Month: January 2025

  • “Dərnəgül”dən gələn qatarlar “Xətai”yə kimi hərəkət edəcəklər”

    “Prezident İlham Əliyevin “Bakı Metropoliteni” QSC qarşısına qoyduğu mühüm vəzifələrdən biri sıxlığın azaldılması istiqamətində tədbirlərin görülməsidir”.
     
    Median.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib. O bildirib ki, buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bu isə bir neçə faktora əsaslanır.
     
    “Birinci ən mühüm faktorumuz “Qırmızı xətt”lə “Yaşıl xətt”in birləşdiyi “C.Cabbarlı”-“28 May” stansiyasında xətlərin ayrılmasıdır. Dünya praktikasında da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi hərəkət sıxlığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımız bu stansiyaları ayırmaq olacaq. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasınadək davam edəcək. “İçərişəhər” stansiyasından başlayan qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəklər”, – V. Aslanov qeyd edib.

  • Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb

    Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb.
    Hadisə 76-cı məhəllədə yerləşən yeni tikililərin birində qeydə alınıb.
    Meyiti aşkarlanan şəxs 1981-ci il təvəllüdlü Beyrək Telman oğlu Zeynalovdur.
    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
     
    //Report

  • Azərbaycan Könüllüləri Şəhidlər Xiyabanını ziyarət etdi (FOTO)

    20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.
     
    Ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən ümumilikdə 300-dən çox Azərbaycan Könüllüsü, təşkilat rəhbərləri ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önünə tər gül dəstələri düzüblər.
     
    Həmçinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 20 Yanvar faciəsinə həsr edilib. Görüş 20 Yanvar şahidi, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, o tarixi günlərin əsas foto çəkilişlərinin müəlliflərindən biri Rauf Umudov ilə baş tutub. Görüşdə iştirak edən könüllülərə xalqımızın mübariz ruhunu və birlik mesajını əks etdirən anlar haqqında ətraflı məlumat verilib. Könüllülər hadisələr və çəkilən fotoşəkillərin arxa planı ilə bağlı maraqlı suallar ünvanlayıb, şəhidlərin xatirəsinə göstərilən hörmətin əbədiləşdirilməsi üçün bu cür materialların vacibliyi vurğulanıb.
     
    20 Yanvar faciəsinə həsr olunan bu tədbirlər gənclər və könüllülər üçün həm milli, həm də fərdi səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu cür fəaliyyətlər onların tarixi və milli kimliklərini daha dərindən dərk etmələrinə, vətənpərvərlik ruhunu gücləndirmələrinə və özlərinin cəmiyyət üçün məsuliyyət daşıyan fərdlər olaraq formalaşmalarına töhfə verir.
     
    Bu gün Ulu Öndər Heydər Əliyevin əziz ruhu, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu şaddır. Azərbaycan xalqı illərdir arzuladığı tarixi ədaləti bərpa edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalqımızın 30 illik həsrəti sona çatıb. Torpaqlarımız erməni işğalından azad edilib, vətənimizin ərazi bütövlüyü bərpa olunub.

  • Finlandiya parlamentinin spikeri: “Bəşəriyyət artıq III Dünya müharibəsindədir”

    Finlandiya parlamentinin spikeri Yussi Halla-aho narahatdır ki, dünya, bəlkə də, artıq Üçüncü Dünya müharibəsindədir.

    Median.Az xəbər verri ki, bu barədə “Yle” nəşri yazıb.
    Halla-aho hesab edir ki, dünya Üçüncü Dünya müharibəsinin artıq başladığını dərk etmir, “çünki biz onu hər vəchlə önləməyə çalışırıq”. O xəbərdarlıq edib ki, faktların göz ardı edilməsi ciddi problemlərə gətirib çıxara bilər.

    “Əgər müharibə vəziyyətində olub-olmadığımızı bilmiriksə, hər zaman müharibədə olduğumuzu fərz etmək daha yaxşıdır”, – deyə Halla-aho Turun Sanomat qəzetinə müsahibəsində bildirib.
    Onun fikirləri ötən bazar günü İsveçin baş naziri Ulf Kristerssonun bəyanatı ilə üst-üstə düşür. Kristersson bildirmişdi ki, “İsveç müharibə vəziyyətində deyil. Lakin sülh şəraitində də deyil”.

    Halla-aho vurğulayıb ki, Ukraynanı qorumaq və ona yardım göstərmək ali siyasi prioritet olmalıdır. O bildirib ki, Ukraynadakı müharibə Finlandiya siyasətində hazırkından daha çox diqqət tələb edir.

    Parlamentin spikeri əlavə edib ki, Finlandiya öz hədəfini daha aydın müəyyənləşdirməli və bu istiqamətdə sərmayələr etməlidir.

    Finnlər Partiyasının keçmiş sədri olan Yussi Halla-aho slavistika üzrə fəlsəfə doktorudur. O, 1990-cı illərdə Finlandiyanın Kiyevdəki səfirliyində çalışdığı üçün rus və ukrayna dillərini sərbəst bilir.

  • ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb

    İkinci dəfə ABŞ-nin Prezidenti vəzifəsinə seçilən Donald Trampın andiçmə mərasimi başlayıb.

    Apa xəbər verir ki, tədbir Kapitoli binasında keçirilir.

    Qeyd edək ki, Donald Tramp ilk dəfə 2016-2020-ci illərdə 45-ci Prezident olaraq bu vəzifəni icra edib.

  • 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək

    Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub. 

    Median.Az-ın məlumatına görə, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib. 

    Belə ki, 1963-cü il təvəllüdlü  Yahyanın iti qonşusu Azadın arvadına hürüb. Azad isə Yahyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.

    Yahya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla bədəninə vurub. 

    Məhkəmənin qərarı ilə Yahya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

  • Trampın andiçməsində zibil maşını… – FOTO

    ABŞ-ın 47-ci prezidenti Donald Tramp Kapitoli binasında keçiriləcək mərasimlə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

    Median.Az axar.az-a istinadən bildirir ki, mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və ABŞ-ın xəbər kanallarında yayımlanacaq.

    Bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq Tramp mərasimin Kapitoli binasının daxilində keçirilməsi barədə göstəriş verib. Hazırda binanın içində hazırlıqlar davam edir. Binanın xaricində isə üç metrlik hasarlar və 48 kilometr uzunluğunda müvəqqəti baryerlər quraşdırılıb.

    Mərasimdən əvvəl Donald Tramp keçmiş prezident Co Bayden və ailəsi ilə ənənəvi çay mərasimində iştirak edəcək. Bu, hakimiyyətin dinc yolla ötürülməsini rəmzi olaraq əks etdirir.

    Mərasim zamanı Trampın seçki kampaniyasında istifadə etdiyi məşhur zibil maşını da nümayiş etdiriləcək.

  • Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi

    Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.

    Median.Az bildirir ki,  bu barədə “Report” Bolqarıstanın təbii qaz tədarükçüsü “Bulgargaz” şirkətinin bəyanatına istinadən xəbər verir.

    “Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, – şirkət yanvarın 20-də bildirib.

    Xəbər verdiyimiz kimi, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı. Tədarükün yanvarın 11-də bərpa olunacağı bildirilsə də, yanvarın 10-da BP şirkəti “Şahdəniz Alfa” platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
    Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra “BP-Azərbaycan” şirkəti “Şahdəniz Alfa” platformasından hasilatı bərpa edib.

    “Hazırda “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artır və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır”, – “BP-Azerbaijan” qeyd edib.

    Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərib.

    Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var.

  • Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır

    “Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır”.

    Apa xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

    Putin əlavə edib ki, burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır: “Biz bu barədə dəfələrlə danışmışıq. Ən vacib olanı böhranın köklü səbəblərini aradan qaldırmaqdır”.

  • Gənc ailələr buna görə dağılır

    Azərbaycanda son illərdə ailə institutunda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistikaya əsasən, ölkədə evlənənlərin sayı azalmağa, boşanmaların sayı isə artmağa davam edir. Bu tendensiya həm cəmiyyətdə ailə münasibətlərinə yanaşmanın dəyişməsi, həm də iqtisadi və sosial faktorlarla əlaqələndirilir.

    Gənclərin ailə qurmağa marağının azalması, maddi çətinliklər, müasir həyat tərzinin yaratdığı təzyiqlər və sosial norma dəyişikliyi bu göstəricilərin əsas səbəbləri arasında göstərilir. Məsələ yalnız fərdlərin şəxsi həyatına deyil, bütövlükdə cəmiyyətin sosial və demoqrafik strukturuna da təsir edir.

    Median.Az xəbər verir ki, “Yeni Sabah”la məsələni müzakirə edən psixoloq Kənan Rəhimov öz fikirlərini oxucularımızla bölüşüb.

    Ekspert problemin kökündəki əsas səbəbin nə olduğuna da toxunub:

    “İki insan ailə qurursa, burada ilk olaraq, motivlər araşdırılmalıdır. Motivlər cəmiyyətdə xaotik idarə olunur. İnsanların ailə qurmaqda bir neçə səbəbi ola bilər. Bura iqtisadi cəhətdən ictimai qınaqdan qaçmaq niyyətinə qədər səbəbləri sadalamaq olar. Çoxları ailə qurmağın məsuliyyətini dərk etmədən bu yola çıxmaq qərarına gəlir.
    Dünya praktikası da göstərir ki, yetkin insanlar evlənmədən əvvəl ailə qurmağı hüquqi, sosial, iqtisadi sferadan araşdırmalı, məişət problemləri yarananda belə situasiyalardakı həll etmə yollarına nəzər salmalıdır. Cütlüklər arasında psixoloji uyğunsuzluq olub-olmadığını öncədən müəyyənləşdirmək lazımdır. Bu uyum yoxdursa, ailə münasibətlərinə zərbə vuracaq qədər böyük problemlər ortaya çıxır.
    İnsanlar ünsiyyət qurmağı praktik bacarıq formasında heç bir yerdə öyrənmirlər. Orta məktəb daha çox fənləri öyrədilməsinə fokuslanır. Amma bütün bunlar insanların ünsiyyət bacarıqlarını artırmır Çünki burada müəyyən basqı var. Şagirdlər 6 saat ərzində danışmamalıdırlar. Belə olduqda isə, insan özünü təzyiq altında hiss edir və ünsiyyət qurmaqdan çox qurmamağı öyrənir. Universitetdə də oxşar vəziyyətdir. Tələbələr məktəbdə öyrəndiklərini burada təkminləşdirməyə çalışır. Bununla da, ünsiyyət qurmaq üçün əlverişli şəraitləri olmur. 

    Beləliklə də, heç bir ünsiyyət bacarığı olmayan, yalnız ailə üzvləri ilə müəyyən ehtiyacları müqabilində ümumi təmasda olan insanları cəmiyyətə qazandırmış oluruq. Yeni insanlarla əlaqə yaratmaq, uzunmüddətli münasibətlər qurmağın ailə üzvləri ilə ünsiyyətdən fərqli mənada olduğunu dərk edə bilməyənlər çoxdur. Bu təbii ki, böyük bir problemdir. Ona görə də insanlar ailə münasibətlərində ciddi münaqişələr yaşayırlar”. 

    Psixoloq qeyd edib ki, bütün bunlarla yanaşı insanlar arasında şəxsiyyət pozğunluğu problemlərinə də tez-tez rast gəlinir:

    “Bu, davranış pozuntusu da adlanır. Ünsiyyət qura bilməməkdən əmələ gəlir. Ailə münasibətlərində kommunikasiya və təfəkkür problemləri böyük münaqişələrin meydana çıxmasına şərait yaradır. Beləliklə, ailələrin dağılması qaçılmaz olur. Əksər boşanma qərarı verən şəxslərin ortaq problemi bir-birinə dözə bilməməkdən irəli gəlir. Boşanmaya gətirib çıxaran səbəb rəsmi nikahla əlaqəli deyil.

    Əsas məsələ iki insanın ünsiyyət bacarığı və davranışları ilə əlaqəlidir. İnsanlar özlərindən qaynaqlanan səbəbləri görə bilmədikləri üçün boşanmalar da artmağa davam edir. İkinci dəfə ailə qurmaq isə həm ictimai cəhətdən qınaq olduğu üçün yeni problemlər və basqılar ortaya çıxır. Eyni zamanda psixoloji cəhətdən stres yaşayan adam növbəti dəfə eyni faciəni yaşayacağını düşündüyü üçün ailə qurmaqdan çəkinir”.