Month: Yanvar 2025

  • Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutuldu

    1995-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib:

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib”.

  • Norveç Rusiya ekipajlı gəmini həbs etdi (SƏBƏB)

    Norveç polisi Baltik dənizində Latviya və İsveç arasında yerləşən optik lif kabelinin zədələnməsində iştirak etməkdə şübhəli bilinən rus ekipajlı bir gəmiyə həbs qoyub.

    Qaynarinfo xəbər verir ki,bu barədə Polisin açıqlamasında deyilir.

    Norveç hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, gəmi Latviya hakimiyyətinin hüquqi sorğusu və məhkəmə qərarı əsasında saxlanılıb.

    Həbs edilən “Silver Dania” gəmisi Norveçdə qeydiyyatdan keçib və Norveç şirkətinə məxsusdur. Gəmi Sankt-Peterburq və Murmansk arasında hərəkət edir. Gəminin ekipajı rusiyalılardır.

    Gəmi cümə axşamı saat 21:00 radələrində polis rəhbərliyi altında aparılan əməliyyat zamanı Norveç sahil mühafizəsinə məxsus “KV Bison” gəmisi tərəfindən saxlanılıb.

    Saxlanılma anında gəmi Norveçin iqtisadi zonasındakı Troms bölgəsi sahillərində olub. Cümə günü səhər gəmi Troms limanına gətirilib.

    Polis gəmidə axtarış, dindirilmə və sübutların toplanması əməliyyatını həyata keçirir. Məsələ barədə Norveç Polis Təhlükəsizlik Xidməti (PST) məlumatlandırılıb.

    Xatırladaq ki, Baltik dənizində sualtı optik lif kabelinin zədələnməsi ilə bağlı mümkün diversiya araşdırmasının mərkəzində “Vezhen” adlı yük gəmisi olub. Gəmi, yanvarın 26-da, bazar günü, Qrinviç vaxtı ilə saat 00:45-də həmin ərazidən keçib.

    İsveç prokurorluğu Baltik dənizində gəminin saxlanılması üçün order verib. Yanvarın 27-də, bazar ertəsi, İsveç hakimiyyət orqanlarının nümayəndələri saxlanılan gəminin göyərtəsinə daxil olublar.

  • Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

    Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında (Albert Aqarunov küçəsi) aparılacaq təmir işləri ilə əlaqədar fevralın 1-dən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

    Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.

  • Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəlib

    Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib.

    Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

    Xatırladaq ki, səfir sabahdan etibarən vəzifəsinin icrasına başlayacaq.

  • Paşinyan: “Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır”

    “Ermənistan tərəfi ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq danışıqlar formatının buraxılmasına razılıq verməyə hazırdır”.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

    “ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Lakin biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk qrupunun buraxılması eyni məna daşıyır”, – deyə o bildirib.

  • Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər 1 fevral 2025-ci il saat 11:00-da satışa çıxarılacaq.

    Bu barədə AYNA-dan bildirilib.

    Bildirilib ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.

    Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada biletim.az portalı üzərindən əldə edilir.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 883 reys həyata keçirilib, 42 378 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir

    Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir.

    Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edək ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan, Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

    Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmayıb. 12 millik ərazi sularına daxil olduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.

    Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşlar olmaqla, ümumilikdə 24 nəfər olub.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflə Ankara və Moskva səfirlikləri vasitəsilə aparılan danışıqlarda müsbət irəliləyişlər müşahidə olunub.

  • Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, H.Mirzəyev küçəsində yerləşən “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.

    Yoxlama zamanı qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.

    Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

  • Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı

    Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini daha altı ay uzadır.

    Median.Az-ın “Myanmar Digital News” portalına istinadla məlumatına görə, qərar ölkənin hərbi hökuməti tərəfindən elan edilib.

    “Ümumi seçkilərin uğurla keçirilməsi üçün hələ çox işlər görülməlidir. Əsasən, azad və ədalətli ümumi seçkilərin keçirilməsi üçün sabitlik lazımdır”, – deyə bəyanatda bildirilib.

