Month: January 2025

  • Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilən məlumata görə, 2025-ci ildə Bakıya özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Məlumatda qeyd edilib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. 200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb.

    Bakıya bu qədər yeni avtobusların gətirilməsinə baxmayaraq, hələ də 20 yanvar metrostansiyasından sonrakı xətt üzrə hərəkət edən avtobuslar yenilənmir. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. 

    Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, nəqliyyat sektorunda aparılan islahatların hamısı əhalinin ictimai nəqliyyatan istifadəyə cəlb olunmasına xidmət edir:

    “Hazırkı tıxacı, sıxlığı aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatın işinin optimallaşdırmaqdan keçir. Artıq bu istiqamətdə ciddi addımlar atılır, zolaqlar çəkilir. Dayanacaqlar təkmilləşdirilir. Eyni zamanda, paytaxta yeni avtobuslar gətirilir. İndi hazırda şəhərə gətiriləcək avtobusların sayının 2500-ə çatdırılması hədəflənir. Yeni gələn avtobusları şəhərin mərkəzi hissələrinə yönəldirlər. Bunu bəzi ekspertlər fərqli şəkildə şərh edir. Amma bir reallıq var, məsələn evimizdə ən yaxşı əşyalarımızı qonaq otağına düzürük. Çünki bu, qonaq üçündür. Nəqliyyat da belədir. Bakıya üz tutan qonaqlar mərkəzə gəlir. Bakının ən yaxşı hissələrində dolaşırlar. Ona görə yeni avtobusların şəhərin mərkəzinə verilməsi normaldır. Bölgələrə, ətraf qəsəbələrə isə mərkəzi hissədən çıxarılan avtobuslar yönəldilir”.

    Yasin Mustafayev qeyd edib ki, şəhərin 20 yanvar və digər istiqamətlərdə avtobusların həm yeniləri, həm də köhnələri fəaliyyət göstərir:
    “Bunlar zamanla düzələcək. Uzun zamandır ki, bu sahədə islahatlar aparılmırdı. Aparılan yerlərdə belə islahatlar zəif gedirdi. İndi artıq son bir neçə ildir ki, güclü şəkildə bu istiqamətdə addımlar atılır”.

  • Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər

    Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib.

    Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

    “Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.

    Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə “28 may” metrostansiyasına qədər əhəmiyyətli ola bilər.

    “Seabreeze” istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər”, – deyə o qeyd edib.
     
    ///report

  • Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq

    Azərbaycanda bu il ərzində reabilitasiya müəssisələrində xidmətdən faydalanan şəxslərin hazır qida (keytring) təminatına sərf olunacaq vəsaitin həcmi məlum olub.

    Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi il boyunca hazır yeməklə təmin olunacaq şəxslərin sayını və görüləcək işləri müəyyənləşdirib.

    Belə ki, 12 ay ərzində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla Agentliyin tabeliyindəki reabilitasiya müəssisələrində xidmətlərdən faydalanan böyüklər üçün 279 006 nəfərlik, uşaqlar üçün isə 34 310 nəfərlik hazır yemək təminatı nəzərdə tutulub.

    Artıq bununla bağlı qurum sözügedən şəxslə 3,2 milyon manat dəyərində müqavilə bağlayıb.

  • Abşeronda kişi dəm qazından boğulub

    Abşeronda kişi dəm qazından zəhərlənərək ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, Masazır qəsəbəsində Ceyhun Quliyev yaşadığı evdə dəm qazından boğulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ

    Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb.

    Bu barədə məşhur hava proqnozu platforması olan “Windy.com” məlumat yayıb.

    Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər.

    Qeyd edək ki, “Windy.com” dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir.

  • Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı

    Maykl Ceksonun qızı, 26 yaşlı müğənni və aktrisa Paris Cekson narkotik və alkoqol asılılığından necə qurtulduğunu izah edən bir video paylaşaraq, beş ildir bu maddələrdən uzaq olduğunu qeyd edib. 

