Month: Yanvar 2025

  • Azərbaycanda iki yeni radio açılır

    Yanvarın 31-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

    Bu barədə Şuradan məlumat verilib.

    Bildirilib ki, iclasda bir sıra məsələlərə baxılıb.

    İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı – “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə “Bakı Teleqüllə Kompleksi”ndən 88.7 MHs radiotezliyi “Pro Media Group” MMC-nin, 92.5 MHs radiotezliyi isə “Broadcast Media” MMC-nin istifadəsinə ayrılıb.

    Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən “İdeal TVNet” MMC-yə (operator xidmət adı: “İdealnet”) sadə platforma operatoru, “Azeuronet” MMC-yə (operator xidmət adı: “Azeuronet”) universal platforma operatoru, “TV1 Media” MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: “TV1”) lisenziyaları verilib.

    İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında “Beeonline” ASC-yə, “Global Technology” MMC-yə və “Qafqaznet” MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

  • Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb

    Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb.

    Bu barədə “Report”a Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasından məlumat verilib.

    Bildirilib ki, komissiya öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır, araşdırmalar zamanı Azərbaycan informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub.

    Qeyd edilib ki, manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən olunub.

    Komissiyanın açıqlamasında bildirilib ki, kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. “Nə var, Nə yox?”, “Bizim Azərbaycan”, “Azerbaijan Daily”, “Xəbərlər və Hadisələr”, “Yerli media” və sair adlar altında fəaliyyət göstərən səhifələri nümunə kimi göstərmək olar.

    Misal olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi ilə bağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin “xəbər” resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmış tapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldığı aşkar olunub.

    Təhlillər nəticəsində müəyyən olunub ki, digər bir taktika təyyarə qəzası ilə bağlı Azərbaycan vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Prezidentinin və Azərbaycanın Xarici İşlər Nazirliyi adından “deepfake” (Qeyd: süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar.

    Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşları diqqətli olmağa çağırır, cəmiyyətimizi məqsədli və zərərli məlumatlardan qorumaq üçün ölkəmizlə bağlı aparılan dezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları, təbliğat formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlar yayır.

    Diqqətə çatdırılıb ki, komissiya aidiyyəti dövlət qurumları ilə birgə bu cür informasiya əməliyyatlarının qarşısının alınması istiqamətində fəaliyyətini daha da artıracaq.

  • AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb

    Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla, son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2 002 kilometr və ya 12 dəfəyədək artıb.

    Bu barədə “Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Bildirilib ki, 2004-cü ildə ölkədə I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 187 kilometr təşkil edirdi.

    Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 kilometr təşkil edir.

    Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edən Şimal-Cənub və Şərq-Qərb (İpək yolu) magistral avtomobil yolları birinci texniki səviyyədə yenidən qurulub, yol üzərində tikilmiş müxtəlif səviyyəli qovşaqlar hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib və bütün dəhlizlər vasitəsilə 2024-cü il ərzində 7 milyon tondan çox yük daşınıb.

  • İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb

    İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

    Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

    Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: “Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq”.

    Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

  • Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək

    Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

    Onun sözlərinə görə, hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

    Xidmət rəsmisi qeyd edib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir:

    “Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır”.

  • Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq

    Rusiyanın Bali adasındakı Denpasar şəhərində Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    “İndoneziya ənənəvi olaraq çoxlu sayda rusiyalı turistləri cəlb edir, onların hüquq və qanuni maraqlarının qorunması üçün yaxın vaxtlarda Denpasarda Rusiyanın Baş Konsulluğu fəaliyyətə başlayacaq”, – diplomat qeyd edib.

  • “Lion” yeni baş məşqçisini açıqlayıb

    Fransanın “Lion” komandasının yeni baş məşqçisi müəyyənləşib.

    Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Komanda Paulu Fonsekaya tapşırılıb. O, bu postda Pyer Sajı əvəzləyib.

    Qeyd edək ki, “Lion” Liqa 1-də 30 xalla 6-cı pillədə qərarlaşıb. Komanda Avropa Liqasında 15 xalla 6-cı olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.

  • Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şərq rayonlarda az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

  • Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) pambıq mahlıcının keyfiyyətinin müəyyən edilməsi və təsnifatı ilə bağlı üç yeni dövlət standartını qəbul edib.

    Bu barədə AZSTAND məlumat yayıb.

    Bildiriblib ki, bunlar AZS 965:2024 (O’z DSt 3295:2018) “Pambıq mahlıcı. Təsnifat cihazlarının köməyi ilə fiziki-mexaniki xassələrin müəyyən olunması üçün standart sınaq metodları”, AZS 969:2025 (O’z DSt 632:2021) “Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları” və AZS 154:2025 “Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları”dır.

    Məlumata görə, qəbul edilən dövlət standartları pambıq mahlıcının rəngi, tullantı səviyyəsi, mikroneyr göstəricisi, yuxarı orta uzunluğu, uzunluq bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı kimi göstəricilərinin təsnifat cihazları vasitəsilə qiymətləndirilməsini müəyyən edir. Həmçinin, standartlaşdırılmış alətlər (SITC) vasitəsilə nepslərin (düyünlərin), polyarizasiya işığında pambıq nümunələrinin və havakeçirmə qabiliyyətinə əsasən yetişkənlik əmsalının təyin edilməsi metodlarını da əhatə edir.

    Sözügedən standartlar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərən “Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirə olunub və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
    //report