Month: Yanvar 2025

  • Mariya Zaxarova: “Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq”

    “Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə ixracı 80% azalacaq, onilliklər ərzində qurulan ticarət zəncirləri pozulacaq”.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    Rusiya rəsmisi bildirib ki, Aİİ-yə üzvlük Ermənistana ciddi iqtisadi səmərə verir və rəsmi İrəvanın özü də dəfələrlə bu məsələni təsdiq edib.

    “Bu məqam Lavrovla Mirzoyan arasında Moskvada keçirilən görüşdə müzakirə olunub. Təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb”, – deyə M.Zaxarova əlavə edib.

  • Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi – VİDEO (YENİLƏNİB)

    “Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan Ülviyyə Məmmədli Bərdədən atası evinə bir neçə günlük qonaq gəlibmiş”.

    Bunu oxu.az-a açıqlamasında Ağcabədi rayonu Hindarx qəsəbəsinin icra nümayəndəsi Elgün İsmayılov deyib.

    O bildirib ki, Ülviyyə Şamiq qız Məmmədlinin hər iki övladı hadisə nəticəsində həyatını itirib:

    “Uşaqlardan biri 2018-ci il, digəri isə 2015-ci il təvəllüdlüdür. Hadisə zamanı Ü.Məmmədlinin həyat yoldaşı Bərdə şəhərində olub. Hazırda Ülviyyə Məmmədli və onun qardaşı uşağı xəstəxanadadır. Xəstəxanada olan uşağın sözlərinə görə, əl qumbarası zibillikdən tapılıb”.

    * * * * *

    “Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayışda xəsarət alan iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

    Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

    Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

    Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    * * * * *

    Ağcabədidə evdə qumbara partlayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

    Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, iki nəvəsi və gəlini həyatını itirib. Onların üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.

    Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

    * * * * *

    Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində beş nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsi baş verib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

    * * * * *

    Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.

    Qeyd edək ki, yaralıların sayı 3-ə çatıb.

    * * * *

    Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

    Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıblar.

    Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək

    Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün bu axşam Bakıya gələcək.

    Bu barədə oxu.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Qeyd edilib ki, yeni səfir sabahdan etibarən vəzifəsinin icrasına başlayacaq.

  • Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı – VİDEO

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun bir müddət əvvəl narkotikləri kultivasiya yolu ilə yetişdirib satış məqsədi ilə özündə saxladığı müəyyən olunub.

    Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş….

    Xəbər verdiyimiz kimi, tanınmış müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib və küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb.

    Azxeber.com-un əldə etdiyi məlumata görə, sənətçiyə qısa zaman bundan öncə böyrək transplantasiyası (köçürülməsi) əməliyyatı icra olunub.

    Nazimin səhhəti ilə bağlı danışan yaxın dostu müğənni Ceyhun Bakinski məlumatı təsdiqləyib:

    “Mən də xəbəri mətbuatdan oxumuşam. Hələ heç kəs ilə əlaqə saxlaya bilmirəm. Telefonlara heç kəs cavab vermir. O bir müddət öncə böyrək köçürmə əməliyyatı olunub”.

    Qeyd edək ki, müğənni ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişiyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

    30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”.

  • Bir qrup gəncə Prezident mükafatları verildi

    Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilir:

    Ağalarov Mircavid Elşad oğlu

    Əjdərli Aytac Ceyhun qızı

    Əzimov Rüstəm Bakir oğlu

    Hacıbəyli Rafael Siyavuş oğlu

    İsrafilova Fatimə Seymur qızı

    Məhərrəmova Şövkət Fikrət qızı

    Məmmədzadə Vüqar Əbdüləli oğlu

    Muradova Jalə Tərlan qızı

    Nuruzadə Ömər İman oğlu

    birgə fəaliyyətə görə:

    Abdullayev Nihat Rauf oğlu

    Əliyeva Ləman Əhəd qızı.

  • DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib.

    Nazirliyin yaydığı müraciətdə bildirilib ki, onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir.

    Məlumata görə, süni intellektin köməyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olur:

    “Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə, mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz. Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin. Kartınızın təhlükəsizliyi öz əlinizdədir!” – deyə çağırışda qeyd olunub.

  • Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Həcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, ilk olaraq təqsirləndirilən şəxs Həcər Hüseynovanın vəkili 126.2.3-cü maddənin 126.1-ci maddəyə tövsif edilib ona şərti cəza verilməsini məhkəmədən xahiş edib. Sonra hakim Həcər Hüseynovaya son söz verib. Həcər Hüseynova zərərçəkmiş şəxsdən bağışlanmasını istəyərək ona şərti cəza verilməsini istəyib.

    Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Valeh Ələkbərov Həcər Hüseynovanın 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

    Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, Həcər Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib və onun cəzası 2024-cü ilin avqust ayından hesablanıb. Həmçinin zərərçəkmişin mülki iddiası qismən tətbiq edilərək təqsirləndirilən şəxsə 3200 manat ziyan ödəmək barəsində qərar qəbul edilib.

    Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

    Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Belə ki, Həcər Hüseynova Olimpiya kompleksinin ətrafında avtomobildə Azər Ağayevin üzərinə yandırıcı maddə – turşu (kislota) tökərək onun bədəninin 30-35 faizini yandıran hərəkətlər edib. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib. İttiham aktına görə, onlar sevgili münasibətində olublar. Azər Ağayevlə Həcər Hüseynovanın dünyasını dəyişən əri Mehdi Hüseynov qohum olublar. Mehdi dəfələrlə Həcərə bildirib ki, onun Azərlə sevgi münasibəti var. İstintaqla da sübut olunub ki, həqiqətən, Azər Həcərlə onların evinin hamamında cinsi əlaqədə olub.

  • İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı

    2023-cü il oktyabrın 7-dən İsrail ordusu HƏMAS-la hərbi toqquşmalar nəticəsində 842 hərbçisini itirib.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

    İsrail ordusunun son məlumatına görə, daha bir hərbçi ötən gün İordan çayının Qərb sahilində döyüş əməliyyatları zamanı həlak olub.

  • Azərbaycan hərbçiləri “Qış təlimi – 2025″də yüksək peşəkarlıq nümayiş etdirirlər

    Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025″də iştirak edən Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.

    Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

    Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

    Çoxmillətli “Qış təlimi-2025″də bölmələrimiz Azərbaycanı layiqincə təmsil edirlər.