    Qaynarinfo xəbər verir ki, video məşhurun Instagram hesabında yayımlanıb.

    Video onun dostları ilə əylənməsi, spirtli içki içməsi və ağladığı görüntülərlə başlayır. Paris deyib:

    “Bu gün narkotiklərdən və alkoqoldan uzaq olmağımın beşinci ilini qeyd edirəm. Bunun üçün minnətdar olmaq ifadəsi çox yüngül qalır”.

    O, asılılıqlardan qurtulmaq qərarının ona həyatında müsbət dəyişikliklər gətirdiyini vurğulayıb:

    – Musiqi yaratmaq,
    – Ev heyvanlarından zövq almaq,
    – Gülümsəmək və gülmək,
    – İnsanlara yenidən güvənmək.
    – Ailənin dəstəyi

    Parisin bibisi, məşhur pop ulduzu Maykl Ceksonun böyük bacısı La Toya Cekson onun bu uğurunu təbrik edərək, fəxr etdiyini bildirib.

  • Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub

    Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, təbii fəlakətin episentri təxminən 59,4 min nəfər əhalisi olan Sonsonate şəhərindən 14 km cənubda yerləşib. Zəlzələ ocağı 94 km dərinlikdə olub.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

  • Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı

    Abşeronda 17 yaşlı yeniyetmənin meyiti tapılıb.

    Hadisə Xırdalan şəhərində qeydə alınıb.
    Roma Haqverdiyevin meyiti yaşadığı ünvanda aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil

    Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən APA-nın mövzu ilə bağlı suallarına cavab olaraq bildirilib.

    İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir: “Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir”.

    Səhiyyə Nazirliyi ilk növbədə kosmetologiya və plastik cərrahiyyə sahəsi ilə yalnız ali tibb təhsili olan şəxslərin məşğul olmasına icazə verildiyini diqqətə çatdırıb: “Kosmetologiya sahəsində kosmetoloji xidmətləri yalnız həkim-dermatoveneroloqlar həyata keçirə bilər.

    Plastik cərrahiyyə sahəsinə gəldikdə isə, bu yüksək peşəkarlıq və uzunmüddətli hazırlıq tələb edən ixtisas növüdür. Bu sahə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq “Plastik cərrahiyyə” ixtisası üzrə rezidentura təhsili almış şəxslər tərəfindən həyata keçirilə bilər. Yəni, Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə üzrə tibbi xidmətlər (əməliyyatlar) yalnız bu hazırlıq dərəcəsinə yiyəlinmiş (diplom almış) şəxslər tərəfindən icra oluna bilər.

    Kosmetoloqlar (həmçinin, tibbi kosmetoloq və həkim-dermatoloqlar) heç bir halda plastik cərrahi iş üzrə tibbi xidmət göstərə bilməzlər. Bu fəaliyyəti yalnız “plastik cərrah” ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik mütəxəssislər göstərə bilərlər”.

    Nazirlikdən bildirilib ki, plastik cərrahiyyə əməliyyatları müvafiq əsasnamə ilə səlahiyyətləri olan dövlət tibb müəssisələri, həmçinin plastik cərrahi iş üzrə ambulator və stasionar tibbi xidmətlərə malik lisenziyası olan özəl tibb müəssisələri göstərə bilər: “Əlbəttə ki, bu müəssisələrdə müvafiq stasionar anestezioloji-reanimatoloji xidmət və aidiyyəti üzrə digər xidmətlər və təchizatın olması şərtdir. Plastik cərrahiyə sahəsində tibbi fəaliyyətin həyata keçirilməsi üçün tələblər digər cərrahi müdaxilələr kimi “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”la tənzimlənir. Hazırda Səhiyyə Nazirliyində bu qaydanın da tibb elminin müasir tələblərin uyğunlaşdırılması sahəsində işlər davam edir”.

