Month: January 2025

  • Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)

    Bakının Xətai rayonunda, 8 Noyabr prospektinin yaxınlığında yerləşən park təmir olunub, amma təmizlənməyib. Təmir zamanı orada qalan tullantılar aylardır götürülmür.

    Yenicə istifadəyə verilən park hazırda zibilxananı xatırladır.
    Sakinlər istirahət üçün getdikləri parkda əl-ayaqlarına dolaşan daşlardan, beton qalıqlarından şikayətçidirlər.

    Ərazidə sakinlərin istirahət edə, səmərəli vaxt keçirə biləcəkləri şərait yaradılsa da, tullantı və artıq materiallar buna imkan vermir.  

    Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, problem gün ərzində həll ediləcək.

  • İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır

    ABŞ-ın Hökumət Effektivliyi Departamenti (DOGE) rəhbəri İlon Mask, dövlət idarəçiliyində blokçeyn texnologiyalarının tətbiqini nəzərdən keçirir.

    Trend-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, Mask bu texnologiyanın dövlət xərclərinin daha effektiv monitorinqinə, məlumatların təhlükəsizliyinə və zəruri ödənişlərin şəffaf həyata keçirilməsinə töhfə verəcəyinə inanır. Hazırda DOGE bəzi ictimai blokçeyn platformaları ilə danışıqlar aparır.

    Dekabr ayında bu yanaşmanın imkanları Donald Trampın keçid komandasının nümayəndələri ilə müzakirə olunub. Məlumata görə, blokçeyn Maskın departamentin fəaliyyətinə təqdim etmək istədiyi texnoloji həllərdən sadəcə biri olacaq.

    Donald Tramp daha əvvəl bildirib ki, DOGE, Ağ Ev ilə əməkdaşlıq çərçivəsində “məsləhətlər və təlimatlar təqdim edəcək”. NBC News-a görə, adından fərqli olaraq, DOGE federal hökumət daxilində tam hüquqlu bir departament statusuna malik olmayacaq.

  • ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər

    ABŞ Prezidenti Donald Trampın administrasiyası təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Meksika ilə sərhədə minlərlə hərbçi və zirehli texnika göndərə bilər.

    APA xəbər verir ki, bu barədə “The Washington Post“ Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

    “Vaşinqton rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq “Stryker” döyüş maşınları ilə təchiz edilmiş piyadalar göndərməyə hazırlaşır”, – məlumatda deyilir.

    Nəşrin məlumatına görə, Meksika ilə sərhədə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının şəxsi heyəti də daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçi göndəriləcək.

  • Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib

    Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı mediada yayımlanan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib.

    Regional idarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.

    “Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

    Qeyd edirik ki, Oğuz rayonunun şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinin yalnız idman zalının yerləşdiyi binanın fasadına vurulmuş üzlük daşlarının bir hissəsi tökülüb. Həmin korpusun təmiri məqsədilə aidiyyəti üzrə müraciət edilib”.
    Bildirilib ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

  • Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb

    Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

    İlkin məlumata görə,”TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

    Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

    Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bunu etsəniz, daha az yemək yeyəcəksiniz

    Tədqiqat zamanı alimlər məhsulun etiketində göstərilən hansı məlumatların bu məhsulların istehlakını dayandırmağa kömək etdiyini aşkar ediblər.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda edilən bir araşdırma, kalori etiketinin kalori qəbulunu orta dərəcədə azalda və alış-veriş vərdişlərinə təsir göstərə biləcəyini göstərib.

    Yeni icmal, hazırda məhdud məlumatın mövcud olduğu kalori etiketinin, xüsusən də spirtin uzunmüddətli təsirlərini daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatların vacibliyini vurğulayır. O, həmçinin piylənməyə, ürək xəstəliyi, şəkərli diabet və xərçəng kimi qeyri-infeksion xəstəliklərə səbəb olan qida çatışmazlığı ilə bağlı qlobal sağlamlıq problemlərinə diqqət yetirir.

    Bu xəstəliklər hər il, xüsusilə, həssas qruplar arasında milyonlarla insanın ölümünə səbəb olur və səhiyyə sistemlərinə böyük yük qoyur. Bir çox insanın sağlam həyat tərzi sürmək istəyinə baxmayaraq, xarici amillər çox vaxt onların səylərinə mane olur.

