Month: February 2025

  • Gəncədəki bu qanunsuz tikili söküldü – VİDEO

    Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində, Yevlax-Gəncə avtomobil yolunun yaxınlığında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə qurum tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

    Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

  • Qarlı hava 165 nəfəri xəstəxanalıq oldu

    Qarlı havada 165 nəfər xəsarət alıb.

    Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.

    Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

    Qeyd edilib ki, onlardan 13 nəfərinə cərrahi müalicə tətbiq olunub.

  • İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirildi

    İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

    “Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib”, məlumatda deyilir.

  • Samuxda oğul 84 yaşlı atasını baltaladı – YENİLƏNİB

    Samuxda oğlunun baltaladığı kişi danışıb.

    Unikal-a açıqlama verən Asif Zeynalov bildirib ki, gecə yatan zaman oğlu onu baltalayıb.

    “Mən yatmışdım, birdən gördüm mənə balta dəydi. Məndə tez qalxdım. Gördüm ki, vuran oğlumdur. Mənə dedi ki, yaxşı eləyib vurmuşam. O, hadisədən sonra çıxıb getdi.

    Oğlum ruhi-əsəb xəstəsidir. Bakı şəhərində Maştağada Psixiatriya Xəstəxanasınada müalicə alırdı. 5 aydır gəlib. Bir evdə yaşayırıq. Otağın birində mən, digərində isə oğlum qalır. Hər şeyini mən alıram. Pul istəyəndə vermişəm. Pulu olan kimi araq alıb içir. Oğlum son zamanlar pis vərdişlərə qurşanıb”.

    A.Zeynalov qeyd edib ki, oğlu ailəli olub.Bir neçə il bundan əvvəl ailəsi ondan ayrılıb.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş Eşqin Qasımov bildirib ki oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı Samux rayon polis şöbəsində araşdırmaya başlanıb. Müvafiq ekspertiza təyin edilib, həmin ekspertizaların rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

    ***

    Samuxda oğul atasına balta ilə xəsarət yetirib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.

    Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

    Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirdi

    Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.

    Hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.

    İtlər qəsəbə sakinləri – 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il təvəllüdlü Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edərək onlara xəsarət yetiriblər.

    Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

  • Badamdarda ikimərtəbəli ev yandı – VİDEO

    Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

    Evin böyük hissəsi yanğından mühafizə olunub.

  • Aptekdən 500 manat oğurluq edildi

    Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanması barədə polisə məlumat daxil olub.

    Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.

    Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən binaların birindən isə 450 manatlıq elektrik naqilini talamaqda şübhəli bilinən şəhər sakini 29 yaşlı F. Quliyev aşkar olunaraq saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Təcili yardım maşınının vurub öldürdüyü oğlan tələbə imiş – FOTO

    Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vuraraq öldürüb.

    Median.Az unikal-a istinadən xəbər verir ki, Cahangir Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsidir.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədidə yanğın – 2 nəfər tüstüdən zəhərləndi

    Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

    Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Yeni Günəşlidə odlu silah aşkarlandı

    Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumat verib.

    Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.

    Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2 avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1 patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.