Month: February 2025

  • Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? – DOSYE

    Prezident İlham Əliyevin Sərəncam ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

    Median.Az Emil Qarayevin dosyesini təqdim edir:

    Emil Qarayev 1984-cü ildə Bakı şəhərində anadan olub.

    2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib.

    2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

    2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

    2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi olub. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

  • AZAL qarlı hava şəraitində uçuşları davam etdirir

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşı hava şəraitinə baxmayaraq uçuşları davam etdirir.

    Median.Az bu barədə aviaşirkətə istinadən xəbər verir.

  • Papa Fransisk taxtdan imtina edə bilər

    Papa Fransisk səhhətinə görə taxtdan imtina edə bilər.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə kardinal Canfranko Ravazi məlumat yayıb.
    Kardinal həmçinin bildirib ki, Fransisk bu il Roma Katolik Kilsəsi tərəfindən qeyd edilən Xristianlığın Yubiley İlini sona çatdırmaq istəyir.
    2013-cü ildə Papa taxtına çıxan Fransiskin 88 yaşı var.

  • İraq və Suriyanın şimalında 17 terrorçu öldürülüb

    Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyat keçirib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, “Fırat Qalxanı” bölgəsində səkkiz PKK/YPG öldürülüb.
    “Pəncə-Kilit” əməliyyatı çərçivəsində İraqın şimalında öldürülən PKK terrorçularının sayı isə doqquz olub.

  • Gündə 6 fincan qəhvə içmək bu xəstəliklərin yaranmasına SƏBƏB OLUR

    Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini artırır. 

    Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub. 
    Su, çay və qəhvə dünyanın ən məşhur içkiləridir. Onların istehlakının ürək-damar sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər yarım milyondan çox insanın (210 239 kişi və 251 383 qadın) məlumatlarını təhlil ediblər.
    Alimlər könüllüləri müşahidə edərkən bütün ürək-damar hadisələrini qeydə alıblar. Tədqiqat zamanı 11 098 iştirakçıda ürək çatışmazlığı, 33 426 nəfərdə koronar ürək xəstəliyi, 9 706 nəfərdə insult aşkarlanıb.

    Müntəzəm su istehlakının həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri riskini azaltdığı məlum olub.Bunun əksinə olaraq, həddindən artıq qəhvə istehlakı – gündə altı stəkandan çox – həm ürək çatışmazlığı, həm də koroner ürək xəstəliyi və insult riskini artırıb. Həddindən artıq çay istehlakı da ürək-damar xəstəlikləri riskini artırıb.

    Alimlər çay və qəhvənin qadınlara daha çox təsir etdiyini qeyd ediblər. Həmçinin məlum olub ki, bu içkilərin qəbul edilməsi içməli suyun qoruyucu təsirini qismən zəiflədir.
    //sfera.az

  • Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər…

    Hakimiyyət orqanları və Rusiya Mərkəzi Bankı ölkənin maliyyə institutlarına təsir göstərmək, onları köhnə dollarları qəbul etməyə məcbur etmək imkanına malik deyil.
     
    Median.Az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Maliyyə Bazarları üzrə Komitəsinin sədri Anatoli Aksakov “RİA Novosti”yə deyib.
     
    O vurğulayıb ki, belə valyutanın sahibləri bütün riskləri dərk etməli və öz üzərinə götürməlidir.
     
    Bildirilir ki, 2013-cü ildən əvvəl dövriyyəyə buraxılmış dollarları olan bəzi rusiyalılar onları dəyişdirməkdə çətinliklə üzləşiblər. Bu problemlər ötən ilin payızında üzə çıxmağa başlayıb, xaricə gedən turistlər üçün çətinlik yaradıb. Məsələn, BƏƏ, Türkiyə və bir sıra Cənub-Şərqi Asiya ölkələrində yeni əskinaslar məcburidir, köhnə pul isə yalnız əhəmiyyətli endirimlə dəyişdirilir.
     
    “Bu, Mərkəzi Bank üçün deyil, xarici valyuta əldə etmiş və indi ondan qurtulmağın o qədər də asan olmadığı ilə üzləşənlər üçün problemdir”, – Aksakov qeyd edib.
     
    O əlavə edib ki, məhdudiyyətlər çox güman ki, bu valyuta ilə bağlı bazarda qaydaları müəyyən edən Birləşmiş Ştatların hakimiyyət orqanlarından gəlir.
     
    Aksakovun sözlərinə görə, Rusiya pulla işləmək üçün yalnız öz qaydalarını müəyyən edə bilər. Odur ki, hər bir bank dollarla işləmək və ya bu təcrübədən tamamilə imtina etmək barədə müstəqil qərar vermək hüququna malikdir.

