Month: Aprel 2025

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar 01.05.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Rayonunun Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının, Ramanı qəsəbəsinin, Sabunçu qəsəbəsinin, Yeni Ramanı, Bünyadzadə, Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Bakıxanov qəsəbəsinin M.Fətəliyev, Sülh, E.Xəlilov, S.Cabbarov, Ş.Kamilov, Hacınski küçələrinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin, Ramanı 2-ci sahənin, Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Netanyahunun Bakı səfərində hansı məsələlər müzakirə edilə bilər?

    “Netanyahunun Bakı səfəri çərçivəsində İsrail-Türkiyə, hətta İsrail-İran münasibətləri də müzakirə ediləcək”.

    Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən 5 günlük səfərini şərh edərkən deyib:

    “Netanyahunun mayın 7-də Bakıya gözlənilən səfərində bir çox məsələlərin müzakirə ediləcəyi gözlənilir. Əsas olaraq da enerji və digər iqtisadi məsələlər müzakirə edilə bilər. Hətta yeni layihələr də gündəmə gələ bilər. Bakı ilə Təl-Əviv strateji tərfədaş ölkələrdir. Ölkələrimiz arasında sıx əməkdaşlıq hökm sürür. Hərbi əməkdaşlıq sahəsində də böyük təcrübə var. Cənubi Qafqazda və ümumiyyətlə Orta Dəhlizdə Azərbaycanın geosiyasi rolu artıb. Bu baxımdan da son zamanlar ölkəmizə xaricdən səfərlər çoxalıb”.

    Həmsöhbətimizin fikrincə, Bakıda müzakirə ediləcək məsələlər arasında Ankata-Təl-Əviv, Tehran-Təl-Əvivin münasibətləri də yer ala bilər:

    “Netanyahunun səfəri çərçivəsində Yaxın Şərqdəki proseslər, İsrail-Türkiyə, həmçinin İsrail-İran münasibətlərinin müzakirə ediləcəyi də istisna deyil. Azərbaycanın bu prosesdə böyük təcrübəsi var”.

    Ekspert qeyd edir ki, İran Prezidentinin bu günlərdə Bakıya səfəri də Azərbaycan-İsrail münasibətlərinə heç bir halda kölgə salmır:

    “O baxımdan Netanyahunun Bakı səfərinin əvvəlcədən planlaşdırılıb-planlaşdırılmamasının İran Prezidentinin Azərbaycana səfərilə heç bir əlaqəsi yoxdur”.

    Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana 5 günlük rəsmi səfərə gələcək. Bu barədə “The Times of Israel” qəzeti baş nazirin ofisinə istinadən yazıb. Netanyahu 11 may tarixində İsrailə dönəcək. Mayın 8-də Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

  • Hava limanında patronla saxlanılan şəxs: “Mənə ruzi-bərəkət gətirir…”

    Türkiyədən müalicədən qayıdan şəxs pul qabında patron gəzdirdiyi üçün saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1966-cı il təvəllüdlü Tovuz rayonu, Əsrik Cırdaxan M.C. adlı şəxs barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, M.C. xəstəliyi ilə bağlı Türkiyəyə müalicə almağa gedib və Balıkesir şəhərində yaşayan Ayşe adlı qadının evində qalıb. Həmin qadının evində Glock-42 markalı tapançalarda istifadə olunan patronlar görüb. O, Ayşedən həmin patronların nə olduğunu, nə üçün saxladığını soruşub. Türkiyəli qadın isə ona sözügedən patronların ruzi-bərəkət gətirdiyini deyib. Daha sonra Ayşen patronlardan birinə nəsə dua oxuyaraq ona verib. O, da patronu pul qabının içinə qoyaraq üzərində gəzdirməyə başlayıb.

    Təqsirləndirilən şəxs Azərbaycana Naxçıvan vasitəsi ilə dönüb. O, Naxçıvan-Bakı reysi ilə hava limanından keçmək istəyərkən saxlanılıb.

