Month: April 2025

  • Bu hallarda aliment əmlaka yönləndirilə bilər

    Boşanmalar zamanı ən çox müzakirə edilən mövzulardan biri də alimentin təyin edilməsi və ödənilməsi məsələsidir. Aliment borcunun yarandığı zaman hüquqi yolla məhkəməyə müraciət edilərək hüquqi yolla tələb edilə bilər.

    Alimentin təyin edilməsi, şəxsin aliment ödənişindən azad oluması və aliment borcunun şəxsin əmlakına yönləndirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinə görə, borclar alimentin məhkəmənin qətnaməsi yaxud aliment ödənilməsi barədə sazişlə müəyyən edilən miqdara uyğun icra məmuru tərəfindən müəyyən edilir.

    Məcəllənin 76-cı maddəsinə görə, yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin alimenti ödəmədiyi dövr boyunca olan qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmirsə və ya onun əmək haqqının və ya başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmirsə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına uyğun olaraq müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.

    Qanunvericilikdə göstərilir ki, aliment tərəflər arasında əldə olunmuş saziş yaxud məhkəmənin qətnaməsi əsasında ödəməli olan şəxsin qazancından və ya digər gəlirlərindən tutulur. Qazanc və ya digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda qanunla aliment ödəməli olan şəxsin yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

    Şəxs hansı halda aliment ödəməkdən azad oluna bilər?

    Şəxsin aliment ödəməkdən azad edilməsi alimentin ödənilməsi saziş əsasında tutulduqda aliment üzrə aliment ödəməkdən azad olunma və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilir. Bununla yanaşı məhkəmə tərəfindən borclunun sağlamlıq vəziyyəti və digər səbəblərdən maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edilərsə, şəxs həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edilə bilər.
    //modern.az

  • Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

    2025-ci ilin yanvar ayında Azərbaycana 4 ölkədən 0.46 ton 1000 V-dan çox gərginlikli elektrik dövrəsi üçün əriyən qoruyucular gətirilib.

    Valyuta.Az xəbər verir ki, idxalın əsas hissəsi Rusiyadan, qalan hissəsi isə Çin, Finlandiya və İspaniyadan həyata keçirilib.

    Belə ki, Rusiyadan 11.82 min ABŞ dolları dəyərində 0.28 ton, Çindən 390 ABŞ dolları dəyərində 20 kq, Finladiayadan 1 008 dollar dəyərində 10 kq, İspaniyadan isə 8 700 ABŞ dolları dəyərində 150 kq idxal həyata keçirilib.

    Həmin dövrdə sözügedən məhsul üzrə Azərbaycandan sadəcə İtaliyaya ixrac həyata keçirilib. Belə ki, İtaliyaya ixracdan ilin ilk ayında 590 ABŞ dolları gəlir əldə olunub.

  • “Tiktok”da qadın və kişiləri pis vərdişlərə sövq edən nədir? – Sosioloq

    Bəzi sosial şəbəkələrdə qadın və kişiləri pis vərdişlərə sövq edən amillər var”.

    Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub “Tiktok”da qadın izləyicilərinin sayının çox olması səbəblərini izah edərkən deyib. Sosioloq sözügedən şəbəkənin izləyicilərini qəfəsdən çıxan insanlara bənzədib:

    “Bu amillər nədir? Əsas məsələ budur, onlar nəyi subut eləmək istəyirlər? “Tiktok” izləyiciləri qəfəsdən çıxan insanlara bənzəyir, özlərini kimlərəsə nümayiş etdirirlər. Bu, ciddi araşdırma mövzusudur. Açıq-saçıq videolar, səhifələr “İnstaqram”da da çoxdur. Hələ qonşu ölkələrin bəzilərində “İnstaqram”dakı açıq-saçıq paylaşımlar dəhşətli dərəcədədir”.

    Sosioloq qeyd edib ki, hansı şəbəkədə izləyici çoxdursa, orada açıq-saçıq paylaşımların sayı da çoxdur:

    “Qadınların “Tiktok”da aktiv olmasının səbəbi onun imkanlarının daha əlçatan, izləyicilərin daha çox olmasıdır. Buna görə “Tiktok” populyarlıq qazanıb. “Tiktok”da ödənişlər, uduşlar var, orada pul qazanmaq imkanları daha rahatdır. Qadınlar da bunu bilərək canlı yayım açır və pul qazanır”.

  • Bu Mərkəz 52 min manatlıq narkotik vasitə alır

    İnnovasiya və Təchizat Mərkəzi “Azərtibbtəchizat” şirkətindən narkotik vasitə alır.

    Qaynarinfo xəbər verir ki, bununla bağlı Mərkəzlə şirkət arasında satınalma müqaviləsi bağlanıb.

