Month: May 2025

  • Süni intellekt modellərini aldatmaq hələ də çox asandır – ARAŞDIRMA

    Tədqiqatçılar ChatGPT və oxşar süni intellekt modellərinin etik qaydaları pozan məzmunlar təqdim etməyə razı salına bildiyini bir daha ortaya qoyublar. Araşdırma süni intellektin necə və hansı üsullarla yönləndirilə bildiyi məsələsini yenidən gündəmə gətirib.

    Bu gün bir çox istifadəçi ChatGPT və digər süni intellekt söhbət botlarının sərhədlərini yoxlamaqla vaxt keçirir. Xüsusilə ilk dövrlərdə sualların formasını bir qədər dəyişməklə bu sistemləri həssas və ya riskli mövzularda danışmağa yönəltmək mümkün idi. Məsələn, cinayət xarakterli bir məlumatı layla formasında istədikdə, bəzən filtrlər aşılırdı. Son dövrlərdə bu cəhdlərin qarşısının alınmasında ciddi irəliləyişlər əldə olunsa da, hələ də müəyyən boşluqların mövcud olduğu görünür.

    İsrailin Ben Qurion Universitetində aparılan bir araşdırma bu sistemlərin hələ də aldadıla bildiyini göstərib. Üstəlik bu dəfə yalnız bir model deyil ChatGPT “Gemini” və “Claude” kimi fərqli süni intellekt modelləri üzərində işləyən, daha genişmiqyaslı bir “sındırma” üsulu ilə…

    Normalda bu sistemlərin istifadəçiyə zərər verə biləcək, qanunsuz və ya etik olmayan məzmunları paylaşmamaq üçün ciddi filtrlərlə təchiz olunduğu bilinir. Lakin tədqiqatçılar, məntiqə əsaslanan xüsusi ifadələr vasitəsilə bu sərhədlərin aşılmasının mümkün olduğunu sübut etdilər. Məsələn, “hack” əmrləri, narkotik istehsalı və ya dələduzluqla bağlı məlumatlar birbaşa soruşulduqda rədd edilir. Amma eyni məlumatlar bədii süjet daxilində, dolayı yollarla və ya kurgusal ssenari çərçivəsində soruşulduqda, sistemlər bu məlumatları paylaşmağa daha meyilli ola bilir.

    Burada əsas problem süni intellekt modellərinin dizayn prinsiplərində yatır. Bu sistemlər böyük həcmdə məlumatla öyrədilir və əsas məqsədləri istifadəçiyə “kömək etmək” üzərində qurulub. Məhz bu yardımsevərlik xüsusiyyəti, bəzi hallarda təhlükəsizlik sərhədlərinin aşılmasına səbəb ola bilir. Məsələn, birbaşa “modemi necə sındıra bilərəm?” deyə soruşduqda cavab alınmır. Lakin eyni sual bir hekayənin içində, texniki biliyə ehtiyac duyan bir obraz vasitəsilə soruşulduqda, sistem daha çox detal təqdim edə bilir.

    Süni intellektlər yalnız texniki mənbələrdən deyil, internetdəki forumlar, sosial media paylaşımları və bloq yazıları kimi mənbələrdən də öyrənirlər. Bu, sistemlərin məlumat bazasını zənginləşdirir, lakin eyni zamanda nəzarəti də çətinləşdirir. Hər şeyi bilən bir sistem, bu biliklərin necə istifadə olunacağını ayırd edə bilmir – bu sərhədi müəyyənləşdirmək hələ də insanların vəzifəsidir.

    “OpenAI” və “Microsoft” kimi şirkətlər yeni nəsil modellərin təhlükəsizlik baxımından daha inkişaf etmiş olduğunu iddia edirlər. Ancaq sosial şəbəkələrdə tez-tez paylaşılmış “sındırma üsulları”, bu boşluqların təkrar-təkrar üzə çıxmasına səbəb olur.