    Məhkəmənin qərarı ilə, M.C.-ya 1 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • “Bolt”un sürücüsü müştərinin kartından 684 manat oğurlayıb

    Bakıda “Bolt” sürücüsü müştərinin telefonunu və pulunu oğrulayıb.

    Elvin adlı taksi sürücüsünün müştərisi mağazaya alış-veriş etməyə gedib. Müştəri bir qədər sonra qayıdaraq Elvinə üzərində nağd pul olmadığını deyərək ondan 2 manat istəyib. Zərərçəkən əlavə edib ki, pulu kartdadır. Dediklərini əsaslandırmaq üçün telefonundakı müvafiq tətbiqi açaraq balansında vəsait olduğunu göstərib. Daha sonra telefonu maşında qoyaraq mağazaya gedib.

    Müştəri mağazaya tərəf gedərkən Elvin də maşını sürərək ərazidən uzaqlaşıb. O, müştərinin telefonundakı tətbiqdən 684 manat pulu öz kartına köçürüb.

    Bir müddət sonra Elvin törətdiyi əmələ görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama), 177.2.2 (Oğurluq – təkrar törədildikdə) və 177.2.3-1-ci (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Elvin özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı ona verilmiş soyğunçuluq ittihamı (180.1) götürülüb.

    Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.//qaynar.az

  • Hindistan Pakistan müdafiə nazirinin X hesabını blokladı

    Cammu və Kəşmir bölgəsindəki Pahalgam şəhərində baş verən silahlı hücumun ardından Hindistan hökuməti Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin “X” sosial media platformasındakı hesabına ölkə daxilində girişə qadağa qoyub.

    Qaynarinfo NDTV kanalına istinadən xəbər verir ki, Hindistan yalnız nazirin hesabını deyil, eyni zamanda “Dawn” və “Geo News” kimi Pakistanın aparıcı 16 media qurumunun “YouTube” kanallarına da çıxışı məhdudlaşdırıb. Rəsmi Dehli bu addımı Pahalgam hücumunun Pakistanla əlaqələndirilməsi ilə əsaslandırır.

    Cammu və Kəşmirdəki hadisənin ardından Hindistanda yaşayan onlarla Pakistan vətəndaşının vizaları ləğv olunub və onlara 27 aprelə qədər ölkəni tərk etmək əmri verilib. Əksəriyyəti ölkəni tərk etsə də, vaxtında çıxa bilməyən Pakistan vətəndaşlarının sərhəd bölgələrindən çıxışı davam edir. Bu səbəbdən sərhəddə sıxlıq müşahidə olunur.

    Hindistan hökuməti həmçinin 29 aprelə qədər yalnız tibbi məqsədli vizaların etibarlı qalacağını, qalan bütün viza xidmətlərinin dayandırıldığını açıqlayıb. Buna cavab olaraq Pakistan hökuməti Hindistan vətəndaşlarına verilmiş bütün vizələri dayandırıb.

    22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalgam bölgəsində silahlı şəxslər turistlərə hücum edib. Hadisə nəticəsində 26 nəfər həlak olub, çox sayda insan yaralanıb. Hücumçuların Pakistan mənşəli olduğu iddiasını irəli sürən Hindistan “İndus suları müqaviləsi”ni dayandırdığını və İslamabaddakı Pakistan diplomatlarının bir həftə ərzində ölkəni tərk etməsini tələb etdiyini açıqlayıb.

    Buna qarşılıq olaraq Pakistan hökuməti Hindistanla ticarəti dayandırıb, hava məkanını bağlayıb və Hindistanın İslamabaddakı diplomatik heyət sayına məhdudiyyət tətbiq edib. Pakistan hökuməti, “İndus suları müqaviləsi”ndən kənara çıxılaraq çaylara ediləcək istənilən müdaxiləni “müharibə səbəbi” kimi qiymətləndirəcəyini də bəyan edib.

  • Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir

    Ötən il Azərbaycanda adambaşına düşən aylıq istehlak xərci 363 manat 52 qəpik olub.

    İstehlak xərclərinin 43,5%-i və ya 158 manat 11 qəpiyi qida məhsullarının alınmasına sərf olunub.

    Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə əhalinin qida məhsullarına xərclədiyi aylıq vəsait 2,2% artıb.

    Qeyd edək ki, qida məhsullarından sonra əhali ən çox kommunal xidmətlərə (su, işıq, qaz və digər yanacaq növlərinə) pul xərcləyib. Ay ərzində kommunal xidmətlərə adambaşına 28 manat 69 qəpik pul xərclənib və bu da ümumi xərclərin 7,9%-nə bərabər olub.

    Əhalinin adambaşına düşən aylıq xərcləri aşağıdakı kimi olub:

    – Qida məhsullarına – 158,11 manat (43,5%);
    – Su, işıq, qaz və digər yanacaq növlərinə – 28,69 manat (7,9%);
    – Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa – 27,62 manat (7,6%);
    – Mehmanxana, kafe və restoran xidmətlərinə – 25,55 manat (7%);
    – Nəqliyyat xidmətlərinə – 24,35 manat (6,7%);
    – Paltar və ayaqqabıya – 21,17 manat (5,8%);
    – Digər mal və xidmətlərə – 19 manat (5,3%);
    – Səhiyyə xidmətlərinə – 19 manat (5,2%);
    – İstirahət və mədəniyyət xidmətlərinə – 14,69 manat (4%);
    – Rabitə xidmətlərinə – 12,31 manat (3,4%);
    – Tütün məmulatlarına – 7,01 manat (1,9%);
    – Təhsil xərclərinə – 6,02 manat (1,7%);
    – Alkoqollu içkilərə – 2,04 manat (0,6%).

    Mənbə: yeniavaz.com

  • Trampın ikinci dönəminin ilk 100 günü: Vədlər, gerçəklər və qlobal təsir

    ABŞ Prezidenti Donald Trampın ikinci dönəminin ilk 100 günü tamam oldu. Düzdür, ilk 100 gündə verilən vədlərin əksəriyyətini yerinə yetirmək qeyri-mümkündür. Amma bununla belə, Trampın ilk 100 gününə nəzər saldıqda, bəzi müsbət addımları ilə yanaşı, əksər vədlərini hələ də yerinə yetirmədiyini görə bilərik.

    ABŞ Prezidenti Ukrayna-Rusiya münaqiyəsini 24 saat ərzində dayandıracağını, sonradan isə problemi 100 günə qədər həll edəcəyini bildirsə də, bu məsələ getdikcə daha da qəlizləşir. Belə ki, Trampın 30 günlük atəşkəs təklifinə Kiyev razılığını versə də, Kreml əksinə, son zamanlar Ukraynaya qarşı hücumları daha da kəsinləşdirib. Hətta bu hücumlar daha çox sayda mülki insanın ölümü ilə nəticələnir. Belədə, müharibənin bitəcəyinə olan ümidlər demək olar ki, puça çıxmaqdadır. Görünür, onun nəticəsidir ki, Tramp adminstrasiyası vasitəçilikdən imtina edəcəyinə işarə vurmağı da unutmayıb.

    Tramp bu müddətdə Rusiya ilə yaxınlaşmağa, ona qarşı tətbiq edilən sanksiyaların ləğvinə çalışsa da, düzdür, bu istiqamətdə elə də ciddi addımlar atmayıb, amma hər halda buna da nail ola bilməyib. Aydın görünür ki, atəşkəsin əldə olunmamasında məhz Trampın Moskvaya münasibətdə yumşaq siyasəti öz sözünü deyib. Onun məhz Rusiyanın marağına uyğun addımlar atmağa çalışmasının nəticəsidir ki, atəşkəs məsələsində zərrə qədər də irəliləyiş yoxdur.

    Trampın Ukrayna və rüsumlarla bğlı siyasəti ənənəvi müttəfiqlərilə münasibətlərinin korlanmasına rəvac verdi. Belə ki, Avropa İttifaqı ölkələri Trampın bu istiqamətdə atdığı və atmağa çalışdığı addımlar fonunda Vaşinqtondan uzaqlaşıb, onun əsas rəqibi Çinlə yaxınlaşmaq kursunu götürdülər.

