Month: Yanvar 2025

  • Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib

    Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iştirakı ilə “Tsitsernakaberd” memorial kompleksində baş verən insidentlə bağlı təxminən 30 şahidə bildiriş göndərib.

    Bu barədə “Joqovurd” qəzeti yazır.

    Bildirişlərin bir çoxu İstintaq Komitəsinin hər gün dindirilməyə dəvət etdiyi “Milli Demokratik Qütb”ün üzvlərinə göndərilib. Müstəntiqlər “xain”, “torpaqları təhvil verən” şüarları səsləndirən şəxslərin axtarışını davam etdirsələr də, tapa bilmirlər.

    İnsidentdən sonra 7 nəfər saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 239-cu maddəsi (nifrət, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təbliği) ilə iş başlanıb.

    Hazırda təqsirli bilinən 67 yaşlı Tiqran Drmeyanın işi artıq məhkəmədədir.

    Qeyd edək ki, 2024-cü il aprelin 24-də kiçik qızı Arpi ilə “Tsitsernakaberd” memorial kompleksinə gələn baş nazirin həyat yoldaşı fitə basılıb.

  • Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var

    Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

    “Report” xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus “Chevrolet Cruze” markalı avtomobili ağaca çırpıb.

    Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb

    Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    “Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması barədə məlumatlarını şərh edib.

    “Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarışıqlığıdır. Onların yetərincə problemləri var. Bizim qarışmağımıza ehtiyacları yoxdur”, – Tramp əlavə edib.

    Daha əvvəl İsrailin dövlət teleradio şirkəti “Kan” məlumat vermişdi ki, yüksəkvəzifəli Amerika məmurları İsrail nümayəndələrinə Trampın Suriya ərazisində qalan Amerika əsgərlərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər. Pentaqon 2024-cü ilin dekabrında Suriyada təxminən 2 min Amerika hərbçisinin olduğunu açıqlamışdı.

  • Axios: ABŞ Konqresi əməkdaşlarına Çinin “DeepSeek”indən istifadə etməyi yasaqlayır

    ABŞ Nümayəndələr Palatasının administrasiyası Konqres əməkdaşlarını Çin çatbotu “DeepSeek”lə bağlı risklər barədə xəbərdar edib və onu xidməti cihazlara yükləməyi qadağan edib. Səbəb kiber təhlükələrlə bağlı narahatlıqdır.

    Bu barədə “Axios” portalı yazıb.

    ABŞ Konqresi Amerika süni intellekt (Sİ) bazarında sürətlə populyarlıq qazanan Çin çatbotu “DeepSeek” ilə bağlı risk xəbərdarlığı alıb. Konqresmenlərin ofislərinə göndərilmiş bildirişlərə görə, “DeepSeek”dən Nümayəndələr Palatasının işində istifadə rəsmən yasaqlanıb.

    “Hazırda “DeepSeek” CAO (Mərkəzi Tətbiqlər Ofisi – red.) tərəfindən nəzərdən keçirilir və hal-hazırda Nümayəndələr Palatasında rəsmi istifadə üçün icazə verilmir”, – bildirişdə qeyd olunub.

    Bildirilib ki, bədniyyətlilər artıq zərərli proqram təminatını yaymaq və cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edirlər. “Bu riskləri minimuma endirmək üçün Nümayəndələr Palatası bütün xidməti cihazlarda “DeepSeek” funksionallığını məhdudlaşdırmaq üçün təhlükəsizlik tədbirləri görüb”, – sənəddə deyilib.

    Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib.

    Qeyd edək ki, bu, CAO-nun Sİ məhsullarından istifadəyə məhdudiyyətlər qoyduğu ilk hal deyil. 2023-cü ildə qurum “ChatGPT”yə məhdudiyyətlər qoyub və müəyyən tapşırıqlar üçün yalnız “OpenAI”ın ödənişli versiyasından istifadəyə icazə verib. Həmçinin ötən ilin aprelində əməkdaşlara “Microsoft Copilot”dan istifadə etmək qadağan edilib.

  • COVID-19-dan ölüm riskini artıran xəstəliklər açıqlanıb

    London Universitet Kollecinin (UCL) və Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, nadir xəstəlikləri olan insanlarda COVID-19-dan sonra ölüm riski daha yüksəkdir.

    Tədqiqatın nəticələri “The Lancet Digital Health” jurnalında dərc edilib.

