Month: May 2025

  • İsrail ordusu Suriyada Prezident Sarayı yaxınlığındakı hədəfi vurub

    İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığındakı bir hədəfi vurub.

    Apa xəbər verir ki, bu haqda İsrail dövlət televiziyası KAN məlumat verib.

    “Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəfə hücum təşkil etdik. Bu, Suriya rejiminə açıq bir mesajdır.
    Dürzi icması üçün heç bir təhlükəyə icazə verməyəcəyik “, – televiziyanın ordunun mətbuat xidmətinə istinadən yaydığı məlumatda deyilir.

  • Davit İşxanyan və qardaşının azərbaycanlıların qətlində iştirakını sübut edən sənəd araşdırılıb

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın və qardaşı Qriqori İşxanyanın 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində fermanın atəşə tutulmasında, mülki azərbaycanlı əhalinin qətlə yetirilməsinə iştirakını sübuta yetirən sənəd tədqiq olunub.

    Prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic, İşxaniyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduğunu bildirib və əlavə edib: “Bütün bunlara başçılıq eləyən Valodiya Xaçaturyan idi”.

    D.İşxanyan isə dövlət ittihamçılarının suallarına cavab verərkən özünün və qardaşı Qriqori İşxanyanın Qaradağlı hadisələrində iştirak etmədiyini iddia edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 5-də davam etdiriləcək.

  • İrəvanda Aİ missiyası üzvünün cəsədi tapıldı

    Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərindən biri ürək tutması nəticəsində vəfat edib.

    Median.Az Ermənistan mediasına istinadən xəbər verir ki, avropalı məmurun cəsədi İrəvan hotellərindən birində tapılıb. Digər detallar açıqlanmayıb.

    Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə Ermənistanda 2 il müddətinə yerləşdirilib və əvvəlcə 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə qədər genişləndirilməsini elan edib. Aİ Şurası yanvarın sonunda Ermənistandakı missiyanın mandatını daha iki il – 19 fevral 2027-ci ilə qədər uzatmaq qərarı qəbul edib.

  • Eyni yaş, fərqli yanaşma: Alim işləyir, müəllim niyə yox?

    Ölkəmizdə müəllimlərin son iş yaş həddi 65-dir. Zaman-zaman bununla bağlı fərqli fikirlər səsləndirilir, bu yaş məhdudiyyətinin aradan götürülməsi, təcrübəli pedaqoqların fəaliyyətini davam etdirməsi istənilir, kimlər isə bu yaş həddinin vacib olduğunu bildirir. Bu müzakirə isə təkcə müəllimlərin deyil, bütövlükdə təhsil sisteminin gələcəyi üçün əhəmiyyətli bir məsələdir.

    Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı deputat Elşad Musayev orta məktəb müəllimlərinin pensiya çıxma yaşı haqqında da danışıb.

    Deputat keçirilən müzakirələr zamanı bildirib ki, bu gün orta məktəbdə ibtiadi sinif müəllimini 65 yaşına çatanda pensiyaya çıxardırıq. Amma akademiyanın prezidenti 90 yaşında işləyir. Yaxud, universitetlərin alimləri, professorları işləyir. Deməli, akademiyanın prezidenti işləmək orta məktəbdə sinif müəllimi işləməkdən daha az məsuliyyətlidir? Ona görə də buna fərqli yanaşmalıyıq.

    Yaş məhdudiyyəti müəllim və alimlər üçün eyni qaydada tətbiq olunmalıdırmı?

    Mövzu ilə bağlı Qaynarinfo-ya danışan təhsli eksperti Qoşqar Məhərrəmov bildirib ki, alimlər və müəllimlər arasındakı bu fərqlə ədalət prinsipi pozulmuş olur:

    “Biz müəllimin 65 yaşdan sonra işləyə bilməyəcəyini düşünürüksə, o zaman bu yanaşma elm dünyasında da, alimlər içərisində də tətbiq olunmalıdır. Amma reallıq budur ki, 65 yaşında insanlar iş qabiliyyətini çox vaxt itirmir. Elə bir dövrə gəlmişik ki, səhiyyənin də verdiyi üstünlüklərlə insanlar daha çox yaşayır. Ortalama yaş həddi günü-gündən artır. Ona görə insanları 65 yaşında əmək fəaliyyətindən uzaqlaşdırmaq və onları “evə məhkum eləmək” düzgün hesab olunmur”.