    Müharibə məsələsinə gəldikdə, Tramp adminstrasiyasının Ukraynadan daha çox İranla bağlı məsələdə müəyyən irəliləyişlər əldə etdiyi hiss olunur. Belə ki, Av Ev rəsmiləri artıq uran məsələsilə bağlı Tehranla 3 dəfə danışıqlar aparıb və bu müddət ərzində İrana İsraillə ABŞ-ın hücum təhlükəsi arxa plana keçib. Aparılan danışıqlar isə tərəflər arasında müəyyən müsbət nəticələrin əldə ediləcəyinə olan ümidləri artırıb.
    Trampın Kanadanı, Qrenlandiyanı ABŞ-a birləşdirmək, Panama kanalına nəzarət etməklə bağlı bu ölkələrə təzyiqlərinə gəldikdə, hələlik Ağ Ev adminstrasiyası yalnız Panama dövlətini geri çəkilməyə məcbur edə bilib. Panama hökuməti kanalla bağlı Vaşinqtonun tələblərinə ümumən müsbət cavab verib ki, bu da Amerika gəmilərinin kanaldan vəsait ödəmədən sərbəst keçmələrinə imkan yaradır.

    Kanadaya gəldikdə, Trampın bu ölkəni ABŞ-ın 51-ci ştatı adlandırması əslində onun öz ziyanına işləyib. Belə ki, bu açıqlamaya qədər Kanadada Trampa yaxın olan mühafizəkar dairələrin seçkilərdə qalib gəlmək şansı yüksək olsa da, ondan sonra əhali arasında yenidən liberallara etimad artıb. Nəticədə bu günlərdə keçirilən seçkilərdə liberallar növbəti dəfə qələbə qazanıblar. Belədə isə Trampın Kanadanı öz ərazisinə çevirmək cəhdləri tam olaraq puça çıxır.

    Qrenlandiyaya gəldikdə, 100 gün ərzində bu məsələdə də Tramp istəyinə nail ola bilməyib. Ada əhalisi və hökuməti bunun baş verməsinə imkan verməyib.

    Trampın ötən müddətdə atdığı addımlar arasında dünya ölkələrinin mütləq əksəriyyətinə qarşı tətbiq etdiyi gömrük rüsumları da mühüm yer tutur. Bildiyimiz kimi, Ağ Ev 168 ölkəyə, əsasən də Çin və Avropa İttifaqına qarşı rüsum tətbiq etdi. Burada məqsəd Amerikanın daxili istehsalını qorumaqdır. Düzdür, sonradan Çin və Aİ-ni çıxmaq şərtilə digər ölkələrə münasibətdə 90 günlük moratorium qoydu. Gömrük tariflərinin qaldırılması çərçivəsində yerli Amerika şirkətləri ilk dövrdə Çin, Meksika və Avropa mallarına əlavə vergilər ödəməyə başladı, bu isə inflyasiyanı artırdı. Trampın bu addımı digər tərəfdən, qlobal ticarət zəncirini pozdu, qiymətlərin qalxmasına, xüsusilə qida və texnika sektorunda inflyasiyaya səbəb oldu. ABŞ-da istehlak bazarında əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü.

    Amma bu siyasətin tam iflasa uğradığını da bəri başdan söyləmək olmaz. Belə ki, Trampın rüsum siyasətinin artıq nəticə verdiyi hiss olunur. Dünya ölkələrinin bəziləri ABŞ-la danışıqlara getməyə hazır olduqlarını bildiriblər. Hətta bəzilərilə danışıqlara da başlanılıb. Bunun nəticəsində gözlənilir ki, ABŞ həmin ölkələrlə ticarət balansında özü üçün əlverişli vəziyyətə nail ola biləcək.

    Burada əsas məsələ Çinlə bağlı olan məsələdir. Tərəflər öncə bir-birinə qarşı rüsum tariflərini qaldırmaq yolunu tutdular. Lakin sonradan Pekinin də bir qədər yumşaldığı hiss olunur. Çin lideri Sİ Szinpinin Trampa zəngi onun da razılığa gəlməyə həvəsli olduğunu göstərir. Düzdür, hələlik bu ölkələr arasında məsələ ətrafında danışıqlar başlamayıb.

    Yəni belə demək mümkünsə, Tramp rüsum məsələsini ortaya atmaqla əslində Amerikanı iqtisadi baxımdan daha güclü etmək yolunda verdiyi vədlərə doğru ümumən inamla irəliləyir.

    Bir sözlə, Tramp 100 günlük dövrdə özünü siyasətçidən daha çox, şoumen kimi göstərib. O ötən müddət ərzində siyasətlə məşğul olmaqdan daha çox imicinin qorunması ilə məşğul olub.

    Lakin deyəsən bu da ona uğur gətirməyib. Belə ki, 100 günlük fəaliyyətinə görə Tramp son 24 ilin prezidentləri arasında ən aşağı reytinqə malikdir. Son rəy soğrularına görə, onu müdafiə edənlərin faiz dərəcəsi cəmi 41 faizdir.

    Halbuki 2001-ci ildə Corc Buşun ilk 100 günlük reytinqi 62 %, 2009-cu ildə Barak Obamanınkı 63 %, 2017-ci ildə birinci prezidentlik dövründə Trampın reytinqi 44 % və nəhayət Co Baydenin anoloji dövr üçün reytinqi 53 % nisbətində olub.

    O, beynəlxalq məsələlərə münasibətdə də şəxsi simpatiya və antipatiyalara dayanaraq fəaliyyət göstərib. Bu isə qlobal siyasət üçün böyük xətadır.

    Bu müddətdə ölkə daxilində Trampla Federal və yerli məhkəmələr arasında çəkişmələr də artıb. Tramp hakimiyyətə gələndən bəri onun verdiyi bir sıra qərarlar mərkəzi və yerli məhkəmələr tərəfindən qanunsuz elan edilərək rədd edilib. Hələ fevral ayında Kolumbiya dairəsi federal məhkəməsi Trampın administrasiyasını ABŞ-nin digər ölkələrə əvvəllər dayandırılmış yardımını müvəqqəti olaraq bərpa etməyə məcbur edib.

    Başqa bir tərəfdən, aprelin 22-də ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının “Amerikanın Səsi” (VOA), “Azad Asiya Radiosu” və “Yaxın Şərq Yayım Şəbəkələri” kimi hökumət tərəfindən maliyyələşdirilən media qurumlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı da qərar çıxarıb. Qərara əsasən, işçilər öz vəzifələrinə bərpa edilməli və qurumun yayımının davam etməsi üçün bütün zəruri tədbirlər görülməlidir.

    Bundan başqa məhkəmə tərəfindən Trampın Salvadordan gələn bir miqrantın deportasiya edilməsi qərarı da ləğv edilib. Yəni Tramp mühacirətə qarşı daha sərt tədbirlər görməkdə israrlı görünsə də, bu istiqamətdə atdığı addımlar heç də həmişə uğurlu olmayıb.

    Onun məhkəmə sisteminə dair islahatlarına da Konqresdə təpki göstərilib. Eyni zamanda, Trampa qarşı impiçment məsələsi də gündəmə gətirilir. Bu məsələ artıq Nümayəndələr Palatasına təqdim edilib. Bu barədə Miçiqan ştatından olan konqresmen Şri Tanedar bildirib.

    Tramp, bir sözlə, tərəfdarları qarşısında daha da yüksəlsə də, opponenentləri üçün “xətalı lider” obrazını daha da möhkəmləndirib.

