Month: January 2025

  • Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır

    İngiltərə təmsilçisi “Mançester Siti”nin ulduz futbolçusu Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır.

    Median.Az Report”a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi “San Dieqo” ilə danışıqlar aparır.

    Misir əsilli britaniyalı iş adamı Mohamed Mansura məxsus olan komandanın bu il MLS-də debüt etməsi gözlənilir.

    Qeyd edək ki, Kevin De Bruynenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. O, cari mövsüm “şəhərlilər”in heyətində 18 oyunda 2 qol vurub.

  • Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi

    Monako Knyazlığının hüquq-mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Qeyd olunan şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    “Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.

  • Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə – YENİ QAYDALAR

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.

    Sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.

    Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

    S.Hacıyev plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

    Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

    Həmçinin məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə Mülki Prosessual Məcəllənin (MPM) 231-ci maddəsinə əsasən, 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzunmüddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

    Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.

    Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.

    Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əməkhaqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əməkhaqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əməkhaqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edildiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.

    Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

    Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.

    Qeyd edək ki, sözügedən plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.

  • Gürcüstanda matəm elan edildi

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.

    Median.Az “Sputnik”ə istinadən xəbər verir ki, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəli şəkildə həyatını itirməsi ilə bağlıdır.

    Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb. Yanğında beş azyaşlı uşaq həyatını itirib.

    Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.

    Matəm günü ilə əlaqədar ölkədə dövlət qurumlarında bayraqlar endiriləcək və bir çox tədbirlər təxirə salınacaq. Gürcüstan hökuməti vətəndaşları həmrəylik göstərməyə və ehtiyac duyulan ailələrə dəstək olmağa çağırıb.

  • Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı

    Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin həyata keçirilməsinə başlanılır.

    Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıq işlərini yekunlaşdırıb.

    Məlumata görə, kənddə daxili kommunikasiya işləri yaşayış məntəqəsinin yenidən qurulması layihəsi çərçivəsində icra olunacaq.

    Qurum sözügedən işlərin icrasını “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və 18,7 milyon manat dəyərində müqavilə bağlayıb.

    Qeyd edək ki, “Protean Construction” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 160 672 manat olan ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.

  • Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib

    Gəncə şəhərində yerli sakin dərmandan zəhərlənib.

     1986-cı il təvəllüdlü N.Əhmədova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
    Faktla bağlı araşdırma aparılır.

  • “Formula 1” Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb

    “Formula 1” Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

    Bu barədə yarışın rəsmi “X” hesabı məlumat yayıb.

    Anlaşmaya əsasən, Belçika Qran-prisi 2026, 2027, 2029 və 2031-ci illərdə də təqvimdə yer alacaq.

    Qeyd edək ki, 2025-ci ildə bu ölkədəki yarış iyulun 25-27-si aralığında gerçəkləşəcək. Azərbaycan Qran-prisi isə sentyabrın 19-21-də baş tutacaq

  • Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir

    Ermənistanın delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Avropa İttifaqının müşahidə missiyasına ehtiyacı var.

    Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

    “Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində qalmaqda davam edirlər. Bu vacib amildir”, – o qeyd edib.

    XİN rəhbəri əminliyini ifadə edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya olunmadığı müddətdə Aİ-nin missiyası Ermənistan üçün vacib və zəruridir.
     
    ///apa

  • Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

    Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq.

    Bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək.

    Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

  • Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İsmayıllı Rayon Polis Şöbəsində vətəndaş qəbulu və sıra baxışı keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, iki gün ərzində nazir 294 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

    Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 196 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23-ü Vətən müharibəsi iştirakçısıdır.