Month: Yanvar 2025

  • Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”

    İtaliyanın Apennin adalarında yerləşən kiçik Rokkaroso qəsəbəsi sosial şəbəkələrin gücünü yaşayıb. Məşhur bloqqer La Crescenzo buranı “gözəl yer” adlandırıb və nəticədə 10 min turist 260 avtobusla oraya axışaraq xaosa səbəb olub. Üstəlik, şəhərin əhalisi 2000 nəfərdən çox deyil.
     
     Median.Az bildirir ki, 2 min nəfər əhalisi olan şəhərə 10 min turist axın edib.

    İtaliyanın kiçik Rokkaroso şəhəri eyni vaxtda “TikTok” videosunu görən 260 turist avtobusu ilə dolub.
     
    Turistlər internetdə hər şey daxil olmaqla 20 avroya bir günlük turlar üçün ucuz sövdələşmələr əldə ediblər. Yaxud da öz maşınları ilə ora gediblər. Üstəlik, Rokkaroso Neapoldan cəmi iki saatlıq məsafədədir. Amma, dağ yolları avtobus və maşınlarla tıxandığından, şəhər zibillə dolduğundan yollar və xizək enişləri canlı cəhənnəmə çevrilib.
     
    Əvəzində qış nağılı görəcəyini gözləyən narazı turistlər qarsız yamacları, dolu restoranları və insan izdihamını görüblər.
     
    İfluencer Rita De Crescenzo keçən həftə ziyarət etdikdən və səhifəsində kurortu təbliğ edən paylaşımla doldurduqdan sonra çoxlarının dağ şəhərciyinə getməyə qərar verdiyi deyilir.


    “Mafiya anası” obrazı sayəsində platformada 1,7 milyon izləyici toplayan “TikTok” ulduzu səfər zamanı ailəsinin qarda əyləndiyini əks etdirən videoları paylaşaraq Roccarasonu “gözəl yer” adlandırıb.
     
    De Crescenzo, turistlərin qondarma “işğalına” görə heç bir məsuliyyət hiss etmədiyini bildirib və əlavə edib ki, videoları sayəsində bəlkə də bundan iki dəfə çox turist gələn həftə sonu kurorta axın edəcək.
     
    “Nəticələr müstəsna idi. Videolara bir milyon dəfədən çox baxıldı” – deyən bloqqer əlavə edib ki, onu izləyən və şəhərə gələn insanlar əsl ailələrdir, övladlarına unikal təcrübə yaşatmaq istəyən insanlardır.
     
    Bir çox turistin büdcəyə uyğun turları sifariş edərkən ümid etdiyi “ağ həftəsonu” əvəzinə məlum olub ki, yerli hakimiyyət sadəcə olaraq insan axınının öhdəsindən gələ bilmir.
     
    Şahidlərdən birinin dediyinə görə, şəhər insan izdihamı ilə dolub və evdə hazırlanmış xizəklərdə olan uşaqlar dağın yamacından aşağı qaçarkən insanları “boulinq topları kimi yıxıblar”.
     
    Qaya adlı 20 yaşlı turist həftə sonlarının kabusa çevrildiyini danışıb.

    “Təəssüf ki, hər şey pis getdi, çünki heç kim bu qədər insanın gələcəyini gözləmirdi. Restoranlarda biz pulsuz stol istəyəndə qapılar üzümüzə bağlandı, tualetdə saatlarla dayanırdıq”, amma qızın dediyinə görə, turistlərin özləri də günahkar olublar, Rokkarasodan piknik yeri kimi istifadə edib bu gözəl yerlə pis rəftar ediblər.
     
    L’Aquila yerli hakimiyyət orqanları xaosa fövqəladə iclas keçirərək və avtobusların şəhərə daxil olmasına məhdudiyyətlər qoyaraq cavab verib.
     