    Ötən 100 günlük müddətdə Tramp həqiqətən də verilən vergi endirimləri planlarını irəli aparmaq, federal qaydaları azaltmaq, enerji sektorunda məhdudiyyətləri qaldırmaq kimi addımlar atdı. Amma məsələn, səhiyyə sisteminin (“Obamacare”) ləğv olunması kimi əsas vədlər hələ ki, gerçəkləşməyib.

    Yekun olaraq, bu 100 gün göstərdi ki, Tramp öz bazasını möhkəmləndirsə də, ABŞ-ı beynəlxalq mühitdə nüfuzdan salaraq, daha çox tənha buraxdı.
    //qaynar.az

  • Yenə ağaclara qənim kəsildilər – Təbiətə 108 mindən çox ziyan vurdular

    Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində ölkənin 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

    Araşdırma zamanı bir neçə rayonda ağacların qanunsuz kəsildiyi məlum olub.

    Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin “Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

  • Avropada casusluq qalmaqalı: 500-dən çox “həssas sənəd” Çinə göndərilib

    Avropa Parlamenti və Almaniya, Çinə yönəlik böyük casusluq qalmaqalı ilə sarsılıb.

    Qaynarinfo xəbər verir ki, ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) Avropa Parlamentindəki deputatı Maksimilian Krahın keçmiş köməkçisi Jian Qo Çin üçün casusluq etməkdə ittiham olunur. Prokurorların iddiasına görə, Çin əsilli Almaniya vətəndaşı Qo 2019-2024-cü illər arasında 500-dən çox “son dərəcə həssas” sənədi Pekinə ötürüb.

    Alman prokurorluğu bildirir ki, sənədlər Avropa Parlamentində keçirilmiş müzakirələr, qəbul edilmiş qərarlar və təhlükəsizliklə bağlı məxfi məlumatları əhatə edir. Qonun yalnız Avropa səviyyəsində deyil, həm də Almaniyadakı müxalif Çin vətəndaşlarını izlədiyi və AfD partiyası ilə bağlı məlumatlar topladığı iddia edilir.

    Jian Qonun 2002-ci ildən etibarən Çin kəşfiyyatı üçün fəaliyyət göstərdiyi və 2024-cü ildə həbs edildiyi, hal-hazırda isə nəzarətdə saxlanıldığı qeyd olunur. Skandalın mərkəzində olan deputat Maksimilian Krah isə məsələ ilə hər hansı bir əlaqəsinin olmadığını bəyan edib.

    İddianamədə yalnız Jian Qo deyil, eyni zamanda Yaqi X. adlı başqa bir Çin vətəndaşı da casusluqda ittiham olunur. Logistika şirkətində çalışan Yaqi X.-in, Qoya Leypsiq hava limanında həyata keçirilən hərbi daşımalar, uçuş cədvəlləri, yük və sərnişinlərlə bağlı məlumatlar ötürdüyü bildirilir. Bu məlumatlar arasında Alman silah şirkətləri ilə əlaqədə olan şəxslərə dair həssas məlumatlar da yer alıb. ABŞ-dan İsrailə yönəlmiş hərbi sevkiyatlara dair məlumatların da ötürüldüyü qeyd olunub. Yaqi X. 2024-cü ilin sentyabrında saxlanılıb.

    Prokurorlar hər iki şəxsin sistemli şəkildə Avropa İttifaqı və Almaniyaya aid təhlükəsizlik məlumatlarını Çinə ötürdüyünü vurğulayıb.

    Çin Xarici İşlər Nazirliyi yayılan məlumatlara sərt reaksiya verərək, bunu “Çin əleyhinə qaralama kampaniyası” adlandırıb və iddiaların şişirdildiyini bildirib. Almaniyadakı Çin səfirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

    Bu casusluq qalmaqalı, Çin və Avropa İttifaqı arasında münasibətlərin yumşaldılması səylərinin aparıldığı bir vaxtda ortaya çıxaraq tərəflər arasında yeni gərginlik yarada bilər.

  • Saatlıq iş rejiminə keçid kimlərin maaşını artıracaq? – VİDEO

    Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.

    Sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.

    Məsələ ilə bağlı danışan “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.

    Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.

    Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.

    Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var.