Month: Aprel 2025

  • 250 min ildir “yatan” “zombi vulkan” yenidən aktivləşir

    Boliviyanın cənub-qərbində yerləşən Uturunku vulkanı artıq 250 min ildir ki, püskürmür. Lakin alimlərin müşahidələrinə əsasən, bu “zombi vulkan” yenidən canlanma əlamətləri göstərir – bölgədə yeraltı təkanlar və qaz çıxışları qeydə alınıb.

    Çin, Böyük Britaniya və ABŞ-dan olan alimlərin apardığı tədqiqatın nəticələri PNAS elmi jurnalında dərc olunub.

    Cənubi Amerikanın And dağlarında yerləşən və Boliviyanın ən yüksək zirvələrindən biri olan Uturunku vulkanı elm üçün hələ də tam aydın olmayan geoloji sirr olaraq qalır. Tədqiqatçılar bildirir ki, vulkan ətrafında “sombrero” formasında yer səthinin deformasiyası müşahidə olunur – vulkanın üstündə torpaq qalxır, ətraf sahələrdə isə çökür. Bu isə dərinlikdə geoloji aktivlikdən xəbər verir.

    Alimlər 1700-dən çox yeraltı təkanı analiz edərək Uturunkunun altındakı yer qabığının quruluşunu vizuallaşdırmağa nail olublar. Bu texnika “seysmik tomoqrafiya” adlanır.

    Tədqiqat nəticəsində məlum olub ki, vulkanın zombi kimi davranmasının əsas səbəbi kraterin altındakı rezervuarlarda toplanan isti mayelər və qazların hərəkətidir. Məhz bu mayelərin yerdəyişməsi yeraltı təkanlara və torpağın qalxıb-çökməsinə səbəb olur.

    Alimlər qeyd edirlər ki, bu metodika digər təxminən 1400 potensial aktiv vulkanın da öyrənilməsi üçün faydalı ola bilər.
    //qaynar.az

  • Bakıda dəmir darvazanı oğurlayan şəxs həbs edildi

    Bakıda həyət evindən ikitaylı dəmir darvazanı söküb oğurlayan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları yaşayış massivində yerləşən evlərin birində baş verib.

    Belə ki, 1999-cu il təvəllüdlü M.Fərid sözügedən ünvanda həyət evindən 950 manat dəyərində, üzərində naxışlar olan ikitaylı dəmir darvazanı çərçivəsindən söküb, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə daşıyıb. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək bildirib ki, zərərçəkmiş şəxs məxsus darvaza ona 180 manata İlham adlı şəxs tərəfindən satılıb. Tanımadığı şəxslərin köməyi ilə darvazanı avtomobilə yüklənərək evinə aparıb.

    Zərərçəkmiş şəxs isə ifadəsində deyib ki, evin və həyətin işığını sayğacdan söndürərək, darvazanı oğurlayıblar. O həmçinin qeyd edib ki, oğurlanmış darvaza ona qaytarılıb və təqsirləndirilən şəxslə barışıb.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

  • İsveçrə mayın 15-dən ölkədə HƏMAS-ı qadağan edəcək

    Fələstin hərəkatı HƏMAS İsveçrədə qadağan ediləcək.

    Bu barədə ölkənin federal şurasının məlumatında bildirilb.

    Qeyd edilib ki, qadağa mayın 15-dən qüvvəyə minəcək.

    Qərar bu gün, 30 aprel tarixində şuranın iclasında təsdiqlənib. Ölkədə HƏMAS və onunla əlaqəli təşkilatların qadağan edilməsi haqqında qüvvədə olan federal qanun İsveçrə hakimiyyətinə bir sıra alətlər təqdim edir. Buraya ölkə ərazisində Fələstin təşkilatının fəaliyyətinə və ya onun dəstəklənməsinə qarşı tədbirlər görmək üçün alətlər daxildir. Xüsusilə, bu qanun polisə ölkəyə giriş qadağası və ya deportasiya kimi preventiv tədbirlər və s. tətbiq etməyə imkan verir.

    Hakimiyyət orqanları bunun HƏMAS-ın İsveçrədən maliyyə mərkəzi kimi istifadəsini çətinləşdirəcəyini və ölkə daxilində təhlükəsizliyi gücləndirəcəyini gözləyirlər.

  • “Venesiya” şadlıq sarayının mətbəxində İYRƏNC MƏNZƏRƏ – Kütləvi zəhərlənmənin səbəbi MƏLUM OLDU (FOTO)

    “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.

    Bu barədə AQTA-dan bildirilib.

    Qeyd edilib ki, məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olublar. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.

    Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.

    Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.

    Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrasına məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.












  • Bakıda DSX mayoruna hücum edən idmançıların həbs müddəti uzadıldı

    Bakıda Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.

    Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddəti iyunun 5-dək uzadılıb.