    Roccaraso Bələdiyyə Başçısı Francesco Di Donato, şəhər xaricindəki parkinqin məşhur dayanacaq yerinə çevrildiyi və yolların tıxanmasına səbəb olduğu yaxınlıqdakı Viale Napolidə avtobus dayanacağına qadağa tətbiq etdiyini açıqlayıb.
     
    Yerli “Leggo” xəbər agentliyinə görə isə, gələn həftə sonu şəhəri oxşar insan axınından “qorumaq” üçün avtobus yoxlamalarına başlanılıb və hətta ordu dəstəyi çağrılıb.//sfera.az

  • Əli Əsədov Alim Xanla görüşdü

    Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

    Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.
    Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib.

    Azərbaycan Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində ölkələrarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.
    Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

  • “Türk Axını” ilə qaz tədarükü tarixi maksimuma çatıb

    “Qazprom”un “Türk Axını” qaz kəməri ilə tədarükü gündəlik 50 milyon kubmetr həcmini keçib.

    Bu barədə Avropa qaz nəqliyyat sistemi operatorları şəbəkəsinin (ENTSOG) hesabatından aydın olub.

    Orta gündəlik ixrac məlumatlarına əsaslanan hesablamalara görə, bu, tarixi maksimumdur.

    Belə ki, 2025-ci ilin yanvarında gündəlik qaz tranziti 2024-cü ilin yanvarı ilə müqayisədə 26.8% artaraq gündəlik 39.9 milyon kubmetrdən 50.6 milyon kubmetrə yüksəlib. Əvvəlki ayla müqayisədə tədarük həcmi gündəlik 49.6 milyon kubmetrdən 2% artıb. 2025-ci ilin yanvarında “Türk Axını” ilə Avropaya “Qazprom”un ümumi ixracı ilkin hesablamalara görə 1.24 milyard kubmetrə qarşı təxminən 1.57 milyard kubmetr təşkil edib.

    Tədarük həcmi Ukrayna üzərindən tranzitin və qaz kəmərlərində diversiyadan sonra “Şimal Axını” ilə qaz tədarükünün dayandırılması fonunda rekord həddə çatıb. “Türk Axını” Rusiyanın Avropaya tədarük üçün qalan yeganə marşrutudur.

    Qeyd edilir ki, Türkiyə üzərindən keçən qaz kəmərinin illik gücü 15.75 milyard kubmetrə çatır.

  • FHN universitetdə yoxlamalar apardı – Rektora cərimə yazıldı

    Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparıb.

    Qaynarinfo-nun məlumatına görə, universitetdə yoxlama FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilib.

    Universitetin rektoru Ceyran Mahmudova barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

    İşə 11.02.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

  • Azərbaycanda çörək BAHALAŞDI

    Azərbaycanda çörəyin qiymətində artım olacaq.

    Median.Az Globalinfo.az-a istinadən məlumat verir ki, paytaxtdakı bəzi mağazalarda keçirilən sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

    Məsələ ilə bağlı “Nur çörəyi” zavodundan bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq:

    “Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, – deyə zavoddan bildirilib.

  • Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib

    Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyat nəticəsində “Pəncə-kilid” əməliyyatı bölgəsində terroçulara məxsus çoxlu sayda silah-sursat və digər avadanlıqlar ələ keçirilib.

    Belə ki, 10 ədəd AK-47 və 2 ədəd M-16 avtomatı, 1 ədəd 7,62 PKMS snayper tüfəngi, 7 ədəd AT-4 tank əleyhinə silah və 60 ədəd əl qumbarası, eləcə də digər silah-sursat və ləvazimat aşkar olunaraq götürülüb.

  • Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub

    Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub.

    “Report”un “Marca”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu Lissabon “Sportinq”ində 13, “Mançester Yunayted”də 214, “Real”da 316, “Yuventus”da 91, “Əl-Nəsr”də 66 dəfə qalib gəlib.

