Month: February 2025

  • Azərbaycanda general vəfat etdi – FOTO

    General və sabiq icra başçısı olmuş Ərziman Əliyev vəfat edib.

    Bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib.

    Qeyd edək ki, o, 2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib.

    2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

  • ABŞ Ukraynanı hədələdi: Faydalı qazıntılarla bağlı razılaşmasa, “Starlink”dən ayrılacaq

    ABŞ-ın danışıqlarda iştirak edən nümayəndələri Ukraynanın faydalı qazıntılara dair onların şərtlərini qəbul etmədiyi halda, onu İlon Maskın şirkəti olan “Starlink” peyk internet sistemindən ayırmaq imkanını nəzərdən keçirirlər.

    Bu barədə Reuters məsələ ilə tanış olan üç mənbəyə istinadən yazır.

    Nəşrin mənbələrinin məlumatına görə, ABŞ-ın nümayəndələri Kiyevə təzyiq göstərərək Ukraynanın faydalı qazıntılarına çıxış tələb edirlər. Bunun üçün təzyiq vasitələrindən biri kimi ölkənin “Starlink”dən ayrılması variantı nəzərdən keçirilir.

    “SpaceX-ə məxsus “Starlink”in Ukrayna üçün əlçatanlığının uzadılması məsələsi ABŞ və Ukrayna rəsmiləri arasında aparılan danışıqlarda gündəmə gətirilib. Bu, ABŞ-ın maliyyə naziri Skott Bessentin ilkin təklifini Ukrayna prezidenti Volodimir Zelenskinin rədd etməsindən sonra baş verib. Bu məsələ ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla Zelenski arasında keçirilən görüş zamanı yenidən qaldırılıb”.

    “Reuters”in mənbəsinə görə, görüş zamanı Ukrayna tərəfinə bildirilib ki, əgər faydalı qazıntılarla bağlı razılaşmanı imzalamasa, “Starlink” xidmətindən ayrılması qaçılmaz olacaq.

  • Nağı İmanovun ayağı topuqdan amputasiya olundu

    Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun vəziyyəti açıqlanıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunduğunu bildirib.

    “Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.

    V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:

    “Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq”.

    Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.

  • ABŞ Ukrayna müharibəsilə bağlı BMT-yə öz qətnaməsini təqdim etdi

    Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümü ilə bağlı BMT-yə qətnamə layihəsi təqdim edib. Bu sənəddə Moskvanın pislənməsi ilə bağlı heç bir ifadə yer almayıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə AP yazır.

    ABŞ-ın təqdim etdiyi çox qısa qətnamə layihəsində “Rusiya-Ukrayna münaqişəsi zamanı insanların faciəvi şəkildə həlak olması” ilə bağlı kədər ifadə edilir və “münaqişənin tezliklə başa çatması və Ukrayna ilə Rusiya arasında dayanıqlı sülhün təmin olunması” çağırışı yer alır.

    Lakin qətnamədə genişmiqyaslı işğal, Rusiyanın beynəlxalq hüququ pozması və onun aqressor dövlət olduğu barədə heç bir qeyd yoxdur.

    Moskvadakı daimi nümayəndə Vasili Nebenzya ABŞ qətnamə layihəsini açıq şəkildə alqışlayıb və onu “yaxşı addım” adlandırıb.
    Rusiya tərəfi, həmçinin, amerikalıların təqdim etdiyi qətnaməyə düzəliş əlavə edərək orada “Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəblərinin aradan qaldırılması” ilə bağlı ifadənin yer almasını təklif edib.

    Avropa İttifaqı və Ukraynanın təqdim etdiyi qətnamə layihəsində isə – ABŞ-ın uzun illər ərzində ilk dəfə olaraq həmmüəlliflər arasında olmadığı sənəddə – “Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalı”ndan bəhs olunur və Rusiyanın təcavüzünə cavab olaraq BMT Baş Assambleyasında qəbul edilmiş əvvəlki qətnamələrin yerinə yetirilməsinin vacibliyi vurğulanır.

    Bundan əlavə, qətnamədə Rusiyaya “bütün silahlı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindən dərhal, tam və qeyd-şərtsiz çıxarmaq” tələbi irəli sürülür.

    Hər iki qətnamə layihəsi Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümünə – bazar ertəsi, 24 fevrala təsadüf edir və həmin gün BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq.

    Daha əvvəl KİV ABŞ-ın ilk dəfə olaraq Rusiyanı G7-nin birgə bəyanatında aqressor adlandırmağa qarşı çıxdığını və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümü ilə bağlı bu sənəddə bu ifadənin yer almaması üçün çalışdığını bildirmişdi.

  • Futbol tarixinin ən bahalı transferi reallaşa bilər

    “Real Madrid”in vingeri Vinisius Juniorun iş yerini dəyişə biləcəyi ilə bağlı informasiyalar səngimir.

    Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı “Defensa Central” yayıb.

    Xəbərə görə, Səudiyyə Ərəbistanı rəhbərliyi sözügedən futbolçunun yerli Pro Liqada top qovmasını olduqca vacib sayır. Mənbə ərəblərin 24 yaşlı ön xətt oyunçusuna 1 milyard avro maaş qarşılığında 5 illik müqavilə, “Real”a isə futbol tarixinin ən yüksək transfer məbləğini – 350 milyon avro təklif etməyə hazır olduqlarını vurğulayıb.

    Xatırladaq ki, 2018-ci ildən “Real”da çıxış edən Vinisiusun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. “Sambaçı”nın anlaşmasındakı sərbəstqalma məbləği 1 milyard avrodur. O, 2024/2025 mövsümündə Madrid nəhənginin forması ilə bütün turnirlərdə 32 matça çıxaraq 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Bakıda DƏHŞƏT: bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

    Bakıda 4 nəfərin meyiti tapılıb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.

    Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

    Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.

    Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.

    Araşdırmalar davam etdirilir.

  • İşləyən vətəndaşların pensiyaları necə artırılacaq? (VİDEO)

    Bu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. İşləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım olacağı gözlənilir.

    Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, işləyən vətəndaşların işə başladıqdan sonra 6 ili tamam olarsa, onların pensiyasında artım iki dəfə həyata keçiriləcək. Yəni həmin şəxslərin pensiyası indeksləşdirilərək artırılır.

    6 ildən sonra işləyən vətəndaşın fərdi hesabının sığorta hissəsindəki məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.

    Məsələn, əgər vətəndaşın pensiya kapitalı 25 min manatdırsa, həmin rəqəm 72-yə bölünür və alınan məbləğ pensiyaya əlavə olunur. Bu isə imkan verir ki, əmək pensiyası alan və işləməkdə davam edən şəxslər iki dəfə artımlardan istifadə edə bilsinlər. Ümumilikdə isə əmək pensiyası hər il yanvarın 1-də indeksləşdirilir.

    Daha ətraflı “Xəzərxəbər”in videomaterialında:

  • Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

    Bununla bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

    Bəxtiyar Məmmədovun digər Sərəncama əsasən, Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilib.

  • Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq?

    Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakın qiymətlərində fərqli artım templəri müşahidə olunur. Ekspertlərin fikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Bu proses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə və hətta enməni də görmək mümkün olacaq.

    Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, o cümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənzil tapmaq olacaq?

    Məsələ ilə əmlak eksperti Elnur Fərzəliyev Trend-ə açıqlamasında deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətən ucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburən öz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:

    “Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərin Günəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həmin ərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundan əlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdə açılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmaz əmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şərait yaranacaq”.

    Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbii formada olsa da, əksər ərazilərdə süni artımlar da var.

    “Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnə binalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdə tikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəb olur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxta deyil, həmin ərazilərə üz tutur”, – deyə ekspert əlavə edib.

    Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə Trend-ə açıqlamasında qeyd edib ki, son dövrlər qiymət artımına daha çox Bakı və Abşeron ərazisi məruz qalıb:

    “Bu, Bakıdakı fiziki artım, regionlardan olan yüksək urbanizasiya ilə bağlıdır. Qiymətlərin stabil bahalaşması fonunda vətəndaşların büdcəsi imkan vermir ki, ev alışı üçün yetərli vəsaiti toplaya bilsinlər. Onlar da ipoteka, müxtəlif kredit növlərinə üz tuturlar”.

    Onun sözlərinə görə, növbəti illərdə qiymətlərin artması qaçılmaz olacaq.

    “Bəzi ərazilərdə təklif tələbdən yüksəkdir. Bunun fonunda qiymətlərin nisbətən stabil və ucuz qalması proqnozlaşdırıla bilər. Buraya ilk növbədə Xırdalan şəhəri ərazisi daxildir. Burada inşaat həcmi kifayət qədər var, təkliflərin sayı həddindən artıq çoxdur. Yol infrasturkturunun inkişafı gələcəkdə həmin ərazilərdə evlərin alışı üçün münbit şərait yaradacaq. Buraya ilk növbədə Xırdalan şəhəri və onun ətrafındakı ərazilər daxildir. Bundan əlavə Masazır qəsəbəsini də qeyd etmək olar. Üçüncü yerdə isə Sumqayıt şəhəri və Hövsan qəsəbəsidir. Burada kifayət qədər daşınmaz əmlak var. Tələbat da yüksək deyil. Bu baxımdan qiymət artımları nisbətən az olacaq”.

  • “Bybit” kriptovalyuta birjasından 1 milyard dollardan çox pul oğurlandı

    “Bybit” kriptovalyuta birjası kiberhücuma məruz qalıb, oğurlanmış məbləğ 1,46 milyard dollara çatıb.

    Bu barədə “Crypto News” portalı xəbər verib.

    Məlumata əsasən, “Bybit” “Ethereum” adlı “soyuq” pul kisələrindən birinin sındırıldığını və ondan 1 milyard dollardan çox “Ethereum” (ETH) kriptovalyutası və digər aktivlərin çıxarıldığını bildirdi.

    “Soyuq” pul kisəsi istifadəçilərə şəxsi kriptoqrafik açarları oflayn, “soyuq” anbarda saxlamağa və onlardan istənilən vaxt onlayn kriptovalyuta əməliyyatları etmək üçün istifadə etməyə imkan verən kiçik fiziki cihazdır.

    Bildirilib ki, fevralın 21-də baş verən hücum tarixdə tək bir kriptovalyuta birjasına edilən ən böyük kiberhücum ola bilər. Oğurlanmış vəsaitlərin məbləği 2024-cü ildə oğurlanmış kriptovalyutanın ümumi dəyərinin 50%-ni keçib.
    //trend.az