    Xatırladaq ki, bu il yanvarın 4-də, gecə saatlarında paytaxtın Xətai rayonunda bir qrup idmançı arasında dava olub.

    İdmançılar DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək ona xəsarət yetiriblər.

    Hadisəni törətməkdə şübhəli bilinən idmançılar – Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar.

    Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

    Xətai Rayon Məhkəməsinin qərarı ilə saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə həbs olmayan qətimkan tədbiri seçilib.

    Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Ukraynada azərbaycanlı biznesmen oğurlanıb: Avtomobilin nömrəsini üç dəfə dəyişib, xanımına hədə-qorxu gəliblər – VİDEO (YENİLƏNİB)

    Ukraynanın Odessa şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov barəsində yeni təfərrüat məlum olub.

    Oxu.az-ın Vüqar Osmanovun dostu S.K.-dan aldığı məlumata görə, biznesmen aprelin 16-sı Odessa şəhərində idman zalına gedib və bir daha geri qayıtmayıb.

    O bildirib ki, idman zalından Vüqar Osmanovun çıxması kameralar tərəfindən qeydə alınıb:

    “Bir neçə naməlum şəxs tərəfindən maşına əyləşdirilir və aparılır. Hara aparılır, niyə aparılır – bu isə məlum deyil. Yerli polis onun ailə yaxınlarına hələ də bir məlumat vermir”.

    Dostu ehtimal edir ki, Vüqar Osmanov Kiyev şəhərinə aparılıb:

    “Vüqar evlidir. Dörd uşağı var. O itkin düşəndən sonra yoldaşı polisə müraciət edib, izahat yazıb. Vüqar 12 yaşlı oğlunu izləmək üçün telefonuna tətbiq yükləmişdi. Oradan aldığı siqnal ilə övladının harada olduğunu bilirdi. Elə özü itkin düşəndən sonra oğlu həmin tətbiq vasitəsilə atasının harada olduğunu müəyyən edib. 30 nəfər adam və polisin axtarış qrupu ilə Kiyevə yollanıblar. Çünki telefon oradan siqnal verirdi. Ancaq onlara Kiyevə keçməyə icazə verməyiblər.

    Maraqlı məqamlardan biri də budur ki, idman zalından çıxarılıb maşına mindirildikdən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanı üç dəfə dəyişdirilib”.

    S.K. əlavə edib ki, Ukraynada kimisə günahlandırmaq istəyirlərsə, “vətən xaini” damğasını vururlar:

    “Burada elədir ki, kiminsə bir az pulu varsa, onu geri atmaq istəyirlərsə, “vətən xaini” adlandırırlar. Biz kömək istəyirik ki, heç olmasa, onun sağ olub-olmaması barədə ailəsinə məlumat verilsin”.

    Dostu vurğulayıb ki, Vüqar Osmanovun ailəsi də təhlükə altındadır:

    “Vüqarın xanımına kimsə zəng vurmuşdu, jarqon, qeyri-etik sözlər işlədərək hədə-qorxu gəlirdi”.

    O, Vüqar Osmanovun Sumqayıt şəhərində doğulub-böyüdüyünü, uzun müddət Ukraynada yaşadığını söyləyib. Həmçinin əlavə edib ki, Vüqar Osmanov Odessa şəhərində “Abşeron” adlı restoranın sahibidir.

    * * * * 

    Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki,1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

    Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

    Qeyd edək ki V.Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.

  • Qaradağda 65 yaşlı şəxs narkotik satışı ilə bağlı saxlanıldı

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib. Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.

  • Azərbaycanın qızıl ixracından gəlirləri kəskin artıb

    2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan 65.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilib.

    Vurğulanıb ki, bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 3.5 dəfə və ya 46.7 milyon ABŞ dolları çoxdur.

    Qeyd edək ki, cari ilin mart ayı ərzində Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə illik müqayisədə 2.1 dəfə çoxdur.

  • Taksilərdə POS-terminallar NİYƏ YOXDUR? – AYNA hərəkətə keçəcək

    Nazirlər kabinetinin 28 mart 2024-cü il tarixində təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

    Sözügedən qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minib.

    Lakin vətəndaşlardan redaksiyamıza şikayət daxil olur ki, əksər avtomobillərdə POS-terminal mövcud deyil.

    Bəs görəsən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı monitorinq həyata keçirirmi, tədbir planı varmı?

    AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında qeyd edib ki, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır:

    “Eyni zamanda, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal da olmalıdır. Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib. Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır”.

  • Sumqayıt və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək

    Sabahdan etibarən Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəhərin bəzi ərazilərində, həmçinin Müşfiqabad, Atyalı və 28 May qəsəbələrinin bir hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, təmir işləri mayın 3-də axşam saatlarında başa çatdırılacaq və həmin vaxtdan etibarən suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.