    Daha sağlam qidalanmağı təşviq etmək üçün təklif olunan həll yollarından biri kalori etiketi, qida paketləri və menyulardakı məcburi qidalanma məlumatlarıdır. Bu məsələyə artan marağa baxmayaraq, spirtin etiketlənməsi onun əhəmiyyətinin tanınmasına baxmayaraq hələ də nadirdir.

    18 sınaq da daxil olmaqla 25 araşdırmaya əsaslanan araşdırma, kalori etiketinin həm uşaqlarda, həm də böyüklərdə, xüsusən də qidalarda və sərinləşdirici içkilərdə kalori qəbulunu bir qədər azaltdığını müəyyən edib.
    Təxminən 10.000 insanın iştirak etdiyi 16 randomizə edilmiş nəzarətli sınaqlara əsasən, kalorili etiketləmə qida və içki istehlakını hər yemək üçün 11 kkal azaldır. Əsasən ABŞ-da aparılan 6 tədqiqat, kalori qəbulunun 14 ilə 73 kkal arasında azaldığını müşahidə edib və bu, Böyük Britaniyada da təsdiqlənib.

    Qida qəbulu hər yemək üçün orta hesabla 35 kkal azalıb (təxminən 5,9%), lakin tədqiqatların məhdud təbiəti və qısa müddətə malik olması səbəbindən sübutların keyfiyyəti aşağı olaraq qalıb. Kalori etiketinin təsiri restoranlar, kafeteryalar və supermarketlər kimi real mühitlərdə oxşar idi. Lakin, laboratoriya tədqiqatlarında və daha yüksək sosial-iqtisadi statusu olan iştirakçılar arasında təsir bir qədər güclü olub.

  • Kaya Kallas Azərbaycana səfər edəcək

    Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

    Bu barədə özəl olaraq Trend-ə Brüsseldəki mənbə məlumat verib.

    “Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, – mənbə əlavə edib.

    Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

  • Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək – Pul ayrıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala rayonunda yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılır.

    Trend-in əldə etdiyi məlumata görə, həmçinin rayon ərzisində bina və fərdi yaşayış evlərinin bərpası işləri də həyata keçiriləcək.
    Belə ki, artıq bununla bağlı nazirlikdə rayon ərazisində 34 ədəd fərdi yaşayış evlərinin tikintisi, 9 ədəd çoxmənzilli binanın bərpası və 1 ədəd fərdi yaşayış evinin bərpası işləri start götürüb.
    Nazirlik sözügedən işlərin icrasını “FİM Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
    Müqaviləyə əsasən, MMC-yə 3,9 milyon manat ödənilib.
    Qeyd edək ki, rayonda bəhs olunan işlərin icrasının həvalə olunduğu “FİM Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.

  • ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır

    ABŞ ərazisinə qanunsuz daxil olan miqrantlar hərbi təyyarələrlə ölkədən hər gün deportasiya ediləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində bildirib.
    Homan qeyd edib ki, bu uçuşlar miqrantların deportasiyası üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin qanunsuz miqrantlara problemin həlli üçün başqa bir variant – könüllü getməyi təklif edib.
    “Əgər siz ölkədə qanunsuz olarsınızsa, biz sizinlə məşğul olacağıq, çünki bu ölkənin qanunlarını pozmaq olmaz. Siz başa düşməlisiniz ki, bu ölkənin sərhədini qanunsuz keçməklə qanunu pozursunuz. Beləliklə, ölkədə qanunsuz olarsınızsa, sizin problemləriniz var. Ümid edirəm ki, belə insanların hamısı gedəcək”, – rəsmi şəxs vurğulayıb.
    Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək. Daha əvvəl respublikaçı dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrantların məcburi deportasiyası lehinə çıxış edib.

  • Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü

    Bərdədə qadın dərmandan zəhərlənərək ölüb.

    Median.Az-ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində baş verib.

    Hüseynova Yeganə Araz qızı yanvarın 22-də çoxsaylı təzyiq dərmanı qəbul edib.

    Görülən tibbi müdaxilələrə baxmayaraq qadın yanvarın 24-də müalicə aldığı Bərdə rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində ölüb.

    Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən “Təzə bazar” adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.