    Problemin əsasında bu dayanır: bu sistemlər həm yemək resepti təqdim edə bilir, həm də pis niyyətli istifadələr üçün məlumat təqdim etmə potensialına sahibdir. Bir tərəfdən həyatı asanlaşdıran bir vasitə kimi görünürlər, digər tərəfdə isə yanlış əllərdə ciddi risklər yarada bilirlər. Hər kəsin əlçatan olduğu, çoxfunksiyalı bu alətlərin hansı sərhədlər daxilində saxlanacağı, süni intellektin gələcəyinə dair əsas suallardan biri olaraq qalmaqdadır.
    //valyuta.az

  • Bu küçədə park edilmiş maşınlar sürücülərə əngəl törətdi; arxa-arxaya sürərək geri qayıtdılar – VİDEO

    Paytaxtın Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində park edilmiş maşınlar hərəkəti məhdudlaşdırıb.

    Sürücülərdən biri görüntünü qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb. Videodan da göründüyü kimi, yolun sol və sağ tərəfində park edilmiş 99-SV-533 dövlət nömrə nişanlı “VAZ-2107” markalı və dövlət nömrə nişanı olmayan “KIA Rio” markalı avtomobillər sürücülərin hərəkətinə əngəl törədib. Nəticədə ərazidən keçən sürücülər maşını arxa-arxaya sürərək geri qayıdıblar.

    Qeyd edək ki, video sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti sözügedən küçədə mütəmadi olaraq eyni halın baş verdiyini bildiriblər.

    Xatırladaq ki, qanunvericiliyə əsasən, bu halda (əgər dayanma-durmanı qadağan edən nişan yoxdursa) sonradan park edilmiş maşın qayda pozmuş hesab olunur.
    //avtosfer.az

  • Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ!

    Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil bazarında önəmli yer tutmağa başlayıb.

    Avtomobil ustası Əli Əliyev avtomobillərin üstünlüklərindən və mənfi cəhətlərindən danışıb.

    O bildirib ki, əsas üstünlüklərdən biri avtomobillərin yeni olmasıdır:

    “Bu, alıcıların diqqətini cəlb edir. Çünki yeni avtomobil sürmək, nə qədər brend olsa da, ikinci əl avtomobildən daha üstündür. Yeni avtomobildə hər şey təzə olur, müəyyən müddət ustaya ehtiyac olmur. Bu avtomobillər yeni texnologiyalarla təchiz olunub. Elektron sistemlər, ağıllı idarəetmə funksiyaları və müxtəlif sensorlarla təmin olunması avtomobilləri daha cəlbedici və sərfəli edir”.

    Ə.Əliyevin sözlərinə görə, Çin istehsalı avtomobillərin rahat və geniş olması da vacib məsələdir:

    “Alman, Avropa və ya Koreya avtomobilləri ilə qiymət baxımından müqayisə aparıldıqda, məsələn, 20 000 manat civarındakı avtomobillər adətən kiçik seqmentə aiddir. Lakin eyni qiymətə olan Çin avtomobilləri daha geniş salona və yüksək komforta malik olur. Bu səbəbdən alıcılar daha çox Çin avtomobillərinə üstünlük verirlər”.

    Usta bu maşınların mənfi cəhətlərindən söz açarkən qeyd edib ki, əsas narahatlıq dözümlülüklə bağlıdır:

    “Bu avtomobillər beş il sonra necə işləyəcək, davamlı olacaqmı, sual altındadır. Avtomobili almamışdan əvvəl qiymətə yox, ehtiyat hissələrinin mövcudluğuna baxmaq lazımdır. Hazırda bunların servis xidmətləri zəifdir. Hamısı yeni texnologiyadan ibarət olduğu üçün onları diaqnostika və təmir etmək çətindir. Bu maşınlar ancaq öz rəsmi dilerlərində təmir olunmalıdır, yəni servis mərkəzi olmalıdır”.

