminat ödəmişdi.
    2001-ci ildə isə Sibir Hava Yollarına məxsus – Təl-Əvivdən Novosibirskə uçan təyyarə havaya qalxdıqdan bir saat 45 dəqiqə sonra Qara dənizə düşüb. Təyyarədə olan 78 nəfərin hamısı, əsasən İsrail vətəndaşları ölüblər.
    Dövlətlərarası Aviasiya Komitəsinin (IAC) rəyinə görə, təyyarə Krım yarımadasında Rusiya-Ukrayna hərbi təlimləri zamanı Ukraynanın hava hücumundan müdafiəsi üçün S-200 zenit-raket kompleksi tərəfindən səhvən vurulub. Ukrayna hərbi rəsmiləri əvvəlcə raketlərinin təyyarəni vurduğunu təkzib edərək raketlərin istiqaməti və məsafəsinin təyyarənin partladığı nöqtəyə uyğun olmadığını açıqlamışdılar. Lakin fəlakətdən bir neçə gün sonra Ukrayna səhvini etiraf edib. Ukraynanın ozamankı müdafiə naziri Aleksandr Kuzmuk həlak olanların ailələri və yaxınlarından üzr istəmişdi.
    3 il sonra başa çatan istintaqının nəticəsinə əsasən, Tu-154 təyyarəsi gövdəsindən 15 metr aralıda partlayan raket nəticəsində yerə düşüb. Ukrayna 2003-cü ildə Rusiya və İsrail ilə qəzada ölənlərin yaxınlarına kompensasiya haqqında hökumətlərarası sazişlər imzaladı. Hər bir qurban üçün 200 min dollar – Rusiyaya 7.8 milyon dollar və İsrailə isə 7.5 milyon dollar ödəndi.

  • Qəzanın səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib

    Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

    Bu barədə Nazirlər Kabinetindən bildirilib.

    Sədr Əli Əsədov bildirib ki, Komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.

    Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verilib.

    Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənilib.

    Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat veriblər.

    Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirilib. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

    Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.

    Bildirilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırılıb ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.

  • Aktaudakı qəzada həlak olan pilotun anası: “Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı” – VİDEO

    “Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı”.

    Aktau yaxınlığında qəzaya düşən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin kapitanı Aleksandr Kalyaninovun anası oğlunun ölümü barədə AZƏRTAC-a danışıb.

    Pilotun anası bildirib ki, Aleksandr məzuniyyətdən qayıtdıqdan sonra cəmi bir həftə idi ki, işə başlamışdı:

    “Bir gün öncə mənə yazdı və dedi ki, onu reysə təyin ediblər. Həmişə olduğu kimi “WhatsApp” vasitəsilə uçuş və qayıdış vaxtını bildirdi. O, reyslərə təyin olunanda və ya qayıdanda həmişə mənə məlumat verirdi. “Narahat olma” deyirdi”.

    Pilotun anası oğlunun çox gərgin iş qrafikində çalışdığını və bu yaxınlarda ilk məzuniyyətini keçirdiyini vurğulayıb:

    “O, cəmi bir il idi ki, işləyirdi və bu, onun ilk məzuniyyəti idi. Mənə zəng edib dedi ki, məzuniyyəti Avropada keçirmək istəyir. Fransanı seçmişdi. Dedim ki, əlbəttə, Saşa, sən bunu qazanmısan. Onun iş qrafiki çox sıx idi, amma işini sevirdi. Məzuniyyətdən qayıdandan cəmi bir həftə sonra bu faciə baş verdi”.

    Aleksandr Kalyaninov 2013-cü ildən pilot peşəsi üzrə təhsil alıb və bir il əvvəl uçuşlara başlayıb. Hər uçuşda fərqli kapitanlarla işləyirdi. Anası bildirib ki, Aleksandr işinə böyük sevgi ilə yanaşırdı, lakin onun haqqında danışmağı xoşlamırdı.

    “Bu qədər gənc yaşda, belə böyük bir həvəslə işini yerinə yetirən oğlumdan ayrılmaq çox ağırdır” , – deyə pilotun anası sözlərinə əlavə edib.

    Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

  • Audiovizual Şura bir neçə platformanı 5 000 manat cərimələdi

    “Audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şura tərəfindən son 2 ayda platforma operatorlarına qarşı inzibati xəta haqqında 11 protokol tərtib olunub”.

    Bu barədə Şuradan məlumat verilib.

    Bildirilib ki, aparılan monitorinqlər nəticəsində sözügedən müddətdə “Artkom.Net” MMC, “Boss Group” MMC, “Shakh Telecom” MMC (Shakh TV), “AzəriGlobalServis” QSC (AGS TV), “Eurosel” MMC, “Clip TV” MMC, “Bulud Store” MMC (Bulud TV), “Smart Sistemz Technoloji” MMM (ODTV), “Beeonline” ASC, “Rahat Telecom” MMC, “Global Technology” MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya ((hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

    Belə ki, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

    Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində “Boss Group” MMC, “Shakh Telecom” MMC (Shakh TV), “AzəriGlobalServis” QSC (AGS TV), “Eurosel” MMC, “Artkom.Net” MMC “Rahat Telecom” MMC, “Smart Sistemz Technoloji” MMM (ODTV) hər biri 5000 manat cərimə olunub. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.

    Şuranın məlumatında vurğulanıb ki, bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizə davam edir:

    “Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılıb”.