Month: March 2025

  • Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı

    Günəşdə sondan əvvəlki güc sinfindən olan üç partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Martın 31-də Moskva vaxtı ilə saat 1:50-də (Bakı vaxtı ilə 2:50 – red.) 4048 (S15E68) günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən “M1.4″ partlayışı qeydə alınıb”, – institutdan bildirilib.

    Həmçinin Moskva vaxtı ilə saat 2:19-da (Bakı vaxtı ilə 3:19 – red.) “M1.5”, Moskva vaxtı ilə saat 2:48-də (Bakı vaxtı ilə 3:48 – red.) isə “M1.0” partlayışı baş verib.

    Bildirildiyinə görə, martın 28-dən 31-dək 50-dən çox partlayış baş verib.

  • Özbəkistanda məsciddə partlayış: Ölənlər var

    Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində ölənlər və yaralananlar var.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    “Partlayış nəticəsində üç vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb”, – deyə məlumatda bildirilib.

  • İran XİN ABŞ nümayəndəsinə nota təqdim edib

    İranİran XİN ABŞ nümayəndəsinə nota təqdim edib XİN Donald Trampın təhdidlərinə cavab olaraq İsveçrə səfirini çağırıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Bildirilir ki, İran Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə idarəsinin baş direktoru İsa Kameli Vaşinqtonun maraqlarını təmsil edən İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilinə rəsmi nota təqdim edib.

    Sənəddə İran hər hansı düşmənçilik hərəkətlərinin yolverilməzliyi barədə xəbərdarlıq edir və istənilən təhdidə “dərhal və qətiyyətlə” cavab verməyə hazır olduğunu bildirir
    //Oxu.az

  • Ziya Bünyadov prospektindəki tuneldə QƏZA: Sıxlıq yarandı

    Paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Ford Fusion” markalı avtomobil “Tofaş” markalı avtomobilə çırpılıb.

    Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb.

    Yolda sıxlıq müşahidə olunur.

  • Bakıda sərxoş halda yola kreslo qoyub oturan şəxs həbs edildi

    Bakının Nizami rayonunda yolun ortasına kreslo qoyaraq oturan şəxs həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü A.C. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, A.C. içkili halda yolun ortasına kreslo qoyaraq oturub. Polis onu ərazidən uzaqlaşdırsa da, təqsirləndirilən şəxs bu dəfə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən qəzet köşkündə satıcı işləyən xanıma sataşıb. O, qadına yaxınlaşaraq dostunun ondan xoşu gəldiyini deyib, onunla münasibətə razılıq verməyi tələb edib. Bundan sonra zərərçəkmiş qadının yaxınları polisə şikayət ediblər.

    Məhkəmənin qərarı ilə A.C. səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.

  • Gəncədə evdə suqızdırıcı PARTLAYIB: Xəsarət alan var

    Gəncədə evdə suqızdırıcı partlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1979-cu il təvəllüdlü G.Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda silah-sursat aşkarlanıb

    Bakıda silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb. Araşdırmalar aparılır.

  • Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

    Bəzi dağlıq rayonlarda aprelin 1-də gecə və səhər saatlarında avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, görünüş məsafəsinin məhdudlaşması sabah olacaq dumanlı hava şəraiti ilə əlaqədardır.

  • General-leytenanta ağır itki

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-leytenant Mayıl Şahverdiyevə ağır itki üz verib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, generalın bacısı vəfat edib.

    3 və 7 mərasimləri sabah Heydər məscidində təşkil olunacaq.

    Allah rəhmət eləsin!

  • Bakı-Sumqayıt qatarının sərnişinlərinin nəzərinə – Sabahdan qrafik dəyişir

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılır.

    ADY-dən verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır.

    Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.

    İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılır.

    Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

    Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılır. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLIRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

    Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılır. Bununla əlaqədar olaraq Xırdalan stansiyasında mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb. Bundan başqa, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 3-dən 10-dək artırılıb.

    Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılır.

    Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılır.

    Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

    ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

    Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.