Month: May 2025

  • Rusiya FTX “Telegram”ı terrorçulardan təmizlədi

    Rusiya təhlükəsizlik qüvvələri “Telegram” mesencerində 57 kanal və çat administratorunu saxlayıb.

    Median.Az News.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Mətbuat Xidməti məlumat verib.

    Agentliyin məlumatına görə, onlara Ukrayna xüsusi xidmət orqanları nəzarət edib və onlar neonasist və terror ideologiyasını yayıblar.

    Məlumatda bildirilib ki, saxlanılanların rabitə cihazlarında təxribat və terror fəaliyyətinin aparılması, terror vasitələrinin hazırlanması və istifadəsi ilə bağlı təlimatları əks etdirən Ukrayna kuratorları ilə yazışmalar aşkar edilib.

    Bundan əlavə, 81 regionda təhlükəsizlik qüvvələri gənclər arasında zorakılıq, kütləvi qətl və intihar ideologiyasının yayılması ilə bağlı yoxlamalar aparıb. 305 azyaşlı onun təsiri altına düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu kanallara və söhbətlərə daxil olan uşaqlar arasında qabaqlayıcı tədbirlər həyata keçirib. Altı nəfər saxlanılıb.

    FTX-nin bildirdiyinə görə, onların yaşayış ünvanlarından əldəqayırma partlayıcı və yandırıcı qurğular, soyuq silahlar, silahlı hücumların hazırlanması planları, neonasist və terror təşkilatlarının simvolları və təbliğat materialları müsadirə edilib.

  • Ərdoğanla Zelenskinin görüşü üç saat davam edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə Prezident iqamətgahında baş tutan görüşü başa çatıb. Görüş üç saat davam edib.

    Bu barədə Median.Az Haber Global-a istinadən xəbər verir.

    Məlumata görə, Ərdoğan Zelenskini iqamətgahın girişində qarşılayıb. Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında pilləkəndə şəkil çəkdiriblər.

    Mətbuata qapalı keçirilən danışıqlarda Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

    Ərdoğan və Zelenski arasında baş tutan ikitərəfli görüşdən sonra heyətlərarası iş yeməyi başlayıb.

  • Türkiyədə güclü zəlzələ oldu

    Türkiyənin paytaxtı Konya şəhərində 5.2 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Bildirilib ki, episentri 18.73 km dərinlikdə yerləşən yeraltı təkanlar Ankara və ətraf vilayətlərdə hiss olunub.

  • Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi

    “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.

    Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, mediadan daxil olan vətəndaş şikayətinə əsasən, Çin Xalq Respublikasının “Shandong Qinkai Medical Industry Co. LTD” şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı nöqsanlar aşkar edilib. Belə ki, məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14.09.2028-ci il kimi düzəldilib.

    Şikayət əsasında Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib.

  • İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı

    İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

  • Vasif Talıbova məxsus olmuş məşhur şirkətlər bağlanır

    Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş “Gəmiqaya Avtonəqliyyat”, “Avtonax MR” və “Avto GL” şirkətləri ləğv edilir.

    Bu barədə İqtisadiyyat.az məlumat yayıb.

    Məlumata görə, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, “Gəmiqaya Avtonəqliyyat” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050.14 manatdır. “Avtonax MR” 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, “Avto GL” isə 2023-cü ildə 241 937 manat nizamnamə kapitalı ilə yaradılıb.

    Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”in tabeçiliyində olub.

  • Zərərçəkmiş: “Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi”

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərim Novruzov Ermənistan ordusunun 1991-ci ilin sentyabr-oktyabr aylarında Ağdərə rayonunun Baş Güneypəyə kəndinə dörd dəfə hücum etdiyini, nəticədə İkinci Dünya müharibəsi iştirakçısı 1910-cu il təvəllüdlü Qoşun Abdullayevi, Həmzə Ələkbərovu və kəndin digər sakinlərini qətlə yetirdiyini deyib.

    Ermənistan ordusunun sonuncu irimiqyaslı hücumları 1992-ci il martın 12-də baş verib. “Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar bütün kəndi mühasirəyə alıb, tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədər hərbi qüvvələri var idi. Onlar avtomatlar, pulemyotlar, snayper tüfəngləri ilə silahlanmışdılar. Atam 1992-ci ilin martın 12-də dinc sakinləri qətliamdan xilas edərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin döyüşdə şəhid oldular. Vitali Balasanyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, onlar atamın və onunla birlikdə həlak olanların nəşinin verilməsindən imtina etdilər. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil”, – deyə K.Novruzov bildirib.