    Ekspert deyir ki, 65 yaşa çatan insanlara işləmək və ya təqaüdə çıxmaq kimi seçim haqqı verilməlidir:

    “65 yaşında bir insan əgər təqaüdə çıxmaq istəyirsə, çıxa bilər, yox əgər işləmək istəyirsə, bu zaman əmək fəaliyyətinə davam edə bilər. Amma burda bir məsələ var. Onların bu zaman isə həm təqaüd, həm də məvacib alması düzgün yanaşma deyil. Ona görə də işləmək istəyən maaş, istəməyə isə təqaüd almalıdır. İşləmək istəyən şəxs isə istədiyi vaxta qədər ancaq maaş alaraq işləsin”.

    Qoşqar Məhərrəmov əlavə edib ki, bu qayda isə həm müəllimlər, həm də alimlər üçün keçərli olmalıdır:

    “Müəllimlikdir, alimlikdir, bunlar orta məktəbdə də, universitetdə də 65 yaşdan sonra görüləcək işlərdir. Amma biz hazırda qanunvericiliyə əsasən yuxarı yaş həddinə gəlmiş insanları sertifikasiyaya tabe tutmuruq. Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmanı edərkən düşünür ki, bu insanlar yaxın müddət ərzində təqaüdə ayrılacaq, ona görə onların sertifikatlaşdırmadan keçməsinə ehtiyac yoxdur. Mən isə düşünürəm ki, bir müəllim 65 yaşında sertifikatlaşdırmadan keçirsə və işləmək istəyirsə, ona bunun üçün şans vermək lazımdır. Çünki o bu yaşında həm öyrənə, həm də öyrədə bilir. Lakin sertifikatlaşdırmadan keçə bilməyən, yaxşı tədris apara bilməyən, fəaliyyətini, aktivliyini itirən müəllimin əmək fəaliyyəti dayandırılmalıdır. Elm dünyasındakı alimlər üçün də bu keçərlidir. Onlar üçün də müəyyən qaydalar, kriteriyalar qoyulmalıdır”.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

    2. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;

    3. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • 6 aprel imtahanlarının nəticələri – Ən yüksək balı o topladı

    Aprelin 6-da keçirilən imtahanların nəticələri elan olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Məlumata görə, aşağıdakı imtahanların nəticələri açıqlanıb:

    1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

    2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

    3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

    4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

    5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

    6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

    İmtahan iştirakçıları nəticələrini öyrənmək üçün bu keçiddəki müvafiq linklərdən istifadə etməlidirlər.

    Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 33382 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

    İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq

  • Azərbaycanlı boksçu Türkiyədə növbəti qələbəsini qazandı

    Azərbaycanlı boksçu Alişan İsmayılov İstanbulda keçirilən “Oguz Dövüş Gecesi” turnirində uğurlu çıxışı ilə yadda qalıb.

    Turnirdə Azərbaycan, Türkiyə və İran təmsilçiləri iştirak ediblər. 57 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda türkiyəli Yusuf Nacarla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal qazanıb.

    Qeyd edək ki, Alişan İsmayılov bu ilin fevralında da İstanbulda təşkil olunan KBN kəməri uğrunda döyüşdə qalib gəlmişdi. Beləliklə, o, Türkiyədə ardıcıl ikinci dəfə zəfər sevinci yaşayıb.

  • Avropa İttifaqı TikTok-a cərimə kəsdi

    Avropa İttifaqı məşhur sosial media platforması TikTok-a ağır cərimə kəsib.

    Median.Az türk mediasına istinadən xəbər verir ki, TikTok Çinin xeyrinə casusluq etdiyi üçün rekord məbləğdə – 530 milyon avro cərimələnib. TikTok isə cərimədən şikayət etməyi planlaşdırdığını bildirib.

    Qeyd edək ki, bu cəza Avropa İttifaqının sosial media platformasına verdiyi ən yüksək cəza olaraq qeydə alınıb.
    //sonxeber

  • Ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə qərar qəbul olunub

    Ali Məhkəmə ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

    “Report”un məlumatına görə, qərar Ali Məhkəmənin Mülki kollegiyasında baxılan iş əsasında qəbul olunub.

    Belə ki, iddiaçının əri baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib.

    Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olub. İddiaçıda ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141 min manat məbləğində pulun tutulmasını xahiş edib.

    Məhkəmələr iddianın əsaslılığını yoxlamış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

    Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.

    Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.

    Nəzərə alınmalıdır ki, sadəcə nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar və digər üzrlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-in 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

    Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.

    Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

  • Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur – FAKTİKİ HAVA

    Saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır.

    Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə 18 m/s-dək güclənir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvan MR-da 28, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınır.