Month: May 2025

  • Kameralar Madonnaya yönəldi: “Netflix” ulduzun həyatını ekranlaşdırır

    Məşhur amerikalı müğənni Madonna rejissor Şon Levi ilə birlikdə həyatından bəhs edən mini-serial üzərində işləyir. Layihə “Netflix”də yayımlanacaq.

    Bu barədə Deadline məlumat yayıb.

    Qeyd olunur ki, Madonnanın həyat və musiqisindən bəhs edəcək serial hazırda ilkin hazırlıq mərhələsindədir. Layihənin sənətçinin karyerasının hansı dövrünü əhatə edəcəyi hələlik məlum deyil. Həmçinin onun ssenarinin yazılmasında iştirak edib-etməyəcəyi də dəqiqləşdirilməyib.

    Rejissor Şon Levi 2024-cü ildə “Deadpool and Wolverine” filmini təqdim edib və daha əvvəl “Night at the Museum”, “Pink Panther” və digər filmlər üzərində işləyib.

    Məlumata görə, serialın Madonnanın həyatına dair daha əvvəl “Universal” studiyası tərəfindən hazırlanmış tammetrajlı bioqrafik filmə heç bir aidiyyəti yoxdur. Sözügedən film barədə 2020-ci ildə məlumat verilmişdi. 2023-cü ildə filmin çəkilişləri dayandırılsa da, 2024-cü ilin iyul ayında yenidən bərpa olunacaq. Madonna rolunu oynamaq üçün aktrisa Culiya Qarner dəvət olunub.

  • Qəbələdə sahibkar cərimə ödəmək əvəzinə şantaj və quldurluğu seçdi

    Qəbələdə kafe sahibi cərimələndikdən sonra qisas almaq qərarına gəlib.

    Hadisə rayonun Hacalılar kəndində baş verib.

    Rayon sakini Səfa Məmmədov (soyad şərtidir) rayon ərazisində 2023-cü ildə kafe işlədib. Rayon polis şöbəsinin əməkdaşları kafedə müqaviləsiz işçi işlətdiyi və müştərilərin siqaret çəkməsinə şərait yaratdığı üçün onu cərimələyiblər. Sahibkar bir müddətdən sonra cəriməni ödəmək əvəzinə, Qəbələ Rayon Polis Şöbəsinin rəis müavinini şantaj etmək qərarına gəlib və bu məqsədlə sosial şəbəkələrdə qərəzli videolar paylaşıb.

    Bu üsulla polisə təzyiq göstərə bilmədiyini görən Səfa Məmmədov həmin vaxt rayon polis şöbəsinin rəis müavini olmuş, hazırda təqaüddə olan Ələddin adlı polis zabitinin qohumlarına qarşı kampaniyaya başlayıb.

    O, məlumat alıb ki, Hacalılar kəndində Ələddinin qohumlarına məxsus mağaza və obyekt var. Sahibkar həmin obyektə hücum etmək qərarına gəlib və sözügedən kəndə yollanıb. Obyektə çatmağa az qalmış o, yolda Ələddinlə rastlaşıb və ona hücum edib, xəsarət yetirib. S.Məmmədov hadisə yerinə gələn polis əməkdaşlarına da müqavimət göstərib.

    Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə S.Məmmədova 1 il 3 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.
    //oxu.az

  • Qətər 400 milyon dollarlıq təyyarənin Trampa hədiyyə verildiyini təkzib etdi

    “Qətər ABŞ Prezidenti Donald Trampa “Boeing 747-8″ hədiyyə etməyi planlaşdırmır, bu, çox sadə hökumətlərarası sazişdir”.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Qətərin Baş naziri, eyni zamanda Xarici İşlər Nazirliyinin rəhbəri şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani çıxış edib.

    O qeyd edib ki, bu məsələ Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında müzakirə edilib.

    “Təyyarənin təqdim edilməsində qanunsuzluq aşkar olunarsa, onun təhvil verilməsi təklifi geri götürüləcək”, – deyə Məhəmməd bin Əbdürrəhman Al-Tani vurğulayıb.

    Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Qətər rəsmilərinin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollarlıq “Boeing 747-8” təyyarəsini hədiyyə edəcəyi ilə bağlı məlumat yayılmışdı.

  • Müdafiə Sənayesi Nazirliyində daha bir KADR DƏYİŞİKLİYİ (YENİLƏNİB)

    Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.

    O, vaxtilə nazirliyə məxsus “Alov Zavodu”nun direktoru olub.

    Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın “M.U.P. İndustrie G.İ.E.” konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

    * * * * *

    Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.

    O, yaxın aylara qədər nazirliyə məxsus “Radioquraşdırma Zavodu” MMC-nin direktoru olub.

    Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.

  • Mikayıl Cabbarov AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak edib

    Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində bankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.

    Bu barədə Mikayıl Cabbarov özünün “X” hesabında məlumat paylaşıb:

    “Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi”.

  • Çindən “avtomobil idxalçısıyam” deyib vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olundu

    Çindən “avtomobil idxalçısıyam” deyərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub.

    Bakıda özünü iş adamı kimi təqdim edən, Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi tanınan şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
    Belə ki, vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
    A.Şirvanzadənin özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satan və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi müəyəyn edilib.
    Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.

  • Babək prospektində qəza – Sıxlıq yarandı

    Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
    Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
    Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

  • Axşam leysan olacaq – Xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
    Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

  • İlham Əliyev Albaniyanın Baş nazirini təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya təbrik məktubu göndərib. 

    Məktubda deyilir:
    “Hörmətli cənab Baş nazir,
    Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
    Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür.
    Azərbaycan ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • 72 qəpiyə görə 4 min manat cərimələndi

    “Tek süd Holland” pendiri üzərində 1 kq-nın qiyməti 13.99 manat göstərilməsinə baxmayaraq, kassada 17 manata satılıb. Bu səbəblə mağazaya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə tətbiq edilən protokol təsdiq edilib.

    Mağazaya məxsus qəbzdən görünür ki, “Tek süd Holland” adlı məhsulun kq-ı 17 manatdan vurulub və 0,242 kq-ı 4.11 manata satılıb.

    Fotoşəkildən görünür ki, “Tek süd Holland” pendirinin 1 kq-ı 13,99 AZN olmaqla, 0,242 kg-nın qiyməti 3,39 AZN hesablanıb.

    Binəqədi rayon Məhkəməsinin qərarı ilə mağaza İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilib.
    //modern.az