    O əlavə edib ki, hadisə nəticəsində Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirilib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Zaxarova: “Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib”

    “Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Prezident İlham Əliyevin 9 May Qələbə Paradında iştirak etməməsi ilə bağlı qərarını şərh edərkən bildirib.

    “Bilirsiniz, Bakı ilə münasibətlərimizi 2022-ci ilin fevralında ali səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında qururuq. Biz bu sənədin – ikitərəfli əlaqələr üçün açar rolunu oynayan bu sənədin – tam potensialının mərhələli şəkildə reallaşdırılmasına, bütün məsələlərin qarşılıqlı fayda və hörmət prinsipləri əsasında həllinə çalışırıq”, – deyə Zaxarova vurğulayıb.

    Diplomat əlavə edib ki, Moskva və Bakı hökumətlər, eləcə də xarici siyasət qurumları xətti ilə yüksəksəviyyəli təmaslar silsiləsini həyata keçirir.

    Bilirsiniz, təəccüblüdür ki, siz, sanki Azərbaycanın nümayəndə heyətinin Moskvaya gələrək bu bayramı bizimlə bölüşməsini, tədbirdə parlaq şəkildə iştirak etməsini və həmçinin keçmiş SSRİ-nin müxtəlif respublikalarında, o cümlədən etnik azərbaycanlı kimi Qızıl Ordunun sıralarında xidmət etmiş veteranların xatirəsini yad etməsini görmürsünüz. Niyə buna diqqət yetirmirsiniz?” – deyə Zaxarova qeyd edib.

    O əlavə edib ki, Moskva tərəfi Rusiya və Azərbaycan xalqlarının tarixə ehtiram, keçmişin unudulmaması və ataların qəhrəmanlığının dəyərini bilməsi məsələsində birliyindən məmnunluq hissi keçirir.

    “Liderlərin qrafikinə gəlincə – bu barədə artıq Rusiya Prezidentinin Administrasiyasında açıqlama verilib. Üstəlik, müxtəlif hallar olur. Lakin açıq şəkildə görünəni görməmək düzgün deyil, ədalətsizlikdir və açıq desək, təhlükəlidir”, – deyə Rusiya XİN sözçüsü əlavə edib.

    Xatırladaq ki, mayın 7-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Azərbaycan Prezidenti İlham Əliyevin 9 May Qələbə Günü münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak etməyəcəyini açıqlayıb. Bildirilib ki, dövlət başçısı həmin gün ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı ölkə daxilində keçiriləcək tədbirlərdə iştirak edəcək.

  • Şəkidə 57 yaşlı kişi parkda qəfil öldü

    Şəkidə 57 yaşlı kişi qəflətən vəfat edib.

    1968-ci il təvəllüdlü Şəki şəhər sakini Rasim Musayev parkda ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Kürdən Aytacla yanaşı daha iki nəfərin MEYİTİ TAPILDI – VİDEO (YENİLƏNİB)

    Gürcüstanın paytaxtı Tbilisidə xilasedicilər bir günlük axtarışlardan sonra Kür çayına avtomobildən daha iki nəfərin cəsədini tapıblar.

    Bu barədə Median.Az “Sputnik Gürcüstan” “Telegram” kanalına istinadən xəbər verir.

    Məlumata görə, digər sərnişinin axtarışları davam edir.

    Qeyd edilir ki, qəza zamanı avtomobildə dörd nəfər olub, biri xilas edilib.

    Polis artıq qəza törətməkdə təqsirli bilinən 23 yaşlı gənci həbs edib.

    Xatırladaq ki, ötən axşam Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobildən qadın meyiti tapılıb. Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.

    * * * * * *

    Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobil və içindəkilərin axtarışı zamanı qadın meyiti tapılıb.

    Median.Az 24News.ge portalına istinadla xəbər verir ki, tapılan meyit ekspertizaya göndərilib.

    Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.

    Qeyd edək ki, Aytac Məmmədova ötən ay itkin düşmüş və aparılan axtarışlar nəticə verməmişdi.

    Hadisə ilə bağlı araşdırma davam edir.