    Araşdırmaçılar nadir xəstəliklərin yayılmasını və əlaqəli riskləri öyrənmək üçün genişmiqyaslı elektron tibbi qeydlərdən istifadə ediblər. Ümumilikdə 58 milyon insanın məlumatları təhlil edilib.

    Alimlər müəyyən ediblər ki, nadir xəstəlikləri olan insanlarda koronavirusa yoluxduqda ölüm riski ümumi əhaliyə nisbətən təxminən beş dəfə daha yüksəkdir. Qeyd olunub ki, ölüm riski tam peyvənd olunmuş şəxslərdə də qalır.

    Əlavə olaraq alimlər geniş yayılmış patologiyalar və COVID-19 keçirdikdən sonra ölüm ehtimalı arasındakı korrelyasiyanı təhlil ediblər. Bu riski ən çox artıran xəstəliklər arasında sonsuzluq və böyrək xəstəlikləri olub.

  • Paşinyan Minsklə əlaqələr haqqında: “Hazırda münasibətlərimiz qeyri-aktivdir”

    Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Belarus münasibətlərinin hazırkı vəziyyətini “qeyri-aktiv” kimi xarakterizə edib.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, hökumət başçısı bu barədə mətbuat konfransında jurnalistin ikitərəfli əlaqələrin perspektivləri barədə sualını cavablandırarkən danışıb.

    “Bəli, bilirsiniz ki, hazırda münasibətlərimiz qeyri-aktivdir”, – deyə o, jurnalistin müvafiq sualına cavab verib.

    Bununla belə, o, diplomatik münasibətlərin kəsilməsi ehtimalını proqnozlaşdırmayıb.

    Qeyd edək ki, bundan əvvəl Paşinyan Belarus lideri Aleksandr Lukaşenkonu hərbi əməliyyatlar zamanı Azərbaycanı dəstəkləməkdə günahlandırıb və Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsinin bu ölkəyə getməyəcəyini bəyan edib.

  • Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi

    Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6 700 manat dəyərində xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, 2023-ci ilin dekabrında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

    Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67.2 kvadratmetr sahəsi olan mənzil üçün 2024-cü il avqustun 13-də 101 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

    Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Abbas Hətəmov özünü törədilmiş cinayətlərdə təqsirli bilməyib.

    Sonra ilk olaraq zərərçəkən Gültəkin Rəhimova ifadə verərək bildirib ki, 248 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ev almaq məqsədilə makler vasitəsilə birotaqlı mənzilə beh verib:

    “Bu mənzili bizə Saqi Məhərrəmov adlı makler və Aqil adlı şəxs göstərdilər. Bir gün sonra Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən “Hüseynoğlu Rezidens”ə getdik. Abbas bizi qarşılayıb liftlə ofisə qaldırdı. Orada Rauf adlı şəxs özünü müdir kimi təqdim etdi. Dörd-beş nəfər oturmuşdu orada. Aqil və Mehriban adlı şəxslərin adını bildim. Yanımda iki bacım, qaynım, oğlum və həyat yoldaşım vardı. Dedilər, ev sahibi gələ bilmir, onun qohumu qismində Mehriban adlı qadın gəldi və dedi ki, mən pulu götürməyə gəlmişəm. Abbas da orada idi. Bizə mənzilin maliyyə arayışları təqdim edildi. Evi satan adam qismində Sevinc Məmmədova və Alim Məmmədov adları keçirdi sənəddə. Biz pulu verdik, onlar da bizə xeyir-dua verib, çıxıb getdilər. Ancaq sonra məlum oldu ki, onlar getməyiblərmiş, Abbas qapıdan məlumat verdi ki, getdilər. Səhəri qaynım da həmin binadan ev almaq istədi, zəng etdik, telefonu götürən olmadı. Getdik ofisə, dedilər, burada belə adamlar yoxdur. Bircə Saqi adlı şəxsi gördük orada. O da dedi ki, burada belə adamlar yoxdur. Ondan sonra bildik ki, aldanmışıq”.

    Qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə üç il müddətinə azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir – VİDEO

    Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan şərti sərhədinin yaxınlığında yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edirlər. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.

    Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

    Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

  • “Sumqayıt” iki futbolçusu ilə yollarını ayırıb

    “Sumqayıt” klubu iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

    Bu barədə klubun rəsmi “Facebook” hesabında paylaşım edilib.

    Bildirilib ki, Kristian Velinovski və Nikola Vuynoviç ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

  • “Roşka” ləqəbli tiktoker yenidən HƏBS EDİLDİ

    “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə yenidən həbs edilib.

    O, canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl də 45 sutka həbs edilmişdi.