    Nazirlik onu da diqqətə çatdırıb ki, plastik, rekonstruktiv və estetik cərrahlardan başqa digər cərrah mütəxəssislər müstəsna hallar (təcili və təxirəsalınmaz hallar) istisna olmaqla, bu növ əməliyyatları icra edə bilməz: Müvafiq sahələr üzrə hər bir plastik cərrah yalnız öz ixtisasına uyğun olan əməliyyatlar icra edə bilər, məsələn, lor yalnız renoplastika, oftalmoloq bleforaplastika əməliyyatını icra edə bilər və s”.

    Nazirlik ümumi cərrah, lor-cərrah və ya üz-çənə cərrahiyyəsi, kosmetologiya ixtisasları üzrə bəzi əməliyyatlar xaric plastik cərrahiyyə əməliyyatlarını yalnız plastik cərrahların icra edə biləcəyini açıqlayıb: “Hər bir ixtisas üzrə Rezidentura Təhsil Proqramı var ki, bu proqramda da həkimin icra edəcəyi cərrahi əməliyyatların siyahısı təsdiq edilib, yəni həm ümumi cərrahların, həm də plastik cərrahların rezidenturanı bitirdikdən sonra icra etmək hüquqları olan əməliyyatlar siyahısı bəllidir. Bu rezidentura təhsili ilə bağlı bütün digər ixtisaslara da aiddir.

    Bundan başqa hazırda Səhiyyə Nazirliyində bütün tibb ixtisasları üzrə peşə standartları hazırlanır ki, bu sənəddə artıq nəinki cərrahi əməliyyatlar, həmçinin ambulator yardım üzrə də ixtisas həkiminin konkret diaqnozlar istiqamətində icra etməli olduqları profilaktik tədbirlər, müayinə, müalicə və reabilitasiya ilə bağlı konkret siyahılar öz əksini tapacaq.

    Şəxsin biometrik identifikasiya xüsusiyyətləri “Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir. Bu qanunda biometrik göstəricilərin bilərək, məqsədyönlü dəyişdirilməsi qanun pozuntusu hesab olunur”.

    Rezidentura tətbiq edildikdən sonra isə 11 nəfərə plastik cərrah ixtisası verildiyi bildirilib.

    Plastik cərrahiyə ilə bağlı mediada reklam olunan tibb mütəxəssisləri və onlara aid müxtəlif fərqləndirici “adlar”a Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcud olmadığı da diqqətə çatdırılıb: “Nazirliyə daxil olan şikayətlər aidiyyəti üzrə baxılır və zərurət olduğu təqdirdə, araşdırma, plandankənar yoxlama şəklində nəzarət tədbirləri həyata keçirilir.

    Tibb fəaliyyəti ilə məşğul olan şəxslərin diplomlarının yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən davamlı şəkildə aparılır və belə hallar dəfələrlə aşkar edilərək hüquq mühafizə orqanlarına təqdim edilib. Qeyd edək ki, qeyri-qanuni tibb fəaliyyəti ilə bağlı yoxlamalar yalnız diplomların həqiqiliyini yoxlanılması ilə məhdudlaşmır. Səhiyyə Nazirliyi bu istiqamətdə tədbirləri davam etdirir”.

