Month: May 2025

  • Ətir alarkən aldanmayın – Qoxunun necə dəyişdiyini izləyin

    Ətir insanın xarakterini və zövqünü əks etdirən incə bir detaldır. Gündəlik həyatda özümüzü daha inamlı və cəlbedici hiss etməyimizə kömək edir. Lakin bazarda minlərlə çeşid arasında keyfiyyətli ətiri seçmək bəzən çətin ola bilər. Düzgün seçim üçün bəzi vacib nüanslara diqqət yetirmək lazımdır.
     
    Median.Az keyfiyyətli ətir seçmək üçün diqqət edilməli əsas məqamları sizinlə bölüşür:
     
    Əsl ətirlərdə “essential oils” və ya “natural ingredients” ifadələri olur.

    Qoxunun davamlılığı: Ətirin qalıcı olması, onun tərkibindəki maddələrin keyfiyyətindən xəbər verir.

    Təbii qoxu dəyişimi: Keyfiyyətli ətirlər vaxt keçdikcə qoxusunu dəyişərək üst, orta və baza notlara bölünür.

     
    Flakon və marka: Brendin tanınmışlığı və qablaşdırma keyfiyyəti də vacib ipuclarıdır.

     
    Test etmə üsulu: Ətiri biləyinizin iç tərəfində test edin və 15-30 dəqiqə sonra qoxunun necə dəyişdiyini izləyin.
    (sfera.az)

  • Rafael Ağayev əməliyyat olundu – FOTO

    Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.
     
    Bu barədə idmançı özü paylaşım edib.
     
    Ağayev əməliyyatla burun çəpərindəki əyriliyi aradan qaldırdığını bildirib. İdmançı nəfəsalma problemi yaşadığına görə bu addımı atıb.

  • “Teleqram”da YENİLİK – İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

    “Telegram” ikinci böyük yeniləməsini təqdim edib.

    Median.Az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə genişləndirən yeni imkanlarla diqqət çəkib.
     
    “Telegram” artıq özünün daxili hədiyyə bazarı olan “Telegram Stars” platformasını istifadəyə verib. İstifadəçilər bu sistem vasitəsilə kolleksiya hədiyyələrini təhlükəsiz şəkildə ala və sata biləcəklər. Şirkət yanvar ayında təqdim olunan bu hədiyyələrin böyük maraqla qarşılandığını və bir çox kolleksiyaların bir neçə dəqiqə ərzində tükəndiyini bildirib.

     
    Yeni bazar istifadəçilərə:
     
    Profildə açılmış hədiyyəni seçib “Sat” düyməsinə klikləməklə qiymət təyin etməyə, minlərlə nadir hədiyyəyə çıxış əldə etməyə, eyni zamanda hədiyyə seçimini genişləndirməyə və gəlir əldə etməyə imkan verir.

    Yeniləmənin digər əsas yeniliyi isə hekayə redaktoruna aiddir. Artıq istifadəçilər bir neçə foto və videonu eyni anda seçərək paylaşa bilirlər. (Metbuat.az)

  • Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

    Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir. 
     
    Mütəxəssislər tövsiyə edir ki, müəyyən sağlamlıq problemi olan şəxslər alçadan uzaq durmalıdır.
     
    Bəs hansı xəstəliyi olanlar bu mövsümü meyvəni qəbul etməməlidir?

    Median.az həmin xəstəlik siyahısını təqdim edir:

     
    1. Mədə-bağırsaq sistemi xəstəlikləri olanlar – Qastrit, mədə yarası və reflü problemi yaşayan şəxslərdə alça turşuluğu artıraraq ağrı və narahatlıq yarada bilər.

     
    2. Qaraciyər və öd kisəsi problemi olanlar – Alçanın öd ifrazını stimullaşdırması bu orqanlarda əlavə yük və ağrıya səbəb ola bilər.

     
    3. Balacalar üçün təhlükəli ola bilər – 2 yaşa qədər uşaqlarda alça ishal, qarın ağrısı və allergik reaksiyalar törədə bilər.

    4. Diş problemi olanlar da diqqətli olmalıdır – Alçanın turşusu diş minasını zəiflədir, bu isə dişlərdə həssaslıq və ağrıya səbəb ola bilər.
     
    Eyni zamanda mütəxəssislər xəbərdarlıq edir ki, alçanı acqarına yemək olmaz, bu zaman mədə turşuluğu daha da artır və sağlamlıq üçün risk yaradır.

    Sağlamlıq mütəxəssisləri və diyetoloqlar alçanı orta miqdarda və yeməkdən sonra qəbul etməyi tövsiyə edirlər. Sağlamlıq vəziyyətinizə uyğun olaraq meyvə seçimində diqqətli olmaq vacibdir.
    (sfera.az)

  • Yeni “iPhone”larda güclü RAM-lar quraşdırılacaq – “Apple”dən mühüm dəyişiklik

    “Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu modellərdə ilk dəfə olaraq “12 GB RAM” istifadə edəcək.
     
    Yüksək güc tələb edən tətbiqlər və oyunlar üçün böyük üstünlük yaradacaq bu dəyişiklik, eyni zamanda çoxtapşırıqlı istifadə və süni intellekt əsaslı funksiyalarda daha axıcı və sürətli təcrübə vəd edir.
     
    Yaddaş tədarükü baxımından isə “Apple” yenə də etibarlı tərəfdaşlarına güvənir. Cənubi Koreya şirkəti “Samsung” bu modellərin əsas “RAM” tədarükçüsü olacaq və istehsalın təxminən 70%-ni qarşılayacaq. Bununla yanaşı, “SK hynix” və “Micron” kimi digər texnologiya nəhəngləri də tədarük zəncirində mühüm rol oynayacaqlar.
     
    Yeni seriyanın əsas modelləri “iPhone 17” və “İPhone 17 Air” isə ilkin mərhələdə “8 GB RAM” ilə təqdim ediləcək. Lakin analitiklərə görə, tədarük vəziyyətinə uyğun olaraq, “Apple iPhone 17 Air” modelində də “12 GB RAM” seçimini dəyərləndirə bilər.
     
    Mütəxəssislər bu addımı gələcəkdə bütün “iPhone” modellərində daha yüksək “RAM” tutumlarının standartlaşacağının göstəricisi kimi qiymətləndirirlər.
    //sfera.az

  • KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI

    KT və MRT müayinəsinin qiyməti 10-24 manat aralığında olacaq.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Sevil Əliyeva bildirib.

    O qeyd edib ki, tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq.
     
    Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.

    Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. 

  • “WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi

    “WhatsApp” musiqili yeniliyi istifadəyə verib.

    Median.Az xəbər verir ki, bundan əvvəl “WhatsApp”ın beta versiyasında müşahidə edilən “Statusa musiqi əlavə et” funksiyası artıq həm iOS, həm də Android istifadəçiləri üçün əlçatan olub.

     
    Bildirilir ki, yeni funksiya ilə status paylaşarkən ekranın aşağı hissəsində görünən nota işarəsinə toxunmaq lazımdır.
     
    Bu işarədən istifadə etməklə istifadəçilər “WhatsApp”ın təklif etdiyi musiqi kitabxanasından mahnı seçə və ya təklif olunan treklər arasından öz istədiklərini seçə biləcəklər.

    Əlavə edilmiş mahnı statusun fonunda oxutmaq üçün göstəriləcək. Beləliklə, istifadəçilər yalnız mətn və ya vizual olaraq deyil, həm də istədikləri melodiyalarla özlərini ifadə etmək imkanı əldə edəcəklər. “WhatsApp”ın yeni musiqi statusu funksiyası istifadəçilərə özlərini daha yaradıcı şəkildə ifadə etməyə imkan verir. (Metbuat.az)

  • 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? – İcbari Tibbi Sığortanın 3 “dostu”

    İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən 4 il zaman keçir. Vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bu xidmət ötən müddətdə büdcəyə milyonlara başa gəlməkdədir. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderlərinə nəzər salmaq kifayətdir.

    Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların icrası ilə bağlı aidiyyəti qurum tərəfindən son 4 ildə minlərlə tender keçirilib. Şirkətlərlə milyonlarla manat dəyərində müqavilələr imzalanıb. Lakin xidmətin keyfiyyəti, əlçatanlığı hələ də aşağıdır. Səbəblər isə müxtəlifdir. Onların arasında şəffaflıqla bağlı nüanslar da var.

    Agentliyin keçiridiyi tenderlər üzrə bağlanan müqavilələr belə deməyə əsas verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi olaraq müsabiqələrdə eyni şirkətləri seçir.

    Agentlik 2023-cü ilin noyabrından 2024-cü ilin sonuna qədər uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması çərçivəsində kardiocərrahi əməliyyat xidmətlərinin icrası ilə bağlı “Bona Dea” ilə 2.264.220 manat dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində ümumilikdə 44 tibbi xidmət göstərilib. Xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxil olub.

    2023-cü ilin noyabrından 2024-cü ilin aparelinə qədər 95 uşaq əməliyyat olunub.

    Tibbi ləvazımatların satın alınmasına xərclənən milyonlara gəlincə, bu yöndə müqavilələrin dəyərləri təzadlıdır. Ötən il tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması məqsədilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 6.844.583,69, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 4.524.565,54 manatlıq müqavilə imzalanıb.

    2024-cü il ərzində angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatların satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyətə isə 3.851.874 manat ödənilib.

    “Paşa-K” Firması ilə eyni xidmət üzə 134.938,81, “Arash Medical Company” ilə 339.747,39, “Kripto Lab” ilə 65.806,12, “Rinara Pharma” ilə 774.767,54 manat dəyərində müqavilə imzalanıb. Satınalmaların başlama tarixi 2023-cü ilin dekabrın 25-dən 2024-cü ilin 25 dekabrına qədərdir. Bütün bu müqavilələr üzrə tenderlərin nəticələri eyni gündə – yanvarın 9-u 2024-cü ildə elan edilib.

    Onu da qeyd edək ki, yuxarıda adları çəkilən şirkətlər illərdir Agentliyin, eləcə də Səhiyyə Nazirliyini tenderlərinin qalibidirlər.

    “Garant Plus” MMC-yə verilən milyonlar

    Tenderlərin eyni şirkətlərə verilməsindən söz düşmüşkən, illərdir “Garant Plus” Məhdud Məsuliyyətli Cəmiyyət agentliyin tenderlərində bir qayda olaraq qalib elan edilir. Məsələn, ötən il göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələrin satın alınması üçün “Garant Plus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1304411071) 1.500.000,01 manat ödənib.

    Ardınca şirkətlə iki müqavilə imzalanıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üçün şirkətə 41.505,2 manat, uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması üçün 20.355 manat ödənib.

    Onu da bildirək ki, şirkətin rəsmi veb səhfəsi belə yoxdur.

    Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında şirkətin sahibi İlyaslı Həsənağa Rövşən oğludur. MMC müxtəlif illərdə vergi öhdəliklərinə əməl etmədiyi üçün cərimələnib. Milyonluq tenderlərin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır.

    “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətlə (VÖEN: 1502350481) də agentliyin əməkdaşlığı daimidir. 2024-cü il ərzində “angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihazın satın alınması üçün 2.724.876,79 manat, ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üçün isə 2.010.610,29 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması üçün 197.063,2 manat dəyərində müqavilə imzalanıb.

    2023-cü ildə isə “Medsol” MMC-yə “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların ehtiyat hissələrinin satın alınmasına görə eyni tarixlərdə MMC ilə 2.560.905,74, əlavə olaraq 9.653.665 və 371.441,62 manat dəyərində müqavilələr bağlanıb.

    Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Nizamnamə kapitalı 17 milyon 975 min manatdır.

    Şirkətin rəsmi veb səhfəsində “Medsol”un 2013-cü ildə yaradıldığı bildirilir. Görünür, MMC “Dövlət satınalmaları” haqqında qanunun 6-cı maddəsinin 6.2.6.bəndini “nəzərə alıb”. Qanuna görə, podradçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətə malik olmalıdırlar.

    “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət də agentliyin ənənəvi tərəfdaşıdır. 2023-cü ilin oktyabrından 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.442.822,43 dəyərində müqavilə imzalanıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədərki dövrü əhatə edən ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatlar”n satın alınması ilə bağlı müqavilənin dəyəri isə 601.562,7 manat olub.

    2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması yönündə müqavilə 3.280.063,11 manat təşkil edib.

    Xatırladaq ki, 2023-cü ildə imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün “Zeytun Pharmaceuticals” MMC (VÖEN 1701688171) ilə 7 milyon 852 min 864 manatlıq tender müqaviləsi bağlanmışdı.

    Əsasən metrostansiyalarda fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir.

    MMC-yə qarşı müxtəlif illərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün 40 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib, 2017-ci ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 2 hal üzrə ümumilikdə 80.000 manat maliyyə sanksiyası alıb.

    Nizamnamə kapitalı 20 manat olan şirkətlə milyonluq müqavilələr

    Agentliyin tenderlənin qalibləri arasında nizamnamə kapitalı 20 manat olmasına baxmayaraq, milyonların həvalə ediliyi “Keşəli” (VÖEN 1600100421) kimi şirkətlər də var. Bu, MMC ilə ötən il ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üzrə 38.375,96 manat, “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması üçün 5.073.881,35 manat dəyərində müqavilə bağlanıb.

    “Keşəli” MMC bundan əlavə ümumilikdə agentliklə daha dörd tender müqaviləsi imzalayıb. Belə ki, şirkət “Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması” tenderi üzrə 1 185 105, “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri”nin satın alınması” tenderi üzrə 255 218, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə dərman vasitələrinin satın alınması” tenderi üzrə 962 697, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması” tenderi üzrə 21 033 manatlıq tender müqavilələri bağlayıb.

    Layihələndirmə və təmirə 20 milyon manata yaxın pul xərclənib

    “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 1 saylı korpusunun əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı “TFM-SMART PROJECT” MMC ilə 125.166,14, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması üçün “HİNAL PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 41.772, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı “ORN Group” ilə 14.819.295,14 manat dəyərində müqavilə imzalayıb.

    Qeyd edək ki, 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə açıq tender müsabiqəsi 06.06.2023-cü ildə başlayıb. Tenderin nəticəsi 26.10.2023-cü ildə elan edilib. MMC 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi-4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 kvadrat metr olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub.

    Bu tenderdə isə “ORN Group” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb. 26.07.2022-ci il tarixində satınalma müqaviləsi bağlanıb.

    Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından belə aydın olur ki, “ORN Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 285 120 manat olan MMC-nin qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğludur.

    Şirkətin özünün rəsmi ünvanında isə yaranma tarixi kimi 2004-cü il göstərilib. 2008-ci ildə MMC-nin Vyanada törəməsi də təsis edilib. “ORN Group”un qarışıq podrat xidmətləri göstərdiyi irəli sürülüb.

    Agentliyin icarə müqavilələri də diqqət çəkir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 olan 4 mərtəbəli qeyri yaşayış binasının icarə xidmətinin satın alınması ilə bağlı “Facility Management Group” MMC ilə 587.676 AZN dəyərində müqavilə bağlanılıb.

