Month: Aprel 2025

  • Dərbəndin yeni başçısı azərbaycanlı oldu

    Azərbaycanəsilli Xanlar Paşabəyov Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin meri təyin edilib.

    Median.Az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, X.Paşabəyov daha əvvəl Dağıstanın ədliyyə naziri olub.

    O bu vəzifədə 2022-ci ildən çalışıb.

    Qeyd edək ki, aprelin 30-da Əhməd Quliyev öz istəyi ilə Dərbəndin meri vəzifəsindən istefa verib.

  • Xalq rəssamı Rafiz İsmayılov vəfat edib

    Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.

    Bu barədə “Report”a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

    O uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

    Qeyd edək ki, R.İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

    1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.

    R.İsmayılov həmçinin bir neçə kitabin da tərtibatçı rəssamı olub.

    Allah rəhmət eləsin.

  • Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağladı

    Hindistan Pakistanın bütün reysləri üçün hava məkanını bağlayıb.

    Median.Az “India TV”yə istinadən xəbər verir ki, bunu Hindistan tərəfindən buraxılmış NOTAM (aviasiya bildirişi) sənədi təsdiq edir.

    “Hindistanın hava məkanı Pakistanda qeydiyyatdan keçmiş, həmçinin Pakistan aviaşirkətləri və ya operatorları tərəfindən istismar edilən, onlara məxsus və ya icarəyə götürülmüş bütün təyyarələr, o cümlədən hərbi reyslər üçün qapalıdır”, – sənəddə yazılıb.

    Sənədə əsasən, Pakistan təyyarələri üçün hava məkanının bağlanması qərarı 30 apreldən 23 mayadək qüvvədə olacaq.

  • Ukrayna 90 günlük atəşkəsə hazırdır

    Ukrayna Rusiyanın razılığı halında minimum 30 günlük atəşkəsə hazırdır.

    Bu barədə Ukrayna xarici işlər naziri Andriy Sibiha “Telegram” kanalında açıqlama verib.

    “Rusiya ən azı 30 günlük real atəşkəsə razılıq verməklə sülh danışıqlarına hazır olduğunu sübut edə bilər. Əgər Rusiya 60 və ya 90 günlük atəşkəsə razıdırsa, biz də hazırıq”, – o yazıb.

    Nazir Kiyevin Moskvanın “sülhə doğru çətin yola hazır olduğunu” görmək istədiyini vurğulayıb. O, Rusiyanı real və uzunmüddətli atəşkəsə razı olmağa çağırıb ki, bundan sonra danışıqlar başlasın.

  • Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Qaradağ rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Əliəkbər Səmədlinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinafən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Əliəkbər Səmədlinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Təqsirləndirilən və vəkilinin çıxışından sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliəkbər Səmədli 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Bakıda 29 yaşlı gənc dəm qazından boğulub

    Bakıda 29 yaşlı gənc dəm qazından boğulub.

    1996-ci il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, mərhum bu gün doğulduğu Biləsuvar rayonunda dəfn olunub.

    //report

  • İsrail ordusu hazırlıq vəziyyətinə gətirildi: Suriyaya zərbələr endirilməsi gözlənilir

    İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir əgər Suriyanın hakim rejimi tərəfindən druzlara qarşı “zorakılıq” dayanmasa, bu ölkədəki hədəflərə zərbələrin endirilməsinə hazırlıq görülməsi tapşırığını verib.

    Bu barədə Median.Az SAXAL-ın Mətbuat Xidmətinin yaydığı bəyanata istinadla xəbər verir.

    Bildirilir ki, SAXAL bu gün ərzində Dəməşq ətraflarında dinc sakinlərə – druzlara hücum edənlərə zərbələr endirilməsi üçün aviasiyadan istifadə edib:

    “İsrail Müdafiə Ordusu Suriya regionunda hadisələrin inkişafını izləyir, onun qüvvələri müdafiə və müxtəlif ssenarilərə hazırlıq vəziyyətinə gətirilib”.