    Qeyd edək ki, Ronaldu bu yaxınlarda karyerasında 921-ci qolunu vurub. 39 yaşlı hücumçu klub səviyyəsində 786, Portuqaliya millisində isə 135 dəfə fərqlənib.

  • Azərbaycan qaz tranziti sxeminə daxil edilir

    “Kiyev Azərbaycan qazının Avropaya tranzitinə razılıq verə bilər”.

    Median.Az kommersant.ru portalına istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslardan sonra mətbuata verdiyi açıqlamada deyib.

    Onun sözlərinə görə, Bratislava bu məsələdə Kiyevə təzyiq edir.

    Bəs, ümumiyyətlə belə bir sxem mümkündürmü?

    Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov hesab edir ki, hazırda Azərbaycanın Ukrayna üzərindən Avropaya göndərə biləcəyi ehtiyatı yoxdur.

    “Hazırda ölkədə artıq qaz yoxdur. Bu yaxınlarda hətta müqavilə əsasında Bolqarıstana tədarüklər dayandırılıb, çünki “Şahdəniz 2″ yatağında problem yaranıb. Artıq ehtiyat yaransa belə, Bakı bütün mövcud qazını cənub marşrutu ilə satır. Bu, Türkiyəyə və Avropaya tədarük deməkdir. Bundan əlavə, bu halda Rusiya və Ukraynaya tranzit üçün ödəniş etmək lazım gələcək. Nəzərə alsaq ki, Azərbaycanda çox az miqdarda artlq qaz var, Slovakiyanın hətta 2-3 milyard kubmetr mavi yanacaq əldə etməsi çətin olacaq. Hiss olunur ki, Ukrayna sadəcə vaxt udmağa çalışır. Onlar mövsümü başa vurmağa çalışır ki, sonra Slovakiyanın elektrik enerjisindən daha az asılı olsunlar. Çünki Slovakiya hazırda Ukraynanın elektrik enerjisi idxalının təxminən yarısını təmin edir” – deyə İqor Yuşkov vurğulayıb.

    Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç isə vurğulayıb ki, Azərbaycan Rusiya qazının ixracında vasitəçi kimi çıxış edə bilər.

    “Fiziki olaraq Rusiya mənşəli qaz Ukrayna ərazisindən keçəcək, lakin Azərbaycan şirkətləri bu prosesdə vasitəçi kimi iştirak edə bilərlər. Bu baxımdan, sənədin Azərbaycandakı, Slovakiyadakı, İsveçrədəki, yaxud başqa bir ölkədəki struktura keçirilməsi prinsipial fərqlə nəticələnməyəcək. Bu, sadəcə olaraq Rusiya mənşəli qazın axınının davam etməsini qanuni şəkildə təmin edəcək.

    Bu variant, prinsipcə, əvvəllər Ukraynanı da qane edirdi. Bundan əlavə, bu, neft sektorunda Kiyevə uyğundur, çünki “Drujba” neft kəmərinin cənub qolundan keçən Rusiya mənşəli yanacaq Ukrayna ərazisində Macarıstan qazı adı ilə vurulur. Yəni, Macarıstan şirkəti sərhədi keçən kimi onun sahibi olur. Bir çox ekspert və siyasətçi, sənayedən olan insanlar oxşar sxemin qazla bağlı da təkrarlanacağına inanırdılar, lakin Volodimir Zelenski oyundakı payını artırmaq qərarına gəldi” – deyə Stanislav Mitraxoviç vurğulayıb.
    //oxu.az

  • 62 və 217 nömrəli marşrutlar “BakuBus”a verilib

    62 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə “BakuBus” MMC qalib gəlib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Qeyd olunub ki, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs “BakuBus” MMC qalib gəlib.

    Məlumata görə, artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.

    62 nömrəli marşrutda gediş haqqı 0,50 AZN, 217 nömrəli marşrutda isə 0,55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

  • Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

    Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 7 ov tüfəngini və patronları könüllü olaraq polisə təhvil veriblər.