    Qeyd edək ki, Myanmada fövqəladə vəziyyət rejimi 2021-ci ilin fevralından qüvvədədir. Həmin vaxt Myanmada hərbçilərin parlament seçkisinin nəticələri ilə razılaşmaması səbəbindən hərbi çevriliş baş verib. 2024-cü ilin avqust ayının əvvəlində Myanmada hərbi rejimə qarşı mübarizə aparan silahlı qruplaşmalar Şan ştatında silahlı qüvvələrin şimal-şərq regional komandanlığının qərargahını ələ keçiriblər. Bundan sonra sosial şəbəkələrdə və KİV-də dövlət çevrilişi barədə məlumatlar yayılmağa başlayıb. Lakin hakimiyyət bu məlumatı təkzib edib və hökumətin birgə səylərlə öz vəzifələrini yerinə yetirməyə davam etdiyini bildirib.

  • Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər

    İki dost pabda yeyib-içdikdən sonra parkda oturan ər-arvadı döyüblər. Heç bir səbəb olmadan onlara yaxınlaşaraq, gecə vaxtı parkda oturmaqlarına irad bildiriblər. Əvvəlcə özlərini polis kimi təqdim ediblər.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilənlər 36 yaşlı Orxan və 30 yaşlı Rafiqdir.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər heç bir səbəb olmadan parkda əyləşən ər-arvad olan Günay və Röyala yaxınlaşaraq, gecə saatlarında orada olmalarına irad bildiriblər. Mübahisə zamanı qadını və ərini yumruq və təpiklə vuraraq, bədən xəsarətləri yetiriblər. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və həbs ediliblər.

    Onlar “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Bermud Pub”da yeyib-içdikdən sonra səki ilə gedən zaman ər-arvadı görüblər.

    Təqsirləndirilən Orxan ifadəsində deyib ki, həmin zaman Röyalın Günayı döydüyünü görüblər. Buna görə də müdaxilə ediblər.

    “Dedim ki, küçədə bu hərəkəti etmək doğru deyil. Oğlan dedi ki, öz arvadıdır, özü bilər. Mən də dedim ki, arvadındırsa, evdə döy. Amma arvadı dedi ki, onu evdə də döydüyü üçün qaçıb. Onların ər-arvad olduqlarına inanmadıq. Röyal üstümüzə gəlib mübahisə etməyə başladı, əl-qol atdı. Sonra qadın qışqırmağa başladı. Mən qadını vurub qışqırmamasını istədim. Röyal Rafiqin üstünə hücum etdi. Rafiq də onu vurdu. Səs-küyə qonşular çıxdı. Biz oradan qaçdıq. Sonra bildik ki, polisə şikayət ediblər”, – deyə Orxan ifadəsində bildirib.

    Məhkəmədə dindirilən zaman Rafiq də Orxan kimi eyniməzmunlu ifadə verib.

    Hər iki şəxs bildirib ki, əməllərindən peşmandırlar və zərərçəkmiş ər-arvadla barışıblar. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş ediblər.

    Zərərçəkmişlərin ifadələrindən isə hadisənin başqa təfərrüatları ortaya çıxıb.

    Röyal deyib ki, həyat yoldaşı ilə parkda oturan zaman iki nəfər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər:

    “Bizdən nikah şəhadətnaməsi istədilər. Günay gətirmək üçün evə getmək istədi. Amma Orxan buna imkan vermədi. Günayın sifətindən vurdu. Mən Günaya yaxınlaşmaq istəyəndə Rafiq də məni vurdu. Səs-küyə camaat gəldi. Bir qadın qışqıraraq hadisəni telefonla çəkdiyini dedi. Bunu eşidəndə onlar qaçdılar”,- deyə zərərçəkmiş ifadəsində qeyd edib.

    Məhkəmədə zərərçəkmiş ər-arvad təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər.

    Məhkəmə hər iki şəxsin ilk dəfə cinayət əməli törətmələrini, zərərçəkmiş şəxslərlə barışdıqlarını nəzərə alaraq onlara yüngül cəza verib. Həbsdə olan hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.