Month: April 2025

  • Üç günlük maqnit qasırğası PROQNOZU: Sabah daha güclü olacaq

    Növbəti maqnit qasırğası nə vaxt gözlənilir və həftə sonu günəş aktivliyi necə olacaq?

    Median.Az-ın xarici KİV-ə istinadla xəbərinə görə, aprelin 12-də geomaqnit aktivlik səviyyəsi Kp-index 4 zəif qasırğanı göstərir. Bəziləri yüngül yorğunluq, enerjinin azalması, yuxululuq hiss edə bilər.

    Bazar günü, aprelin 13-də Kr-indeksi maqnit pozuntularında nəzərəçarpacaq artımı göstərən 5-6 dəyərlərinə yüksələcək. Baş ağrıları, əsəbilik, konsentrasiyanın azalması və peyk rabitəsi və naviqasiya sistemlərində pozuntular mümkündür.

    Bazar ertəsi, aprelin 14-də geomaqnit aktivliyi azalmağa başlayacaq. Kr-indeksi 3-4-ə düşəcək. Narahatlığın qalıq əlamətləri günün birinci yarısında mümkündür, lakin axşama doğru əksər insanların vəziyyəti normallaşır.

  • 14 yaşlı qızla cinsi əlaqədə oldu, anası özünü yaraladı – SUMQAYITDA

    Sumqayıtda gənc oğlan 14 yaşlı qızla cinsi əlaqədə olub.

    Lent.az-ın məlumatına görə, 21 yaşlı Fuad Həsənov (ad və soyad şərti) 14 yaşlı Nəzakət Quliyeva (ad və soyad şərti) tanış olublar. Fuad şəxsi münasibətləri qurandan sonra cinsi ehtirasını təmin etmək istəyib. Bu məqsədlə yeniyetmə qızla şəhər ərazisində görüşərək, onu öz əmisinin yaşadığı evə aparıb.

    Burada gecə saat 2 radələrində evin yataq otağında Fuad və Nəzakət qeyri-təbii yolla cinsi əlaqədə olublar.

    Hadisədən xəbər tutan qızın yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə F. Həsənov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma) maddəsilə cinayət işi başlanılıb.

    İstintaq zamanı təqsirləndirilən şəxsin yaxınları və zərərçəkən tərəf arasında barışıq əldə olunub. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Fuad Həsənov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin anası bu qərara etiraz olaraq, məhkəmə binasının önündə şüşə flakona zərbə vurub və onu sındırıb. Nəticədə həm özünə xəsarət yetirib, həm də dövlət əmlakına ziyan vurub. Qadın ərazi üzrə polis bölməsinə aparılıb.

  • Bakıda məktəbli itkin düşdü

    Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

     

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Elizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.
    Yaxınları hadisə ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.
    Görənlərdən və ya məlumatı olanlardan 077 733 05 05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
     
    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlı barəsində axtarış elan olunub. Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
    Məlumata görə, azyaşlı fotodakı geyimdə olub.

  • Güzgüdəki qara ləkələr: niyə yaranır və onların qarşısını necə almaq olar?

    Qara ləkələr – nəmin və zamanın təsirinin nəticəsidir. Onların yaranmasının qarşısını necə almaq olar?

    Güzgülər təkcə xarici görünüşümüz üçün deyil, həm də otağın ab-havası üçün vacibdir. Onlar məkanı vizual olaraq genişləndirir, işıqla doldurur və səliqə hissi yaradır. Bəs birdən-birə güzgüdə naməlum qara nöqtələr peyda olarsa, nə etməli?

    Bu barədə Lent.az yazır:

    Qara ləkələr niyə yaranır?
    Müasir güzgülər şüşənin üzərinə nazik metal qatı (adətən gümüş və ya alüminium) çəkilməklə hazırlanır, sonra bu qat mislə örtülür ki, metal qorunsun. Lakin nəmin təsiri altında, xüsusilə də hamam otaqlarında, bu metal oksidləşir və nəticədə səthdə tünd ləkələr əmələ gəlir.

    Onlardan qurtulmaq mümkündürmü?
    Əgər ləkələr artıq yaranıbsa, ev üsulları ilə onları təmizləmək mümkün deyil – çünki bu, metal qatın zədələnməsi deməkdir və onu bərpa etmək olmur. Belə hallarda yalnız peşəkar restavrasiya və ya güzgünün dəyişdirilməsi kömək edə bilər.

    Problemin qarşısını necə almaq olar?

    Keyfiyyətli güzgü seçin – Nəmdən qoruyucu qatla təchiz olunmuş modellərə üstünlük verin.

    Kənar qorunması – Taxta və ya plastik çərçivəli güzgülər daha davamlı olur.

    Müntəzəm qulluq – Güzgünün üzərində su damcılarını dərhal silin ki, iz buraxmasın.

    Düzgün yerləşdirmə – Güzgünü radiator və ya istilik cihazlarının yaxınında yerləşdirməkdən çəkinin, çünki artıq istilik korroziyanı sürətləndirir.

  • “iPhone”ların qiyməti üç dəfə bahalaşa bilər

    “İş yerləri və fabriklər gurultu ilə geri qayıdacaq”.

    Valyuta.Az “CNN”ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tətbiq olunacaq tariflər sayəsidə mümkün olacağını deyib.

    Hazırda qüvvədə olan qlobal tariflərlə yanaşı, geyimdən elektronika məhsullarına qədər bir çox malın qiymətində ciddi artımlar gözlənilir və bu yük əsasən amerikalı istehlakçıların üzərinə düşəcək. Tanınmış texnologiya analitiki xəbərdarlıq edir ki, əgər “Apple” “iPhone” modellərini ABŞ-də istehsal etsə, onların qiyməti təxminən 3.500 dollara qədər yüksələ bilər.

    Tramp və onun iqtisadi müşavirləri bildirirlər ki, bu tariflər nəticəsində ABŞ-yə saysız-hesabsız istehsal sahələri geri qaytarılacaq və milyonlarla amerikalı işlə təmin olunacaq.

    Lakin “Wedbush Securities” maliyyə şirkətinin texnologiyalar üzrə qlobal araşdırma rəhbəri Den Ayvs CNN kanalına müsahibəsində bu yanaşmanın “uydurma bir nağıl” olduğunu deyib.

    Onun sözlərinə görə, ABŞ-də istehsal olunan “iPhone”ların qiyməti mövcud təqribən 1.000 dollar səviyyəsindən üç dəfə artıq ola bilər. Bunun səbəbi hazırda Asiyada mövcud olan son dərəcə mürəkkəb istehsal ekosisteminin ABŞ-də təkrarlanmasının zəruriliyidir.

    “Siz həmin təchizat zəncirini ABŞ-də, məsələn, Qərbi Virciniya və Nyu-Cersidə yerləşən bir yarımkeçirici zavodla qurmaq istəsəniz, o zaman ‘iPhone’un qiyməti 3.500 dollar olacaq,” – deyə o, çiplərin istehsal olunduğu yüksək texnologiyalı zavodlara istinadla bildirib.

    Hətta belə bir addım atılsa belə, “Apple” üçün təchizat zəncirinin cəmi 10 %-ni ABŞ-yə köçürmək təxminən 30 milyard dollara başa gələcək və bu proses üç il davam edəcək.

    Trampın prezident vəzifəsinə başladığı yanvar ayından bəri “Apple” səhmlərinin dəyəri təxminən 25 % azalıb. Bu azalma şirkətin Çin və Tayvana çox bağlı olan geniş təchizat zəncirinə tariflərin təsiri ilə bağlı narahatlıqlarla izah olunur. Hazırda “iPhone” modellərinin təqribən 90 %-i Çində yığılır.

    “Məhz buna görə də şirkətin səhmlərinin durumu bu şəkildə dəyişib. Çünki bu tariflərdən ən çox zərər görən texnologiya şirkəti məhz ‘Apple’dir,” – deyə Ayvs bildirib. “Bu, iqtisadi bir fəlakətdir, xüsusən də texnologiya sektoru üçün.”

    Qeyd edək ki, “iPhone”larda istifadə olunan əsas çiplər əsasən Tayvanda istehsal olunur. Onların ekran panelləri isə Cənubi Koreya şirkətləri tərəfindən təmin edilir. Digər bəzi komponentlər Çində hazırlanır və son montaj da əsasən bu ölkədə aparılır.

    Fevral ayında “Apple” qarşıdakı dörd il ərzində ABŞ iqtisadiyyatına 500 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb. Bu addım həm Çindən asılılığın azaldılması, həm də Trampın ölkəyə qarşı tariflərindən yayınmaq məqsədi daşıyır.

    Həmçinin oxu: “Apple” ABŞ-yə yarım trilyon dollar sərmayə qoyacaq

    Texnologiya analitikləri razılaşırlar ki, təchizat zənciri olduğu yerdə qalsa belə, “iPhone” qiymətləri artacaq. “Rosenblatt Securities” investisiya bankının hesabatına görə, əgər “Apple” tariflərin artan xərcini tam şəkildə istehlakçılara ötürsə, o zaman “iPhone” modellərinin qiyməti 43 % bahalaşa bilər.

  • Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər…

    2018-ci ildə qurulan və “bir kliklə onlayn alış-veriş” üçün universal həll təqdim etdiyini iddia edən “Nate” startapı özündə süni intellekt (Al) olduğunu iddia etsə də, əslində yüzlərlə filippinli işçinin əməyindən istifadə edib.

    Bunu VC portalı məlumat yayıb.

    “Nate”in tərtibatçıları iddia edir ki, istifadəçilər istənilən onlayn mağazadan məhsul seçib, linki tətbiqə ötürə bilər, daha sonra sistem avtomatik olaraq ödəniş və çatdırılma daxil olmaqla alış-verişi həyata keçirir.

    Lakin məlum olub ki, “özəl Al modelləri” əsasında qurulduğu deyilən avtomatlaşdırma texnologiyası uydurmadan ibarət olub. ABŞ Ədliyyə Nazirliyi şirkətin qurucusu Albert Sanigerə aldatma ittihamı irəli sürüb – idarəyə görə, o, mövcud olmayan Al həllərini işlək kimi təqdim edərək, həm hazırkı, həm də potensial investorları aldadıb.

    İstintaq məlumatlarına görə, “Nate” Al texnologiyasını üçüncü tərəfdən alıb, əməliyyatların əhəmiyyətli hissəsini isə xarici autsorsing şirkətlərinin əməkdaşları əl ilə yerinə yetiriblər. Əsas yük Filippində yerləşən call-mərkəzlərə düşüb, burada yüzlərlə operator sifarişləri əl ilə emal edib. Eyni zamanda, şirkət investorlara proseslərin tam avtomatlaşdırıldığına dair etimad verdiyi üçün ittiham olunur.

    2021-ci ildə Saniger mühəndislərə sifarişlərin yerinə yetirilməsində qismən kömək edəcək botlar hazırlamağı tapşırdığı üçün də tənqid olunub – bu, şirkətin “tamamilə Al həlli” barədə ictimai bəyanatlarına zidddir. Bundan əlavə, o, işçilərin əməliyyatların həqiqi quruluşu haqqında məlumat əldə etməsini “ticari sirr” bəhanəsi ilə məhdudlaşdırıb.

    2023-cü ildə “Nate” maliyyə çatışmazlığı səbəbindən aktivlərini satıb. İnvestorlar öz qoyduqları vəsaiti geri qaytara bilməyiblər. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, Sanigerin hərəkətləri texnoloji startaplara olan etimadı zəiflədib, “Nate”in qabaqcıl həllərə malik olduğu barədə yalan təəssürat yaradaraq, resursları həqiqətən innovativ şirkətlərdən yayındırıb.
    //valyuta.az

  • Şollarda asılmış kişi meyiti tapıldı – MÜƏMMALI İNTİHAR

    Xaçmazda intihar hadisəsi baş verib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu, Xudat şəhəri, Şollar qəsəbəsində qeydə alınıb.

    Orada yaşayan, 73 yaşlı Bayramov Şamil Sultan oğlunun meyiti yaşadığı evin yaxınlığında olan köməkçi tikilidə asılmış vəziyyətdə aşkar edilib.

    İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

  • AYNA müdirləri üçün təzə kreslolar alır – “Embawood”a 100 minlik sifariş

    “Embawood” MMC Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) elan etdiyi tenderin qalibi seçilib.

    Valyuta.Az xəbər verir ki, AYNA ilə MMC arasında 104.181,02 AZN-lik müqavilə imzalanıb.

    İmzalanan müqaviləyə əsasən, AYNA “Embawood”dan müdir masası, müdir kreslosu, müdir otaqları üçün istirahət dəsti, sənəd və printer dolabı, jalüzlər və s. alacaq.

    Qeyd edək ki, “Embawood” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Həmin vaxtı şirkətin qanuni təmsilçisi Milli Məclisin VI, VII çağırış deputatı Məmmədov Məşhur Şahbaz oğlu olub.

    Həmçinin qeyd edək ki, o, 1996-1999-cu illərdə «Mədinə» mebel şirkətinin direktoru, 1999–2002-ci illərdə «EBME» şirkətinin direktoru, 2002–2009-cu illərdə «Embawood» MMC-nin direktoru, 2009–2011-ci illərdə «Embawood İnşaat» MMC-nin direktoru, 2011–2014-cü illərdə «Embawood» MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə «Progress Construction» MMC-nin direktoru vəzifələrində çalışıb.

    Dövlət satınalamaların vahid internet prtalındakı məlumatlara əsasən, «Embawood» MMC 2019-cu ildən bəri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Zaqatala Ərazi İdarəsi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Gəncə Apelyasiya Məhkəməsi, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmət, İqtisadi Elmi Tədqiqat İnstitutu və Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən elan edilən tenderlərin qalibi seçilib.

    Əlavə edək ki, 3750 manat nizamnamə kapitalına malik şirkətin hazırki qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.

  • Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir – Professor

    “Əgər hansısa restoran və şadlıq evlərində bu kimi hallara rast gəlinirsə, müvafiq tədbirlər görülməlidir”.

    Bu sözləri Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla şadlıq evlərində masalardan artıq qalan qidaların növbəti mərasimlərdə yenidən istifadə olunmasının mümkün fəsadlarından danışarkən bildirib.

    Adil Qeybulla nəzəri cəhətdən belə halların mövcud ola biləcəyini qeyd edib:

    “Düşünürəm ki, bu məsələlər təsadüfi deyil. Hər bir şayiənin arxasında müəyyən qədər həqiqət dayanır. Qida məhsulları, xüsusilə də tez xarab olanlar uzun müddət saxlanıla bilməz. Onların saxlanma qaydalarının pozulması olduqca təhlükəlidir. Digər tərəfdən, müxtəlif masalardan qalan və artıq istifadə olunmuş qidaların qarışdırılaraq yenidən təqdim olunması insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilər. Çünki biz bir şənlikdə iştirak edən şəxsin hər hansı yoluxucu xəstəlik daşıyıcısı olub-olmadığını bilmirik”.

    Professor əlavə edib ki, süfrəyə verilmiş qidanın təkrar istifadəsi yalnız ailə daxilində və xüsusi nəzarət şəraitində mümkün ola bilər:

    “Digər hallarda bu cür təkrar istifadə yolverilməzdir. Qidalar masalara ümumi qablarda təqdim olunur və həmin qablarda qalan məhsullar mütləq utilizasiya edilməlidir”.

    Adil Qeybulla aidiyyəti qurumlara çağırış da edib:

    “Təhlükəsizlik qaydalarına əməl etməyən iaşə obyektləri ciddi məsuliyyət daşıyırlar. Təəssüf ki, qida toksiki infeksiyalarının böyük əksəriyyəti məhz bu qidaların düzgün saxlanmaması, istifadəsi və utilizasiyası qaydalarının pozulmasından irəli gəlir. Belə hallara yol verənlərlə bağlı ciddi tədbirlər görülməlidir”.

    Qeyd edək ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov şadlıq evlərini qida sektorunda istehlakçı hüquqlarının ən çox pozulduğu sahə adlandırıb. O bildirib ki, toy sahibi artıq qalmış bütün qidaları aparmaq hüququna malikdir:

    “Çünki həmin məhsulların pulunu toy sahibi ödəyib. Təbii ki, artıq qalan qidalar növbəti toy mərasimlərində istifadə olunur. Halbuki bəzi qidaların saxlanma müddəti 4-5 saatdan artıq deyil”.

  • Ağdamda 10 milyon manatlıq layihə

    Ağdam rayonunda mərhələli şəkildə bərpa və yenidənqurma işləri davam etdirilməkdədir.

    Trend-in əldə etdiyi məlumata görə, bu işlərin davamı kimi şəhərin ikinci faza yaşayış məhəlləsi üzrə bir sıra işlərə start verilir.

    Belə ki, sözügedən yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri, sahədaxili mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya, yağış suyu kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri aparılacaq.

    Artıq qeyd olunan işlərlə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə başlanılıb.

    Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

    Eyni zamanda, qurum görüləcək işlərin müqabilində şirkətə 9,7 milyon manat ödəməyə hazır olduğunu bildirir.