    Avtomobil mütəxəssisi brend dəyərindən də danışıb. O deyib ki,Çin avtomobillərinin ikinci əl bazarında nə dərəcədə satılacağı bəlli deyil:

    “Yapon və Amerika avtomobilləri ilə müqayisədə Çin avtomobillərində brend məsələsi ön plana çıxır. Alıcı üçün əsas suallardan biri budur: sabah bu avtomobili sata biləcəyəmmi, ikinci əl bazarı olacaqmı? Bu, hələ də qeyri-müəyyən olaraq qalır. Brendin etibarlılığı və detalların uzunömürlü olub-olmaması da vacib amillərdəndir. Məsələn, Avropa və Koreya avtomobilləri adətən 150–200 min kilometr məsafə problemsiz qət edə bilir. Amma Çin avtomobillərinin 50 və ya 100 min kilometrdən sonra necə işləyəcəyi məlum deyil. Üstəlik, bu avtomobillər korporativ istehsal olduğu üçün bəzən daha tez sıradan çıxırlar. Batareya və zavod qüsurları kimi problemlər digər rəqiblərlə müqayisədə daha çox müşahidə olunur”.(metbuat.az)

  • Bakıda qadınlar, yoxsa kişilər daha yaxşı avtomobil sürür?

    Paytaxt küçələrində bu mövzu bəzən sözlü mübahisə, bəzən də emosional qarşıdurma ilə müşayiət olunur…

    Avtomobil idarəetməsi uzun illərdir ki, cinslər arasında gizli bir rəqabət mövzusuna çevrilib. Bakı küçələrində isə bu mövzu bəzən sözlü mübahisə, bəzən də emosional qarşıdurma ilə müşayiət olunur. “Qadınlar maşın sürə bilmir”, “kişilər daha peşəkardır” kimi fikirlər hələ də cəmiyyətin bir hissəsində dolaşır. Amma bu düşüncələr nə dərəcədə obyektivdir?!

    Qeyri-rəsmi məlumatlara görə, Bakıda sükan arxasında olan hər 10 sürücüdən təxminən 7-si kişidir. Bu isə o deməkdir ki, avtomobil idarə edənlərin əksəriyyəti kişilərdir və yol hərəkətində dominantlıq onlara məxsusdur. Lakin bu, avtomatik olaraq onların daha yaxşı sürücü olduğunu sübut etmir.

    Əksər hallarda qadın sürücülər yola çıxarkən daha ehtiyatlı, daha diqqətli davranmağa çalışırlar. Onların bu yanaşması bəzən kişi sürücülər tərəfindən “qorxaqlıq”, ya da “təcrübəsizlik” kimi yozulur. Elə buna görə də bəzi kişilər qadın sürücüləri təhqir edir, onların davranışlarını ələ salır, kobud jestlərə və sözlərə əl atırlar. Halbuki ehtiyatlı sürücülük – xüsusilə də şəhər içində – qəzalardan qorunmanın əsas yoludur.

    Reallığı da danmaq olmaz: yol hərəkətində bəzən sürmə qaydalarını pozan, özündənrazı davranan qadın sürücülərə də rast gəlmək mümkündür. Lakin bu cür hallar təkcə qadınlara deyil, kişi sürücülərə də aiddir. Qayda pozan, sürət həddini aşan, siqnallarla və jestlərlə aqressiya göstərən kişi sürücülərin sayı az deyil.

    Ekspertlərin fikrincə, kişi və qadın sürücülər arasında davranış fərqlərinin kökündə sosial-mədəni stereotiplər və psixoloji faktorlar dayanır. Kişilər daha riskli və emosional, qadınlar isə daha ehtiyatlı və hesablama meylli davranırlar. Cəmiyyətin bir hissəsinin qadın sürücülərə qarşı sərt mövqeyi isə onların sükan arxasında gərginliyini artırır, bu da bəzən səhvlərə yol açır.

    Sürücünün yaxşı və ya pis olması onun cinsindən çox, fərdi bacarığı, psixoloji hazırlığı, məsuliyyət hissi və qaydalara münasibəti ilə ölçülür. Həm qadın, həm də kişi sürücülər arasında həm nümunəvi, həm də təhlükəli davranışlar göstərənlər var. Əsas məsələ sükan arxasında nə qədər diqqətli, qaydalara nə dərəcədə sadiq və məsuliyyətli olmaqdır.