  • Azərbaycanda RƏZALƏT: Dəmrov xəstəliyini sağaltmaq üçün mollaya körpənin ayağına dua yazdırdılar – VİDEO

    Uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar, dua silinməsin deyə bir ay uşağı çimizdirməyiblər.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-pediatr Afət İbrahimlinin sözlərinə görə, o, işi ilə əlaqədar bölgələrdən birinə gedib. Həmin uşaq da pasiyentlər arasında olub. Yoxlama zamanı uşağın ayağında yazılar görüb.

    Onun sözlərinə görə, yaranın üzərinin yazılması xəstəliyi daha da şiddətləndirib.

    Hazırda uşağın müalicəsi davam edir.

    Həkim valideynlərə müraciət edərək bildirib ki, uşağın hər hansı xəstəliyi olarsa, yalnız həkimə müraciət edilməlidir.

    Ətraflı süjetdə:

  • Volqoqrad hava limanına “Stalinqrad” adı verildi

    Rusiyada ekipaj komandirləri artıq sərnişinlərə müraciət edərkən “Stalinqrad Beynəlxalq Hava Limanı” adından istifadə etməyə başlayıblar. Bu dəyişiklik Rusiya hökumətinin rəsmi qərarı ilə həyata keçirilib.

    Bu barədə TASS məlumat yayıb.

    Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Volqoqradın (Qumrak) beynəlxalq hava limanına tarixi “Stalinqrad” adının verilməsi haqqında sərəncam imzalayıb. Bu təşəbbüs bölgənin veteranları tərəfindən irəli sürülüb və Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov tərəfindən Prezident Vladimir Putinə təqdim olunub. Dövlət başçısı təşəbbüsü dəstəkləyib.

    Qeyd edək ki, 17 aprel tarixində Sankt-Peterburqun da qısamüddətli olaraq Leninqrad adlandırılması barədə qərar qəbul edilib. Bu, Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi münasibətilə həyata keçiriləcək. 8–10 may tarixlərində Pulkovo hava limanında pilotlar və dispetçerlər şəhəri Leninqrad kimi adlandırmalı olacaqlar.

    Xatırladaq ki, 1941-ci il iyunun 22-də nasist Almaniyası Sovet İttifaqına hücum etmişdi. Moskva uğrunda döyüş, Leninqradın blokadası, Sevastopolun müdafiəsi, eləcə də Kursk, Rjev və Stalinqrad döyüşləri Böyük Vətən Müharibəsinin ən önəmli mərhələlərindən sayılır. Sovet ordusu düşməni tədricən qərbə doğru sıxışdıraraq Qələbəyə qədər irəliləmişdi.

  • Pakistan ordusuna yeni əmr verildi: “Məhv edin”

    Pakistan Silahlı Qüvvələrinə “labüd təhdidlər” yaradan hədəfləri qabaqlayıcı şəkildə məhv etmək hüququ verilib.

    Bu barədə “Daily Pakistan” nəşri ölkə ordusu ilə əlaqəli mənbələrə istinadən məlumat paylaşıb.

    Bildirilir ki, bu cür zərbələr ölkənin təhlükəsizliyi üçün labüd təhdid barədə etibarlı məlumat olanda endiriləcək.

    Pakistanın xarici işlər naziri İshaq Dar ölkə parlamentində çıxış edərkən bu məlumatı təsdiqləyərək bildirib:

    “Pakistan zərbəni birinci endirməyəcək, amma geri də çəkilməyəcək”.

    Qeyd edək ki, Hindistan-Pakistan münasibətlərində gərginlik aprelin 22-də baş vermiş terror aktından sonra baş verib. Cammu və Kəşmir bölgəsində baş verən atışmada 26 nəfər ölüb. Hindistan Pakistanı hücumda iştirakda ittiham edir. İslamabad, öz növbəsində bunu inkar edir və müstəqil araşdırma aparılmasını tələb edir.