Month: April 2025

  • Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

    Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mükafat uğrunda görüşdə macarıstanlı Daniel Zeqedi ilə qarşılaşıb.

    Rəqibinə qalib gələn R.Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Bununla da qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayı ikiyə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) Avropa üçüncüsü olub.

    Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

  • “Avroviziya 2025″in finalında Azərbaycan adından xalları Safura Əlizadə elan edəcək

    69-cu “Avroviziya” Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.

    Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.

    Safuranın bu dəfə xal təqdimatçısı qismində “Avroviziya” səhnəsinə qayıdışı onun bu müsabiqə ilə bağlarını və sənət yolunda sabitliyini nümayiş etdirir. Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.

    Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci “Avroviziya” Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.

    Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.

  • Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Həsənov ifadəsində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.

    AZƏRTAC xəbər verir ki, o, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində yerləşən ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.

    “Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, – deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.

  • Mahsun xəstəxanaya yerləşdirildi

    Türkiyəli sevilən müğənni Mahsun Kırmızıgül xəstəxanalıq olub.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhhətində problem yaranan sənətçi həkimə müraciət edib.

    Sürətli ürək döyüntüsündən əziyyət çəkən Mahsun xəstəxanada nəzarət altına alınıb.

    İlkin məlumatlara görə hazırda sənətçinin səhhəti normaldır.
    //azxeber.com

  • Turisti quru sərhədlə Gürcüstana aparacağını deyərək aldatdı – 200 dollarını aldı

    Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sürücüsü həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.

    Taksi sürücüsü kimi fəaliyyət göstərən Qazax rayon sakini 1988-ci il təvəllüdlü Rafiq Məmmədli Misir Ərəb Respublikasının vətəndaşı Əhməd Vahbaya yaxınlaşıb və taksi lazım olub-olmadığını soruşub.

    Ərəb turist isə Gürcüstana getmək istədiyini və buna görə köməklik göstərilməsini xahiş edib. Azərbaycanın quru sərhədlərinin bağlı olduğunu bilən Rafiq isə əcnəbi vətəndaşın Ağstafaya gedərək oradan Gürcüstana keçə biləcəyini deyib. Bu məqsədlə o, Əhməddən 200 dollar alıb və maşınla Bakı Beynəlxalq Avtovağzalına gətirərək oradan Qazaxa sərnişin daşıyan Pərviz (şərti) adlı sürücüyə təhvil verib.

    Xəyal da Əhməd Vahbanı Qırmızı Körpü keçid məntəqəsinə kimi apararaq düşürüb. Lakin burada sərhəddən keçməyin mümkün olmadığını öyrənən Misir vətəndaşı 70 dollar verərək geriyə-Bakıya qayıdıb. O, daha sonra başına gələnlərlə bağlı polisə müraciət edib.

    Həyata keçirilən tədbirlərlə Rafiq adlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.

    Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 8 sutkalıq inzibati həbs edilib.

  • Hindistan öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb

    Hindistan Pakistan vətəndaşları üçün viza xidmətlərini dayandırır.

    Bu barədə Hindistan XİN məlumat yayıb.

    Bildirilib ki, bütün mövcud vizalar ləğv edilib, tibbi vizalar isə yalnız aprelin 29-dək qüvvədə olacaq.

    Hindistan eyni zamanda, öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb.

    Pakistan isə üçüncü ölkələr vasitəsilə daşınan mallar da daxil olmaqla, Hindistanla bütün ticarəti dərhal dayandırdığını elan edib. Bildirilib ki, Pakistan Hindistanın Hind Suları Müqaviləsini dayandırmaq barədə bəyanatını rədd edir: “Aşağı sahil suları üzərində hüquqlarını pozmağa yönəlmiş istənilən cəhd müharibə aktı hesab olunacaq”.
    Pakistan sülhə sadiq qalacağını bildirib.

    Bundan əlavə, Pakistan hava məkanını Hindistana məxsus bütün aviaşirkətlər üçün dərhal bağladığını elan edib.

    Qeyd edək ki, Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb, 17 nəfər ölüb.

    Hindistan hücuma görə Pakistanı günahlandırıb və cavab olaraq Hind Suları Müqaviləsini dayandırıb, İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını iki dəfə azaldıb və sərhədləri bağlayıb.

  • İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır

    İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

    Xatırladaq ki, yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, ərazidə xidmət aparan yol polisi avtomobilinin qarşısına qəflətən digər avtomobil çıxıb və qəza nəticəsində yol kənarında olan 3 məktəbli dünyasını dəyişib.

    İstintaqla müəyyən olunub ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq, sürücülük hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub. Daha sonra qəzada xəsarət alan uşaqlardan biri də Bakıda müalicə olunduğu klinikada vəfat edib.

    Həmçinin ittihama görə o, idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq hadisə yerindən qaçıb.

    Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

    Hadisədən sonra qəzaya səbəb olan avtomobili idarə edən şəxs, eləcə də qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər saxlanılıblar.

    Məhkəmənin qərarı ilə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barələrində həbs qətimkan tədbiri seçilib.

    Qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

  • Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edəcəklər

    Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüblər.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təlimlərdə Türkiyənin Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

    Təlimlər zamanı həmçinin “Yüksəksəviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

    Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

  • Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib

    Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib.

    Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

    Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

    Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb.

    “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə, Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.

  • “Azərreyl” ÇEMPİON OLDU: Qaliblər mükafatlandırıldılar

    Qadın voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

    Həlledici qarşılaşmada ötən mövsümün çempionu “Azərreyl” “Abşeron”la qarşılaşıb.

    “Dəmiryolçular” ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin revanşını almağı bacarıblar. Quru hesabla qalib gələn “Azərreyl” cütün taleyini “Qızıl set”ə daşıyıb. Son hissədə də qalib gələn “dəmiryolçular” qızıl medallara sahib olub.

    Yüksək Liqa (qadınlar):

    Final, ikinci oyun

    15:00. “Azərreyl” – “Abşeron” – 3:0 (28:26, 30:28, 25:22)

    Qızıl set: 15:12

    Milli Gimnastika Arenasında baş tutan “Abşeron” – “Azərreyl” matçından sonra mükafatlandırma mərasimi keçirilib.

    Mükafatlandırmadan öncə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. Çempionatın maraqlı keçdiyini bildirən qurum rəsmisi Azərbaycan Voleybol Federasiyasına (AVF) təşəkkür edib və uğurlar arzulayıb.

    Daha sonra Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç çıxış edib. O, AVF-yə və komandalara uğurlar arzulayıb.

    AVF-nin prezidenti Şahin Bağırov da çıxışında azarkeşlərə və voleybolçulara təşəkkür edib. O, yaxşı idmançıların yetişməsinə və bu idman növünün daha da inkişafına çalışacaqlarını söyləyib.

    Daha sonra müxtəlif nominasiyalar üzrə seçilmiş volebolçulara fərdi mükafatlar verilib. Ardından komandalara kubok və medallar təqdim olunub. Medalları idmançılara AVF prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev və CEV-in prezidenti Roko Şkiriç təqdim ediblər. Kuboku “Azərreyl” komandasına Çingiz Hüseynzadə verib.

    Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının qalibi adını “Azərreyl” komandası qazanıb. “Abşeron” gümüş, “Milli Aviasiya Akademiyası” isə bürünc medalların sahibi olub.