    Nazirlik yoxlamaların aparılması zamanı rast gəlinən çətinliklər haqqında da məlumat verib: “Hazırda sahibkarlıq sahəsində yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilir. Səhiyyə Nazirliyinin nümayəndələri planlı yoxlamalar üçün tibb müəssisəsinə gəlməzdən bir necə gün əvvəldən bu barədə tibb müəssisəsinə məlumat verirlər. Yoxlamanın aparılacağı haqqında məlumatı olan sahibkar müəssisədə qeyri-qanuni fəaliyyətlərini ört-basdır etmək üçün zaman əldə edir. Plandankənar (növbədənkənar) yoxlamalar zamanı da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq xüsusi prosedur qaydaya əməl olunmalı, Reyestrdə qeydiyyat aparılmalıdır. Təbii ki, bu zaman sahibkarın qanunsuz və ya keyfiyyətsiz fəaliyyətini ört-basdır etməyə şərait yaranır. Məqsədəuyğun olardı ki, tibb xidmətləri və əczaçılıq sahəsində sahibkarlıq sahəsində yoxlamaların aparılması qanunvericiliyinə yenidən baxılsın. Təbii ki, sahibkarlığın inkişafı vacib sahədir, lakin vətəndaşımızın sağlamlığı və həyatı daha vacibdir”.

    Nazirlikdən o da bildirilib ki, plastik cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir: “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən vətəndaşlara tibbi yardımın göstərilməsi, müalicə və müdaxiləsi, sağlamlığına dair məlumat almaq, müalicədən imtina və ya könüllü razılıq verilməsi və digər münasibətlər tənzimlənir. Plastik cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir. Buraya zəruri olmayan və mümkün qədər cərrahi müdaxilə olmadan ötüşməli hallar da daxildir.

    Təbii ki, media, sosial şəbəkələr və s. vasitəsilə cəmiyyətdə təbliğ edilən bəzi paradiqmalar insanlarda emosional narahatlıq yaradır. Nəticə olaraq, insanlar öz xarici görünüşlərini dəyişmək üçün yollar axtarırlar. Bu siyahıda heç bir tibbi əsası olmayan pəhrizlər, müxtəlif bioloji aktiv əlavələrdən (BAD) istifadə və ən radikal üsul olan cərrahi müdaxilələr də var. Tibbi deontologiya prinsiplərinə uyğun olaraq, yalnız plastik cərrah deyil, bütün tibb işçiləri xəstəyə bu və ya digər tibbi proseduru tətbiq etməzdən öncə prosedur haqqında, onun təsiri, mümkün ağırlaşmaları və yan təsirləri haqqında məlumat verməlidirlər. Plastik cərrahi əməliyyatlara gəldikdə isə, plastik cərrahiyyənin əsas məqsədi ilk növbədə anadangəlmə qüsurlar, müxtəlif travmalar və ya yanıqlardan sonra insan bədənində yaranan qüsurlar və ya deformasiyaların aradan qaldırılmasıdır. Bu əməliyyatlar insanların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədini daşıyır. Plastik cərrahiyyənin bir hissəsi olan estetik cərrahiyyənin böyük qismi isə, təəssüf ki, hazırda daha çox insanların dərisində yaşla bağlı fizioloji dəyişikliklərin aradan qaldırılması, bədən hissələrinin şəkilləndirilməsi, “gözəllik etalonlarına” uyğunlaşdırılması və bu kimi əməliyyatları əhatə edir. Yəni, əslində hər hansı bir tibbi göstəriş olmadan cərrahi müdaxilə tətbiq edilir.

    Hüquqi baxımdan buna hər hansı qadağa yoxdur, lakin əhali arasında gözəllik, təbiilik və insanların özünəməxsusluğunun vacibliyi haqqında yalnız həkimlər deyil, bütün cəmiyyət institutlarının iştirakı ilə maarifləndirmə aparılmalıdır. Burada medianın da rolu vacibdir”.

  • Abşeronda bir aydır itkin düşən qadın axtarılır

    Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya həmin şəxsin anası Tacirə Kərimova məlumat verib.

    Bildirilib ki,1989-cu il təvəllüdlü qızı Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında heç kimə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb.

    Tacirə Kərimova, həmçinin bildirib ki, qızının psixoloji narahatlığı var.

    Faktla bağlı polisə məlumat verilib.

    İtkin düşən şəxsi görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat vermələri xahiş edilir.

    Günay Əşrəfovanın bir azyaşlı övladının olduğu bildirilir.