    Yaxşı sürücü olmaq üçün kişi və ya qadın olmaq kifayət etmir – düzgün davranış və yol mədəniyyəti əsas göstəricidir.

    Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, qadın və ya kişi olmasından asılı olmayaraq, yaxşı təlim görən sürücü avtomobili də yaxşı idarə edir: “Kim yaxşı təlim görübsə, kim qaydaları yaxşı bilirsə, o da yaxşı sürücüdür. Qaydanı pozmayan, təhlükə yaratmayan sürücüdən söhbət gedir. Naşı adamdan təlim alan, oxumayan, tam təcrübə qazanmayan sürücü əlbəttə ki, qaydaları pozacaq. Bəzən əzbərçilik edib imtahandan keçirlər, amma bilik və bacarıqları olmur. Sürücüləri bu baxımdan qadın və ya kişi cinsinə bölmək istəməzdim. Təəssüf ki, kişilər və qadınlar arasında sürücülük mədəniyyəti aşağı olan insanlar var. Deyirlər ki, qadınlar aşağı sürətlə maşın idarə edir. Burada ayıb görüləsi bir şey yoxdur. Sadəcə, lüzumsuz olaraq sol, yəni sürətlənmə zolağını zəbt edirlər. Bəzən kimsə arxadan siqnal verir, qadın isə onun nə üçün verildiyini başa düşmür. Doğrudur, siqnal vermək qadağandır, lakin bəzən məcburiyyətdən yol istəyirlər. Çünki qadınlar işıq siqnallarına əhəmiyyət vermirlər. Ona görə də kişilər səs siqnalından istifadə edirlər. Xanımlar isə öz aləmlərində fikirləşir ki, kişilər belə siqnallarla onlara söz atırlar, sataşırlar, tanış olmaq istəyirlər. Başa düşmürlər ki, işıq və səs siqnalı nə üçün verilib. Bunu ona təlimçisi də heç vaxt deməyib və izah etməyib ki, sağda yol boşdursa, ora ilə getməlidir. Çünki həmin xanım sürücülərin təlimçilərinin də təlimə ehtiyacı var. İnstagram sosial şəbəkəsində qadınlar üçün müxtəlif adlar altında təlimlər təklif edilir. “Elnarə təlim, “Niqulya təlim” adlı səhifələr var. Mən bu təlimçilərin bir neçəsinin maşın idarə etməsini müşahidə etmişəm və görmüşəm ki, onların özlərinə təlim lazımdır. Hətta özlərinə də demişəm, gülüblər. Yolda elə hərəkətlər edirlər ki, normal sürücü bunu etməməlidir”.

    Ekspert deyir ki, yol hərəkəti qaydalarında qadınlarla bağlı yalnız bir istisna hal var: “Hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Qanunun üstünlük verdiyi yeganə məsələ budur. Digər məqamlarda isə qadın və kişi sürücülərin məsuliyyəti eynidir. Mentalitet bəzən rol oynayır. Kişi sürücü bir sıra hallarda qadın sürücüyə yol verir. Lakin bu pis vərdişə gətirib çıxarır. Qadın arxayın olur ki, nizamlanmayan yol ayrıcında sağdakı sürücülər onsuz da ona yol verəcək. Beləliklə, yol ayrıcına giri və dəhşətli qəza baş verir. Bu, doğru yanaşma deyil. Hər dəfə qadın olduğu üçün yol verəndə o düşünür ki, üstünlük hüququ var. Nəticədə kimsə ona yol verməyəndə aləm bir-birinə dəyir. Bəs iki qadın sürücü üz-üzə gələndə nə olacaq? Ona görə də yol hərəkəti təhlükəsizliyində belə istisnaları yığışdırmaq lazımdır və heç kimə güzəşt edilməməlidir. İstənilən qayda hamı üçün eyni olmalıdır. Mentalitet onsuz da hər zaman nəzərə alınır. Maşını parkinq edəndə birinci qadın sürücüyə yol verilir.

    Avtoxuliqanlıqla bağlı, daha sonra spirtli içkinin təsiri altında maşın idarə etdiyi üçün saxlanılan xanım sürücülər var. Məhkəmə və polis onlara kifayət qədər hörmət edir. Lakin bəzi qadınlar polisə söyüş söyür və kobudluq edir. Belə sürücü xanımlarla bağlı sərt tədbirlər görülür.

    Avtoxuliqanlıq edən xanımlar motosiklet və moped sürücüləri arasında da var. 8 Noyabr prospektində sürücülük hüququ əlindən alınmış bir xanım bu yaxınlarda dəhşətli qəza törətdi. Xeyli sayda cərimələri var imiş, sürücülük hüququ məhdudlaşdırılmış imiş, amma yenə də sürürmüş”.

    Keçmiş deputat Sona Əliyeva da avtomobil idarə edir. O, qəzetə məsələ ilə bağlı fikirlərini bildirib: “Azərbaycanda kişilər qadınlardan yaxşı maşın sürür, bu, reallıqdır. Qadınlar bu məsələdə geri qalırlar. Bakıda bir çox qadın yaxşı parkinq edə bilmir və astadırlar. Bu xanımların psixologiyasından irəli gəlir. Çünki onlar daha məsuliyyətli və ehtiyatlıdırlar. Bu da onların gec reaksiya verməsinə səbəb olur. Kişilər isə maşın sürəndə manevrlərə çox sürətli reaksiya verirlər. Lakin bu o demək deyil ki, qadınların hamısı elədir. Yaxşı maşın sürən qadınlar var. Maşın sürmək həyati təhlükəsizlik baxımından çox vacib bir məsələdir. Ona görə də həm xanımlar, həm də bəylər ehtiyatlı olmalıdır”.(musavat)

  • Kartlardan 9 min manata yaxın pul oğurlandı

    Ötən gün vətəndaşların 9 min manata yaxın pulu talanıb.

    Bu barədə DİN-in mətbuat xudmətindən məlumat verilib.

    Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, – məlumatda qeyd edilib.

  • Avtomobilləri isti mövsümə necə hazırlamalı? – Ekspertlərdən vacib xəbərdarlıqlar

    Havalar getdikcə isinməkdədir və bu, avtomobil sahiblərindən daha çox diqqət tələb edir. Mütəxəssislər sürücülərə isti hava şəraitində nəqliyyat vasitələrinə xüsusi qayğı göstərməyi tövsiyə edirlər.

    Autonews.ru portalı mütəxəssislərlə danışaraq yay fəslində avtomobilin təhlükəsiz və funksional qalması üçün vacib tövsiyələri təqdim edib.

    Soyutma sistemini yoxlayın

    Yay mövsümünə başlamazdan əvvəl kondisioner və soyutma sistemləri mütləq texniki baxışdan keçirilməlidir. Radiatorun aralıqları çirk və tozla tıxanarsa, havanın dövranı pozular və salonun sərinlədilməsi çətinləşər.

    Əyləc sisteminə diqqət yetirin

    İsti havalarda əyləclər daha tez qızır və bu, onların səmərəliliyini azaldır. Bu səbəbdən, əyləc sisteminə profilaktik baxış vacibdir.

    Partlayıcı və yanıcı əşyaları maşında saxlamayın

    Alışqan, qazlı içkilər, sprey və digər yanıcı maddələr isti havada təhlükə mənbəyinə çevrilə bilər. Günəş altında bu əşyalar partlaya və avtomobildə yanğına səbəb ola bilər.

    Filtrləri yeniləyin

    Yayda artan toz və digər çirkləndiricilər səbəbilə hava və salon filtrləri daha tez tıxanır. Ekspertlər bu filtr elementlərinin mövsüm başlamazdan əvvəl dəyişdirilməsini tövsiyə edirlər.