  • Novorossiysk limanında iki gəmi toqquşub

    Novorossiysk limanında iki gəmi toqquşub, onlardan biri cüzi zədələnib.

    Bu barədə adıçəkilən ölkənin təcili xidmətlərdəki mənbə məlumat verib.
    Məlumata görə, “NATİQ ƏLİYEV” tankeri “BEGONIA-S” gəmisi ilə toqquşub.
    Gəmilər bir-birindən ayrıla bilməyib və bir neçə saat dolaşıq vəziyyətdə qalıblar.
    Kapitanların verdiyi ilkin informasiyaya əsasən, tankerə heç bir ziyan dəyməyib. Bundan əlavə, quru yük gəmisinin lövbər zənciri tankerin gövdəsinə ilişib.
    Hadisə nəticəsində xəsarət alan olmayıb.
     
    ///report

  • “Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir”

    Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etmək hələ tezdir.

    Bu barədə Almaniya Kansleri Olaf Şoltz bildirib.
    “Berlinin hərbi əməliyyatları dayandırmaq üçün alman hərbçilərini göndərməyə hazır olub-olmaması indiki vaxtda müzakirə etməli olduğumuz bir məsələ deyil.
    Biz hələ atəşkəsdən çox uzağıq və beynəlxalq qoşunların, BMT qoşunlarının və ya başqa hansısa qüvvələrin orada rol oynayıb-oynamayacağı barədə heç bir məlumatımız yoxdur”, – Şoltz vurğulayıb.
     
    ///apa

  • Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verildi

    Zaqatalada qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    “Həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev Muhuma Məmmədəli oğluna isə həmin Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”, – məlumatda qeyd olunub.

  • İçdiyi viskinin şüşəsi ilə atasını öldürən şəxs cəzadan AZAD EDİLDİ

    Sabirabadda atasını döyüb öldürməkdə ittiham olunan 43 yaşlı Xəyyam Səmədovun məhkəməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailə faciəsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    İstintaq materiallarında qeyd edilir ki, Xəyyamın atası ilə mübahisələri həyat tərzinin yaratdığı gərginlik fonunda başlayıb. Övladının spirtli içkilərdən istifadəsi və digər xoşagəlməz hərəkətləri müntəzəm olaraq atası Mirtahir Səmədovun tənqidlərinə səbəb olub.

    Sonuncu mübahisə də bunun üstündə düşüb. Gecə saatlarında Xəyyam yenə viski qəbul edib və atasının tənqidlərini qəbul etmək istəməyib.

    İçkinin təsirindən özünü idarə edə bilməyərək, əvvəlcə şüşə butulka ilə, daha sonra yumruq və təpiklə atasını vurub. Nəticədə, ağır xəsarətlər alan 71 yaşlı Mirtahir Səmədov bir gün sonra xəstəxanada vəfat edib.

    Xəyyam isə iki gün sonra həbs edilib. Ona qarşı ehtiyatsızlıqdan adam öldürmə (sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) maddəsi ilə ittiham elan edilib.

    Amma ilkin istintaq zamanı keçirilən tibbi ekspertizalar Xəyyamın cinayəti törətdiyi zaman psixoloji xəstəlikdən əziyyət çəkdiyini ortaya çıxarıb.

    Bütün bunlar ittiham tərəfinin araşdırmasının nəticəsidir.

    Təqsirləndirilən şəxs isə məhkəmədə başqa şey danışıb. Xəyyamın dediyinə görə, hadisə günü Bakıda olub. Rayona qayıdanda isə ona atasının yıxılıb xəsarət aldığını deyiblər. Elə bu səbəbdən də vəfat edib. Psixoloji xəstəliyini də qəbul etməyən təqsirləndirilən şəxs özünün tam sağlam olduğunu bildirib.

    Bu iş üzrə Xəyyamın əmisi mərhumun hüquqi varisi qismində tanınıb. O, qardaşının hansı səbəbdən öldüyünü bilmədiyini deyib. Bu səbəbdən də qardaşı oğlundan şikayətçi olmayıb.

    Ayşən Vəliyevanın sədrlik etdiyi hakimlər ittiham və müdafiə tərəfini dinlədikdən, şahidləri dindirdikdən sonra ittiham olunan şəxsin anlaqsız vəziyyətdə cinayət törətdiyi qənaətinə gəliblər.

    Yekun qərarla Xəyyam cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minən kimi istintaq təcridxanasından Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək.