Month: April 2025

  • Keçmiş prezident ölkəsinə qayıtsa, həbs ediləcək

    Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev vətəninə dönəcəyi təqdirdə həbs ediləcək.

    Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Kamçıbek Taşiyev öz “Facebook “səhifəsində bildirib.

    “Ali Məhkəmənin Bakiyevə qarşı çıxardığı hökm qüvvədə qalır, ona görə də Qırğızıstana qayıdarsa, sərhədi keçdikdən dərhal sonra həbs olunacaq”, deyə MTK rəhbəri respublika Konstitusiya Məhkəməsinin sabiq prezidentlə bağlı qərarını şərh edərkən yazıb.

    Bakiyev 2010-cu ildə inqilab nəticəsində devrilib. Hazırda Belarusda yaşayır. 2014-cü ildə siyasətçi Bişkekdəki aksiyanımn gülləbaran edilməsinə görə ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra cəza yüngülləşdirilib. 2023-cü ildə o, korrupsiya ittihamı ilə qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakiyevin ümumi cəzası 30 il olub. 2021-ci ildən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə axtarışa verilib.

    Bu il aprelin 11-də Qırğızıstanın Konstitusiya Məhkəməsi məhkəmədə onun şəxsi iştirakı ilə Bakiyevin hökmündən apellyasiya şikayəti verilməsinə icazə verib.//qaynar.az

  • Məişət zorakılığı: “Bəlkə də kişilərə psixoloji yardım göstərilməlidir”

    2025-ci ilin 3 ayı ərzində Azərbaycanda 223 nəfər məişət zorakılığına məruz qalıb. Onlardan 117-si qadın, 13-ü kişi, 93-ü uşaq (49 oğlan, 44 qız) olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, məişət zorakılığına məruz qalanlar ən çox Bakı şəhərində qeydə alınıb.

    Məişət zorakılığının qarşısını alınması üçün qanun necə sərtləşdirilməlidir?

    Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya bildirib ki, məişət zorakılığını əks etdirən qanun kifayət qədər sərtdir:

    “Amma kimsə kiməsə qarşı zor tətbiq edib, sağlamlığına xəsarət yetiribsə, məsuliyyətə cəlb olunmalıdır. Fərqi yoxdur hadisə məişətdə baş verib, yoxsa ailədən kənarda. Buna görə işin hallarından asılı olaraq bir neçə il azadlıqdan məhrumetmə cəzası var. Təcrübədən deyə bilərik ki, belə hallarda ailə üzvləri cinayət məsuliyyətinə cəlb olunub, amma ona azadlıqdan məhrumetmə cəzası verilməyib. Çünkü bu ana gəlib çatanda arvad hakimdən ərimi tutma deyə xahiş edir. Çünkü ailəni kişi saxlayır, birgə övladları var, övladları da anaya qarşı sən bizim atamızı həbsə atdırmısan deyə münasibətlər pisləşə bilər. Bu kimi hadisələrdə məsuliyyətə cəlbetmə hallarında hardasa yumşaqlıq varsa, bu, qanunun yumşaqlığından xəbər vermir. Kişilərə daha yüngül cəza verirlər”.

    Vəkil deyir ki, əksər hallarda bu, effekt verir:

    “Kişi anlayır ki, bir də arvada əl qaldırsa, artıq buna real azadlıqdan məhrumetmə cəzası da verilə bilər. Hesab edirəm ki, burada qanundan çox maarflənmə işləri aparılmalıdır. Bir şeyi xüsusi olaraq vurğulayım ki, Azərbaycanda məişət zorakılığı halları çox deyil. Boşanma ilə bağlı statistikaya baxın. Onların 90%-i qadınların təşəbbüsüdür. Boşanmaların əksəriyyəti zorakılığa görə deyil. Zorakılıq kişilərə qarşı da var. Kişinin ailədə hökmran mövqeyi tam sarsılmasa da, laxlayıb”.

    Əkrəm Həsənovun sözlərinə görə, zorakılıq hallarının əksəriyyəti evdə kişinin qadın tərəfindən aşağılanmasından sonra başlayır:

    “20-30 il bundan əvvəl belə hallar olmayıb. Amma deyə bilərəm ki, Azərbaycan cəmiyyətində qadının rolu həmişə yüksək olub. Azərbaycanın o zamankı filmlərinə baxaq. Məsələn, “Evlənmək istəyirəm” filmində deyir ki, heyif deyil Paris qadınları, bizim qadınlar uşaq doğmaq, əri ilə dimdik-dimdiyə gəlməkdən başqa nə bacarır. Bu o deməkdir ki, əvvəllər bizim qadınlar elə indiki kimi olub. Bu bioloji bir məsələdir, kişi güclüdür. Qadın dövlətə arxalanaraq kişini aşağılamağa başlayır. Kişi də zəifliyindən başlayır zor tətbiq etməyə. Normal kişi görsə ki, qadın ona tabe olmur, yollarını ayırmalıdır. Bu məsələdə maariflənmə işləri aparılmalıdır, tərəflərə rolları başa salınmalıdır. Bəlkə də kişilərə psixoloji yardım göstərilməlidir”.

  • “Google” yüzlərlə əməkdaşını işdən çıxardı

    Yanvar ayında könüllü ixtisarlar təklif edildikdən bir neçə ay sonra “Google” “Android”, “Chrome” və “Pixel” komandalarından yüzlərlə işçini işdən çıxarıb. Çox güman ki, bu, ötən il “Android” və “Chrome” bölmələrinin vahid “Pixel” və “Cihazlar” qrupunda birləşməsi ilə bağlıdır.

    Qaynarinfo xəbər verir ki, şirkət “The Information”a verdiyi şərhdə ixtisarları təsdiqləyərək, onları “çeviklik və səmərəliliyi artırmaq” strategiyasının bir hissəsi adlandırıb. “Google” şirkətin məhsullarına ixtisarların təsir etməyəcəyini iddia edir: bu il üçün nəzərdə tutulan hər şey yerində qalacaq.

    “Google” öz bölmələrini 2024-cü ildə rəsmən birləşdirib. Birləşmədən sonra yeni struktura 20 mindən çox işçi daxil olub. Yanvar ayında başlayan könüllü ixtisar proqramı, görünür, daha kəskin addımlar üçün bir başlanğıc idi.

    Bununla yanaşı, şirkət süni intellekt istiqamətinə investisiya qoymağı dayandırmır. Necə də səxavətlidir ki, bu sahədə bəzi mütəxəssislərə indi fəaliyyətsizliyə görə bir illik maaş veriləcək.

    Bütün rəqiblərin, o cümlədən “Apple”ın əsas insanları şirnikləndirməsinin qarşısını almaq üçün. Sonuncu, yeri gəlmişkən, AI-nin mövcudluğunu da gücləndirir; payızda “Siri” və “Apple” Intelligence ilkin təxirə salınmalara baxmayaraq vəd edilmiş yeniləmələri alacaqlar.

  • “Rembo: İlk qan” filminin rejissoru vəfat etdi

    “Rembo: İlk qan”, “Berni ilə həftəsonu” və digər məşhur filmlərin rejissoru olan tanınmış kanadalı sənətkar Ted Kotçeff vəfat edib. Onun 94 yaşı var idi.

    Bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

    Məşhur rejissorun ölüm səbəbi hələlik açıqlanmayıb. Ted Kotçeffin yaxınları bu barədə rəsmi açıqlama verməkdən imtina edirlər və onun itkisini hələ də qəbul edə bilmirlər.

    Qeyd edək ki, Kotçeff iki dəfə evli olub və beş uşaq böyüdüb.

    Gələcək rejissor Toronto Universitetini bitirib. Burada o, “ingilis ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və daha sonra televiziya və radio yayım şirkətində işə başlayıb. Karyerasına səhnə işçisi kimi başlayan Kotçeff sonradan ən gənc dramatik rejissora çevrilib.

    Ted Kotçeffin ilk filmi 1962-ci ildə çəkilən “Tahiti tiaqı” olub. Lakin ona daha geniş tanınma gətirən ekran işi 9 il sonra yayımlanan “Təhlükəli oyanış” filmi idi. Ardınca “Daddi Kravitsin şagirdliyi” filmi Berlin kino festivalında “Qızıl ayı” mükafatını qazanıb və “Ən yaxşı adaptasiya olunmuş senari” nominasiyasında “Oskar”a namizəd olub.