    2017-ci ildə yaradılan şirkət əmlakın idarə edilməsi xidməti təklif edir. Nizamnamə kapitalı 2534147 manatdır. Portfelinə “Zefir Mall”, “BEGOC biznes mərkəzi”, “Çinar Plaza”, “Dalğa Plaza”, “Sahil Plaza”, “Bayıl Plaza” biznes mərkəzləri, “Hillside Residence”, “Vurğun Residence”, “Roseville Residence”, “Təbriz Evləri”, “Ambassador Suites”, “Motor Village” daxildir. 2023-cü ildən şirkətin qanunu təmsilçisi Allahverdiyev İlham Allahşükür oğludur. Ondan əvvəl təmsilçilik Kamran Məmmədovda olub.

    Yeri gəlmişkən, müxtəlif dövrlərdə qanuni təmsilçilik bu iki şəxs arasında dəyişib.

    2025-ci ilin birinci rübündə elan edilən tenderlər və bağlanan müqavilələr

    Bu ilin əvvvəlindən Agentlik bir neçə tender elanı verib. Bunlar server-şəbəkə kompleksinin, fərdi istifadəçilərin təhlükəsizliyini təmin edən XDR təhlükəsizlik həlli (lisenziyaların)”nin satın alınması (69.768,54 AZN), layihə idarə olunması üçün lisenziyaların satın alınması (7.048,53 AZN), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması (733.408,81 AZN), eşitmə və nitq məhdudiyyəti olan şəxslərin icbari tibbi sığorta ilə bağlı məlumatlandırılması məqsədilə jest dili ilə video çarxların hazırlanması (4.550,00 AZN), yazılı tərcümə xidmətinin satın alınması(12.976,00 AZN) ilə bağlıdır.

    Qeyd edək ki, tenderlər arasında 3 müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib. Bunlardan biri də agentliyin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması ilə bağlı tenderdir.

    Bağlanan müqavilələrə gəlincə, Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin çapı, montajı və quraşdırılması xidmətlərinin, müxtəlif növ lisenziyaların, “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması başa çatıb.

    “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması üçün “ALL İN One Technologies” Qapalı Səhmdar Cəmiyyəti ilə 413.295 AZN, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə 232.106 AZN, müxtəlif növ lisenziyaların satın alınması ilə “Buz Tech” MMC 319.767,94 AZN dəyərində müqavilə imzalanıb.

    Xatırladaq ki, 2024-cü ildə Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditini aparmışdı. Sənəddə bağlanılan satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqların, bir-birini təkzib edən maddələrin olduğu əksini tapırdı. Eləcə də bildirilirdi ki, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılan və icra olunan satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətləri mövcud bazar qiymətindən yüksək olur.

    Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiyməti düzgün müəyyən edilmir. Eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olur.

    Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmir.

    Mənbə: Teleqraf

  • “Ferrari” ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı

    Oktyabrın 9-da ilk elektrikli “Ferrari”nin təqdimatı, görünür, baş tutmayacaq.

    Median.Az “Motor1″ə istinadən xəbər verir ki, bunu 2025-ci ilin birinci rübünün maliyyə hesabatının təqdimatı zamanı brendin baş direktoru Benedetto Vinya analitiklərə bildirib.

    Onun sözlərinə görə, yeni akkumulyator məhsulu üç mərhələdə ictimailəşdiriləcək.

    Qeyd edək ki, “Ferrari Elettrica” kod adı ilə tanınan elektrik avtomobili bir neçə ildir hazırlanır. Lakin onunla bağlı demək olar ki, etibarlı məlumat yoxdur.

  • Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? – ARAŞDIRMA

    Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müqavilənin müddəti qanunla 1 il müəyyən edilsə də, beynəlxalq təcrübədə qısamüddətli müqavilələrə də rast gəlinir.

    Məsələn, qonşu Rusiyada icbari avtosığortanı 24 saatlıq da almaq mümkündür.

