Month: February 2025

  • Yasamalda ƏMƏLİYYAT: 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb

    Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

    Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı araşdırmalar aparılır.

    Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

  • Maskdan NATO ilə bağlı çağırış

    ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask NATO-nu yenidən qurmağa çağırıb.
     
    Median.Az xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkədə paylaşım edib.
     
    “NATO-nu yenidən tamamilə formalaşdırmağa ehtiyac var”, – deyə o, rəhbəri olduğu X şəbəkəsində Yuta ştatından olan senator Mayk Linin paylaşımını şərh edərkən bəyan edib. Qeyd edək ki, senator “soyuq müharibə başa çatandan” sonra NATO-nu anaxronizmə çevrilmiş alyans adlandırıb.
     
    Ötən ilin mart ayında Mask sərmayəçi Devid Daksın NATO-nun nüfuzunu itirdiyi və ləğv olunmağa ehtiyac olduğu ilə bağlı fikrini bəyənmişdi.
     
    “Doğrudur. Həmişə NATO-nun mövcud olmasına təəccüblənmişəm, bir halda ki, onun rəqibi və mövcud olma səbəbi olan Varşava paktı ləğv olunub” – deyə Mask X sosial şəbəkəsində qeyd edib. Onun bu bəyanatı bir çoxları tərəfindən tənqid olunub.

  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu

    Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən stasionar postunda Elvin Əsədullayevin idarə etdiyi VAZ markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

    Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Əsadullayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

  • Qanunsuz sərnişin daşıyan taksi sürücüləri – 5 sutkalıq həbs olundu

    Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qanunsuz taksi fəaliyyəti göstərən iki sürücü həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, taksi fəaliyyəti göstərən 30 yaşlı A.Məmmədov və 33 yaşlı M.Rüstəmov Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların taksi tanıma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olması, sərnişinlərin gediş-gəlişinə mane olaraq ictimai qaydanı pozması bildirilib. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib.

    Həmçinin qeyd edilib ki, həmin sürücülər barəsində daha əvvəl ümumilikdə 22 dəfə tənbeh tədbiri görülsə də, əməllərinə davam edirlər.

    Saxlanılan sürücülər Xəzər Rayon Məhkəməsinə göndərilib. Onların hər ikisinə 5 sutka inzibati həbs cəzası verilib.

  • Bakıda kişi özünü asdı

    Bakıda intihar olub.

    Median.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

    34 yaşlı Abdullayev Firdovsi Bəkulla oğlu yaşadığı evdə özünü asıb.

    İntiharın hansı səbəbdən baş verməsi bəlli deyil.
    Faktla bağlı araşdırma aparılır.//lent.az

  • Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır – Kobaxidze

    Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

    Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobazidze Dubaya səfəri zamanı jurnalistlərə deyib.

    Onun sözlərimə görə, bu, çox vacibdir və hər iki ölkəyə sərf edir.

    İ.Kobaxidze bu istiqamətdə qatarların hərəkətinin bərpa ediləcəyi mümkün tarixi açıqlamayıb.

  • Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub

    Fevralın 12-də Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə yaradılan III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası keçirilib. Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.

    Median.Azın AZƏRTAC-a istinadla xəbərinə görə, iclasda qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

    Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan hökumətinin dəvəti əsasında iştirakları gözlənilir.

    İclasda idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.

    Azərbaycan Prezidentinin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

    Sonda Təşkilat Komitəsinin sədri Samir Şərifov Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman sahəsində Birinci Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və digər böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyini qeyd edərək, III MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi üçün səfərbər olmağın zəruriliyini Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.

  • Əfv Komissiyasının ilk iclası keçirildi, 100-dən çox müraciətə baxıldı (YENİLƏNİB)

    ​​​​Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

    Median.Az xəbər verir ki, iclasda müraciətlərə baxılıb.

    Komissiya üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri, Əfv Komissiyasının sədri Samir Nuriyev açıb. İclasda 100-dən artıq müraciət müzakirə olunub: 

    “Bunlar əsasən ağır cinayətlər, eləcə də ölüm işlərində məhkum olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə olunaraq münasibət bildirildi. Komissiya üzvlərinin, administrasiyanın müvafiq şöbələrinin və hüquq-mühafizə orqanlarının rəyləri dinlənildi. Səsvermə nəticəsində qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək”.

    Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.//qaynarinfo

  • Yüksək vəzifə təyinat alan Elnur Bağırov kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

    Elnur Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.

    1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

    Əmək fəaliyyətinə 1995-ci ildə başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.

    2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

    Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

    Ailəlidir, 2 övladı var.

  • Beynəlxalq axtarışa verilmiş 7 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

    Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib.

    Baş Prokurorluqdan apa-ya verilən xəbərə görə, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əliyev Səid Azər oğlu, Orucov Artur Şair oğlu, Əliyev Emil Əhliman oğlu, Dehqani Zaur Əhməd oğlu, Səfərli Nahid Rasim oğlu, Mikayıllı Ədil Natiq oğlu və Məmmədov Elmir İmamverdi oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

    Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.