Month: Aprel 2025

  • İlham Əliyev dövlət agentliyinə beş milyon manat ayırdı

    Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 000 000 manat ayrılıb.

  • Azərbaycana gəlmək istəyən erməni deputat mandatından imtina edib

    Ermənistanın hakim “Vətəndaş Sazişi” partiyasının deputatı olan Vilen Qabrielyanın mandatından imtina etməsi ilə bağlı müraciəti parlamentə daxil olub.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

    “Vilen Qabrielyanın müraciəti artıq daxil olub”, – deyə o təsdiqləyib.

    Xatırladaq ki, bir müddət əvvəl deputat V.Qabrielyan sosial şəbəkələrdə etdiyi paylaşımda martın 30-da Gümrüdəki seçki günü baş vermiş qalmaqalla əlaqədar istefa verəcəyini açıqlamışdı. Belə ki, hakim “Vətəndaş Sazişi” partiyasından olan deputat seçki günü içkili vəziyyətdə olub, jurnalistin ona ünvanlandığı suala kobud tərzdə cavab verib.

    Qeyd edək ki, V.Qabrielyan Bakıda doğulub. O, tədbirlərdən birində “bozqurd” jestini göstərərək Azərbaycana səfər etmək istədiyini bildirib.

  • Rəşad Əliyev 36 aylıq diskvalifikasiya olundu

    Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

    Bildirilib ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib.

    Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib.

    Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.

  • Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi

    Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.

    Bundan başqa, büdcədənkənar vəsaitin Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdiriləcək.

    Həmçinin büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənəcək:

    – işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

    – işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi;

    – işçilərə maddi yardımın göstərilməsi.

  • Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək

    İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Dəyişikliklər təsdiq olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.

    Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
    //oxu.az

  • Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.

    Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.

    Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

    Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.

    Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.

  • Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi qaldırılır

    Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılır.

    Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Konstitusiya Məhkəməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Belə ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 75 yaş olacaq. Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin altı aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

    Həmçinin Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi zaman o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılacaq.

    Qüvvədə olan qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

    Məlumat üçün bildirək ki, qanun layihəsi Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə artırılması və 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunanadək vəzifələrini icra etmə müddətini müəyyən edir.

    Layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.

    Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin altı aydan çox olmayan müddətə konkretləşdirilməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.

    Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
    //oxu.az

  • Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək

    Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək.

    Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Gimnastlar turnirdə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını göstərəcəklər. Ən çox icra xalını toplayan gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.

    Qeyd edək ki, yarış aprelin 18-20-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

  • Bələdiyyə sədrinin bacısı ev dustağı olduğu müddətdə hakimlə prokurorun adından pul alıb

    Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Turkutun cəzası ağırlaşdırılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yenə də dələduzluqda təqsirli bilinib.

    İşin maraqlı tərəfi odur ki, İlknur bu cinayəti əvvəlki işinə görə ev dustaqlığında olduğu müddətdə törədib. O, zərərçəkmiş Şirin Abasovu avtoqəzaya görə 5 il 6 ay azadlıqdan məhrum edilmiş oğlunu azad edəcəyi vədi ilə aldadıb.

    Bu iş üçün Ş.Abasov müxtəlif vaxtlarda İlknura 15 min manat verib:

    “İlknuru uşaqlıqdan tanıyırıq. Oğlumun işini biləndən sonra kömək edə biləcəyini dedi. Bizi inandırdı. Birinci dəfə yanvar ayında 5 min manat verdik. Sonra dedi ki, hakimlə prokurora da 10 min manat çatmalıdır. Söz verdi ki, pulu verən kimi iş həll olunacaq. Həmin pulu da tapıb verdik. Pulu alandan bir neçə gün sonra yenə danışdıq. Dedi ki, lazımi adamlarla danışıb, martın 23-də oğlumu özü evə gətirəcək. Bu söhbətdən sonra isə bir daha onunla əlaqə yarada bilmədik. Nə oğlum azad olundu, nə pulumuzu geri ala bildik. İş açılandan sonra cəmi 500 manat qaytarıb”.

    Xanım müttəhim zərərçəkmişin dediklərini təsdiq edib. Amma özünü qismən təqsirli bilib. O, azadlığa çıxdıqdan sonra pulun qalan hissəsini də qaytaracağına söz verib.

    Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə 13 ay davam edən məhkəmə araşdırması, nəhayət, başa çatıb.

    İlknura 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əvvəlki cəzası ilə birləşdirilməklə ümumi cəzası 6 il 6 ay olub.

    Zərərçəkmiş şəxsin vurulmuş ziyana görə qaldırdığı mülki iddia da qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən vurulmuş ziyana görə 14 min 500 manat tutularaq zərərçəkmişə verilməlidir. Mənəvi ziyanla bağlı iddia isə əsaslı sayılmayıb.

    Qeyd edək ki, İlknurun bacısı Aytac keçən il rüşvətalma, dələduzluq və sənəd saxtalaşdırma cinayətlərinə görə 7 illik həbsə məhkum edilib.

  • “Gənc Qazilər” İctimai Birliyinin sədri həbs edilib

    “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev həbs edilib.

    Median.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib.

    Məlumata görə, o, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.