Month: Aprel 2025

  • Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayır

    Texnologiya nəhəngi “Google” tərəfindən hazırlanmış “Android Auto” əməliyyat sistemi avtomobil əyləncələri sahəsində irəliləyişə imza atıb. Belə ki, artıq “Android Auto 14.1″in yeni beta versiyası sensor ekranla təchiz edilmiş avtomobilin media sistemində birbaşa oyunların işə salınmasını dəstəkləyir.

    Bu barədə “9to5Google” nəşri xəbər yayıb.

    Bildirilir ki, funksiya sürücülər və sərnişinlər üçün dayanacaqlar və parklama zamanı sevimli oyunlarından həzz almağa imkan verir.

    Hazırda dörd populyar oyun mövcuddur: “Candy Crush”, “Angry Birds”, “Farm Heroes Saga” və “Beach Buggy Racing”.

    “Android Auto” tərtibatçıları təhlükəsizliyi də nəzərə alıblar: Oyunlar yalnız avtomobil hərəkətsiz vəziyyətdə olduqda işləyir. Nəqliyyat vasitəsi hərəkətə başlayanda oyun dərhal bağlanır və yenidən başlatmaq mümkün olmur.

    Avtomobildə oyunlardan istifadə üçün əvvəlcədən onları “Android Auto” ilə əlaqələndirilmiş smartfona yükləmək lazımdır. Bütün oyunlar tam ekran rejimində açılır, maksimum immersiya və idarəetmə rahatlığı təmin edir. Bort kompüterinin idarəetmə elementlərinə daxil olmaq üçün ekrana toxunmaq və aşağı sürüşdürmək kifayətdir.

  • Trampdan “TikTok”la bağlı sərt AÇIQLAMA: “Son 5 gün qaldı”

    Çinin “ByteDance” şirkətinə məxsus “TikTok”un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

    Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.

    “Bizim çoxlu potensial alıcılarımız var. “TikTok”a böyük maraq var”, – dövlət başçısı əlavə edib.

    O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

    Xatırladaq ki, yanvarın 19-da ABŞ-də “ByteDance”dan “TikTok”un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.

  • Utananda niyə qızarırıq? – Həkim orqanizmin sirrini açıqladı

    Üzün qızarması – orqanizmin təbii reaksiyasıdır, çox vaxt utananda, xəcalət çəkəndə və ya həyəcanlananda baş verir. Bəs belə vəziyyətlərdə niyə qızarırıq?

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı kardioloq Milana Hacıyeva bu barədə danışıb.

    Onun sözlərinə görə, üzün qızarması ürək döyüntüsü, tənəffüs və qan dövranı kimi orqanizmin qeyri-iradi funksiyalarını nəzarətdə saxlayan vegetativ sinir sisteminin işi ilə bağlıdır.

    “Biz utanc hiss edəndə, beyin bunu stresli vəziyyət kimi qəbul edir. Cavab olaraq simpatik sinir sistemi aktivləşir və “vur, ya qaç” reaksiyasını işə salır”, – deyə Hacıyeva bildirib.

    Həkim qeyd edib ki, bu reaksiyanın təzahürlərindən biri üz nahiyəsində qan damarlarının genişlənməsidir.

    “Bu, adrenalin ifrazı səbəbindən baş verir və dəriyə qan axını artır. Nəticədə, kapilyarlar genişlənir və üz qırmızı çalar alır. Utanmaq – sosial emosiyadır, çox vaxt zəiflik hissi və ya mühakimə olunma qorxusu ilə bağlıdır. Biz narahat vəziyyətə düşəndə, beynimiz bunu sosial statusa təhdid kimi şərh edir. Bu, stres reaksiyasını yaradır, bu da öz növbəsində, fiziologiyaya təsir edir”, – deyə kardioloq əlavə edib.

    Bununla yanaşı, o qeyd edib ki, qızarma – insanın unikal xüsusiyyətidir.

    “Bu, özünüdərk və empatiya qabiliyyətimizlə bağlıdır. Biz qızarırıq, çünki başqalarının bizi necə qəbul etdiyini anlayırıq və bu, emosional reaksiya yaradır. Üzdə dəri səthinə yaxın yerləşən çoxlu sayda kiçik qan damarları var. Damarlar genişlənəndə, qan üzə axır və onu qırmızı edir. Bundan əlavə, üz – bədənin ən görünən hissəsidir, ona görə də qızarma ətrafındakılar üçün aydın olur”, – deyə həkim əlavə edib.

    O həmçinin diqqətə çatdırıb ki, qızarma qızardığımızı dərk etdiyimizdə daha da güclənə bilər.

    “Bu, qapalı bir dairə yaradır: qızarmağımız səbəbindən nə qədər çox utansaq, o qədər güclü olur. Bəzi insanlar bu reaksiyadan o qədər narahat olurlar ki, onlarda eritrofobiya – qızarmaq qorxusu inkişaf edir. Lakin yadda saxlamaq vacibdir ki, qızarma – səmimiyyətimizi və emosionallığımızı göstərən təbii bir reaksiyadır. Bəzi mədəniyyətlərdə bu, hətta dürüstlük və xeyirxahlıq əlaməti kimi qəbul edilir”, – deyə Hacıyeva sözlərini yekunlaşdırıb.
    //oxu.az

  • 50 minə yaxın sakinin yaşadığı binalarda qaz yoxdur – VİDEO

    Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” Yaşayış Kompleksinin sakinləri mənzillərində qaz balonlarından istifadə edirlər.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, 50 minə yaxın sakinin yaşadığı binalarda qaz yoxdur.

    Şikayətçilərin sözlərinə görə, ətrafda yerləşən digər binalar qazlaşdırılıb.

    Onlar məsələ ilə bağlı (MTK) Mənzil-Tikinti Kooperativləri rəhbərliyinə dəfələrlə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

    Ətraflı süjetdə:

  • İsrail 11 girovun azad edilməsini tələb edir

    İsrail tərəfi Qəzza zolağında 40 gün müddətinə atəşkəs bərqərar olunması müqabilində 11 girovun azad edilməsində israrlıdır.

    Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

    Qeyd olunur ki, söhbət ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandr və daha 10 canlı girovdan gedir.

    Bundan əlavə, İsrail tərəfi Fələstinin radikal HƏMAS hərəkatından oğurlanan və Qəzzada saxlanılan girovların statusu barədə tam məlumat verməsini tələb edir. Daha əvvəlki atəşkəs zamanı HƏMAS 33 girovla bağlı yalnız ümumi məlumat yaymışdı.

    Hazırda HƏMAS nümayəndələri yalnız beş girovu azad etməyə razılaşıblar. Nəşr qeyd edir ki, İsrail bu ehtimalı rədd edib.

  • Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

    Bakı-Sumqayıt yolunda sıxlıq yaranan zaman sürücülər alternativ yol kimi Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ilə hərəkət etməyə üstünlük verirlər. Amma həmin küçədəki yolayrıcında nizamlanma nişanlarının olmaması təhlükə yaradır.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, avtomobillərin bu yolda sürətlə hərəkət etməsi qəsəbədən çıxan maşınlarla toqquşma riski yaradır. Odur ki, ərazidə tez-tez qəzalar baş verir.

    Hər gün burada sürücülərin bir-birinə yol verməməsi, qəfil manevrlər etməsi adi hala çevrilib.

    Sürücülər hesab edirlər ki, burada işıqforun quraşdırılması, yol nişanlarının əlavə edilməsi və sürət həddinin məhdudlaşdırılması qəzaların qarşısını ala bilər.

    Sürücülər onu da qeyd edirlər ki, son dövrlər bu kəsişmədə bir neçə yol-nəqliyyat hadisəsi baş verib.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 2025-2030-cu illər ərzində Dövlət proqramında Bakı-Sumqayıt yolunda hərəkətin təşkili ilə bağlı təkliflər hazırlanması və icrası nəzərdə tutulub.

    Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildirilib ki, ərazidə təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.

    Ətraflı süjetdə:

  • Bu gündən balıq ovu qadağan edildi

    Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.

    Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

    O bildirib ki, daxili su hövzələrində sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.

    Xidmət rəsmisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər.

    “Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır”.

    A.Babayeva qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.

    Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.

  • Azərbaycan Prezidenti İlham Əliyev İran prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Novruz və Ramazan bayramları günlərində 501 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Zaqatalada 59 yaşlı kişinin meyiti tapıldı

    Zaqatala rayonu, Muxax kənd sakininin meyiti tapılıb.

    Oxu.az-ın məlumatına görə, 1966-cı il təvəllüdlü Xəlil Qasım oğlu Qasımovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı Zaqatala şəhəri, İ.Şamil küçəsi, ev 59 ünvanında tapılıb.

    Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.