    Bu isə avtomobildən nadir hallarda – az istifadə edən şəxslərə sığorta xərclərini xeyli azaltmaq imkanı yaradır. Bəs Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? Qısamüddətli sığorta məhsulları bu sahəyə hansı üstünlüklər gətirə bilər?

    Median.Az xəbər verir ki, “Report” mövzu ilə bağlı araşdırma aparıb.

    “Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil”

    Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil, bunun üçün sadəcə qanunvericilikdə dəyişiklik etmək, İcbari Sığorta Bürosunun (İSB) texniki imkanlarını qısamüddətli müqavilələrə uyğunlaşdırmaq lazımdır: “Xüsusilə “İcbari sığortalar haqqında” qanuna düzəliş edilməli, qısamüddətli sığorta məhsullarının satışı üçün texniki imkanlar yaradılmalı, İSB-nin informasiya sistemi bu yeniliyə uyğunlaşdırılmalıdır. Eyni zamanda polis əməkdaşlarının bu məhsulu tanıması və real vaxt rejimində yoxlama imkanına malik olması təmin edilməlidir”.

    Ekspertin fikrincə, birgünlük sığortanın satışı avtomobildən mövsümi və yaxud nadir hallarda istifadə edən şəxslərə seçim imkanı yaradacaq: “Bundan başqa, ölkəyə qonaq gələn, qısa müddətə avtomobil idarə edən şəxslər üçün də bu məhsul rahat alternativ ola bilər. Həmçinin, qısamüddətli sığorta ucuz olacağı üçün kütləvi satıla, sığorta bazarında əhəmiyyətli artımla nəticələnə bilər”.

    “Yenilik mütərəqqidir, amma mənfi məqamları ola bilər”

    “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Rusiya bazarında tətbiq olunan bu yenilik özlüyündə mütərəqqi islahat sayılsa da, müəyyən mənfi məqamları da istisna etmir: “Bu məhsul gələcəkdə sığorta dələduzluqlarının artması riskini daşıya bilər: Çünki qısa müddətli müqavilələrin monitorinqi və sığorta hadisələrinin araşdırılması daha çətin ola bilər. Hər bazarın öz tələbləri və şərtləri var. Rusiyada avto-icbari sığorta üzrə penetrasiya səviyyəsi təxminən 90 %-dir və bu məhsul məhz bu əhatəni daha da artırmaq məqsədi daşıyır. Halbuki, Azərbaycanda bu rəqəm 100 %-ə yaxındır və bu, ölkə üçün sevindirici göstəricidir. Bu səbəbdən də, hazırkı mərhələdə belə bir yenilik yerli bazar üçün prioritet deyil”.

    Bu isə həmin müqavilələrə münasibətdə şəxsin sığorta təminatı ilə əhatə olunma müddətinə olan ehtiyacından irəli gəlir. Belə ki, şəxs Azərbaycanın ərazisinə səfər etdiyi müddət ərzində sığorta təminatı ilə əhatələnir.

    Beynəlxalq təcrübədə qısamüddətli sığorta müqavilələri əsasən səfər, yükdaşıma, müvəqqəti inşaat işləri və qısa müddətli tədbirlərlə əlaqədar fəaliyyətlər zamanı tətbiq olunur. Azərbaycanda isə 3-cü şəxslərə vurulan zərərlərin qarşılanmasını təmin edən icbari məsuliyyət sığortalarının illik (fasiləsiz) şəkildə tətbiqi daha məqsədəuyğun sayılır”.

    Nəticə olaraq, ekspertlərin və tənzimləyici qurumun yanaşmalarını müqayisə etdikdə aydın olur ki, birgünlük və yaxud qısa müddətli icbari avto-sığortanın ölkədə tətbiqi hüquqi və texniki baxımdan mümkün olsa da, hazırkı normativ mühit və risk səviyyəsi belə məhsulun tətbiqini hələlik məhdudlaşdırır.