Month: May 2025

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    8. “20 Yanvar” dairəsində;

    9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    10. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    14. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    15. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    17. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    19. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    20. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    21. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    22. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    23. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    24. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    25. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Gürcüstanda itkin düşən azərbaycanlı qızın anası: “Sonuncu dəfə gecə səsyazısı göndərdi” – VİDEO

    Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb.

    Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar Tbilisidə yaşayıb.

    Ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.

    “Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. “Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən”, – deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi”, – deyə itkin düşən qızın anası Elza Omarova söyləyib.

    Aytac Məmmədovanın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.

    Ətraflı Baku TV-nin videomaterialında:

  • Xaçmazda avtomobil 11-ci sinif şagirdini vuraraq öldürüb

    Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Məcidov Turan Məmməd oğlunu vurub.

    Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda ölüb.

    Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.

    Faktla bağlı araşdırma aparılır.

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının bir çox ərazisində qaz olmayacaq

    Sabah Bakının bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədar 15.05.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin, Hövsan “MİDA yaşayış kompleksi”nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Yeni həbsdən çıxmış şəxs obyekt sahibindən “haqq” istədi: “Günahın çoxdur, hər ay 50 manat ver”

    Qusarda kafe sahibi bıçaqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində baş verib.

    Həbsdən yeni çıxmış Elvin adlı şəxs kafeyə gələrək obyektin icarədarı olan Orxanı çağırıb ondan “haqq” istəyib.

    O, Orxana bildirib ki, “Günahın çoxdur, hər ay 50 manat ver, müsəlman qardaşlar günahından keçsin”. Orxan isə ona bildirib ki, həmin müsəlman qardaş gəlsin, ona 50 yox, 200 manat verəcək.

    Bu söhbətdən sonra Elvin obyekti tərk edib, iki gün sonra yenidən həmin kafeyə gəlib. O, spirtli içki qəbul edəndən sonra Orxana yaxınlaşıb 2 manat yolpulu istəyib. Orxan isə etiraz etmədən ona iki manat verib. Bir neçə dəqiqədən sonra geri qayıdan Elvin Orxanın qulağına söz demək üçün ondan icazə istəyib. Orxan da razılıq verib. Orxanın qulağına söz demək bəhanəsi ilə yaxınlaşan Elvin qəfil cibindən bıçağı çıxararaq onu bıçaqlayıb hadisə yerindən qaçıb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə Elvin 7 il 6 ay azadlıqdan məhrum edilib.

  • Bakıda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanıldı – VİDEO

    Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanılıb.

    Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.

    Onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • 308 nömrəli məktəbdə “Son zəng”ə görə pul tələb olunmasına dair iddialara aydınlıq gətirilib

    “308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir”.

    Median.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq 308 nömrəli tam orta məktəbdən bildiriblər.

    Qeyd olunub ki, “Son zəng” tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.

    Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunması iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.

    Xatırladaq ki, 308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

  • 28 yaşlı gənc içib “102” xidmətinə zəng etdi, adam öldürəcəyini dedi

    Daşkəsəndə kişi spirtli içki qəbul edib Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək adam öldürəcəyini deyib.

    Hadisə rayonun Xoşbulaq kəndində baş verib.

    1997-ci il təvəllüdlü kənd sakini heç bir yerdə işləməyib və içki düşkünü olub. Onun anası Daşkəsəndəki obyektlərdən birində günü 8 manata qabyuyan işləyib. Heç bir işlə məşğul olmayan həmin şəxs anasından hər gün 7 manat alıb spirtli içki alıb içir, anlaqsız hərəkətlər edirmiş. Sonuncu dəfə o, içki qəbul edəndən sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib evinə tibb işçilərinin gəlməsini istəyib. Bildirib ki, əgər tibb işçiləri gəlib onu xəstəxanaya yerləşdirməsə, adam öldürəcək.

    “102” xidmətinə daxil olmuş məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəliblər. Həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərib və hərəkətlərinə davam edib. Polis əməkdaşları onu şöbəyə gətirərək barəsində inzibati tədbir görüb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.
    //oxu.az

  • “Tiktok”çu İlhamənin həbsdən sonra ilk görüntüləri yayıldı – FOTO – VİDEO (Yenilənib)

    Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəmə iclası keçirilib.

    Prosesdə onun vəkili vəsatətlə çıxış edib, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

    Vəsatət təmin olunmayıb.

    Növbəti proses iyunun 11-də davam edəcək.

    * * * * *

    Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəməsi keçirilib.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, prosesdə o, sərbəst ifadə verib.

    İ.Elşadqızı bildirib ki, narkoman deyil: “Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam. Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbələrin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, “Tik-tok”da “drel” sözü işlətməsi onun günahı kimi dəyərləndirilib: “Məni məhz bu ifadəyə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O, qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…”

    Hazırda proses davam edir.

    * * * * *

    “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi öz işinə başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə dövlət ittihamççısı ittiham aktı elan edib.

    Məhkəmədə İlhamə Elşadqızı özünü təqsirli bilməyib.

    Hazırda proses davam edir.

    Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.




  • İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı – Foto

    İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib – red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

    Əvvəllər 90 AA 679 nömrəli “Rolls Royce” sürən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

    Bildirilib ki, 1962-ci ildə anadan olan S.Səmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

    S.Səmədov 2002-ci ildə İmişli rayon “Araz” MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

    2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.

    2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

    Rayonun Sarıxanlı kəndində 9 May Qələbə Günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

    Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

    Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

    Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

    Xatırladaq ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.