Month: December 2024

  • Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildi

    Ağcabədidə ötən il yaşlı qadının əri tərəfindən öldürülməsi hadisəsi ilə əlaqədar daha bir nəfər həbs edilib.

    1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürən 70 yaşlı əri Əliyar Mehdiyevin qardaşı oğlu 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə iş açılıb.

    Məlum olub ki, T.Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.

    Hadisə 2023-cü ilin yanvarında qeydə alınıb, növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Tural Mehdiyev isə dünən həbs edilib. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona 2 il həbs cəzası verilib və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilib.
     
    ///Qafqazinfo

  • 58 yaşlı qadın dəm qazından öldü

    Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Nahidə Bayramova yaşadığı Pirəyir kəndindəki evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • İşə düzəlmək istədi – 102 min manatından oldu

    Quba RPŞ-nin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

    Bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
    Bildirilib ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

    Onlar zərərçəkmişə işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub, əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək, həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

    Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Pensiya yaşı azaldılacaq? – AÇIQLAMA

    “Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur”.

    Median.Az report.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.

    Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:

    “200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

  • Bu kəndlərdə işıq olmayacaq

    Naxçıvanın Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    “Əbrəqunus” hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədər sifarişə əsasən açılacaq.
    Bu səbəbdən, dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

  • Rusiya XİN: ATƏT “faydasız” təşkilatdır

    Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-i cavabların axtarışına kömək etməyən “faydasız” təşkilat adlandırıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, o, bu barədə Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında bildirib.

    “ATƏT-in öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab axtarışında az da olsa faydalı rol oynaya biləcəyi bir sahə qalmayıb. Məgər “Şimal axını” qaz kəmərindəki terror aktının araşdırılması səlahiyyətlər çərçivəsinə düşmür?” – o qeyd edib.

    S.Lavrov bildirib ki, ATƏT Avropa məkanının bütün üzvlərinin maraqlarının toplanma nöqtələrindən birinə çevrilə bilərdi.

    “Lakin bu zalda heç kimin ağlına ATƏT-dən bu məqsədlər üçün istifadə etmək gəlmir”, – Lavrov əlavə edib.

    Onun sözlərinə görə, ATƏT çərçivəsində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmır.

  • Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? – SİYAHI

    Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Kommunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.

    Median.Az xəbər verir ki, “Qaynarinfo”nun araşdırmasına görə, DVX tərəfindən aşağıdakı MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə sanksiyası tətbiq olunub:

    – Qanuni təmsilçisi Kərim Pirməmməd oğlu Piriyev, AZ1129, Bakı Şəhəri Xətai Rayonu, Məhəmməd Hadi, ev.63A, m.71 ünvanında qeydiyyatda olan 115 Saylı Mənzil-Tikinti Kooperativi;

    – Qanuni təmsilçisi İlham Arif oğlu Qafarov, AZ1138, Bakı Şəhəri Yasamal Rayonu, Əhməd Cavad, ev.77, məhəllə 3147 ünvanında qeydiyyatda olan “Səma-A” Mənzil-Tikinti Kooperativi;

    – Qanuni təmsilçisi İbrahimxəlil Mikayıl oğlu Kərimov, Bakı Şəhəri Nizami Rayonu, Bəhruz Nuriyev, ev.52 ünvanında qeydiyyatda olan “Neftçi-3 Mənzil-Tikinti Kooperativi”;

    – Qanuni təmsilçisi Səhəddin Şirin oğlu Məmmədov, Bakı Şəhəri Xətai Rayonu, Xudu Məmmədov, ev.2 ünvanında qeydiyyatda olan “Etiram” Mənzil-Tikinti Kooperativi;

    – Qanuni təmsilçisi Nadir Mirzə Əzizulla oğlu Fərəcullazadə, Bakı Şəhəri Xətai Rayonu, 6-Cı Zavod, Ev.3 1158-ci məhəllə ünvanında qeydiyyatda olan “Kəndtikinti Mənzil-Tikinti Kooperativi”;

    – Qanuni təmsilçisi Zaur Mahir oğlu Aslanov, Bakı Şəhəri Nərimanov Rayonu, Qafur Rəşad, ev.20 ünvanında qeydiyyatda olan “Bərəkət İnşaatçı-07” Mənzil-Tikinti Kooperativi;

    – Qanuni təmsilçisi Məmməd Əzimulla oğlu Ramazanov, Bakı Şəhəri Nəsimi Rayonu, Əlövsət Quliyev, Ev.334-cü məhəllə ünvanında yerləşən “Merkuri” Mənzil-Tikinti Kooperativi;

    – Qanuni təmsilçisi Nəcibə Şahbaz qızı Ağayeva, Bakı Şəhəri Nəsimi Rayonunda yerləşən “Kristal” Mənzil-Tikinti Kooperativi;

    – Qanuni təmsilçisi Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin sabiq rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin sabiq rəhbəri Azayev Elxan Çərkəz oğlu olan “Diplomat 2008” Mənzil Tikinti Kooperativi;

    Bu MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2167872.08 manat əlavə vergi, 1083936.06 manat maliyyə sanksiyası hesablanıb. Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.

    Qanuni təmsilçisi Təyyar Novruz oğlu Məmmədov, Bakı Şəhəri Nəsimi Rayonu, Cavad Xan 2 Mkr, ev.48b, m.40 ünvanında qeydiyyatda olan “İzmir Ltd.” Mənzil-Tikinti Kooperativi barəsində isə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2795067.19 manat əlavə vergi, 1403522.11 manat maliyyə sanksiyası hesablanıb.

  • Baş konsul: “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlanıb”

    “İğdır-Naxçıvan Qaz Boru Xəttinin tikintisi qrafikə uyğun olaraq vaxtında tamamlanıb və yaxın zamanda rəsmi açılışı planlaşdırılır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvanda keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyulub: “Bu ilin sentyabr-oktyabr aylarına qədər qaz kəmərinin tikintisinin tamamlanması nəzərdə tutulurdu və işlər gözlənildiyi vaxtda yekunlaşdı. Beləliklə artıq Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq”.

    Baş konsul qeyd edib ki, yaxın zamanlarda Türkiyənin önəmli banklarından biri olan “Ziraat Bankı” da Naxçıvanda fəaliyyətə başlayacaq: “Artıq bank filialının lövhəsi yerləşdirilib. Gələn ilin yanvar ayında təmir işləri yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq”.

    Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü 730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirirdilər.

    İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

    Sədərək qazpaylayıcı stansiyası “Revers” tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

  • Futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində Fransanın rəqibi olub

    Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.

    Tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

    Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 9-cu qrupda yer alan U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

    Qeyd edək ki, birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

  • Silahlı qruplaşmalar Suriyanın Həma şəhərinə daxil olublar

    Silahlı qruplaşmalar ağır itkilərə baxmayaraq, Suriyanın Həma şəhərinin bir neçə məhəlləsinə daxil ola biliblər.

    Bu barədə TASS Suriya Silahlı Qüvvələrinin komandanlığına istinadən məlumat verib.

    “Son saatlarda əsgərlərimizlə silahlı qruplaşmalar arasında toqquşmaların intensivləşməsi, eləcə də qüvvələrimiz arasında ağır itkilərə baxmayaraq, onlar şəhərin bir sıra ərazilərinə nüfuz edə biliblər”, – deyə komandanlığın məlumatında bildirilib.

    Suriya ordusu, həmçinin bildirib ki, Həmanı əlində saxlayan hökumət qüvvələri bölmələri şəhərdən kənara yerləşdirilib.