Month: January 2025

  • Boğazında badam qırıntıları qalan körpə öldü

    Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdaş şəhərində qeydə alınıb.
    Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.
    2 yaşlı körpənin nəfəs borusunda badam qırıntıları qaldığı məlum olub.
    Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.
    Faktla bağlı araşdırma aparılır.

  • “ASAN Xidmət”də 10 mini götürüb qaçmışdı – 5 ay sonra tapıldı

    “ASAN Xidmət”də vətəndaşın 10 min 300 manatını götürüb qaçmaqda şübhəli bilinən şəxs 5 ay sonra tapılıb.

    “Qafqazinfo”nun məlumatına görə, aylardır gizlənən Dəniz Mustafayev polis əməkdaşları tərəfindən tutulub.
    Bu iş üzrə zərərçəkən Natiq Mustafayevdir. O, ötən ilin avqustunda saytımıza müraciət edərək pulunun qəribə yolla əlindən çıxdığı haqda şikayət etmişdi. Belə ki, Dənizlə Natiqin əvvəllər heç bir formada münasibəti olmayıb. Natiq dostlarının təkidi ilə Dənizə cəmi bir saatlıq pul verib. Dostlar söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində geri qaytarılacaq. Belə desək, zərərçəkmiş dostlarının xahişinin və yaxşılığının qurbanı olub. 
    Hadisə günü Natiq, Dəniz və dostları birgə 6 saylı “ASAN Xidmət”ə gəliblər. Pulları götürüb guya hesaba mədaxil etmək üçün aşağı mərtəbəyə düşən Dəniz oradan qaçıb.
    Natiqi Mustafayevin başına gələnlər barəsində Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə müraciət edib. Dərhal polis hərəkətə keçib, şikayət edilən şəxs axtarışa verilib.
    Bir neçə gün əvvəl Dəniz tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 
    Xətai Rayon Məhkıməsinin qərarı ilə Dəniz Mustafayev barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, ziyanı ödəyib barışıq əldə etməyəcəyi halda 5 ilə kimi həbsə məhkum edilə bilər.

  • Sərxoş halda transformatora girdi, yanaraq öldü

    Bakıda 32 yaşlı kişi yanaraq ölüb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
    Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.
    Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.
    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi (DİN) süni intellektlə bağlı xəbərdarlıq edib.

    DİN-dən verilən xəbərə görə, xəbərdarlıqda deyilir:
    “Süni intellekt texnologiyasından istifadə hallarının artdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
    Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
    Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər”.

  • Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı – FOTO

    Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarovu saxlayıb.

     
    Median.Az Kult.az-a istinadən xəbər verir ki, saxlanılan Anar Niftəliyev RG təxəllüslü məşhur reperdir.
    Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

  • Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng “adalar” tapdı

    Alimlər Yer mantiyasının dərinliklərində hündürlüyü təxminən 1000 kilometrə çatan və 2000 kilometr dərinlikdə yerləşən nəhəng “adalar” kəşf ediblər.

    Qaynarinfo “Earth” portalına istinadən xəbər verir ki, alimlər bu “adalar”ın qitə ölçüsündə olduğunu müəyyən ediblər. Onlar ətraf bölgələrdən daha isti və çox qədimdirlər – təxminən yarım milyard ildən çox yaşı olduğu güman edilir.

    Utrext Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya əsasən, Yer mantiyasında əvvəllər düşünüldüyündən daha az axın mövcuddur. Bu, mantiyanın yaxşı qarışdırılmış və sürətli axan bir sistem olması ilə bağlı ənənəvi nəzəriyyələrə meydan oxuyur.

    Tapılan nəhəng “adalar” Afrikanın və Sakit okeanın altında yerləşir. Bu bölgələrdə olan strukturlar, elm adamlarının aşağı seysmik sürətə malik böyük ərazilər adlandırdığı fenomenlə xarakterizə olunur.

    Nə aşkar edilib?

    Araşdırmanın baş müəllifi Arven Deuss bildirib ki, bu nəhəng bölgələrin mahiyyəti hələ dəqiq bilinmir:

    “Heç kim onların nə olduğunu bilmir. Onlar müvəqqəti bir hadisədir, yoxsa milyonlarla, hətta milyardlarla ildir mövcuddurlar – bu da qeyri-müəyyəndir”.

    Bölgələrin ətrafında bir zamanlar subduksiya prosesi nəticəsində Yer mantiyasına enmiş batmış tektonik plitələr mövcuddur. Tədqiqatçılar qeyd edirlər ki, aşağı seysmik sürətə malik böyük ərazilər ətraf bölgələrdən fərqli olaraq, daha yüksək temperaturlarına görə seysmik dalğaları xeyli ləngidir.

    Utrext Universitetinin alimləri seysmik dalğaları öyrənmək üçün yeni yanaşma tətbiq ediblər. Bu metod, dalğaların nə qədər ləngidiyini və Yerə nüfuz edərkən nə qədər enerji itirdiyini müəyyən etməyə imkan verib.

    Seysmoloq Sudjaniya Talavera-Sozanın sözlərinə görə, gözlənilməz bir nəticə əldə edilib:

    “Gözləntilərimizin əksinə olaraq, bu bölgələrdə zəif sönmə aşkar etdik, yəni səslər çox güclü səslənirdi. Lakin tektonik plitələrin “soyuq məzarlığı”nda sönmə daha çox idi və səslər çox zəif çıxırdı”.

    Materialların xüsusiyyətləri

    Araşdırmanın həmmüəllifi Laura Kobdenin mineraloji təhlillərinə əsasən, bu “adalar” daha iri dənəli materiallardan ibarətdir. Tektonik plitələr isə daha kiçik dənələrdən ibarətdir.

    Alimlər bu nəhəng ərazilərin tədqiq edilməsinin Yer qabığının səthində baş verən prosesləri daha yaxşı başa düşmək üçün vacib olduğunu bildiriblər. Bu, Yer daxilindəki mürəkkəb proseslər haqqında daha dəqiq təsəvvür yaratmağa kömək edəcək.

    Arven Deuss bununla bağlı deyib:

    “Yer mantiyası bütün bu hadisələri idarə edən mühərrik rolunu oynayır. Məsələn, mantiyadan çıxan böyük isti maddə qabarcıqları – mantiya plümləri – məhz bu böyük ərazilərin kənarlarında yaranır”.

  • Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)

    Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,. görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.

  • “Turan Tovuz”dan ayrılan futbolçunun növbəti klubu məlum oldu

    Altı futbolçusu ilə yollarını ayıran “Mingəçevir” heyətini “Turan Tovuz”un sabiq futbolçusu Murad Dadaşevlə gücləndirib.

    21 yaşlı yarımmüdafiəçi “Mingəçevir” klubu ilə beşaylıq müqavilə imzalayıb.

    Qeyd edək ki, Murad Dadaşev bu “Qaradağ Lökbatan”dan “Turan Tovuz”a transfer olunub. Futbolçunun bölgə klubu ilə müqaviləsinə 2024-cü ilin iyulunda xitam verilib. O, “Turan Tovuz” forması ilə cəmi bir oyunda meydana çıxıb.

  • Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi

    Böyük Britaniya Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkoya qarşı sanksiyalar tətbiq edib.

    APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

    Krallıq höküməti iddia edir ki, ölkədə keçirilən seçkilər beynəlxalq standartlara cavab verməyib.

  • Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

    Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.

    M. Əminova xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

    Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyib.

    Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.