    Avtomobilin xarici və daxili hissəsini qoruyun

    Günəşin təsirindən avtomobilin lak örtüyü solur, salon elementləri isə deformasiya ola bilər. Bu riskləri azaltmaq üçün qoruyucu örtüklər, mum və ya keramika qoruyucularından istifadə edilməlidir.

    Maşını kölgədə saxlayın

    İsti günlərdə avtomobili kölgədə park etmək, eyni zamanda günəşə qarşı qoruyucu ekranlardan istifadə etmək daxili temperaturun artmasının qarşısını alır və avtomobilə dəyən ziyanı azaldır.

    Nəticə olaraq, yayda avtomobilin texniki və fiziki vəziyyətinə daha çox diqqət göstərmək vacibdir.

  • Tayvana xəbərdarlıq: Çin yeni amfibiya tanklarının kütləvi istehsalına başladı

    Çində yeni ZTL-19 döyüş maşınlarının – “təkərli tanklar” və ya “təkərli BMP” kimi tanınan texnikaların – kütləvi istehsalına start verilib.

    Qaynarinfo xəbər verir ki, “Defense Express” analitikləri bu addımı Tayvana mümkün hərbi müdaxilə hazırlığı ilə əlaqələndirir.

    Ölkə daxilində bu texnikaların böyük dəmir yolu karvanı şəklində hərəkəti müşahidə olunub. Mütəxəssislərin fikrincə, bunlar Çin Xalq Azadlıq Ordusunun bölmələrinə təhvil verilən ilk seriyalı nümunələrdir. Mənbələrə əsasən, ZTL-19-un istehsalı yeni başlayıb.

    ZTL-19 döyüş maşını, əvvəlki ZTL-11 BMP modelinin modernləşdirilmiş versiyasıdır. O, daha güclü silah və avadanlıqlarla təchiz olunub. Belə ki, maşın həm adi mərmilərlə, həm də idarəolunan raketlərlə atəş açmaq qabiliyyətinə malik 105 mm-lik topa sahibdir. Bundan əlavə, üst hissədə 12,7 mm-lik və əsas top ilə qoşa 7,62 mm-lik pulemyotlarla silahlandırılıb.

    Yayımlanan görüntülərdə ZTL-19-un müasir atəşə nəzarət sistemi, tüstü pərdəsi yaratma vasitələri, su maneələrini keçmək üçün pervanelər, eləcə də lazer şüalanmasına qarşı xəbərdarlıq sistemi ilə təchiz olunduğu görünür. Tankın konstruksiyasında əvvəlki modelə nisbətən daha uzun gövdə nəzərə çarpır.


    Əldə olan məlumatlara əsasən, maşın avto-doldurma sistemi ilə təchiz olunub; bu, qüllənin arxa hissəsinin formasından bəlli olur. Zirehli müdafiə sisteminə gəlincə, maşın 14,7 mm-lik silah atəşinə davam gətirə bilir. Çin mənbələri iddia edir ki, hətta 30 mm-lik mərmilərə qarşı da dayanıqlıdır, lakin bu iddia bəzi ekspertlərdə şübhə doğurur.

    Müqayisə üçün, ZTL-11-in döyüş çəkisi 23,6 ton, maksimal sürəti isə 100 km/saatdır. Uzunluğu 8,8 metr, eni 3 metr, hündürlüyü 3,17 metr təşkil edir. Silahlanmaya görə ZTL-19-a oxşasa da, fərqli lülə dizaynına malikdir və lülə əyləci yoxdur.

    Mütəxəssislər hesab edirlər ki, belə amfibiya texnikasının hazırlanması və geniş yayılması Çin tərəfindən Tayvana qarşı ehtimal olunan hücuma hazırlığın göstəricisidir. Çin böyük desant donanmasına malik olsa da, quru əməliyyatları üçün çevik və manevr qabiliyyətli zirehli texnikaya ehtiyac duyur.

    ZTL-19-un az ümumi çəkisi sayəsində, iki belə maşını bir hərbi-nəqliyyat təyyarəsi ilə eyni anda daşımaq mümkündür ki, bu da logistik və operativ yerləşdirmə işlərini xeyli asanlaşdırır.

    Ekspertlərin fikrincə, Çin Tayvana qarşı hücum ehtimalını artırıb. Çin ordusu son illər hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb və qısa zamanda əməliyyatlara başlamaq imkanına malikdir.

    “Financial Times”a danışan Tayvanın hərbi rəsmilərindən biri bildirib ki, Çin Hərbi-Hava Qüvvələri və raket bölmələri istənilən an döyüşə başlamaq səviyyəsinə çatıb. Çin ordusunun əməliyyatları artıq Tayvana yönəlmiş desant qüvvələrinin liman yaxınlığında fasiləsiz təlimlərini, hərbi aviasiya bölmələrinin daimi hazırlıq vəziyyətini də əhatə edir.

  • Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

    2025-ci ildə dünyanın ən zəngin ölkələrinin siyahısı təkcə adambaşına düşən milli gəlir və ya ÜDM göstəricilərinə əsaslanmır. Bu yeni dövrdə iqtisadi müxtəliflik, davamlı inkişaf, texnoloji irəliləyişlər, yaşıl enerji yatırımları və yüksək həyat keyfiyyəti kimi faktorlar da ölkələrin zənginlik dərəcəsinə təsir edən əsas meyarlar arasına daxil edilib.

    Qaynarinfo xəbər verir ki, qlobal iqtisadiyyatın sürətlə transformasiya etdiyi bu mərhələdə inkişaf etmiş ölkələr süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrinə yönəlir, inkişaf etməkdə olan ölkələr isə rəqəmsallaşma və istehsal gücü ilə önə çıxmağa başlayır.

    Zənginlik necə ölçülür?

    Bu sıralama üç əsas meyara əsaslanır:

    * Adambaşına düşən ÜDM (nominall və alıcılıq qabiliyyətinə görə)
    * İqtisadi sabitlik və müxtəliflik
    * Həyat keyfiyyəti, texnoloji səviyyə və qlobal təsir gücü

    2025-ci ilin ən zəngin 10 ölkəsi

    1. Lüksemburq – kiçik iqtisadiyyat, maksimum zənginlik

    Avropanın maliyyə mərkəzlərindən olan bu mikro dövlət, aşağı vergi rejimi və rəqəmsal bankçılıq sahəsindəki irəliləyişləri ilə liderliyini qoruyur.

    2. İsveçrə – etibar və rifah mərkəzi

    Sabit iqtisadiyyat, güclü milli valyuta və yaşıl istiqrazlara yönəlmiş siyasət İsveçrənin zənginliyini sabit saxlayır.

    3. Norveç – təbii resurslar və rəqəmsal iqtisadiyyatın harmoniyası

    Fosil yanacaq gəlirləri süni intellekt və təhsilə yatırılaraq, texnologiyaya yönəlik model yaradılıb.

    4. Sinqapur – Asiyanın maliyyə ürəyi

    Rəqəmsal ticarət, blokçeyn tənzimləmələri və “ağıllı şəhər” infrastrukturu ilə böyüməsini davam etdirir.

    5. ABŞ – nəhəng iqtisadiyyat, bölgələrarası bərabərsizlik

    Nominal ÜDM-də liderliyini saxlayır, lakin regional gəlir fərqləri ümumi rifah hissini zəiflədir.

    6. Qətər – enerji gəlirləri və texnoloji transformasiya

    Təbii qaz və neft gəlirləri ilə zəngin olan ölkə 2030 vizyonu çərçivəsində idman, turizm və böyük verilərə yönəlir.

    7. İrlandiya – rəqəmsal iqtisadiyyatın yüksələn ulduzu

    Texnologiya şirkətlərinin Avropa mərkəzi olan İrlandiya, proqram təminatı və data xidmətləri ilə zənginliyini artırır.

    8. BƏƏ – neftdən kənar transformasiya

    Əbu-Dabi və Dubay kimi şəhərlərlə yalnız lüks deyil, süni intellekt və yenilənə bilən enerji sahələrində də öndədir.

    9. Danimarka – sosial rifah və iqtisadi tarazlıq

    Yaşıl infrastruktur, rəqəmsal səhiyyə sistemləri və güclü təhsil siyasəti ilə rifah sabitliyini qoruyur.

    10. Avstraliya – resurs gücü və xidmət sektoru

    Mədənçilik və kənd təsərrüfatı ilə tanınsa da, təhsil və maliyyə xidmətləri 2025-də ön plana çıxır. Yüksək həyat səviyyəsi və miqrasiya siyasəti sabitliyi dəstəkləyir.

  • “Qalatasaray” Azərbaycan xalqını təbrik etdi (VİDEO)

    “Qalatasaray” klubu Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.

    Bu barədə klubun rəsmi “Instagram” profilindən paylaşım olunub.

    “Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini bütün dünyaya bəyan etdiyi 28 May Müstəqillik Gününü təbrik edirik. İstiqlal, birlik, qardaşlıq əzmi daimi olsun”, deyə klub paylaşımnda qeyd edilib.

  • “Bitcoin”dəki 50 faizlik artım şirkətləri kripto aktivlərə yönəltdi

    “Bitcoin” qiymətində son dövrdə baş verən əhəmiyyətli artım, investor tələbindəki yüksəlişlə birlikdə, rəqəmsal aktivlər üzrə fəaliyyət göstərən şirkətləri kapital bazarlarından maliyyə təmin edib kripto valyutalara sərmayə yatırmağa təşviq edir.

    “Financial Times” qəzetində yayımlanan məlumata görə, “Bitcoin” ötən həftə 111 min 965 dollarla bütün zamanların ən yüksək səviyyəsinə çataraq bazarda əhəmiyyətli bir canlanmaya səbəb olub.

    BitcoinTreasuries.net-in məlumatına əsasən, aprel ayının əvvəlində “Bitcoin” saxlayan ictimai şirkətlərin sayı 89-dan 113-ə yüksəlib. Bu şirkətlər birlikdə təxminən 88 milyard dollar dəyərində 800 mindən çox “Bitcoin”ə sahibdirlər.

    Hətta ABŞ-ın keçmiş prezidenti Donald Trampın ailəsi tərəfindən idarə olunan media şirkəti də kripto aktivlərə investisiya qoymaq üçün 2,5 milyard dollar ayırmağı planlaşdırdıqlarını təsdiqləyib. Aprel ayının əvvəlindən bu yana təxminən 50 faiz artan “Bitcoin” bu gün 109 min dollar səviyyəsinin üzərində ticarətə başlayıb. Digər kriptovalyuta olan “Ethereum” isə hazırda 2634 dollardan alıcı tapır.

    Niderland mənşəli “Flow Traders” şirkətinin rəqəmsal aktivlər üzrə strateqi Aaron Çan bildirib ki, ABŞ və Çin arasında ticarət gərginliyinin azalması və bazarlardakı oynaq davranışların sabitləşməsi bu istiqraz emissiyalarını dəstəkləyən əsas amillərdən biridir.

    Kripto eksperti deyib: “Bu vəziyyət davam etdikcə, investorların bazara qayıdıb ‘növbəti strategiyanın’ təməlini anlamağa çalışdıqlarını görürük”.

    Bununla belə, Çan Trampın qeyri-sabit gömrük tarifləri siyasətlərinin bəzi investorların ehtirasını azalda biləcəyini də qeyd edib.

    Mütəxəssislərin fikrincə, bir çox şirkət, əvvəllər “MicroStrategy” adı ilə tanınan və hazırda 580 min “Bitcoin” toplamış, bazar dəyəri 100 milyard dolları aşan proqram təminatı şirkəti Strategynin uğurunu təkrarlamağa çalışır.
    //qaynar.az