    Narkotik vasitələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üçün alınır.

    Satınalma müqaviləsinin maliyyə dəyəri 52 970,2 manatdır.

  • “Atlant” İstirahət Mərkəzi müsadirə oluna bilər – Həbs qoyuldu

    “Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə yenidən araşdırması davam edir.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda 171 nəfər zərərçəşmişdən çoxu iştirak edib.

    Bu iş əvvəl başqa hakimlər tərəfindən araşdırılıb. Həmin prosesə sədrlik edən hakim Siyavuş Hacıyevin ölümündən sonra istintaq dayandırılmışdı. Bu dəfə işi Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər araşdırır.

    İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 171 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

    Nofəl “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

    Cinayət işi üzrə “Atlant” İstirahət Mərkəzinin üstünə həbs qoyulub. Belə olan halda hökm qəbul edilərkən zərərçəkmişlərə dəymiş ziyanın əvəzi olaraq mərkəz müsadirə edilə bilər.

    Bu gün “Atlant”ın üzərinə qoyulan həbs qərarının ləğv edilməsi ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin etməyib. Yeni daxil olmuş üç mülki iddia isə qəbul edilib.

    Bundan əvvəlki iclaslarda zərərçəkmiş şəxslər “Atlant”ın sahibi Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyiblər. Həmin vəsatət hələ ki, baxılmamış saxlanılıb.

    Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edir.

    Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində dənizin kənarında yerləşir.

  • Bakıda fəhlə “Range Rover”dən 16 min oğurladı – 130 manata gödəkçə aldı

    Bakıda avtomobil yuma məntəqəsində “Range Rover”dən 10 min dollara yaxın pul oğurlayan şəxsə hökm oxunub.

    1979-cu il təvəllüdlü Nəzər Y. fəhlə kimi işlədiyi “moyka”da Eldəniz adlı müştərinin “Range Rover” markalı avtomobilindən 10 min dollara yaxın pul götürməkdə ittiham edilərək saxlanılıb.

    Hadisə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində avtoyuma məntəqələrindən birində baş verib. Belə ki, zərərçəkmiş şəxs özünə məxsus “Range Rover” markalı avtomobili gecə saatlarında yuyulmaq üçün “moyka”ya verib.

    Hadisənin səhəri gün zərərçəkmiş avtomobili ilə rayonların birinə gedib. Orada məlum olub ki, Nəzər Y. adlı şəxs onun maşınından 9400 dollar (15980 manat ) pul oğurlayıb.

    Təqsirləndirilən şəxs pulu oğurladıqdan sonra özünə 130 manata gödəkçə və 45 manata ayaqqabı alıb. Daha sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığında özünə kirayə ev tutub. Puldan 1100 dollarını xərclədikdən sonra 8300 dolları zərərkəmişə qaytardığı zaman həbs edilib.

    Məhkəmənin qərarı ilə, Nəzər Y. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli müəssisədə çəkəcək.
    //qaynar.az

  • Azərbaycanda yeni institut yaradıldı

    Bakı Mühəndislik Universitetinin nəzdində yeni institut yaradılıb.

    Valyuta.az-ın əldə etdiyi məlumata görə, rəhbəri Orucov Şahin Əlibala oğlu olan institut “Tədqiqat və Layihə İnstitutu” MMC adı altında fəaliyyət göstərəcək.

    BMU-nun bu institutu üçün nizamnamə kapitalı da müəyyən edilib. Belə ki, bu institut 300 manat kapitalla yaradılıb. Binası isə elə Bakı Mühəndislik Universitetinin ərazisində yerləşir.

    Qeyd edək ki, Bakı Mühəndislik Universiteti 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılıb. Universitetin hal-hazırda rektoru Yaqub Piriyevdir. O, 2023-cü ildə bu vəzifəyə təyin edilib.

  • “Emerald”da oğurluq: Otelə qadın çağırdı, telefonu aparıldı

    Bakıda “Emerald” adlı oteldə müştərinin telefonunu oğurlayan qadına hökm oxunub.

    “Emerald” otelinin 405 nömrəli otağından müştərinin “iPhone 15 pro” markalı mobil telefonunu oğurlayan 1989-cu il təvəllüdlü A.G. saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, zərərçəkmiş Orxan “Emerald”ın 405 nömrəli otağını bron etikdən sonra sosial şəbəkə vasitəsi ilə tanış olduğu təqsirləndirilən qadını otelə dəvət edib. A.G. Orxanın dediyi otağa qalxdıqdan sonra birlikdə yemək yeyiblər. Orxan otaqda olan hamama girdikdən sonra təqsirləndirilən şəxs zərərçəkmişə rəfiqəsinin gəldiyini və otelin qarşısına enib qayıdacağını bildirib. Gedərkən isə stolun üzərində olan “iPhone 15 pro” markalı mobil telefonu götürüb və oteldən çıxraq uzaqlaşıb.

    Daha sonra təqsirləndirilən qadın “28 may” metrosu yaxınlığında yerləşən “İnfinix” telefon mağazasına gedib və şəxsiyyət vəsiqəsini təqdim edərək oğurladığı “iPhone 15 pro” markalı mobil telefonu 1400 manata satıb və pulu şəxsi ehtiyacları üçün xərcləyib.

    Məhkəmənin qərarı ilə 16 gün həbsdə saxlanılması nəzərə alınmaqla, A.G.-ya 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
    //qaynar.az

  • İnsanlara hücum edən ac, sahibsiz itlər: Problemi necə həll etmək olar?

    Son vaxtlar insanların, xüsusilə uşaqların sahibsiz itlərin hücumuna məruz qalması kimi hadisələrin sayı çoxalmaqdadır. Hətta bəzən oxşar hadisələr şəhərin bir neçə mərkəzi hissəsində baş verir.

    Məsələn, Sumqayıtda bir gündə doqquz uşaq itlərin azğın hücumuna uğrayıb. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. İtlər eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa hücum edib.

    Amma küçə itləri ilə bağlı problem hələ də həllini tapmır. İtlər hücum edir, nəticədə insanlar quduzluğa yoluxur və həyatlarını itirir.

    Bəs, sahibsiz itlərlə necə mübarizə aparmaq olar?

    Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, tədbir görülməsə, bu hadisələrin sayı çoxalacaq:

    “İtlərin sayı çoxalır. Günün günorta vaxtı evdən çıxmaq olmur. Bəzən itlər küçədə gedən maşınların üstünə hücum edir. Adamlar bəzən gecə işdən gəlir, evlərinə gedə bilmir. Necə getsinlər? Küçə itləri həmişə ac olur, ona görə də insanlara cumurlar. Uşaqlar qorxur, bəzən qaçırlar, bəzən də onlara daş atırlar. İt də bunu görüb uşağın ardınca qaçır. İti daşlamaq olmaz. Bu məsələ heç cür həllini tapmır”.

    Leyla Əlizadə hesab edir ki, küçə itlərinə qarşı mübarizənin bir yolu var:

    “İtlər artmasın deyə qısırlaşdırılmalıdır. Belə olarsa, onların sayı azalacaq. Baxın, bizdə görün nə qədər sahibsiz heyvanlarla bağlı sığınacaqlar var. İndi evdə də heyvan saxlamaq çətindir. Yeməklər bahalaşır. Onların arasında xəstə olanları da var. Müalicə xərc tələb edir. Əməliyyatlar da dövlət hesabına aparılmalıdır. İnsanlar bu əməliyyatı edə bilmir, çünki bahalıdır. 10 il bundan əvvəl Niderlanddan iki baytar həkim gəlmişdi. Onlar iki həftə ərzində 400-dən çox heyvanı əməliyyat və müalicə etdilər. Bunlar ödənişsiz başa gəldi. İndi bu layihələrin sayı çoxalmalıdır. Yəni, belə olmasa, o itlərin əlindən küçədə getmək olmayacaq”.

  • Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə etdi

    “Bloomberg Billionaires Index” reytinqinin məlumatına görə, dünyanın ən varlı şəxsləri bir sutka ərzində rekord həddə – 304 milyard dollar gəlir əldə ediblər.

    Bu göstərici milyarderlərin sərvətinin gündəlik artımı üzrə indiyədək qeydə alınan ən böyük rəqəm hesab olunur.

    Qeyd olunur ki, əvvəlki rekord 2022-ci ilin mart ayında 233 milyard dollarla qeydə alınmışdı.

    Reytinqə əsasən, iş adamı İlon Mask hələ də milyarderlər siyahısında birinci yeri qoruyur. Var-dövlətin kəskin artımı ABŞ prezidenti Donald Trampın bəzi ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan gömrük rüsumlarının tətbiqini dayandıracağına dair verdiyi vəddən sonra qeydə alınıb.

    Xatırladaq ki, bundan əvvəl “Apple” korporasiyasının yenidən dünyanın ən dəyərli şirkəti olduğu və ABŞ fond bazarındakı artımlar fonunda kapitallaşmasını 2,59 trilyon dollardan 2,99 trilyon dollara yüksəltdiyini bildirilmişdi. Şirkətin səhmləri 15,3% bahalaşaraq bir səhm üçün qiyməti 198,85 dollar təşkil etmişdi.
    //qaynar.az