    Ted Kotçeffin Hollivudda tanınan filmləri arasında “Şimal Dallasın 40-cıları”, “Berni ilə həftəsonu”, “Dik və Ceynlə əyləncələr”, “Fövqəladə cəsarət”, “Rembo: İlk qan” və digər məşhur ekran əsərləri yer alır.
    //qaynar.az

  • Sürücüsüz idarə olunan avtomobil sahibləri cərimələnə bilər – VİDEO

    Bir çox ölkələrdə avtomobili sürücüsüz, yəni avtanom rejimdə idarə etmək mümkündür. Hətta ölkəmizdə bu cür avtomobil idarə edən də az deyil.

    Ekspertlər isə bildirir ki, Azərbaycanda yol infrastrukturu bu cur sürüşə imkan vermir. Dünyanın müxtəlif yerlərində məsələn, ABŞ-da müxtəlif zonaları əhatə edir. İcazə verilsə belə, hava şəraitindən asılı olaraq, bu funksiyaların işləməsində problem yarana bilər. Məsələn, yağış yağanda yolda xətlər aydın görünmür, işıqfor işləmir və s.

    Baş Dövlət Yol Polisi idarəsindən bildirilib ki, sürücüsüz avtomobil idarə etmək məsuliyyət yaradır.

    Azərbaycan qanunvericiliyinə görə müasir və ən son texnologiyalarla təchiz olunmuş avtomobilləri avtonom rejimdə idarəsini qadağan edən konkret maddə yoxdur.

    Qeyd edək ki, yol hərəkəti haqqında qanunun 37 və 52-ci maddəsinə görə sürücülər avtoparkinq və avtonom rejimdə avtomobili idarə edərsə 50 manat cərimə edilə bilər.

    Bu barədə ARB TV-nin “Günə Son” verilişi araşdırma edib.

    Daha ətraflı video məlumatı təqdim edirik:

  • Uşaqlar arasında kütləvi virus yayılıb?

    Qızdırma, ishal, ürəkbulanma, boğaz ağrısı… Son bir həftədə sosial şəbəkələrdə ölkə ərazisində uşaqlar arasında kütləvi virusun yayıldığı iddia olunur. Hətta bu virusun yeni və təhlükəli olduğunu vurğulayanlar da var. Valideynlər bildirirlər ki, virusa yoluxan uşağın hərarəti 3-4 gün yüksəlir, kəskin boğaz ağrısı müşahidə olunur və heç bir dərman təsir etmir. 

    Bəs bu virus həqiqətən kütləvi xarakter daşıyırmı? Ən əsası, iddia olunduğu kimi yeni virusdur, yoxsa mövsümi xəstəlik? 

    “Yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir”

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən “Kaspi” qəzetinə verilən məlumata görə, ölkə ərazisində yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir: “Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma halları müşahidə edilir. Xəstəlik əsasən temperaturun yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək və sair kataral simptomlarla özünü büruzə verir”.

    “Vaksinasiya olunması vacibdir”

    Qurumdan bildirilir ki, uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi və ya immuniteti zəif olan şəxslər kəskin respirator virus infeksiyalarına daha çox həssasdırlar: “Onların mövsümi qrip əleyhinə vaksinasiya olunması vacibdir. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.

    Həmçinin xəstəliklə mübarizə üçün xüsusilə mövsüm dəyişikliyi zamanı vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi qorumaq, mövsümə uyğun geyinmək, immun sistemini gücləndirmək məsləhət görülür.

    “Antibiotik müalicəsi ilə simptomlarda dəyişiklik görülmür”

    Pediatr Nigar Mirzəyeva deyir ki, son zamanlar uşaqlar arasında viral infeksiyalara rast gəlinir. Mütəxəssisin sözlərinə görə, xüsusilə də qrip peyvəndi olunmayan uşaqlarda influenzanın A və B tipi müşahidə olunur: “Uşaqlarda uzun müddət davam edən yüksək hərarət, ümumi halsızlıq, iştahasızlıq şikayəti ilə bizə müraciət olunur. Bu şikayətlərlə yanaşı, digər viral infeksiyalarda görülən respirator əlamətlər – burun axıntısı, boğaz ağrısı, öskürək müşahidə edilir. Virus bəzən ağır keçdiyindən valideynlər antibiotik müalicəsinə başlayırlar. Təbii ki, virus infeksiyalarının müalicəsində antibiotikin rolu olmadığı üçün simptomlarda dəyişiklik görülmür”. 

    “Diaqnozun 48 saatda qoyulması çox vacibdir”

    Pediatrın sözlərinə görə, diaqnozun 48 saatda qoyulması çox vacibdir: “Çünki ilk 48 saat ərzində qoyulan diaqnoz nəticəsində başlanılan antiviral müalicə effektli olur. Qorunma yolu isə hər zaman qrip peyvəndidir. Qrip peyvəndi əsasən oktyabr və noyabr aylarında vurulur ki, influenzanın epidemiyası olanda uşaqları qoruya bilək”. 

    Mövsümi xəstəliklər – rotavirus

    Pediatr-infeksionist Aytən Ziyadova bildirdi ki, mövsüm dəyişikliyi ilə bağlı olaraq, uşaqlarda mövsümi xəstəlikləri görmək mümkündür. İnfeksionistin sözlərinə görə, son zamanlar müşahidə olunan virus, əsasən rotavirusdur: “Rotavirus, xüsusilə uşaqlarda mədə-bağırsaq infeksiyalarına səbəb olan, çox yüksək yoluxma qabiliyyətinə malik bir virusdur. Bu xəstəlik uşaqlarda güclü ishal, qusma və bədən temperaturunun yüksəlməsi ilə özünü göstərir. Əgər uşaqda qidalanmada problem yaranarsa və su itkisi baş verərsə, bəzən həyati təhlükə yarada bilər”.

    İlk beş yaş risklidir…

    Rotavirusun yaranma səbəbinə gəldikdə, həkim bildirir ki, uşaqların xüsusilə ilk beş yaşında bu xəstəliyə tutulma riski daha yüksəkdir: “Rotavirus, Reoviridae ailəsinin üzvü olan bir virusdur. Virus tualet vasitəsilə və ya infeksiyalı şəxsin əşyalarına təmas nəticəsində yayılır. Rotavirus infeksiyasına yoluxmuş şəxs, xüsusilə ishal dövründə virusu çox miqdarda yayır. Virus, həmçinin infeksiya daşıyıcısı olan əşyalar və ya çirklənmiş su vasitəsilə də yayıla bilər”.

    Güclü ishal, qusma, yüksək hərarət

    Virusun simptomlarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, rotavirus infeksiyasının simptomları ümumiyyətlə 1-3 gün sonra meydana gəlir. Simptomlar güclü ishal, qusma, yüksək hərarətdir. İnfeksiya bədən temperaturunun 38°C və ya daha yüksək olmasına səbəb ola bilər. Həmçinin bu virus ürəkbulanma və halsızlıqla da özünü göstərir”.

    Vaksinasiya, təmiz mühit, sağlam qidalanma

    Virusdan qorunma yollarına gəldikdə isə, həkim bildirir ki, uşaqların əllərini yeməkdən əvvəl və tualetdən sonra yaxşıca yuyulduğuna əmin olmalıyıq. Vaksinasiya, təmiz mühit, sağlam qidalanma, sosial məsafə və maskalardan istifadə etməklə bu virusdan qorunmaq mümkündür”.

  • Rusiya genişmiqyaslı hücuma hazırdırmı? – General rusların planlarını açıqladı

    Ruslar bir neçə istiqamətdə hücuma hazırlaşmağa davam edirlər, lakin hələlik genişmiqyaslı əməliyyat üçün tam hazır deyillər.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru, siyasi və hərbi xadim Sergey Krivonos bildirib.

    “Düşmənin müxtəlif sahələrdəki aktivliyi göstərir ki, ruslar bizim zəif nöqtələrimizi yoxlamağa, atəş vasitələrimizi müəyyən etməyə çalışırlar. Bu isə gələcəkdə real genişmiqyaslı hücum üçün istifadə oluna bilər”, deyə ekspert vurğulayıb.

    General-mayorun sözlərinə görə, hücumu həyata keçirmək üçün Rusiya qüvvələrini artırmalıdır. O əlavə edib ki, hələlik Rusiya tərəfindən hücum başlanmayıb, lakin hazırlıq işləri davam edir.

    “Bizim vəzifəmiz – onların bütün istəklərinə baxmayaraq – mövqelərimizin mühəndis-fortifikasiya baxımından möhkəmləndirilməsini davam etdirmək və düşmənin zərbə vasitələri barədə fəal kəşfiyyat aparmaqdır ki, onlara vaxtında zərbə endirmək mümkün olsun”, deyə Krivonos qeyd edib.

    Bundan əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa bəyan etmişdi ki, Rusiya artıq aprelin sonunda hücumu gücləndirəcək. Onun sözlərinə görə, işğalçılar Pokrovsk istiqamətində hücumu önə çəkə və eyni zamanda Kupyansk və Liman yaxınlığındakı şərq cəbhələrində, eləcə də Zaporojye və Novopavlovka yaxınlığındakı cənub-şərq cəbhələrində fəal əməliyyatlar apara bilərlər.

    Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Dmitri Lixoviy Rusiyanın Sumı və Xarkov vilayətlərinə hücum planlarına münasibət bildirib. Onun sözlərinə görə, hazırda döyüş meydanında ciddi dəyişikliklər müşahidə olunmur.
    //qaynar

  • Niyə daha çox insan uşaq sahibi olmaq istəmir? – 6 əsas səbəb

    Müasir dünyada getdikcə daha çox insan üçün uşaq sahibi olmaq artıq “nə zaman” deyil, “ola bilərmi” sualına çevrilib.

    “Forbes” nəşri üçün köşə yazan Mark Treversin fikrincə, maliyyə vəziyyəti, karyera və yaşayış yerinin olmaması insanların ilk övladını dünyaya gətirməsini təxirə salmasının əsas səbəbləri kimi göstərilir.

    Lakin “Frontiers in Psychology” jurnalında dərc olunan yeni bir araşdırma göstərir ki, burada daha dərin psixoloji motivlər də rol oynaya bilər.

    Araşdırmaya əsasən, insanların valideynlikdən uzaq durmasının altı əsas səbəbi bunlardır:

    1. “Hazır olmadığımı hiss edirəm”

    Bu, emosional, zehni və ya praktik baxımdan baş verir. İnsanlar kifayət qədər yaxşı valideyn ola bilməyəcəyindən və ya nə edəcəklərini bilməyəcəklərindən qorxurlar. Bu hiss bəzən paraliz edən bir qorxuya çevrilə bilər.

    Araşdırma müəlliflərinin fikrincə, bu tərəddüd, “pis” valideyn olmaqdan qorxmaqla əlaqədardır – yəni başqasına qayğı göstərmək, onu qorumaq və tərbiyə etmək üçün lazım olanlara sahib olmamaq hissi.

    Sosial media, uşaq tərbiyəsi ilə bağlı kitablar və “yaxşı niyyətli” məsləhətlər bu gözləntiləri hər gün artırır. Zamanla insanlar inanmağa başlayır ki, yaxşı valideynlər həmişə səbirli, fədakar, emosional sabit, maliyyə cəhətdən təminatlı olmalı və uşaqlarını hər zaman birinci yerə qoymalıdır. Bu isə çox yüksək tələblərdir və bir çox insan üçün bu tələblərə cavab verə bilməmək qorxusu təxirə salma üçün kifayət edir. Bu isə belə bir sualı doğurur: “Əgər indi hazır deyiləmsə, heç vaxt hazır olacağammı?”

    2. “Hələ həyata keçirməli olduğum çox şey var”

    Bəzi insanlar üçün valideynlikdən imtina azadlıqla bağlıdır. Bu, xüsusilə öz arzularını və məqsədlərini həyata keçirmək istəyən və ya sadəcə öz həyatından zövq almaq istəyən gənclərə aiddir.

    “Bəzi insanlar üçün həyatdakı prioritet məqsədlərə çatmaqdır və uşaq sahibi olmaq bu məqsədlərə ciddi maneədir”, deyə tədqiqatçılar izah edirlər.

    Bəziləri bunu eqoist yanaşma kimi görsə də, əksər insanlar valideyn olmağa qədər özlərinə kifayət qədər vaxt ayırmaq istədiklərini bildirirlər. Amma bu hissin heç vaxt yaranmaya biləcəyi riski də var.

    3. “Bu, çox çətin səslənir”

    Hətta uşaq istəsəniz belə, valideynliyin real çətinliklərini nəzərə almamaq olmur: yuxusuz gecələr, maliyyə çətinlikləri, emosional yorğunluq və gündəlik həyatın tamamilə dəyişməsi. Bəzi insanlar üçün bu, böyük yük kimi görünür.

    “Bəzi hallarda valideynlik çətinliklər və qurbanlarla əlaqələndirilir. Bu isə uşağı sevməkdə şübhə deyil, sadəcə bu sevginin insana nəyə başa gələ biləcəyinin göstəricisidir”, deyə araşdırmada qeyd olunur.

    Şəxsi vaxtın azalacağı, emosional ehtiyatların tükənəcəyi və öz ehtiyaclarını təmin etmək imkanlarının azalacağı düşüncələri, xüsusilə artıq stress və ya psixoloji problemlər yaşayan insanlar üçün əsaslı və təbii narahatlıqdır. Valideynliyin ağır yükünə təkbaşına dözmək qorxusu da insanları uzaqlaşdırır.

    4. “Bəs hər şey dəyişsə necə?”

    Burada daha ekzistensial bir qorxu ortaya çıxır: dəyişiklik qorxusu. İnsanlar düşünür: “Bəlkə mən öz şəxsiyyətimi itirərəm?”, “Bəlkə münasibətlərim dəyişər?”, “Bəlkə həyatım üzərində nəzarəti itirərəm?”

    Valideynlik həyatın bütün aspektlərini – münasibətləri, bədəni, şəxsiyyəti – dəyişdirir. Sabitlik, nəzarət və rutini yüksək qiymətləndirən insanlar üçün bu dəyişikliklər çox narahatedici görünə bilər.

    “Uşağın tərbiyəsinə sərf olunan vaxt və öhdəliklər mövcud həyat tərzi ilə ziddiyyət təşkil edir. Bu, həmçinin cütlüklərin münasibətlərində və qadın bədənində də dəyişikliklərə səbəb olur”, deyə tədqiqatçılar bildirirlər.

    5. “Maliyyə cəhətdən kifayət qədər sabit deyiləm”

    Bu mövzuya pul məsələsini daxil etmədən toxunmaq mümkün deyil. Hətta uşaq istəməyə baxmayaraq, bir çox insan onların xərclərini ödəyə bilməyəcəyini düşünür. Mənzil, səhiyyə, təhsil və gündəlik qayğı xərcləri durmadan artır. Gəlirini güclə idarə edən biri üçün ailəyə yeni üzv əlavə etmək qorxulu görünə bilər.

    “Uşaq böyütməyin dəyəri potensial valideynlərin maliyyə imkanlarını üstələyə bilər”, deyə araşdırmada qeyd olunur.

    Bu, eqoistlik deyil, real və əsaslı narahatlıqdır. İnsanlar düşünür: “Bəs onların ehtiyaclarını ödəyə bilməsəm necə olacaq? Onlar mənim maliyyə cəhətdən hazırlıqsız olmağıma görə əziyyət çəksələr?”

    Xüsusilə yoxsulluq şəraitində böyümüş insanlar üçün bu qorxu daha da güclü olur.

    6. “Bu dünyaya ümumiyyətlə uşaq gətirməyə dəyərmi?”

    Getdikcə daha çox insan bu sualı verir. İqlim dəyişikliyi, müharibələr, siyasi qütbləşmə və iqtisadi qeyri-sabitlik – gələcəyin bu qədər qeyri-müəyyən olduğu bir vaxtda uşaq sahibi olmağın nə dərəcədə etik olub-olmaması sual altındadır.

    Hətta uşaq sahibi olmaq arzusu olanlar belə düşünür: bu uşağın belə bir dünyada yaşaması ədalətlidirmi?
    //qaynarinfo

  • “Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı – VİDEO

    Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığında ərazini çirkab suları basıb.

    Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda həmin ərazidəki problem aradan qaldırılıb:

    “Ərazidə baş verən tullantı xətlərindəki tıxanma aradan qaldırılıb. Hazırda tullantı suları da sərbəst şəkildə boru ilə axır”.

  • Çirkab suları hələ də Ceyranbatana axıdılır – VİDEO

    Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır.

    Bu barədə AZTV süjet yayımlayıb.

    Bildirilib ki, çirkab sularının su anbarına axıdılması üçün ərazidən boru xətti də çəkilib və bu yolla kanalizasiya suları su anbarının mühafizə xəttinə ötürülür.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilməyib.

    Qeyd edək ki, bir müddət əvvəl də bu ərazidən kanalizasiya sularının Ceyranbatan su anbarına axıdılmasına dair məlumatlar və görüntülər yayılmışdı. Həmin vaxt qurum çirkab sularının su anbarına axıdılması barədə deyilənləri təkzib etmişdi.

    Xatırladaq ki, Ceyranbatan su anbarı paytaxtı və ətraf əraziləri içəmli su ilə təmin edən əsas resurslardan biridir.

    Həmin görüntüləri təqdim edirik: